XXII əsr
O gün görürəm ki,
Bir şinşila bir adamın
cızılmış
dərisini sarıyır.
Adam da utanır...
O gün görürəm ki,
Yetimlər evi boş
qaldığından zarıyır.
O gün görürəm ki,
Qızılgül kolları qəfildən
insanlara atəş açıb,
Adamlar qəlpə-qəlpə
ləçəklərə boyanıb.
O gün görürəm ki,
insanlıq insanlardan tez oyanıb,
Bütün savaşlar
dayanıb.
O gün görürəm ki,
Atom "yox,
parçalanmıram!" - deyir.
O gün görürəm ki,
Mərmi "lülədən
ayrılmıram"
- deyə üsyan edir.
O gün görürəm ki,
Neft quyularından ağ
göyərçinlər çıxır.
Hərəsi dimdiyində bir
düyü Afrikaya uçur.
O gün görürəm ki,
Bir budda müsəlman uşaqlara
"uşaq bişirib yeyən" divin
nağılını danışır.
Onları qorxutmamağa
çalışır.
O gün görürəm ki,
Uşaqlar tarix dərsində
səngərdən-səngərə atılan ilk
"sülh
mesajı"nı müzakirə edir.
O
gün görürəm ki,
Bir terrorçu insanların sıx
olduğu meydanda,
ilk Yeni il fişəngini havaya
uçurur.
O gün görürəm ki,
Hitlerin gizlədilmiş büstü
47 milyon parçaya bölünüb
dünyadan üzr istəyir.
O gün görürəm ki,
Tankların üstünə
"AMBULANS" yazılıb.
O gün görürəm ki,
Sonuncu şəhid məzarı
qazılıb.
O gün görürəm ki,
Xəritələrdə sərhədlər
silinib.
O gün görürəm ki,
Müəllim yeni ev
tapşırığı verib:
Səhifə 2017, tapşırıq
-
"Tanrı necə 7 milyarda
bölünüb?..".
Abort masası
Gülüşlər
uşaqların,
Dualar, anaların dilində
müqəddəsləşir.
Ən uzun yollar atanın
alnındakı
qırışlarla kəsişir.
Ən bahalı ərzağı
kasıblar alır,
Ən zəngin mineral göz
yaşı olur.
Ən əlverişsiz alver,
doğulanda aldığın nəfəsi,
öləndə
geri vermək.
Ən dadlı nemət,
sədaqət ağacından bir
öpüş dərmək.
Ən böyük günah
peşmanlıq,
Ən zərərli dostluq
düşmanlıqdı.
Ən ağrılı ayrılıq
güllənin
lüləni tərk etməyi,
Ən pis təkamül,
insanların
bunu dərk etməyi.
Ən güvənilir dayaq, bir
qocanın əsası,
"Uzun sözün
qısası"
Ən dəhşətli ixtira, abort
masası...
Yerdən göyə
Hanı İsrafilin Suru...!?
Xocalıda
çalınmadı.
Suriyada çalınmadı.
Myanmarda çalınmaz ki,
Belə, işin alınmaz ki,
axı hardasan?
Çıx görüm!
Yenə bir dağı parçala...
Yenə bir dağı yıx
görüm!
Çıx ortaya, bir bəri bax!
Saxla bu Yer kürəsini...
Heç olmasa, ötəri bax,
Gör insan mənzərəsini...
Eşitmişdim allahsızsan,
Bildim ki, allahın yoxdu!
Sən ki, ah çəkə bilmirsən,
Elə böyük
dağın yoxdu.
Məkanın yox!
Zamanın yox!
Solun yoxdu... sağın yoxdu...
İlahi... göstər
özünü,
Necə başa salım sənə?
Ehh...
sənin ki, uşağın yoxdu...
Duyursanmı yanan uşaq
qoxusunu?
Duyursanmı uşaq doğan
anaların qorxusunu?
Niyə izn verdin axı?
Niyə o körpələr
yanır?
Niyə axı mən
yanmıram?!
İnan...!
Mən səni danmıram.
Gördüyünə inan deyə,
yaranışdan
dərs keçmisən.
Necə danım
gördüyümü,
necə deyim inanmıram?
İnanıram varlığına!
İnanmıram
lallığına,
korluğuna
karlığına...
Bir "əsa" lütf
eylə bizə.
Bir Musa göndər yenidən.
Böl dənizləri ikiyə.
Bu dünyaya barış göndər!
Bir də, ağlasan incimə,
Üzünü cevir Cənuba,
Afrikaya yağış göndər...
Suriyaya məktub!
Salam, igid.
Bağışla ki, mən də sənə
atəşli
salam yollaya bilmirəm.
Bizdə də atəşkəsdi.
Bilirəm ki, bacın
ayağını,
kuklasının
qolunu itirib.
Amma bizdə də körpələr
olub ki,
analıq yolunu itirib,
ana bətnindən parçalanıb
çölə atılıb.
Heç atomun parçalanması
belə
dəhşətli olmamışdı.
Bizdə körpələr
olub ki, ürəyi, ciyəri satılıb.
Heç atom bombası da
Xirosimaya belə həvəslə
atılmamışdı.
Bu dünya nələr
görməyib?!
Konstantinopulun fəthi qədər
möhtəşəm,
"Erməni
soyqırımı" qədər yalan,
Xoçalı soyqırımı qədər
dəhşətli,
Zorlanmasın deyə,
qızını öldürən atanın
sevinci qədər acıları görüb bu
dünya.
İncimə, sənə
yük olmaq istəmirəm.
Ürəyinə xal salmaq
istəmirəm.
Amma bizim
"xalımız" da var.
Bu gün də təqvimdə
Qorbaçovun xalının
bir parçası "20 Yanvar"ın
üstünü örtüb.
Necə ki, Kremlin qırmızı
divarları
Xocalıdakı qarın üstünü
örtmüşdü.
Nə bilmək olar,
Bəlkə də məhz o gün
yağdığına görə
qarın üzü qızarmışdı.
1992-ci ilin 26 fevralı
Dəhşətlərin
Xocalısı...
Qız doğduğuna görə
peşman,
Oğul doğduğuna görə
Tanrıyla düşmən edilən anaların
yurdu.
Bax, həmin o gündən, bizim
üçün
dünyanın
ən dəhşətli rəqəmi,
"666" yox, "366"
oldu.
Hərdən mən də Tanrıyla
danışa
bildiyimə inanıram.
Bacının
ayağını soruşdum.
Arakanda doğranan körpə cəsədlərinin
arasında
olacağını dedi:
Bəlkə də gecikdik,
Xocalıdakı ermənilər kimi
hansısa budda, sadəcə
bişirdi və yedi.
Axı onlar uşaq ətinin
dadını yaxşı bilirlər.
Sən ümidini üzmə, tələsmə...
Qarabağda da bizim körpələri
də
Şilləylə
yox, gülləylə vurublar.
Bəlkə də sizdəki güllələr
ədəbli
olmağı ordan öyrənib.
Axı orda da bütün mərmilər
bədənlərə tələsib
Oradakı küləklər
də qorxudan əsib.
Bəlkə bir gülləni bir
körpədən
yan ötürə biləcəyinə
inanır bizim küləklər.
Hə, bir də özümə o qədər
sual vermişəm ki,
Görəsən, sizə atılan mərmilərdən,
neçə Eyfel qülləsi tikmək
olardı?
Görəsən, o ölən
müsəlmanların kəfənindən,
neçə
Ağ ev bükmək olardı?
Sən heç bilirsən, ən dahi
alimlər
siyasətçilər
olublar?
Onlar qanla nefti
qarışdırıb qızıl alıblar.
Nəysə, igid...
Sən Tanrıyla
danışa bildiyimə inanırsan.
Verilən heç bir vədə inanma.
Özünə inan!
Aşılan hədlər
Keçilən sədlər
Büsbütün vədlər
YALAN...
Elə, dünyanın ən yalan vədləri
də,
ən yalan rəqəmləri də bizə düşdü.
BMT, 822 nömrəli qətnamə!
Bütün vədlərin yalan
olduğunun
yazılı sübutu.
Bunlar haradan başlanıb,
bunu da unutma.
Bor, Enşteyn, Nüvə bombası,
Bəşəriyyətin süqutu...
Cavab gözləmirəm!
ümid istəyirəm...
Min illik
nağıl
Birdən ağlım karıxdı,
Nağıl olmaq istədim.
Mən də Məlikməmmədtək
oğul olmaq istədim.
Div adlı dərd var idi bir
quyunun dibində.
Mən əlləri cibində,
sadəlövh
Məlikməmməd.
Yaxalaşdım o divlə,
gördüm ki, təqsiri yox.
Demə, bu nağılda da
biri varmış, biri yox.
Elə əsəbiydim ki,
qaya yara bilərdim.
Nə yalvara bilərdim, nə
ağlaya, nə gülə,
Sonunda razılaşdım,
çıxıb getdim divgilə.
Muma dönmüşdüm,
sanki eləcə əriyirdim.
Mən öz
dırnaqlarımı, div də məni yeyirdi.
Birdən qız səsi gəldi.
Əvvəl nəfəsi gəldi...
Adı ağrılar idi,
divin nəvəsi gəldi.
Bir az içim
ağrıdı
qolum, qıçım ağrıdı.
Gördüm ki, kəfənlənir
Yayın cırhacırında elə
bil qar yağırdı...
qara saçım ağardı.
Divin iştahı
böyük, ülfəti geniş idi.
Dostu, tanışı
çoxlu, külfəti geniş idi.
Nəsə, böyüdü məclis...
Əvvəl yorğun küçələr,
Sonra,
soyuq gecələr,
Əzablar
hönkürtülər,
gəlib
tökülüşdülər.
Canıma doluşdular,
Ruhuma bulaşdılar,
Üzümə
qırışdılar,
Nə bir salam
verdilər, nə bir söz soruşdular.
Hamı yeyib duyurdu,
Hərə nəsə
alırdı.
Hələ məclis sonuna
desertə göz yaşımla,
cavanlığım qalırdı.
Acığımdan
gülürdüm, öz içimdən ölürdüm.
Dırnaqlarım qurtardı,
mən acından ölürdüm.
Dedim göydən üç alma düşəcək,
bəlkə yedim.
Vaxt necə tez ötüşdü,
göydən üç alma
düşdü.
Üçü də əzik-üzük.
Dil açıb danışdılar:
-
Budur payına qalan...
üç alma elə bizik.
Yalan...Yalan... və yalan....
Nağıl
arzular
Köçəsən
dağlara, dağ, quca səni.
Təzəkdən
yarımçıq hasarın ola.
Səndəki
"dağı" da verəsən dağa.
Nə dərdin, nə də ki
azarın ola.
Bir daxman ola
kaş, damsa da olar.
Daxmanın yanında dumduru
bulaq.
Beş-altı qoyunun, bir kəhər
atın,
Deyəsən dağlara di gəl dost
olaq.
Sübh tezdən gedəsən
otlağa tərəf.
Nə zəngin adamsan, qoyun,
quzun var.
Axşam da qayıdıb görəsən,
Allah,
Daxmanda bir oğlun,
üç də qızın var.
Bir könlün açılar saf-saf
güləsən,
Balaca qızına dil
çıxardasan.
Sonra uşaqların anası
üçün,
Cibindən gizlincə gül
çıxardasan.
O anda ilk görüş yadına
düşə...
Hürkərdin bir fərə,
kəklik səsinə.
İlk o gün soyuqdan
üşüməmişdin,
İlk o gün isindin qız
nəfəsinə.
Nə əcəb günlərdi,
bu günə çatmaz.
Bu gün də
sabahçün elə, nağıldı.
Birdən, səksənəsən
uşaq səsinə,
Ay Allah, ortancıl qızın
yıxıldı.
Eləcə ağlayar,
ürəyin yanar.
Ax... bunlar nağılsız çətin
susacaq.
Yatın, gül balalar, yuxunuz
şirin,
Atanız sizə bir şeir yazacaq!
Habil RzaNur
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.3.