"Mən" olmağımın tarixçəsi...
Parçalar
Bu yazını təkcə
uşaqlarım üçün yazmıram. Bu
yazını həm də Ağdamı, Azərbaycanı sevənlər
üçün yazıram. Eləcə də
psixoloqlar, kulturoloqlar, yazarlar və daha kimlər-kimlər
üçünsə yazıram. Bu
yazıda istəyirəm tapım görüm hansı
travmalar-yaralar, hansı təsirli olaylar
uşaqlığımda məndə dəbərtilər
yaradıb və başqalarına oxşayan uşaqdan
oxşamayan uşağa, sonra "yekə kişiyə"
çevirib məni. Bakıya
köçmüş rayonlu kimi mən necə
bakılılaşmışam. İlkində
elmlə ilgilənməyən mən necə alimləşmişəm.
Necə dünyanın çətinliyində
bütün mənəvi məğlubiyyətlərimə
baxmayaraq, bəzi əxlaqiliyi saxlaya və ya qazana bilmişəm?
Bir sözlə, bir azəri türkü necə
olub ki, azəriləşib və türkləşib. Azərbaycan necə olub ki, öncəki yüzildə
mənəvi axtarışlar, kültür
axtarışları məkanı olub?
1950-ci illər. Ağdam.
Mən 51-ci il
fevralın 26-da Sarcalı və Seyidli simbiozundan
yaranmış ağdamlı ailədə anadan olmuşam.
Tarixdəki olayların fizikası,
maddəsi var, yəni qılıncların poladı,
atların təzəyi, kəsilmiş başların bərəlmiş
gözləri, göndərilmiş məktubun
kağızı, döyüş anlarının
hay-küyü var. Ancaq mənim kiçik qardaşım
Elçin, - indi İngiltərədə "El" olmuş
Elçin demişkən, bizim İndimizə musiqidə
çalançının, oxuyanın yalnız
keçmişdə, yəni bir neçə an öncə səsləndirdiyi
səsi çatır. Onların indisi ilə
bizim indimiz nə qədər yan-yana dursa da həmişə
Keçmiş və İndi kimi ayrılır. Bizə çalançının, oxuyanın səpələdiyi
səslərin İndisində bulunmaq imkansızdır. Günəşin şüaları təxminən 8
dəqiqəyə bizə çatır, deməli, onda baş
verən partlayışları biz 8 dəqiqə sonra görə
bilirik. Tarixdə baş vermiş olaylar da
bizim üçün elədir. Danışanın
bizə çatan sözləri də elədir. Nə bizim İndimizə girirsə, Keçmişdəndir,
yəni həməncə girmir, gecikib girir. Onun fizikası keçmişdə qalır, bizə
çatanı isə semiotikası, semantikası olur. Tarix olayları fiziki gerçəklikdə baş
verir, di gəl ömürlərini, semantik bolluqda
yaşamlarını ruhani müstəvidə (Hegelin fəlsəfəsi
bu haqdadır) qazanırlar.
Hər hansı nəsnə
Heçdən Vara çevrilmək üçün
ilişgilər şəbəkəsinə varmalıdır. "Varlıq"
sözü də bundandır. Allahın
özü də bizə bilinmək üçün Qeyb aləmindən
çıxmalıdır və çıxanda, tutalım,
"Quran"dakı sintaktik şəbəkəyə,
psixoloji intonasiyalar sırasına girməlidir ki, olaylar, məsəllər
sırasında görk-şəkil-bilinti tapsın. Bax, bu, semiotik və ya semantik sahədir. Orada saysız "molekulyar", yəni incə
ilişgilər var, bunu təfsirlərdən də görmək
olar, ancaq orada bütün deterministik ilişgilər, yəni
səbəb-nəticə bağları bəlkə,
libasdır, gerçək deyil, görüntüdür.
Allah dünyanın səbəbidirmi?
"Hə" demək asandır, di gəl, deyəndə
küfrə oxşayan axmaq fəlsəfi sorulara cavab verməlisən:
səbəbidirsə, dünyadan qabaq dünyasız
olmalıdır. Elədirsə, necə oldu ki, o
qədər dünyasız olandan sonra birdən dünyanı
yaratmaq, yəni dünyanın səbəbi olmaq fikrinə
düşdü? Səbəbdirsə niyə
məhz Yer üzündə insan dünyasını
yaratdı, o biri planetlərdə yaratmadı? O birilərində
yaradıbsa, niyə elçiləri bu haqda aydınca
danışmayıblar?
Allah dünyanın səbəbi
deyilsə, necə varlığın, evrənin yiyəsi
ideyasını doğrulda bilər? Allah dünyanın səbəbi
deyilsə, bəs onda dünyaya hansı deterministik olmayan etgiləri
var ki, onlara görə Tanrı sayılır? Bu suallar
cavabsız sorulardandırlar...
İndi daha aydınca deyə bilərəm:
memuarda bir olaydan çox-çox uzaqlarda olanları yazar
metaforik, assosiativ və s. ilişgilərə salırsa, bunu səbəbi
tapmaq üçün etmir, həmin olaya türlü yöndən
varlıq qazandırmaq üçün edir, çünki
varlıq hansısa ilişgilər şəbəkəsinə
varmaqdır. Deməli, nəyisə anlamlarla
bollandırmaq onun varlığını bollandırmaqdır.
Bütün bunları mən 2003-cü ildə
Şahbazın "Qanun" nəşriyyatında çap
etdiyi "Azərbaycan bilinmələrindən sezilən nəsələr"
(nəsnələrlə nəsələr arasında)
kitabımda ələk-vələk eləmişəm, ancaq
yenə də son nöqtəni qoya bilməmişəm.
Nəyisə anlamlarla
bollandırmaq onu qaranlıqdan, ya torandan işığa
çıxarmaqdır. Bu, yoxluqdan var etmək deyil, bilinməzlikdən
bilinərliyə çıxarmaqdır və ya saysız
qırnıqlardan hansılarısa seçib nəyisə (nəsnəni,
simvolu, bildirəni) onlardan yığmaqdır. Yığanda kimsə hansısa ilişgiləri səbəb-nəticə
əlaqəsi kimi açacaq, kimsə bunu inkar edib təsadüflərin
naxışı kimi göstərəcək, başqa biri isə
bu ilişgilərdə bifurkasiya tapacaq. Heç
biri də düz olmayacaq, ancaq hamısının birgəliyindən
alınan konsert gözəl musiqi, gözəl partiya verəcək.
***
İndi baxım görüm
mənim dünyaya gəldiyim 50-ci illərdə dünyada
baş vermişlərdən nələr mənim
semantikamı bollandıra bilər? Uşaqlığım
keçən Ağdam dünyası mənə dəhşətli
bozumtulluqda görünürdü. Bu bozluğun
içindəki "Məmməd", "Vəli",
"Həsən" adlarına baxanda modernist səslənən
"Niyazi" ismini daşıyan qara-zırtı, hərdən
"pota bala" sözünü eşidən Mən
çox maraqsız görünürəm. Özümü
ovundurmaq üçün deyə bilərəm ki, bəlkə
Stalin də, Hitler də, Çörçil də
uşaqlıqda maraqsız olublar? Stalin, Hitler niyə
tutuşdurmaq üçün ağlıma gəldi? Mən ki onların gizli fanatlarından deyiləm.
Deyəsən, hamar narrativlərin (söyləmlərin)
acığına onları sadaladım... Adam
yazı yazanda təkcə başqaları ilə yox,
özü-özü ilə də oynayır, öcəşir,
özü-özünün acığına söz söyləyir.
Toğrul Nərimanbəyovun, Səttar
Bəhlulzadənin kubizmdən, impressionizmdən etgilənmiş
fırçaları darıxdırıcı Abşeron məişətini,
çölünü, tikililərini mənalar, çalarlar
sayrışdıran nəsnələrə
çevirmişdi. Bu çalarların
içində olanların Bakı küftə-bozbaşına,
düşbərəsinə baxanda doğurduğu fərqli
anışmalar fərqlə dünyanı yaradır.
Küftəbozbaş öz dalınca Bakı toylarının
meyxanalarından, qumarından, nəşəsindən
qığılcımlanan mənaları dartıb çəkir...Toğrul
da, Səttar da kubizm və impressionizmin əli ilə Abşeron
qala divarlarına, dalanlarına, kasalarına, məcməyilərinə
Van Qoq, Pikasso, Bart, auralarını verirdilər. İndi mən də maraqsız görünən
pota, balaca Niyazi ilə semiotikləşdirici, semantikləşdirici
eyləm yapım görüm bundan nə çıxacaq.
***
8 yaşınacan Ağdamda
gördüklərimin bəziləri birtəhər yadıma
düşür, xatirələrimi onlardan başlayım.
O vaxtdan indiyənəcən,
hazırda mənə çox qısa görünən 68 il
keçib - bax, elə bu qədər də mənim dünyaya
gəlməyimdən qabaq Mirzə Fətəlinin, Zərdabinin
yaşadığı illər olub. Bu 136 ili
iki yerə bölüb götürəndə elə də
böyük görünmür. Böyüyür
içini çoxlu olaylarla, adamlarla dolduranda. Çantasında yüz otuz altı min manat olan
üçün bir manat heç nədir. Yalnız bircə
çörək almağa pulu çatan adam
axırıncı manatını itirəndə faciəyə
düşür, sanki 136 min manatını itirib. Beləcə, psixolojimiz və kontekstimiz iri saylarla,
özəlliklə, zaman və para sayı ilə bağlı
bütün ömrümüz boyu bizi
çaşqınlığa salır. Çox
vaxt bu çaşqınlıq psixoloji hal kimi bizi məzələndirir.
Di gəl, elə də olur ki, necə davranmaq, nə
etmək məsələsi ilə bağlı doğru
seçənək qarşısında duranda o
çaşqınlıq bizi azdıraraq ziyana salır.
Örnəyin, yaşamaqdan doymayanlar 90 yaşında
ölüm gələndə "daha nə qədər
yaşamaq olar?" sualı ilə özlərini ovundurmurlar,
90 yaşın qısa görüntüsü onları
şaşırdıb qoymur ki, ölümü müdrik
qarşılasınlar. İndi söylədiyim 136 il də elədir. Onu göz qırpımı
kimi qısa bilib Zərdabi, Mirzə Fətəli dönəminə,
68 ili elə bilib öz ömrümə
yanaşmam məni nədə azdırır, nədə
doğru yönəldir? Bu sorunun üstündə
ekzistensal fəlsəfə yapmaq olar. Ancaq bir anın
roman qədər uzadılmasından modernist əsərlər
də var, axı!
Uşaqlığımın
keçdiyi Ağdam dünyasına XIX yüzilin ikinci
yarısından XX əsrin 50-ci illərinəcən nələr
etgi yapıb, nələr iz qoyub? Bu ciddi soruya cavab
tarixçi və kulturoloji araşdırmalardan doğsa
yaxşıdır. Məndə o bilgi
haradan?! Ancaq memuar janrı başımda
olanlarla kaleydoskopik oyunlar yapıb narrativlər (söyləmlər)
qurmağa imkan verir. Yadımdadır ki,
50-ci illərdə hicablı, çarşablı
qadınları Ağdamda görməzdim. Mən
62-ci ildə biz Bakıya köçəndə burada,
yalnız burada Sovetski məhləsində qarılar
arasında çarşabla gəzənləri gördüm.
Belə çıxır ki, XIX yüzildən
başlamış Maarifçilik hərəkatının,
sonra isə Sovet ateizminin qadınları çarşabdan
qurtarmaq kampaniyası Ağdamda daha əhatəli olmuşdu, nəinki
Bakıda. Bunu yazanda yadıma saldım ki, atamgilin kəndi
Sarcalıda da (dəqiqləşdirmək üçün
deyirdilər "Çəmənli Sarcalısı", hərçənd
Sarcalı camaatı Çəmənli camaatını bəyənməzdi,
bu, onların bir sovxozda olduqları illərin münaqişələrindən
gəlmişdi) - bax, Sarcalıda qoca qadınlar da
çarşabsız olurdu. Bəlkə bu o fikri
doğrulayır ki, tərəkəmə qadınlarında
çarşab olmayıb?!
Çarşabla bağlı
söylədiyim sekulyarlıq Ağdam dindarlarına aid deyil. Onlar əməllicə
mömin adamlar idi - düzdür, bu möminlik folklora
çevrilmiş İslamdan çıxırdı.
Mən orada hamıdan "Həzrət
Abbas" andını eşidərdim. Daha
düzü, hamıdan yox, oğlanlardan və kişilərdən.
Qadınlar daha çox uşaqlarının
canına and içərdilər. Onu da
deyim ki, Həzrət Abbas andını heç vaxt
Bakıdakı şiələrdən eşitmədim. Həzrət Əlinin oğlu olan Həsən və
Hüseynin anadan ögey qardaşı olan bu qutsal ərən
hansı yerli Şiə gələnəyinə görə
Ağdamda belə sevimli olmuşdu? - bunu
deyəmmərəm. Yalnız orada tez-tez istənilən adamdan Həzrət
Abbas andını eşitmək olardı. Əslində,
Azərbaycan bölgələrini hansı müqəddəslərə
and içməsinə görə tutuşdurub ayırmaq olar.
Mənim uşaqlığımda Bakıda
rusdillilər arasında yox, Azərbaycandillilər arasında
başlıca and Ətağanın cəddi idi. Yasamalda təzə binalara köçmüş ailələrin
oğlanları da Dağlı məhləsinin və Sovetskidən
gəlmişlərin etgisi ilə dəqiqədə bir
Ətağa deyirdilər. Bu and cayıllıq göstəricisi
kimi ev, ana uşaqlarından küçə
dünyasında avaralananları ayırırdı. Bəzi qızlar elə and içəndə bilirdin
ki, o, qədeş ailəsindəndir.
İndi də bilmirəm nədən
Ətağa andı ilə mən
danışığımı
bakılılaşdırmamışdım. Yasamalda məktəbdə
uşaqların az qala yarısı
dağlı məhləsindən, o biri yarısı Sovetskidən
idi. Müəllim ailəsindən olsam da
brutallıq yüksək dəyərləndirilən məhlə
dünyasının tipik nümayəndəsi kimi olmaq və
görünmək üçün dilimi və
davranışımı qədeşləşdirmişdim.
Bə niyə Ətağaya and içmək mənim
özünüqədeşləşdirmək əməliyyatıma
girməmişdi? İndi deyə bilmərəm
niyə, bəlkə sonra ağlıma gəldi.
Ağdam yaşlıları
arasında tez-tez işlənən and Seyid Lazım
ağanın cəddi idi. Hərçənd, mənə
elə gəlir ki, bu and 60-cı illərdən daha geniş
yayıldı.
***
Ağdam Şuşadan qədim
olsa da, Sovet dönəminəcən onun qədər mədəni
həyatı olmamışdı. Elə bil bütün
parlaq ziyalılar, musiqiçilər, salnaməçilər
Şuşaya yığışmışdı. Hərçənd, ora camaatı Ağdam kimi ətraf
yerlərdən gəlmə adamlardan toplanmışdı.
Ona görə də Şuşa ilə
Aran camaatının arasında ilişgilər sıx idi, onun
üçün də qarabağlılar Şuşaya
doğma mədəni mərkəz kimi baxırdılar.
Ağdam Sovet dönəmində
yavaş-yavaş mədəni-iqtisadi mərkəz statusunu
qazandı. Güman, ona görə də buraya xeyli
şuşalı köçdü. Deyəsən,
anamın nənəsi Firəngizin də əsli oradan idi.
Ağdamlılarda fikir vardı ki, şuşalılar ağ olur, bir də simic olur. Doğrudan da mənim
şuşalı qohumlarım ağ idilər,
ancaq ağdamlılara simiclik kimi görünən sifətləri,
əslində, qənaitcillik və
qeyri-israfçıllıqdan gəlirdi. Mənim
uşaqlığımda Ağdamda əliaçıq-xəsis
söhbətləri o qədər geniş
yayılmışdı ki, onu hamıdan eşidərdin.
Bu gün Bakıda gəncləri bilmirəm,
yaşlılar arasında daha bu söhbətlər getmir.
90-cı illərdə isə gedirdi, türklər
haqqında, güneylilər haqqında.
Bu nədir? Simiclik
qınağının ortadan getməsi qloballaşmanın
etgisidir, ya nədir? Araşdırmağa dəyər.
Bu yaxınlarda Seymur Baycanın
"Qukark" romanında ağbəniz adam
məsələsinə yenidən rast gəldim. Orada Seymur
yazırdı ki, cəbrayıllılar arasında ağbəniz
adamın kultu vardı, yəni kimsə ağ
idisə, ondan söz salanda bunu vurğulayırdılar. Şahbaz Xuduoğlu eyni kultu Hindistanda
görmüşdü. Bütün qadınlar ağ görünmək üçün
pudralanırdılar. Bu mənada
ağdamlıların ağbəniz adamlara sevgisinin geniş
konteksti var.
***
Uşaqlığım keçən
Ağdama XIX yüzil Şuşa
mühitinin, məclislərinin etgisi ya az idi, ya da olanları mən
seçib duya bilməzdim. Yalnız Xan
qızını eşitmişdim, bir də indicə yadıma
düşdü ki, eşitmişdim İmarəti.
Bunu yazıb Vikipediyaya
baxdım və oxudum ki, İmarət Xan qızının
torpağı imiş. Orada özünün, atası Pənah bəyin,
babası Mehdiqulu xanın qəbirləri varmış. Uşaqlığımda İmarətə getmişdim,
evimizdən ora yarım saatlıq yol idi. Yadımdadır
ki, Ağdamın tozlu asfaltlarından sonra oranın çəmənliyi
kontrast prinsipində peyda olan kadr təsiri
bağışlayırdı. Ağdamın
öz basırığı vardı və heç yerdə
belə gözəl, asudə məkan tapmazdın. Elə bil ora daha sərin, daha səssiz idi. İmarətdə məqbərələr də
vardı və deyirdilər ki, "Ağdam" adı
onların daş damından çıxmışdı.
***
Mən gördüklərimi yadda
saxlamağa başlayanda biz, yəni gömgöy gözləri
olan, qara dərisinə görə hind arvadlarına oxşayan
Raxşəndə nənəm, dayım Rafiq, qardaşım
Elçin Mədəniyyət Evinin qabağındakı meydançadan 50-60 metr bu tayda yerləşən
ikimərtəbəli hökumət evində
yaşayırdıq. Bu Mədəniyyət Evi
biz balacalara azman görünürdü. Bizdən
sol tərəfdən Qobunun üstündən körpü
keçirdi. Qobu həyətimizin
başında idi. O çağ mən haradan biləydim
ki, Ağdamdan keçən bu çayın adı həm də
Abşeronda kəndin adıdır və söz kimi dərəni,
dərədə axan çayı bildirir. Ağdam Qobusu, deyəsən,
Qarqar çayının qolu idi, bizim evin qabağında
doğrudan da dərə əmələ gətirmişdi.
Qobudan ayrılan arx
bizim evin altından keçirdi. Onlar
arasındakı məsafə 20-25 metr idi. Mən o vaxt
bilməzdim ki, bu doğma söz olan "Qarqar"ın 3-4
min il yaşı var. Əskilərdə o
adı daşıyan ulus da varmış.
Ağdamda Seydli kəndindən
"Kötəl" deyilən çay keçirdi, o da
Qarqarın qolu imiş. Ana babam Ağaların ikimərtəbəli
daş evinin iki metrliyində 7-8 metr dərinliyində dərin
uçurum vardı və dibindən çay keçirdi.
Kötəl o idi. Həmişə qorxu
vardı ki, bu ev ora uçacaq.
Qobunun yaxasındakı evi
sonra sökdüdər ki, poçt binası tiksinlər. Sanki
Ağdamda yer qəhət idi. Sovet
kasıbçılığında ikimərtəbəli evi
yaxşılaşdırmaq əvəzinə sökmək
israfçılıq idi. Ev söküləndən
sonra biz köçdük Mədəniyyət Evi ilə
üzbəüz tikilmiş üçmərtəbəli təzə
hökumət evinin ikinci mərtəbəsinə. Ancaq məktəbəcən həyatımın
etgili olayları körpünün yanındakı binada
olmuşdu. Bizdən 400-500 m. aralı
"Çaxır zavodu" deyilən məhlə vardı.
Mənim bir-iki yaşımda nənəmin
dükanı orada idi. Qabaqlar evimiz də
orada idi. O çağlar anam atamla Bakıda oxuduqlarıından
məni nənəm saxlayırdı. Dünyada
nəsillərin, adamların qəribə kəsişməsi,
çarpazması olur. Orada bir qadın
vardı, deyəsən, nənəmin bacılığı
idi. Adı Əzizə idi, Cavanşirlər
nəslindəndi, bibisi Həmidə xanım idi, Mirzə Cəlilin
xanım-xatın övrəti. Bakıda 158 saylı məktəbin
yanındakı binada yaşayanda iki çox hündür
(190-a yaxın) dostum
vardı, məhlə uşaqları idi. Onlardan biri Akif (Şaxverdiyev) idi, onun haqqında sonra
danışacam. O biri Əli idi. Bu dostum
çox yaraşıqlı oğlan idi və gözəl
akkordion çalırdı. O, Şuşada olanda orada
Əzizə xalanın qızı Sevda ilə tanış
olur və evlənir. Sonra Sevda məni
tanıyır və qardaşı İsa üçün
baldızım Sonanı almaq istəyir. Beləcə,
təsadüflərdən tarixin bir naxışı baş
verir. Əzizə xalanın uşaqları
ilə tanışlığım gətirib
çıxardı baldızım Sonaxanımla onun oğlu
İsanın evlənməsinə. "Bakılı
oğlanlar" klubunun başçısı Anar Məmmədxanov
İsanın əminəvəsi idi. 90-cı illərdə
mən "Azadlıq" qəzetindəki
"Qırmızı fikirlər" silsilə
yazılarımla, bir də TV çıxışlarımla
tanınmışdım, o isə "Bakılı oğlanlar"
klubu ilə tanınmışdı. Ona görə
hərdən restoranda-filanda rastlaşanda uzaq qohumluğumuzu
anaraq dodaqqaçdı ilə salamlaşırdıq. Beləcə, mənim oğlanlarım Orxanın və
Toğrulun xalası uşaqları Ucal və Ayanın bir
kökü Məmmədxanovlara çıxır. Tarixin
qəribə naxışı!
***
Zavod məhləsindəki
günlərim yadımda deyil, ancaq söyləyirlər ki, nənəm
dükanla bağlı harasa gedəndə oradakı
bacılıqlarına məni tapşırardı. Bir dəfə
dükanda məni yatmış qoyub gedibmiş, ayılanda elə
ağlamışdım ki, qonşulara vəlvələ
düşmüşdü, bu balacanı bağlı qapı
arxasından necə sakitləşdirək?
İndi birdən
ağlıma gəldi. Yazıq nənəm mənə görə
nə qədər əziyyət çəkmişdi. Elə bu əziyyətə görə 8 nəvəsindən
ən çox məni istəyirdi. Elə
mən də onu hamıdan çox istəyirdim. İndinin özündə bu yazını yazanda
"nənəm" sözündən heç bir sözdən
axmayan isti gəlir ürəyimə. İndi
Londonda yaşayan və El Koronon ayaması ilə iki parlaq roman
yazmış qardaşım "Rax-Şəndə"
adını personajlardan birinin adı etmişdi. "Elohim"də olaylar əski İsraildə
İsus Xristosun anasının yaşadığı illərdə
baş verir. "Rax-Şəndə"
romanda yəhudi qarısıdır. Elçinin
"Nimrod" romanında isə Ağdam "Madğa"
şəklində verilir. Mən heç
bilməzdim ki, balaca olduğu halda Ağdam Elçinin
şüurunda belə dərin iz sala bilər. 5-6 il bundan qabaq o, "Google"da gördüyü
Ağdam xarabalıqlarından danışanda birdən dedi: Sən
bilirsən, Ağdam mənim dünyada ən çox sevdiyim
yerdir?!
Ermənilər bizə belə
dağ çəkiblər. Görəsən,
bunun əvəzini qansız-qadasız çıxa biləcəyik?!
Nə qədər qəzəblənsəm də,
erməni uşaqlarını, qadınlarını qıran
savaş mənə ağır gəlir. Bəlkə
ona görə Dağlıq Qarabağ konfliktinin qansız
semiotik çözümünə aid anomal avtonomiya ideyası
ağlıma gəlmişdi. Məqaləni
yazıb onunla Cenevrədə çıxış etmişdim
- konfrans iştirakçılarının çoxu Amerikada,
Avropada yaşayan ermənilər idi.
***
Çaxır zavodunun
yanından Qobunun üstündəki körpünün
böyrünə köçəndə 5-6 yaşım
vardı. Burada da elə hadisə olmuşdu ki, mən
qanmamışdım, sonradan mənə
danışmışdılar. Dayım həyətdə
oynayanda məni çəlləyin içinə qoyubmuş.
Necəsə çəllək evimizin
altından axan arxa düşür, arxın girdiyi dar tunelə
çatmamış dayım cumub məni götürə
bilir. Sonradan mən o tunelə gözümü zilləyib
5-6 il öncə hansı fəlakətdən
qurtulduğumu düşünmüşdüm.
Başqa pis olay atamla
bağlıdır. Məni güman ki, nadincliyimə görə
çarpayının ayağına bağlayıblarmış.
Atam unudub qucağına qaldıranda ipə
görə əlindən çıxıram və çənəm
çarpayının ayağına dəyir. Dodağımın altındakı çapıq
bundandır.
***
Bizim günümüz Qobunun
yanındakı mənzilimizin iki otağından öndəkində
keçirdi.
Arxa otağa "aankı ev", yəni
"o yankı ev" deyirdik. Ora qışda
soyuq olardu, çünki odun sobası öndəki otaqda idi.
Otaqlar böyük idi, mənim uşaq qavrayışımda
"aankı ev" sirlərə
bürünmüşdü, çünki orada az olurduq,
divarlarda, əşyalarda insan istisi yox idi. Ön otaq da
böyük olduğundan "aankı evə" gərməyimiz
az olurdu.
Məncə, o
çağlar təkcə bizdə yox, çox yerdə
otaqlarda bəzək heç səviyyəsində idi, bircə
yerdəki xalça-palazdan başqa. Komodun üstündəki
krujevalı ağ örtüyü mənzilin
bəzəyi saymaq olardımı? Bunu bilmirəm.
Xrustal qabların kultu Azərbaycana 70-ci illərdə
gəldi.
Körpünün yanındakı mənzilimizdə
stol və stullar vardı, ancaq o vaxtlar
ağdamlılar yerdə oturub yemək yeyərdilər. Xalçanın üstündə süfrə
açılırdı, nənəm, anam, dayım
bardaşqurma oturub yeyirdilər ("bardaşqurma"
sözünün etimolojisi nədir, bilmirəm). Mən isə bədənim elastik olsa da, elə
oturub yeyə bilmirdim. Kiminsə
bardaşqurma oturmağa məni məcbur etməsi yadımda
deyil. Dostum Şahbaz Xuduoğlu deyir ki,
Yardımlıda evdə hamıdan tələb olunurdu ki, yeyəndə
süfrə başında ayaqlarını uzadıb
başqalarının yerini almasınlar. Onlarda
qardaş-bacı çox idi, ona görə də süfrə
başında yer geniş olmurdu.
Qohumlarımgildə də
çörəyi stol başında yeməzdilər.
Qayda 60-cı illərin axırında dəyişdi.
Hər yay Bakıdan evimizə gələndə
biz, artıq stolda çörək yeyirdik. Yaşlananda bir neçə dəfə
Bakıdakı evimizdə sınaq üçün yerdə
oturub otağımıza tamaşa edəndə gördüm
ki, buradan tamam başqa perspektivlər və duyğular
açılır. Biz kürsüyə,
masya keçməklə onları itirmişik.
90-cı illərin sonunda mən bir məqaləmdə
"Kitabi-Dədə Qorqud"da hər olaylar silsiləsini
başlayan Oğuz ərəni ilə bağlı deyilən
"uru durdu"nu "vurub durdu", yəni yerdən vurub
durdu kimi açdım. Daha sonra göstərdim
ki, oğuzun yaşamı, ekzistensiyası iki müstəvidə,
yerdə uzanılı və yuxarıda at belində, ya da
ayaqları üstündə keçir. Oğuzlar
aşağı müstəvini yatmaq, məclis keçirmək
üçün nə qədər sevsələr də, onun
qorxusunu bilirdilər, ona görə də "Kitabi-Dədə
Qorqud"da deyilir: oğuzun başına nə gəlsə,
yatmaqdan gələr.
Görünür, mənim
bu məqaləmin içəridə psixoloji konteksti
Ağdamda mütəkkəyə dirsəklənib sobanın
istisindən kef çəkməyim olmuşdu. Hərənin əski
dünyanın rəmzi olan bir ev əşyasına
intim duyğuları olur. Kimsə bardaqdan, kimsə
dəmir dolçadan, kimsə səhəngdən enerji
alır. Gürcülər (onlar da kimlərdənsə
götürüblər) bəlkə də Qafqazda bunu ilk dəfə
bilərək araba, çıraq, dəyirman daşı və
s. ilə koloritləşdirilmiş restoranlar yaratdılar. Sonra bu aqrar-əntiq estetika Azərbayana da keçdi.
Bax, bu kontekstdə söyləyim, mənim
üçün ən əziz nəsnə mütəkkədir.
***
O vaxt ağdamlılarda soyuqdan,
uşaq olsam da qanmadığım qəribə bir qorxu
vardı. Əski toplumlarda beləcə cinlərdən,
qarğışlanmış yerlərdən qorxardılar.
Ağdamlılar əlüzyuyandakı suyun
üstünə isti su tökürdülər ki, üzlərini,
əllərini soyuq su "incitməsin". Bütün dünya, bütün Bakı səhər
üzü soyuq su ilə yumaqdan ləzzət aldığı
və sinirlərlə bağlı bunda xeyir gördüyü
halda, ağdamlılar istibazlıq nümayiş etdirdilər.
Sonralar bu istibazlığı mən güneydən
gəlib kirasına evimizdə qalan turistlərdə gördüm.
İlıq yazda belə otaqları isitmək üçün
qaz sobalarını elə yandırırdılar ki, bizdə
stereotip yaranmışdı: iranlılar istibazdırlar.
İndi ki, "Ağdam və
şəhər" konusuna toxundum, bir nəsnəni də
deyim. Nənəm, dayım, xalam "səhərin
g...tü açılmamış" deyərdilər. Bəlkə də bu deyim Ağdamda haçansa,
haradasa məzədən yaranmışdı, ancaq onlar bu
sözlərə yersiz, vaxtından qabaq başlayan işə
bütün qəzəblərini yağdıraraq söyləyirdilər.
Deyirlər ki, İblis detallarda gizlənir.
Mən yazım boyu "səhərin g..tü
açılmamış" kimi deyimlərdən, detallardan
tez-tez danışacam. Öz
axtarışlarımdan bilirəm. Belə detallardan ulus
haqqında parlaq nəzəriyyə çıxarmaq olar və
ya yaxşı qurulmuş nəzəriyyə belə
detalları elə açar ki, xırda nəsnəyə yox, dəryaya
çıxarsan. Səhərin
açılmasının "səhərin g...tü
açılması" kimi verilməsində mifoloji
antropomorfizm var, yəni prosesi insan bədəni biçimində
modelləşdirmək var. Fekalilər bioloji aləmdə və
qrotesk mədəniyyətdə etgili rəmzlərdir, səhərlə
bağlı antropomorfizmdə də gündüzün
açılması fekali tökülən dünya kimi verilir
- bu nədir? Dünyadan total
narazılıq, ya nə? Allahdan narazılıq, ya nə?!
Araşdırmaq gərək.
***
Mənim uşaqlıqda
gördüyüm Ağdamda adamlar döşəkcəni,
mütəkkəni yaman sevərdilər. Elə bil
hamının yanbızında ət yoxdu, sümük idi,
stullarda, xalçaların üstündə mütləq
döşəkcə olurdu. Döşəkcə
ağdamlılara qonağa sayğı və qayğı
göstərmək üçün jest bəhanəsi verirdi:
ala, sən Allah bunun üstündə otur, ala, altına qoy!
***
7-8 yaşımda Ağdamda
ailəmiz 6 nəfər oldu. Nənəm, anam (Rəfiqə
Məmmədova), Elçin (kiçik qardaşım), Arzu
(bacım) mən və dayım (Rafiq Səfərov). Anamla nənəmin dalaşması yadıma
düşmür. Deyəsən, anam
böyük uşaq kimi anasının ərköyünü
idi. Çox güman ki, onların öz kiçik
münaqişələri olmuşdu: nənəm anamı
maymaqlıqda suçlaya bilərdi. Özünün
isə maymaqlığı yox idi. Sərçə
necə balası üçün cumub ölümə gedər,
nənəm də mənim, qardaşım uğrunda
özünü oda atardı. Bizim binanın
aşağı mərtəbəsində Qəhbə Elmira
yaşayırdı (görün, "qəhbə"
sözünün neçə min il
yaşı var, ona Sarqonun daş yazılarında rast gəlmək
olar). Elmira arıq, nimdaş, uzun bir qadın
idi. Otağında cavan, "gəl-gəl"
deyən qızlar saxlayardı və deyəsən, onlarca idarə
rəislərinə pullu kef verərdi. Göygöz
oğlu vardı, adı Soltan idi (indi haradadır, Allah bilir, bəlkə
ermənilərlə döyüşdə şəhid
düşüb?!). Onunla
dalaşmışdım, nə idi, nənəm Elmiraya cumub
saçlamışdı. Səhnə indi
də yadımda qalıb, necə söyüşürlər,
bir-birinn saçından tutub necə dartırlar. Nənəm xanım-xatın olmasa da, saçyoldu
ona hər halda yaraşmırdı. Axırda
Elmira qorxub çəkildi. Yazıq vərəm
idi. O çağlar Ağdamda bir neçə vərəmli
görmüşdüm, hətta, deyəsən, vərəm xəstaxanası
da vardı.
Nənəmə
"qara-zırtı arvad" da demək olardı. Yəqin, o
çağdakı arvadların çoxu kimi, elə də təmizkar
deyildi. Anam və Əminə xalam Xanlar
babamdan olmuşdular. O, 30-cu illərdə dükanda əskiyi
çıxdığı üçün tutulmuşdu və
türmədə xəstələnib ölmüşdü -
deyirdilər əskiyi ona görə
çıxmışdı ki, dükanı satıcılara
buraxıb qaçaqlarla savaşa getməli olmuşdu. Bununla bağlı bir olay da danışıblar.
Babamgil qaçaqları əsir götürəndə
arasında yaxın dostu və qohumu olur. Babam
onu zaminə götürür. Qohumu
fürsət düşəndə Arazın o tayına
qaçır. Bu da babama bir ləkə
olur.
Əri öləndən
sonra nənəm Ağdamda tarzən Bəhmənə ərə
getmişdi və ondan dayım olmuşdu. Deyirlər ki,
tanınmış müğənni Arif Babayev ilkində Bəhmən
kişinin yanında dərs almışdı. Bax, bu Bəhmən nənəmlə evli ola-ola Məleykə
adında ağappaq bir gəlinlə
görüşürdü. Nənəm
bilir, ağacla ərinin üstünə cumur və bu
qovğadan sonra ayrılırlar. Deyəmmərəm
ki, Bəhmən oğluna, yəni dayıma nəsə
möhkəm atalıq edirdi. Ancaq hərdən
bu ər-arvadla rastlaşanda özümə qarşı nəsə
mehribançılıq görürdüm. Deyəsən, keçmiş ərindən nənəm
dayım üçün heç aliment də almırdı.
Anam da nənəmin taleyini təkrar
etmişdi.
Atam universitetin fəlsəfə fakültəsinə ondan bir il gec girdiyi üçün Bakıda qalıb
oxumuşdu. Anam isə Ağdama qayıtmalı
olmuşdu ki, işləsin. Sonralar xəbər
gəldi ki, atam Elmira adlı bir qızla yaşayır. Onun anasını, Dürrə xanımı vaxtı
ilə Səməd Vurğun sevibmiş, ona görə də
məşhur olmuşdu. İndi ögey
qardaşım qızına bu nənəsinin adını
verib. Bax, nənəm buna görə
anamın maymaqlığından öfkələnirdi ki, vəziyyətlə
barışır. Eşitmişdim ki,
Bakıya gedib əlində ağac atamın üstünə
cummuşdu. Nəsə Dürrə arvadla
söhbətdən sonra geri qayıtmışdı. İncəlikləri bilmirəm, ancaq sonralar
görürdüm ki, atamla nənəm
küsülüdürlər. Yəqin,
arvad kişiyə dağ çəkmişdi. Nənəm hirslənəndə
"şalvarını çıxararam" deyən
arvadlardan idi. O, yaşamından qəzəblənəndə
Allahı da söyürdü. Bir dəfə ona
baxıb mən də söyəndə gözündə dəhşət
ağzımı yumdu. Beləcə
özü ilə bağlı Tanrı cəzasından
qorxmayan arvad nəvəsi ilə bağlı panik vəziyyətə
düşdü. Bir ara Allaha
qarşı qiyam konusunda məqalə yazanda nənəmin bu
qarğışları gözümün qabağında
olurdu.
Dayımla bağlı bir
paradoks. Mənə
əziz adam idi, çünki məni
çox istəyirdi. Nənəmə
qarşı isə tərbiyəsiz idi. Ondan
ağlada-ağlada pul qoparırdı. Söyürdü,
qışqırırdı, bəlkə də ona görə
anamdan ona mehribançılıq görmürdüm. Ancaq bu ilişgi onun ögəkliyi ilə
bağlı deyildi, bir ana qarnından çıxmağın
doğmalığı onlarda da vardı.
Nənəmin atası
Ağalar, anası Firəngiz idi. Mən Firəngiz nənəmi
görmüşdüm, Seyidliyə hərdən gedirdik və
başımı sığallayıb öpərdi.
Görünüşdə adi qarı idi, mehribançılığı
da vardı, ancaq yadıma düşür ki, heç kim onu yaxşı arvad saymırdı. Niyə, bilmirəm. Bəlkə
20-30 nəvə-nəticəsi olan qarıdan çox şey
umurdular. Ağdam üçün nə
"Ağalar", nə "Xanlar" adı tipik idi, ikisi də
mənim şəcərəmə qismət olmuşdu.
Ağdamın bir
yarısının adı Sarıtəpə idi. Dağların
və təpələrin rənglərlə bildirilməsi əski
türk gələnəyidir. "Çernoqoriya"
və ya "Monteneqro" gümanım var ki, türkün
"Qaradağ"ıdır. Ağdamın
Yevlaxdan gələn yoldakı girəcəyi Göytəpə
adlanırdı, oradan Sarcalıya 3-4 km idi.
Sarıtəpədə
sıx məskənləşmə vardı və heç bir
sarı təpə görünməzdi. Yəqin,
çılpaq olanda təpə idi və boyası da sarı
imiş. Orada mənim xalam
yaşayırdı və tez-tez onlara gedirdim. Xalamın əri Şəmiş (bu nə ad idi, bəlkə
"Şəmşəddin"in əzizləmə
variantı idi?) onun xalası oğlu idi. Onlar haqqında
sonra yazacam, hələliksə deyim ki, xalam sözü
qırmızı-qırmızı üzə deyən, tərəkəmə
kobudluğunda, kinayəli bir qadın idi, Şərqşünaslığı
bitirmişdi, ancaq oxuduğu fars dilini
bilmirdi, mənə isə iri bir fars dili
sözlüyünü bağışlamışdı.
Sonralar xalam maraqlı yazar Şərif Ağın
qaynənəsi oldu.
Dayıma qayıdım. Hər yemək gələndə
qışqırardı: mənə moça, mənə
moça! Moçanı onsuz da ona verirdilər,
bə niyə qışqırırdı?! Nənəmlə qaba olsa da, deyəsən, bu
qabalığa öyrəşdiyimdən heç demirdim də
ki, niyə belə edirsən, ay dayı?!
"Aankı ev"in pəncərəsindən
Müəllimlər evi görünürdü. Orada nəsə
mədəni tədbirləri gedirdi. Günün
ikinci yarısı sərin düşəndə müəllimlər,
idarə işçiləri şirin-şirin söhbətləşərək
ya Müəllimlər evinə gedib-gəlirdilər, ya da
Körpünün üstü ilə adını unutduğum
kinoteatra gedirdilər. Körpü ilə onun arasında
böyük Park vardı, Allah bilir, bəlkə də Lenin adına idi, çox hündür
ağacları vardı, ancaq kimsəsiz olardu. Niyə,
bilmirəm. Bəlkə də ona görə
ki, Ağdam küçələri qızsız oğlanlar
dünyası idi. O, indiki zamandır, Masallıda, Bərdədə
harasa gedən qısa don qızlar görərsən. Ağdamda adda-budda görərdin ki, arvadlar
küçə ilə gedir. Qızla gəzmək
yoxdursa, oğlanlar neylərdi parka getməyi?! Bəlkə də dalaşmağa gedərdilər.
Parkda əyləncə yerləri də yoxdu.
80-ci illərdə mən
"qadınsız kişi dünyası" konsepti əsasında
Azərbaycan problemlərini, Azərbaycan geriliyini
düşünəndə seksual devrimin bizim üçün
aktuallığı fikrinə gəlmişdim. Bunu eyhamlarla dərslərdə
də deyirdim. Kişi dünyası qadınsız olanda,
yəni çayxanaya, restorana qızla getmək olmayanda, qızlara rəqs
meydançalarına gəlmək olmayanda oğlanların
psixolojisi primitivləşir - bax, bu ideyanı bir çox
yazılarımda türlü variasiyalarda açıb
anlatdım. Yuxarıda
görükdürdüyüm Ağdam konteksti, güman ki,
psixologiyamda qalaraq bu ideyaya öz anşmalarını
vermişdi.
Ağdam bazarının
altındakı kinoteatrın adı "Zimni" idi. Onu müharibədən
qabaq tikmişdilər. Qobudan sonrakı
kinoteatrı isə 50-ci illərin axırında tikmişdilər.
Orada hind filmlərinə baxıb davamını
yataqda yuxuqabağı romantik xülyalarda yaşayardım.
Bu kinoteatrda
gördüyüm şirin hind melodramları məndə
melodramatik xülyaları gücləndirdi. Böyüyəndə
nə qədər lotu-potu görünməyə
çalışsam da, içimdə "indeyski"
oğlan qalırdı. "İndeyskiliyi"
mən kino semotikasından dissertasiya yazanda da tərgitmədim.
İndi o "indeyski oğlan" dərinliyimdə
zorla sezilən qaraltıdır. Bəlkə
də ona görə hərdən hind filmlərinə
baxıram və ailəm mənim bu "zəifliyimlə"
məzələnir.
Həmin kinoteatrda filmlərə
baxanda mən olayların fonu olan simfonik musiqidən
duyğulana bilirdim. 1989-cu ildə isə birdən özümdən
soruşdum: niyə o ağdamlı balaca oğlan filmə
baxanda faciəli olayın simfonik fonundan lərzəyə gəlirdi,
filmsiz isə o musiqini duymurdu? Niyə simfonik
musiqini qanmayan əyalət adamları kinoya baxanda bu musiqidən
duyğulanırlar? Məmməd İsmayılın
"Gənclik" dərgisində (Çingiz Sultansoy da orada
redaktor idi) bu suallara cavab verən iki məqalə yazdım,
2018-ci ildə isə "Ədəbiyyat qəzeti"nin baş redaktoru, vaxtı ilə tələbəm
olmuş Azər Turan mənə zəng vurub bu məqalələri
təriflədi.
***
Mənim gözümdə
Qobu üstü körpüdə ora-bura gedənlər dəyişirdi,
iki nəfərdən başqa, biri Bəndi idi, biri Neji. Sonralar
professor, kinoşünas Aydın Dadaşovdan eşitdim ki, Bəndi
müğənni Röyanın babası imiş. Bir düşünün, tarix nə qəribə
qurğular, naxışlar yapır. Yoxsul,
nimdaş Bəndi və qlamur Röya. Bu
qızın başqalarından ayrılan səs tembrini
tapmasında, özünü incəldib ulduz imicinə
salmasında, Avropa və türk Şou dünyasından
yerişi, mimikanı, makiajı, oxu plastikasını
götürüb Aygünlə rəqabətə girməsində
Bəndidən nələr gəlib? Yoxsulluğa
etirazmı, zəhmətkeşlikmi, ya nə?
Bu da tarixin
naxışıdır. Röyaya tələbəm, aspirantım,
sonra dostum olmuş Vaqif Gərayzadənin
"Aypara"sında rast gəlmişdim, bizdə ad
günümdə oxumuşdu. Sonra o, "Aypara"dan
gedib ayrıca karyera etdi və bizim Bakıdakı binamızda
yaşayan "Çudo peçka"nın
yiyəsinin oğlu Anarla gəzdi, evləndi. İndi
isə boşanıb. Tarix rəml atır və səpələnmiş
daşlar birlikdə olanları elə ayırır,
ayrılanları elə birləşdirir ki, az
qala qışqırasan, bu necə oldu?! Bu Anarın babası
ilə mən 90-cı ildə jurnalistlər dəstəsində
Amerikada
olmuşdum, "Bakinski raboçi"nin baş
redaktoru kimi onu dəstəyə salmışdılar. Cəbhəçilərin demokratiyasına bax, hərəkata
dəxli olmayan bu adamı tanışsız-filansız
salmışdılar, məni isə
"Azadlığ"ın bölmə müdiri olsam da
salmamışdılar. Məcbur oldum Sabit
Bağırova deyim ki, salsınlar.
Ancaq Asim Cəlilovla
aramızda bir ilişki sapı da vardı, bilmirdi. Onun ssenarisinə
1987-ci ildə Oqtay Mirqasımov "Maşının qabaq
şüşəsinin altında şeytan" filmini çəkmişdi,
mən isə onun haqqında semiotik yanaşmadan qaynaqlanan məqalə
çap etmişdim. Ona dedim, heç
vecinə də almadı. Amerikada həmişə krem
boyalı səliqəli kostyumda şəstlə hamıdan
qıraqda gəzərdi, söhbətlərdə iştirak
etməzdi, zarafatlara gülməzdi, cəbhəçi
jurnalistləri "gədə-güdə" sayırdı,
ona görəmi, ya Azərbaycandilliləri
"çuşka" sayırdı, ona görə? - bilmirəm. Bax, sonradan biləndə ki, o bu məhlə
uşağının, - Anarın babasıdır, bir az qəribə gəldi, demə, o mənə
göründüyü qədər cavan deyilmiş.
Mənim üçün Bəndi
satdığı qara "semişkanın", Neji
satdığı ağ
"semişkanın" rəmzi idi (Bakıda "tum"
deməyə öyrəşdim). İkisi də
mənə yazıq, tənha görünürdülər.
Biləndə ki, Röya nəvəsidir, Bəndi xatirəmdə
tənhalıqdan çıxdı, çünki göz
qabağına gətirdim necə onun evində tum
satışı "ailə biznesi" olub, arvadı
tumları qovurub, uşaqları torbaya yığıb və
daha nəsə. Bu yaxınlarda isə yazar Əli Əmirlidən
öyrəndim ki, Bəndi ilə Neji qardaş imiş,
özü də ikinci subay imiş, "semişkanı"
muşğulat üçün satarmış, qadınlara
boynuyoğun səslə məməşdən-filandan
şeirlər deyərmiş, onlar da gülərmiş.
Bəndi ilə Nejini şəcərə,
tarix ssenarisinin bir halqası kimi götürəndə lap
effektli səhnələr alınır. Onlar kimlərdən
olublar, Ağdama necə gəlib çıxıblar və ya
bəlkə çox ağdamlılardan daha çox
ağdamlı olublar, çünki əsilləri Pənah
xanın nökərlərinə və ya
döyüşçülərinə gedib
çıxır? Bəlkə əcdadları
Qacar ordusundan qalmadır? Bu suallar İnsan
Haqları baxımından adamı silkələyir,
çünki "yazıq, boz, maraqsız adamlar"
kateqoriyasını heçə çıxarır.
Ən yazıq adam da kimlərdən, necə,
haradan gəlməsinin tarixini uzadanda xəyanətlər, ərənliklər
draması alınır və bu, onu Şekspir qəhrəmanına
çevirir. Mənim Sarcalıdan, Seyidlidən olan nənə-babalarım,
qohumlarım Nejidən elə də fərqlənmirdilər.
Ancaq onların ulu babalarına doğru gedə bilsəydim,
Sarcalı, Seyidli nəslindən xəyanətlər, igidliklər
və maraqlı sərgüzəştlərə
çıxa bilsəydim, nə dolğun semantika, mənalar, nə
dolğun kontekstlər alınardı!
Ömrüm boyu "Neji" adı
mənə çox qəribə gəlirdi, sonralar "Nəciyev"
soyadını eşidəndə bildim ki, "Nəci" həmən
"Neji"dir - beləcə, qarabağlı ləhcəsi
"Nəciyə" "jötem"dəki -j-nin ləzzətini
vermişdi. Bu yaxınlarda isə bildim ki, bu ad həm
də qorxunc bir islamçının ismidir. Əbu Bəkr Nəci cihadçıların baş
kəsməsini, qəddar cəzalarını əsaslandıran
dərsliyin müəllifidir. Bu dərsliyi
oxuyan İslam Dövlətinin cəlladları başları kəsəndə
özlərini əsl müsəlman kimi duyub
öyünürdülər.
***
Tarixin fəlsəfəsinə
aid bir haşiyə: Mənim Nejidən tum
almağımda heç bir Kəpənək effekti
olmamışdı. Mən Nejiyə görə maşın
altına düşsəydim, ya aldığım tumun bir
manatına (indiki 10 qəpiyə) görə onun başına
bir iş gəlsəydi, bəlkə Kəpənək effekti
prinsipi ilə Röya başqa, mən başqa olardım
(hər halda olayın təsiri onun qardaşı, -
Röyanın babası Bəndiyə keçməmiş
olmazdı). Röya başqa olsaydı, Azərbaycan şou
biznesində nə olmazdı? Mən başqa olsaydım, Azərbaycan
Mediasında, fəlsəfəsində nə olmazdı? - bunu
soruşub olmayanların sonuclarını üzə
çıxarmaq ağıllı araşdırma istəyir.
Deməli, "Neji - Röya - Mən"
üçlüyündə elə bir deterministik ilişgi
yoxdur ki, nəsə domino effektini versin. Ancaq mən bu memuarda
onları bir müstəviyə yığıb
baxışdıranda, anışdıranda mətn
alınır və mətn Azərbaycanın məkan və
zamanında bir parçanın şəklini verir. Bu şəkildə
olaylar semantikləşir, yəni mənalarla sayrışır
və Deridanın ideyasını doğruldur: tekstdən
başqa heç nə yoxdur.
Niyazi Mehdi
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.4-6.