Dilçi missiyası...
Və
dilçilikdə "elm poeziyası"
Oljas Süleymenovun dilçilik
marağının köklərinin nə qədər dərin
olduğunu, yəqin ki, böyük şairin yaradıcılığı
ilə az-çox tanış olanların
hamısı bu və ya digər dərəcədə bilir. Neçə illərdir "1001 söz" universal
etimologiya sözlüyü üzərində
çalışdığı da məlumdur. Lakin
"Sözün kodu" kitabçasının nəşri əsərin
tərtib prinsipləri barədə müəyyən təsəvvür
yaratmaqla güman etmirəm ki, dilin mexanizminə peşəkar
səviyyədə bələd olanların sözlüyə
nədəsə diqqətini cəlb etdi; bəlkə, əksinə,
daha çox belə bir təəssürat doğurdu ki,
şair etimoloji araşdırmalarında artıq dil
haqqındakı elmlə hesablaşmağın
hüdudlarına gəlib çıxdığından son
labüd uğursuz döyüşünü müasir
dilçiliyin banisi Ferdinand de Sössürlə aparmaq istəyir...
"Qədim işarələrin axtarışına
çıxıb" müxtəlif "Günəş"
simvollarını aşkarlayandan sonra "cəngavərlik
qanunları"na açıq-aşkar məhəl
qoymadan (və döyüş qaydalarını öz bildiyi
şəkildə müəyyən edərək) dahi
dilçiyə hücum edir.
"Əgər linqvistlər
və ya yazı tarixçiləri birdən nə
üçünsə bütün bu simvolları bir vərəq
kağızda toplasalar, belə uyuşmazlıq yalnız
F.Sössürün "işarə sərbəstdir"
(1916) fərziyyəsinin doğruluğunun təsdiqinə
yarayar".
Hər hansı
künc-bucaqda itib-batmış, yaxud müəllifindən
başqa heç kimə lazım olmayan bir nəzəriyyə
ilə bu cür davranmaq olardı (hərçənd elmi etika
buna da yol vermir), ancaq dahi dilçi ilə belə zarafat eləmək
təhlükəlidir. Ferdinand de Sössür simvolları
işarə hesab edir, ancaq onları dil işarəsi qədər
sərbəst saymır. Və dil işarəsinin sərbəstliyi
barədə onun nəzəriyyəsinin "Günəş"
simvollarına, ya müxtəlifliyində, ya da mənşəcə
əlaqəsində heç bir dəxli yoxdur... "Elmi işlərindən göründüyü
kimi, Cenevrə Universitetinin professoru yazının bütün
növləri içərisindən ancaq hərfli yazıyla
tanış olmuşdur" deməkdə isə şair,
heç şübhəsiz, haqsızdır. "Ümumi dilçilik kursu"nun müəllifi
ideoqrafik və fonetik olmaqla iki yazı sistemindən bəhs
edir. Və "yeri gəlmişkən" göstərir
ki, "ideoqrafik yazı sistemləri qarışıq tipli
sistemlərə asan keçir: bəzi ideoqramlar öz ilkin mənasını
itirərək ayrı-ayrı səslərin təsvirinə
çevrilir".
Lakin bu başqa məsələdir
ki, Ferdinand de Sössür dil işarəsinin təbiətini
aşkarlayarkən yazıya o qədər də əhəmiyyət
verməyin tərəfdarı kimi çıxış etmir:
"Yazı öz-özlüyündə
dilin daxili sisteminə yad olsa da, ondan bütünlüklə
uzaqlaşmaq olmaz: axı bu elə bir texnikadır ki, dil onun
köməyi ilə fasiləsiz ifadə edilir. Dilçi
onun üstünlüklərini də,
çatışmazlıqlarını da, eyni zamanda ona
müraciət edərkən ortaya çıxan təhlükələri
də bilməlidir.
...Yazı dili nəzərdən
qoruyur: yazı onu geyindirmir, onun üst-başını qaydaya
salır".
Oljas Süleymenovun belə
bir mülahizəsi absurd səslənir ki, Ferdinand de
Sössür "yalnız işarə yaradanların sərbəstliyi
ilə izah olunan forma müxtəlifliyini öndən
görmüşdür".
"Kurs" müəllifi, əlbəttə,
qədim simvollar üzrə mütəxəssis deyildi, lakin
yaratdığı təlimdən belə məlum olur ki, həmin
simvollarla yaxından tanış olsaydı
belə, onlara elə bir əhəmiyyət verməzdi. Hər şeydən əvvəl ona görə ki, o,
dilçi idi.
Şair daha bir absurd mühakimə
yürüdür:
"Sössür öz kəşfi
ilə etimoloqların və yazı tarixçilərinin
işini də əhəmiyyətli dərəcədə
yüngülləşdirmişdir ki, onlardan artıq
sözün və yazı işarələrinin səbəbiyyətini
axtarıb tapmaq tələb olunmur".
Fikrimcə, ironiya tamamilə
yersizdir... Birincisi, Ferdinand de Sössür
heç kimin nə düzgün, nə də yanlış
istiqamətdə axtarışlarının
qarşısını almaq iddiasında olmamışdır.
Və burada da hər kəs "sərbəst"dir... İkincisi isə, sözün "tərcümeyi-hal"ı
bir, yazı işarəsinin "tərcümeyi-hal"ı
isə başqa bir məsələdir.
Oljas Süleymenovun Ferdinand de
Sössür təliminə verdiyi "tarixi şərh" də
əvvəlki mülahizələrindən az
absurd deyil:
"Qohum dillərdə
oxşar mənalı leksemin yayılması mənzərəsini
təsəvvür etmək və bunun əsasında ilkin
formanı bərpa etmək etimoloqa kifayət edir. Ancaq ilkin formanın necə
əmələ gəldiyini fikirləşmək lazım
deyil: bu, məlumdur, çünki qədimdə kiminsə tərəfindən
heç bir şeyə əsaslanmadan müxtəlif fikirlər
uydurulmuşdur. Sössürün sözləri
"inqilablara hamilə olan" XX əsrin lap
başlanğıcında səslənmişdi. Bu sözlər rəssamlıq, ədəbiyyat,
qrafika və heykəltəraşlıqda
özbaşınalıq ənənələri yaradan mədəni
inqilab şüarı oldu, sünini sənət kimi qəbul
etməyi çoxlarına öyrətdi".
Sözün yaranma mexanizmini
"işarə + işarənin adı + işarənin
izahı = söz-məfhum" formulu ilə "izah" edən
şair gerçək elmi məntiqdən tamamilə
uzaqlaşmaqla yanaşı, işarədən anlayış
icad etmək vəzifəsini bütünlüklə
"kahin"lərin öhdəsinə buraxdıqdan sonra belə
bir "qanunauyğunluq" da aşkarlayır:
"Həqiqi etimologiya qrafik
işarənin mənası və təfsirçinin assosiativ
təxəyyülü sözün genezisində dərk ediləndə
başlayır".
"Sözün kodu" müəllifi
bir-birindən impulsiv "qaydalar" müəyyən etdikdən
sonra (və həmin "qaydalar"ın emosiyası
altında) elan edir:
"İşarə sərbəstdir?.. Yox, sərbəst deyil".
Və "yalnız işarə
etimologiyası sözün tarixi haqqında əsl həqiqəti
bilməyə kömək edir" qənaətinə gələn
müəllif yazır ki, "kahinlər öz qəbilələrinin
müqəddəs işarələrini izah etdikcə söz
yaratmağın qaydaları özünü göstərməyə
başlayır və aktiv istifadə olunurdu. Əslində,
bu işarələr gerb qoruyucuları idi, nəslin - qəbilənin
taleyi onlardan asılı olurdu və onları uzun müddət
qoruyub saxlayırdılar. Hətta ilkin mənaları
itirilmiş olsa belə, onların məzmunları izah edilirdi".
Şair "Kurs"u diqqətlə
təhlil etmiş olsaydı orada hər cəhətdən
işinə yarıyacaq belə bir fikrə rast gələrdi
ki, "geologiya bəzən mövcud vəziyyəti - zaman
etibarilə əvvəllər nələr olduğuna fikir vermədən,
artıq qərarlaşmış vəziyyəti (məsələn,
Cenevrə gölü hövzəsinin indiki vəziyyətini)
təsvir edir.
Lakin başlıca olaraq o,
ardıcıllığı diaxron cərgələr yaradan
hadisələrlə, transformasiyalarla məşğul olur.
Doğrudur, nəzəri olaraq, prospektiv geologiya
barədə düşünmək mümkündür, ancaq
faktiki olaraq onun baxışı, hər şeydən əvvəl,
retrospektivdir".
Bu isə o deməkdir ki,
geologiyada olduğu kimi, dilçilikdə də etimoloji təhlil
dünəndən bugünə deyil, bugündən dünənə
dogru aparılır. O qədim "Günəş" işarələrinin
ki, bugünkü anlayışların və ya sözlərin
mənşəyində dayanması güman edilir, onların
reliktləri heç zaman itməməli, bugündən
dünənə baxanda görünməli idi.
Əgər böyük şair
öz etimoloji maraqlarını "Az i
Ya"dakı səviyyədə saxlamış olsaydı,
elmi baxımdan daha mükəmməl görünərdi. İlk növbədə ona görə ki, hər sahədə
olduğu kimi, elmdə də yeni iddialar, tamamilə təbiidir
ki, yeni imkanlar tələb edir. Və güman etmirəm
ki, hər hansı elmin əsas prinsiplərinə "poetik
etinasızlıq" göstərməklə həmin elmdə
hansı mənada isə canlanma yaratmaq mümkün ola.
Təəssüf ki, şair bu yola
üstünlük verir:
"Linqvistikanın
sübutu olmayan müddəalarını tədris etməklə
çörəkpulu qazananlar məni öz işimlə məşğul
olmamaqda davam etdiyimə bir daha inanmaq üçün
broşürü vərəqləyirlər. İndiki
dilçiliyin ağacı ağac deyil, kökləri olmayan
quru dirəkdir. Ondan səsgücləndiricilər
və işıqlar asmaq olar, ancaq onlar gerçək canlı
məhsulları əvəz etməzlər. Dilin kök sistemi bərpa edilərsə, mahiyyətcə,
Homo Sapiens qəbiləsinin həyat ağacı olan qurumuş
bitki də canlanar".
Müəllif özünün
"qaydalar toplusu"nu mükəmməl "təlimat"
kimi özünəməxsus şəkildə təbliğ
etməkdən də çəkinmir:
"...İstənilən oxucu
nümunə göstərilən qaydalar toplusunu (yaxud onlardan bəzilərini)
ana dilindəki sözün genezisinin təyin olunması
üçün sınaqdan çıxara bilər. Əgər belə təcrübələr baş
tutarsa, mən onlardan xəbər tutmağa, alınan nəticələrlə
razılaşmağa və ya mübahisə etməyə
şad olaram. Onların ən
yaxşıları "1001 söz"ə daxil ediləcəkdir".
Görünür, dildən bəhs
edəndə, həmişə olmasa da, hərdənbir
dilçilərin nə dediyinə qulaq asmaq lazımdır...
Heç olmasa, Ferdinand de Sössürün... O dahi Ferdinand de
Sössürün ki, deyirdi:
Dillə "az və
ya çox dərəcədə hamı məşğul
olur, lakin nitq fəaliyyəti məsələlərinə bu
cür kütləvi maraq paradoksal nəticələrə gətirib
cıxarır: elə bir sahə yoxdur ki, bu qədər cəfəng
ideya, xurafat, xam xəyal və fiksiya törətsin. Bütün bu yanlışlıqlar psixoloji maraq
doğurur və dilçiliyin ən mühüm vəzifəsi
də onları üzə çıxarmaq, imkan dairəsində
tamamilə aradan qaldırmaqdır".
Əlbəttə, böyük
şairlə razılaşmaq olar ki, poeziya (ədəbiyyat) da
eynilə musiqi, rəssamlıq kimi müxtəlif elmlərə
nüfuz edə, enerji, can, ruh verə bilər, ancaq onu əvəz
etmək fikrinə düşsə, xam xəyallar
qaçılmazdır...
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S.7.