Laməkan şairin məkanı...

 

Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,

Məkana sığmayan ol biməkanın məkanı nərdə?

 

Mən mülki-cahan, cahan mənəm, mən!

Mən həqqə məkan, məkan mənəm, mən!

 

Nəsimi təkcə onu demir ki, "Məndə sığar iki cahan, / Mən bu cahana sığmazam", həm də həqqə məkan olduğunu deyir.

Bax, bütün mahiyyət bundadır. İnsan bədəninin Allah məkanı olmasında.

"Onu bil ki, biz bu görünən bədənimizdən ibarət deyilik. Biz bu bədəndən savayı Allah ilə bərabər yaşayırıq" (Mövlanə Cəlaləddin Rumi)

"Allahdan dinə enmək yox, dindən Allaha ucalmaq lazımdır. İnsanın dəyəri nədir? Axtardığı şeydir". (Rumi).

Ömrüm boyu nəyisə axtardım: İtirəndə bildim ki, axtardığım itirdiyim imiş: Yer üzündə (insanda!) Allahı axtardım, tapmadım! Orta əsrlərin bütün fəlsəfi təlimləri vəhdət-vücuda əsaslanır. Sufizmin tarixində mərhələ yaratmış "Əş-şeyx əl Əkbər" ləqəbilə şöhrətlənən Mühiddin ibn Ərəbi (1161-1240) vəhdəti-vücudun banisi hesab olunur.

Beləliklə, insan həqdən qopmuş nur parçasıdır (hürufilər). Sufizmin qayəsi ilahi eşq yolu ilə bu nuru öz mənbəyinə qaytarmaq uğrunda mübarizədən ibarətdir. Eşq "Quran"da Allah əmanəti kimi dəyərləndirilən insan ruhunun gözəl obrazıdır. Gözəl qadın illahi dəyərdir.

 

Bu necə qəddü-qamətdir ki, bənzər sərvü-bəlayə,

Bu necə hüsnü-surətdir ki, nur ehsan edər ayə.

 

İnsan heç kəsə mənsub olmayan məkansız gövhərdir. İnsanın dəyəri də məhz bundadır. Fəqət onun özü dərk etmir.

 

Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam.

 

İnsanın tarixi-ictimai və mənəvi dəyərini dərk etmək üçün insan idrakının gücü çatmır. İnsan idrakı yalnız yer həqiqətlərini dərk etməyə qadirdir. İnsanın stixiyası yerlə göy arasında fəzadadır. İnsan daha çox səmaya məxsusdur. Çünki o, romantik təbiətlidir, xəyal bəsləməyi bacarır. Xəyal bəsləyəndə daha çox özü olur. Xəyal bəsləyə bilməyəndə darıxır. Xəyal bəsləyəndə Allaha daha yaxın və güclü olur. İnsan ağılla qəlbin döyüş meydanıdır. Onlar Eşq naminə vuruşur. Bu zaman ağlın qəlbə münasibəti oğula nəsihət verən ataya bənzəyir. Ata Eşqin təhlükəli gözəllik olduğundan danışmır. Belə təhlükəyə təşnə elə aşiqliyin və kişiliyin birinci əlamətidir.

 

Çünki eşqin məskənidir könlümün viranəsi,

Həsrətə anı məkan etmək dilərsən, etməgil!

 

Dərdi məhəbbət aşiqə dərman yetər, var, ey həkim,

Hərdəm mənə bir dərd ilən artırma dərman üstünə.

 

Nəsimidən yazmaq, onun poetik fəlsəfəsini dərk etmək çətindir. Çünki Nəsimi bir çox tellərlə Orta əslər Şərq fəlsəfi təlimlərinə bağlıdır. Onu qaldırmaq üçün bütün Orta Şərq elmi-ictimai mühitini qaldırmalısan. Nəsimiyə yalnız bu bədii fəlsəfi fəzada nəzər salmaq, onu belə bir məkanda-məkansızlıqda bütöv görmək olar. Bunu dahi şairin özü də etiraf edir:

 

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

 

Şair bu dünyanın faniliyi haqqında qərarlıdır, maddi dünyanı qəbul etmir.

 

Dünya duracaq yer o deyil, ey can, səfər eylə,

Aldanma anın alına andan həzər eylə!

 

İnsan yer üçün doğulmayıb. Onun məskəni, məkanı yerlə göy arasındakı məkansızlıqdır. Allahı yerə endirməmək üçün insan xəyal və ilahi eşq yolu ilə Allaha yaxınlaşır. Filosof şair özü də deyir ki, "Nəzmi-Nəsimi, yəqin, Allah nurunun şərhidir". Allah nuru isə insanda təcəssüm tapır:

 

Səni bu hüsni-cəmal ilə, bu lütf ilə görən

Qorxdular həq deməgə, döndülər insan dedilər.

 

Ulu peyğəmbərimiz Həzrəti Məhəmməd Əleyhüssəlam deyirdi ki, arzularını kiçik elə, onda rahat yaşayarsan. Bizim fikrimizcə, arzu insanı tələyə salan Tanrı hiyləsidir. Arzular azaldıqca ömür uzanır.

Klassik ədəbiyyatda Eşq sufi mahiyyətdədir. Dahi Füzuli bir yandan deyir ki:

 

Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim?

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

 

Digər tərəfdən, məhz onu kamalə çatdırdığını yazır:

 

Ey Füzuli, qıl kəmali fəzl-kəsbin, yoxsa mən,

Kamili-eşqəm, dəxi özgə kəmalı neylərəm.

 

Yaxud:

 

Ey Füzuli, qılmazam tərki təriqi-eşq kim

Bu fəzilət daxili - əhli-kamal eylər məni.

 

Füzulinin eşq və əql fəlsəfəsini "Füzuli sevir, Füzuli düşünür" (1958) kitabında akademik Məmməd Cəfər açmışdır. Füzulinin (elə ümumən Orta əsrlər sufi şairlərinin)  poeziyasında Eşq insanı kamala dolduran bir iksirdir. Bu poeziyada gözəlin hüsnündən ehtizaz gələn aşiq - insan hüsni-təvəcöh yolu ilə ekstaz halına gələrək İlahiyə doğru yüksəlir.

 

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,

Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

 

Füzuli yazıb:

 

Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,

Qılma dərman kim, həlakım zəhri-dərmanındadır.

 

Ey Füzuli, eylə kim, bimari-dərdi-eşqsən

Yoxdur ölməkdən özgə heç dərmanın sənin.

 

Həqiqət aşiqləri əhli-kamal edən bir məqamdır. Sufizmdə şəriət, təriqət, mərifət, həqiqət məqamları var. Bu irfani məqamdır, bundan sonra ariflik başlanır.

 

Dərdi-məhəbbət aşiqə dərman yetər var, ey həkim,

Hərdən mənə bir dərd ilən artırma dərman üstünə.

 

Çəkməyən eşqin bəlasın görməyən hicran qəmin,

Səd həzəran rəhmət olsun ol şəhidin canına.

 

Kamil-insan və cahil-insan hürufizmin təsnifatında əsas yer tutur. Kamil insan sufizmdə eşq yolu ilə təkmilləşən insandır:

 

Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl,

Can ilə cahanı ortaya qoy, tərki-sər eylə!

 

Dünya evinin səltənəti beş gün imiş çün,

Bünyadını yıx, ər kimi, zirü-zəbər eylə!

 

Nəsimini şərh edən həm şairin, həm də şeirin o biri üzünü fəhm etməyi bacarmalıdır. Mövlanə Cəlaləddin Rumi deyib ki, "şeir" halal olan bir sehrdir. Yəni Allahın izn verdiyi bir sehrdir, şeytan əməli deyil.

 

Eynini aç, eynimə bax, cümlə eynim eyniyəm,

Səd həzəran can fədadır eyninin sevdasinə.

 

Kim ki, zahir görmədi üzündə həmin surətin,

Güzgüsü ari degildir, çarə qılsın pasinə.

 

Nəsimi şeirini bəsirət gözü ilə oxumaq mümkündür. Çünki o, dünyanı, cahanı, kainatı bəsirət gözü ilə görür, fəhm edirdi:

 

Mənə sənsiz cahani-can gərəkməz,

Vüsalın var ikən hicran gərəkməz.

 

Qəmimdir könlümün təxtində sultan,

Bir iqlimə iki sultan gərəkməz.

 

Can eşqə düşdü, ey könül, ya Rəbb, nədir tədbirimiz,

Neyləsin can biçarə, çün həqdən budur təqdirimiz.

 

Nəsimi şeiri (ümumən Orta əsrlər Azərbaycan poeziyası) ariflər üçün yazılıb, naşı adamın onu dərk (fəhm) etməsi mümkün deyil. Şairin şeirlərini dərk etmək üçün Süleyman təki quş dili bilməsən də, Orta əsrlər Şərq fəlsəfəsini, Şərq eləcə də Azərbaycan nəzəri poetikasını, əruz vəznini, sufizm və hürufizm nəzəriyyələrini, "Quran" hikmətlərini bilməlisən.

 

Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq,

Çünki könüldür ərzü-həqq, bəs ərşü rəhman olmuşam.

 

Nəsiminin lirik qəhrəmani-ilahi məhəbbətlə sevən aşiq yardan ayrı cahanda yaşamaq istəmir.

 

Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?

Tacü-təxti, mülkü-malü, xanimanı neylərəm?

 

İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva

Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

 

Ey müsəlmanlar, bilin kim yar ilə xoşdur cahan,

Çünki yardan ayrı düşdüm mən, bu cahanı neylərəm?

 

Nəsiminin qəhrəmanı eşqdə kamala çatan sədaqətli bir aşiqdir, irfan sahibidir.

 

Gəl, ey dilbər ki, can oldu könül aşiqin bəlasından,

Kərəm qıl, vəsl ilə qurtar məni hicran cəfasından.

 

Gəl ey könlümdə can, canda bədənsən,

Nə candasan, əcəb kim, canü tənsən.

 

Səni dil necə şərh etsin, can, kim,

Nə bilsinlər səni kim, can nədənsən?

 

Bəli, məkanın gövhərinə - iki cahana sığmayan insanın eşqi də möhtəşəmdir. Bütün kainatı-ərş ilə fərşi kafi nun təki özündə birləşdirən İnsanın eşqi yerlər və göylər qədər dərindir. Hər halda bu, insan eşqidir, insan qəlbindən Tanrı dərgahına bülənd olur. Nəsimi dindar deyildi, lakin İslam dininə hörmətlə yanaşırdı, peyğəmbərin nəslindən olması ilə qürur duyurdu.

 

Gərçü bu gün Nəsimiyəm, haşimiyəm, qüreşiyəm,

Məndən uludur ayətim, ayətə şana sığmazam.

 

Beləliklə də, Nəsimi, Orta çağla türk poeziyasının silahsız cəngavəri olduğunu sübuta yetirir:

 

Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,

Özünü bir yana saldı, məni bir yan eylədi.

Eşidərsə daş ərir həsrətdən ahü-zarımı,

Ol güləndam yarı gör könlümü zindan eylədi.

Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi.

 

Bu poetika sadəliyi ilə bahəm, həm də çox dolğundur, Orta çağlar Azərbaycan şeir dilinin zənginliyini və aydınlığını əks etdirir.

Nəsiminin işlətdiyi poetik fiquralar, poetik təsir vasitələri Nəsimiyə qədərki poeziyamızda elə sistemli şəkildə yoxdur. Nəsimi Azərbaycan şeir dilinin, ədəbi dilimizin Füzulidən əvvəlki mərhələsini yaratmışdır. Təkcə tarix baxımından yox, həm də filoloji cəhətdən.

 

Sənəma, üzün gülündən gülə-gülə gül utandı,

Xəcil eylədi dodağın şəkəri, nəbatü-qəndi.

 

Nəsimi özündən sonrakı türk, ozan-aşıq poeziyasına, xüsusən, Xətaiyə güclü təsir göstərmişdir.

Lakin Nəsimi poeziyasının dəyəri fəlsəfi poetikasındadır. O, bizim şeir tarixində fəlsəfi poetikadan poetik fəlsəfəyə doğru yol keçmiş ilk anadilli şairdir. Onun heç kimə bənzəməyən estetik idealı var. "İnsan laməkan gövhərdir". Bu ifadənin  məzmunu belədir: İnsan Haqqa məkandır: Ənəlhəqq. Həq-təala insan oğlu özüdür. Nəsimi poetikası üçün səciyyəvi olan sadəliyə misal olaraq aşağıdakı beytlərə nəzər salmaq olar:

 

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Kim nə bilər bu könlümün fikri nədir, xəyali nə?

Al ilə ala gözlərin aldadı aldı könlümü,

Alını gör nə al edər, kimsə irişməz alinə.

 

Bu, XIV əsrin türk şeir dilində bir inqilab idi. Nəsimi fars və ərəb dillərinin meydan suladığı, Türk dilinin utancaq (həyalı) bir gəlin kimi kənarda qaldığı bir ədədi-tarixi mühitdə həmin gəlinin əlindən tutub meydana gətirdi. Bütün Orta Şərqə göstərdi ki, o həm gözəldi, həm də bədii - fəlsəfi mənalar ifadə etməyə qadirdi:

 

Ömrümün sübhü üzündür, bəxtimin şamı qarə,

Getmə ey dilbər, gözümdən, sübhümü şam eyləmə.

 

Türkcə deyilmiş belə zərif poetik ifadələr Nəsimi şeirinin poetik hüsnünü müəyyənləşdirir:

 

Bahar oldu, gəl, ey dilbər, tamaşa qıl bu gülzara,

Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.

 

O, bənzətmələr işlətmək ustasıdır və bütün bədii fiqurlardan istifadə edir. Ən çətin fikirləri, ən sadə tərzdə ifadə edə bilir:

 

Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,

Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim,

Ey baharım, ey nigarım, ey şikarım, şahidim,

Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim.

 

Bu şeirdə sənət üçün çox vacib olan oynaq ritm mövcuddur. O da şeirə cazibə və səmimiyyət gətirir və şeir asanlıqla yadda qalır. Nəsimi gözəli təsvir etmir, haqqı tərənnüm edir:

 

Həq əyan eylədi üzündə bu gün,

Şu hürufi, hərdən bürhanıdır.

 

Dahi şair gözəlin zahirindən daha çox batinində həqqi görür. Hərflərin köməyi ilə gözəlin üzündə haq kəlamını görür və "Quran" ayələrini kəşf edir.

Nəsimiyə görə, zahir aldadıcıdır, ötəridir, batin isə əbədidir.

 

Zahiri batinində çün mövcud həqdən özgə yox,

Ya bu mövcüdatın ara yerdə qovğası nədir?

 

Nəsiminin təxəyyülü hüdudsuzdur. Bu hər şeydən öncə onun laməkan olması ilə bağlıdır. Ata-babalarımızdan qalma bir məsəl var: nə yerdəyəm, nə göydə! İnsanlar bunu qeyri-müəyyən durumda, çıxılmaz vəziyyətdə olanda deyirlər. Və bu deyimlə də onlar çox ciddi bir problemi - insanın kainatdakı mövqeyini - onun yerlə-göy arasındakı fəzada olduğunu ifadə etmiş olurlar.

İnsan yerdə yaşayır, lakin bu, görünən tərəfidir. Nəsiminin qəhrəmanı yer həqiqətləri ilə yaşadıqlarıyla razılaşmayıb daim səmaya can atan mütəfəkkirdir. Fəqət, tarixin və təfəkkürün təcrübəsi göstərir ki, insanı cəmiyyətdən ayırmaq olmaz. Əslində, qlobal poeziyanın, o cümlədən Nəsimi şeirinin vəzifəsi kainatın pozulmuş nizamını-harmoniyasını bərpa etməkdir. Şair bu harmoniyanı gözəlin hüsnündə, eşqdə axtarır. "Eşqdir mehrabı uca göylərin" deyən ulu babası Nizami Eşqin qapısını Tanrı dərgahı bilir. Eşqin bülənd olduğu insanı qəlbini Allahın məkanı sayır.

Bu mənada qüdrətli türk oğlu Nəsimi də irfan şairidir, bütün zamanların və məkanların mütəfəkkiridir.

 

 

Nizaməddin Şəmsizadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S. 8-9.