Azərbaycan hekayəsi
Bu yazıda Azərbaycan hekayəsinin
keçmiş və gələcəyindən yox,
özündən bəhs ediləcək. Yəni bu hekayə təkcə
kök, budaqlar, yarpaqlar və tumurcuqlar deyil, torpaq və sudur,
dünyanın sərhədlərsiz duruma gəldiyi, təfəkkürün
(fantaziyanın-!) sınır tanımadığı bir dövrdə
süjet qurma modelləri, kompozisiya həlli, cürbəcür
modellərdən istifadə edilə bilər, ancaq həmin
torpaqda, həmin nəqletmə müstəvisi və gözləntisinin
özünü göstərməsi və tanıtması
ilkin şərtdir. Bu deyilənlər, bir sözlə,
kompozisiya identifikasiyası olmadıqda (necə ki, sintaksis dilin
kimə məxsus olduğunu bildirir-!) bizə doğma olan, lap
elə dilimizdən çxıan sonsuz sayda pritça və məsəllərdən
istifadə etsən də, həmin hekayə (gözlənti-!)
alınmayacaq. Bizim hekayə belə
başlayır. "Xəyalınızda hər
iki tərəfi hündür tut ağacları, yemişan və
böyürtkən kolları olan, bir tərəfindən arx
axan 7-8 kilometr uzunluğunda yarı asfalt, yarı torpaq kəndə
aparan yol təsəvvür edin. Etdinizmi?..
İndi o yolla üzü kəndə sarı addımlayan,
kitab-dəftərlə dolu çantası çiynindən
asılmış 27-28 yaşlı bir müəllim təsəvvür
edin. O gənc müəllim səhər saat 6-da oyanıb, bir
dilim yağ və əncir mürəbbəsi
sürtülmüş çörəyini yeyib, bir stəkan
şirin çayını içib həmin o yola
çıxırdı. Yola
çıxırdı ki, həmin kəndin uşaqlarına
yazmaq, oxumaq, fikirləşmək öyrətsin. Məktəbə çatana kimi isə özü
çox fikirləşirdi və fikirləşmək onun
yolunu elə qısaldırdı ki, məktəbə
vaxtından yarım saat əvvəl çatırdı.
Hətta bəzən məktəb direktorundan tez
çatırdı".
Azər Musaoğlunun "Müəllim"
hekayəsi quruluş etibarilə mürəkkəb deyil, bir
hadisənin, necə deyərlər, bütövləşməsi
prosesi izlənilir, olaylar bir məqamdan sonra bir-birinə
sarılaraq, bir-birinin üstündən aşaraq irəliləyir,
müəllif təhkiyəsi ilə mətn boyu susulan mətləblərin
"sürəti" çalpaşıq düşəcəyi
anda ani və çox güman ki, aldadıcı ayrılma
baş verir, bu üsul mətləbin növbəti pasajda daha
dərindən çözülməsinə meydan
açır. Hadisələrin təhkiyə boyunca qurulan
torundan baxdıqda (buna şərti olaraq "narratoloji tor"
deyək) bu coğrafiyada, ucqar kəndlərdə, həm də
yad mədəni mühitlə qonşuluqda artıq kök
salmış zehniyyətdən irəli gələn ziddiyyət
- olar-olmaz tandemi sadəcə, rəsm edilir, bu
"ağ-qara" görüntüdə bir nəfər
hamıya qarşı döyüşür,
döyülür, təhqir edilir, ancaq inadından əl
çəkmir. 27-28 yaşlı müəllimin
həyatında VAXT müəyyənləşdirici amildir, o,
hər işini vaxtında görmüş, vaxtında
instituta qəbul olunmuş, bütün kitabları onları
oxumalı olduğu zamanda mütaliə etmişdir, ancaq
vaxtında evlənməmişdir. Belə
bir "kənaraçıxma" əvvəlcə adama qəribə
gəlir, sonradan bunu onun əsas qüsuru kimi üzünə
vurduqda söz və ifadədən kəndin dərinlərdəki
həyatının bir elementi üzə çıxır.
Belə ki, onun bu qüsuru hekayənin əvvəlindən
sonunadək müxtəlif pasajlara səpələnmiş yol
metaforası ilə kəsişir. Səhər
düz altıda yuxudan oyanır, çörəyini yeyir,
kitab-dəftərini götürüb yola düzəlir.
Hər bir pasajda yolun əvvəlki, ilk
abzasdakı təsvirindən nələrsə əksilir,
qırılır və bu hekayə strukturuna yeni detal və əşyaların
daxil olması ilə müşayiət edilir. Məsələn,
velosiped və skuter, çətir və sair və ilaxır...
Təhkiyənin bu detallardan izlənməsi
maraqlı süjet dönüşlərinin meydana gəlməsinə,
kompozisiya elementlərinin mətləb üzərində
"gərginləşib açılmasına" şərait
yaradır. Hər şey əvvəldən sonadək
daxilə qətrə-qətrə süzülən təəssüratlardan
yaranıb-formalaşır, hər müəllifin adi cizgilərlə
rəsm etdiyi yol metaforasından görünür, hətta
eşidilməsə də sözü açılan qeybətlər
də bu metaforanın təhkiyə boyu inkişafında
bir-bir yada düşür, çünki bu yol təkcə
gedilmək, məktəbə çatmaq üçün yox,
həm də düşünmək üçündür. Azər
Musaoğlunun təhkiyəsi digər hekayələrində
olduğu kimi (məsələn, "Bənövşəyi adam"), burda da sakitdir, adamlar hərəkət
edir, nəsə deyir, nəsə düşünürlər,
ancaq bir məqamda anlayırsan ki, danışan təhkiyə
məkanına gətirilən əşyalarmış. "Bənövşəyi
adam" hekayəsində ortada olsa da,
gözlərdən gizli tutulan əşyalar var. Bir də
utandığından onlardan xilas olmaq istəyən adam. İnsanın bir müddət həmin
"utanca" görə susması hansı məqamdasa batan
səslərin küy şəklində, daha sonra isə
qışqırıq formasında zahirə
çıxmasına səbəb olur. "Müəllim"
hekayəsində də təhkiyəni diqqətlə izləyən,
hər nöqtəsinə bələd olan bir susan adam var, bu
adam baş verən olaylara ürəyində reaksiya göstərir,
onun səsi ən aşağı tonda olduğundan
eşidilmir, çünki o, həm də qabaqcadan müəllimin
döyüləcəyini, qanına qəltan ediləcəyini
bilir, o, hətta müəllimin nə qədər vicdanlı
olsa da, adi bir münasibətdən (şagirdlərdən biri
ona etiraf məktubu yazır) ilişir, vicdan əzabı
çəkir, ancaq özünü toparlayıb qıza bir
yolla cavab yazır. Yad mühitlə qonşuluqda
mühafizəkarlıq deyilən anlayış artıq
"öz sərhədini" keçib, başqa bir şeyə,
çox qorxulu bir nəsnəyə çevrilib. Hansısa komitəyə şikayət səhnəsi
var. Kənd icmasının üzvləri
yığışıb kəndə, uşaqlara bu qədər
içdən yaxşılıq edən müəllimdən
şikayətə gəlir. Birinci səhnədə
tərcüməçini öz aralarından seçirlər.
Bu tərcüməçi belə bir eyibi yad
millətin qarşısında deməkdən çəkinir,
məsələni öz sözləriylə anladır. İkinci halda tərcüməçi yad mədəni
mühitdən seçilir. Komitə sədri
müəllimi çağırıb təklif edir ki, bəlkə
başqa bir məktəbə getsin? Amma
müəllim öz sözündən dönmür. Məsələ burasındadır ki, insanların
göz bəbəkləri kimi əsrlər boyu qoruduğu dəyərlər
zamanla dəyərdən düşmüş, yad mədəni
mühitlə müqayisədə içinə, öz sərhədlərinə
sıxılaraq inkişafdan qalmışdır. Bu mühit çıxış yolu kimi, yəni
özünü qorumaq naminə yad mədəni mühitlə
əlaqələri kəsmiş, özünə
qapılmış və bir sistem kimi hər nöqtəsi əsəblə
yoğrulmuşdur. Eyni zamanda kimsə,
hardansa gəlib köhnə bazara təzə nırx qoymaq istədikdə,
onunla da bu cür davranır, danışmır,
salamını almır və dalınca qeybət edirlər.
"Payız və qış fəsli o qədər
yolu piyada getmək əziyyətli olduğu üçün gənc
müəllim özünə çətir və velosiped
aldı. Buna şagirdlərdən başqa
hamı güldü. Ona "kişi
çətir götürməz", "kişi velosiped
sürməz", - deyə lağ edirdilər. Kəndin ağsaqqal, ağbirçəklərindən
cavanlarına, məktəbin müəllimlərinə kimi
hamı onun çətirinə və velosipedinə lağ
edib gülürdü. O isə bunları vecinə
almır, cavab vermirdi. Hətta kəndin yazmaq,
oxumaq bilməyən, gününü çayxanalarda
keçirən cavanları bir neçə dəfə onun
velosipedinin təkərlərini deşmiş, yolda
qabağını kəsib çətirlə, velosipedlə məktəbə
gəlməməsini demişdilər. O isə yenə də
heç nəyi vecinə almır, rahatlığı
üçün daha yeni şeylərdən istifadə edirdi. Məsələn, yağışlar başlayanda
velosipeddə geyinmək üçün özünə su
keçirməyən plaş aldı, əlləri rahat olsun
deyə, başa geyinilən çətir aldı. Bu, kənd camaatını daha da
qıcıqlandırır, kəndin maşınlı
cavanları yağışlı günlərdə onun
yanından maşınla sürətlə keçib gölməçə
suyu ilə isladırdılar".
Ən qorxulu cəhət odur
ki, hamının içində gizlətdiyi qüsurlar,
mühafizəkarlığın illər boyu insanın
içini ağırlaşdırıb pasa bürüməsi
məhz kəndə ayaq açan yeniliyin təsiri ilə
üzə çıxmış, hamı yuxudan hövlnak
ayılmışdır. İndi onların nəzərində nəhəng
və sarsılmaz bir tikilinin məhz özülü təhlükə
altındadır, güclü axınla gələn sular bu
özülü uçura bilər. Müəllim, əslində,
şagirdlərə çox şey öyrətmir, onların
qəlbinə sevgi toxumlarını əkir, dünyanın nə
qədər maraqlı olduğunu göstərir, elə ilk
gündən uşaqlarla dost olur, onlara oxuduqları və
baxdıqları hər şeyin içindən bir damcı da
olsa sevgi götürməyi, hər şeyi dərindən hiss
etməyi öyrədir. Demək, "sonra
şagirdlər gənc müəllimlərinə həmrəylik
göstərərək yağışlı günlərdə
çətir götürməyə başladılar. Hətta imkanı olanlar velosiped alıb məktəbə
velosipedlə gəlirdilər. Oğlanların
çətir götürməsini, qızların velosiped
sürməsini müəllimlər də qəbul edə
bilmirdilər və uşaqların mənəviyyatını
"pozduğuna" görə təhsil nazirliyinə
şikayət etdilər. Nazirliyin
araşdırmalarından sonra gənc müəllimin işi
yüksək dəyərləndirildi və nümunə olsun
deyə maaşı artırıldı. Bundan
sonra hamı susmağa başladı. Müəllimlər
onunla danışmır, kənd camaatı salamına cavab
vermirdi. O isə öz işini günü-gündən
daha yaxşı görməyə çalışır,
şagirdlərə yeni-yeni kitablar gətirir, yeni-yeni biliklər
öyrədirdi".
Bir hekayəlik əhvalat, əslində,
çox uzundu, burda bu hekayə bitsə də, yol bitmir, gedir,
həmin müəllimin və yetişdirdiyi insanların ayaq səslərini
gözləyir...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S.9.