Bəklərəm ol vəhyi ki, gəlsin dəmi bir  söz deyəm...

 

Varlı Tanrım, var olandan hər nə varsa Səndədir,

Hər dəm içrə aşiqanə dəm ararsam Səndədir.

 

"Ol" dedin aləmlərə oldu bir anda, şəninə

Tərifim, bax, mənzilinə gər çatarsa Səndədir.

 

Yatmış idim, Sən oyatdın, sirrini faş eylədin,

Bildim axır hardasa bir sirr yatarsa Səndədir.

 

Nurunun hökmüylədir agah olur aləm mənə,

Zülmət aciz, neyləsin ki, gün batarsa Səndədir.

 

Vəhyinə möhtacdı könlüm, eylə lütf bu bəndənə,

Endir hikmətlərini birər-birər, say Səndədir.

 

Yeddi göy vərəq-vərəq bax ayələndirmiş məni,

Ol kitab dünya sonunda qatlanarsa Səndədir.

 

Büdrəmək yox eşq yolunda, çün Sən oldun yar mənə,

Qasımoğlunun ürəyi atlanarsa, Səndədir.

 

***

 

Durmuşam bir yağmur altda, halımı yozan ola,

Eşqə təşnə tənimə tən tazələnmiş can dola.

 

Yağdı, yağdı, bircə anda qapsadı aləmləri,

Könlümün hər guşəsinə eşq ilə leysan dola.

 

Nəğmələndi, eylərəm nuş bir şirin şırıltını,

Hər ibadət vaxtıma bax böylə bir azan dola.

 

Gəl Musam, İbrahimim, Nuhum, İsam, Məhəmmədim,

Söz cücərdək bu yağışda ayəti-Quran ola.

 

Tut yağışdan, çıx göyə, Rəbbin uca dərgahına,

Misra-misra yağ yerə abi-həyat seylan ola.

 

Aç sinəni, vəftiz ol, şəklini çəksin ildırım,

Surətinlə gözləri vəftizlənən cahan ola.

 

Bitdi yağmur, Qasımoğlu, növbə səndə, dol-boşal,

Bir ulu eşq söhbətində Allahın ünvan ola.

 

***

 

Çulğayıb almış içinə şeirimi bir eşq dəmi,

Çünki lövbər salmış artıq göy üzündə söz gəmim.

 

Bir hicab dalından açmış insana Rəbb eşqini,

Bir işıq salmış gözümə ol hicabı tül kimi.

 

Olmuşam bir eşq əsiri, sözlərim cingildəyir

Məhbəs əhli qollarından sallanan qandal kimi

 

Öylə çəkdim eşq cəfasın, başqa şair çəkmədən

Şeirimə baş vursun ancaq eşqə tuş bir yol kimi.

 

Çatdı şeirim ayət ilə xoş vüsala dəmbədəm,

Ərməğandır əhli-eşqə bir ətirli gül kimi.

 

Çıx şeir bazarına, qaldır göyə qiymətləri,

Qıl əlacın, yapma söz dövriyyədə qəlp pul kimi.

 

Satlıq hikmət oldun artıq, Qasımoğlu, kar götür,

Bir könül hərracına çıxar özünü qul kimi.

 

***

 

Yazdı Tanrı ayətimi, bax üzümə, bax oxu,

Sil gözündən zülməti bu gördüyünlə yax oxu.

 

Vermə dostum fürsəti fövtə bihudə, arif ol,

Az qalib qiyamətə day, gəlmədən ol çağ, oxu.

 

Hikmətinlə Rəbbimin qızın, qızındır çeşmini,

Şöləsi üzümdədir, yanır qüdsal ocaq, oxu.

 

Çarp gözünü bu ocağa, od götür, işıq götür,

Təşnə könlümü ovundur, ildırım ol, çax oxu.

 

Adəməm, torpaqdanam, Rəbbim gözəl yapmış məni,

Bir yağışdan min könül cücərdərəm bil, yağ oxu.

 

Bir xəta olmaz desəm ki, ayətimdə yox xəta,

Min-min ildir can yağımla hey yanır çıraq, oxu.

 

Tanrı səndən ötrü yazmış Qasımoğlu ayətin,

Borc verim bəsirətimdən gözlük eylə, tax oxu.

 

***

 

Bir xalı üstündəyəm zillənmişəm bir nöqtəyə,

Bəklərəm ol vəhyi ki, gəlsin dəmi bir söz deyəm.

 

İlmə-ilmə salmışam bu xalıya öz ruhumu

Ki, naxış vursun mələklər getdiyim hər səcdəyə.

 

Gözlərimlə qatmışam əhvalıma naxışları,

Rənglər almış ruhumu təndən, gətirmiş vəcdəyə.

 

Öz səsiylə dinmiş hər rəng, hər çalarda musiqi,

Göndərir yerdən bu məclis min çalarlı səs göyə.

 

Öylə aşiq bəndən oldum ki, şaşırdım, bilməzəm

Məclisə rövnəq mən oldum, yaki məclis bəndəyə.

 

Görklü Tanrım, kim axı Səndən gözəl bir rəng vura,

Kim vura bu Sənli möhrü məndəki bəlirtiyə.

 

Bax, bayılmış Qasımoğlu rənglərindən vəhy alır,

Vaxtdı, qaldır səcdəsindən şerini yazsın deyə.

 

***

 

Yatmış idim, bir mələk oyatdı lapdan qalx deyə,

Görmək istərkən onu səs gəldi qeybdən bax deyə.

 

Hər yana çarpdım gözümü ol səsi tapmaq üçün,

Bir cüt ulduz artdı birdən öylə ki, baxdım göyə.

 

Bir qoşa işıq zolağı endi ol cütdən yerə,

Qalxıram bu nərdivanla ən gözəl bir sərgiyə.

 

Nur mələklər sakin olmuş nərdivanda, öylə ki,

Addımın qoyan kəsə hər pillədən bir nur dəyə.

 

Bax necə qalxır gözümdə aram-aram bəndələr,

Hər mələk hazırdır ensin önlərində səcdəyə.

 

Eylə lütf, Rəbbim, yığılsın dərgahına dostlarım,

Həmd deyənlər məclisində mən də bir avaz deyəm.

 

Ol tanış səs bir də gəldi, yalvarırdı Rəbbimə

Qasımoğlu ayətini pillə-pillə yaz deyə.

 

***

 

Çatdırırsan kamıma, Rəbbim, məni hər dəm yenə,

Can atır dərgahına canım qopur təndən yenə.

 

Vəhylərindən dəm alır canım, süz onu camına,

Ver qoy içsin canını qüsl eyləyən hərdən yenə.

 

Eylərəm hər canı öylə pak ki, tam şəffaf ola,

Ta ki, görməz ollam örtər çün onu pərdən yenə.

 

Pərdəni qaldır, məni sal qeybinə, bəsirətim

Tuşlanıb hər cana salsın nurunu birdən yenə.

 

Nurun içrə aldığın canlar qəfildən canlanır,

Agah oldum ayətinlə İsa sirrindən yenə.

 

Ayətin açmış gözümü aləmə, hər nəsnədə

Gördüyüm öz canım imiş vergitək Səndən yenə.

 

Canıma bax kam alırkən qoy taxılsın gözlərə,

Sərgilənsin Qasımoğlu sərgitək Səndən yenə.

 

***

 

Hikmətindir, dalmışam, Rəbbim, Sənin ahənginə,

Ki, payım artsın qatından vəhy ilən gündən-günə.

 

Pozmazam ahəngini qəbul qılıb hər tür səsi,

Açmazam könlüm qapısın aləmin hər zənginə.

 

"Ol!" deyirsən, məndən özgə kim duyar bu avazı?

Dərgahından könlümə dolur səsin, Rəbbim, yenə.

 

Doldum axır buyruğunla, hey genəltdin sinəmi,

Evrənə taymı məni qıldın da aldın cənginə?

 

Adəməm, ovcundayam indi, mənimlə sahmana

Saldın artıq kainatı, heyranam bu dəngənə.

 

"Ol!" sözün bax min çalarlı nur saçır aləmlərə,

Kordur ol kəslər ki, uymuş iblisin fişənginə.

 

Bir atımlıq olmadım heç parlayıb çıxım yoxa,

Çün boyanmış Qasımoğlu "ol!"səsinin rənginə.

 

***

 

Canıma ruh vermisən, Rəbb, ayrı bir aləmdəyəm,

Görməyən iman gətirsin görsün hansı səmtdəyəm.

 

Səmtimi Sən salmısan dərgahına qəfil yenə,

Eylədin katib məni axır ki, ol qələmdəyəm.

 

Yazmışam öz xəttimi izninlə lövhi-məhfuza,

Qıldın hifz imzamı, milyon ildi ki, gündəmdəyəm.

 

Uc-uca hər misramı bağlar çalar aşiqlərin,

Hər dəmin misrası məndə, eşq çalan ol simdəyəm.

 

Nəğmələnmiş canım hopmuş canına aləmlərin,

Laməkan qıldın məni, Rəbb, xorla dindim, cəmdəyəm.

 

Kim dilər qulaq kəsilsin nəğməmə, varsın mənə,

Lazəman halımda olsun dəmbədəm, hər dəmdəyəm.

 

Qasımoğlu hər dəm içrə nəğməsindən dəm olur,

Səsləyir aşiqləri bu məclisə gəl-gəl deyə.

 

Tut əlimdən, bax gözümə, duyduğum nə, söyləgil,

Qəlbimi ram etmədinmi, uyduğum nə, söyləgil.

 

Vəslinə ac qaldı tənim, ruhunu nuş eylərəm,

Könlümə sinirdiyim nə, doyduğum nə, söyləgil.

 

Gözlərin bir ildırımtək parlayıb sönmüş yenə,

Zülmət içrə aldığım nə, qoyduğum nə, söyləgil.

 

Bax necə öz könlü içrə həmdəmin həşirdədir,

Eşdiyim nə, qazdığım nə, oyduğum nə, söyləgil.

 

Fanimi olmuş görən bu anidən gələn bir eşq,

Nəymiş o tutqun bənizin, qıydığım nə söyləgil.

 

Qasımoğlu bir hesabla Tanrıya təslim ikən

Səndədir həpsi hesablar, saydığım nə, söyləgil!

 

Məni, Tanrım, seçər oldun, soyuma sərf edərsənmi?!

Nicat tapmaq dilər sözlə, mənimlə nəf edərsənmi?!

 

Uzaq düşmüş soyum Səndən, şərik qoşmuş Sənə qəsdən,

Rəhim bilmiş Səni bəndən, suçunu əfv edərsənmi?!

 

Yanır tənim öz istimə, səpir iblis su üstümə,

Nəzər qıl qalxan tüstümə, dumanı dəf edərsənmi?!

 

Olum hər dəm qərarında, qalır ruhum israrında -

Məni dərgah divarında OXU-na rəf edərsənmi?!

 

Könül əhli mənim babım, açıqdır onlara qapım,

Salıb könlümə əshabı içimi kəhf edərsənmi?!

 

İçimdən bax Sənə sarı gəlir həmdlə bu dostlarım,

Bəs Sən böylə bizi barı bir yol tərif edərsənmi?!

 

Ürəyim - millətim, qanım təvaf eylər hər insanı,

Oxusunlar Nərimanı deyə hərf-hərf edərsənmi?!

 

Nəriman QASIMOĞLU

 

Ədəbiyyat qəzeti. - 2019.-6 iyul.- S.10.