Həcv atəşini öz üzərinə çəkməkdən
qorxmayan Seyid Əzim...
Daha "bir nəzər"Səhv
nəzərləri sərf-nəzər etmə vaxtı
Bir müddət əvvəl Məti
Osmanoğlunun da "Ədəbiyyat qəzeti"ndə toxunduğu
bu məqalədə Əhsənül-Qəvaid "hər
laübali adamın pər-puç sözləri bir-birinə
toxuyub birini mədh, birini həcv, şərab və əmrədləri
vəsf etməsini" kəskin tənqid etmiş və bu
cür insanların "kamal sahibləri
olmadıqlarını, şeytana xidmət edib, xalqı yoldan
çıxardıqlarını göstərirdi... O, insanların kamala yetmələri,
cəmiyyətin cahillikdən qurtulması üçün
insanın ağlını elmə sərf etməyi məsləhət
görürdü. Əhsənül-Qəvaid
istər ayrı-ayrı fərdlərin, istərsə də cəmiyyətin
və millətin həyatında dini elmlərlə (elmi-ədyan)
müqayisədə dünyəvi elmlərin (elmi-əbdan)
rolunun daha üstün olduğunu iddia edirdi"
(M.Osmanoğlu). "Əkinçi"nin
28 aprel 1876-cı il tarixli nömrəsində "Cəvabi-Əhsənül-Qəvaid"
başlığı ilə dərc edilmiş həmin qəzəbli
məktuba sonradan qarşı tərəf "Cənab
Ağa, cəddin fədası olum" müraciəti ilə
cavab vermiş və əslində, yazının kimin təşəbbüsü
olduğunu və kimin qələmindən
çıxdığını dəqiq müəyyən
etmişdi. Lakin bu o demək deyil ki, Seyid Əzim
Əhsənül-Qəvaidin adı üstündən biryolluq
xətt çəkərək, onu "qara siyahı"ya
salmış, yazdıqlarına qərəzli
yanaşmışdır. Əksinə,
sonradan bu müəllif aşura təziyələri zamanı
baş yarmaq adətini tənqid etdiyi məqaləsinə
görə Həsən Qara Hadi tərəfindən həcv
olunduqda Seyid Əzim Əhsənül-Qəvaidin tərəfini
tutmuş və həcv atəşini öz üzərinə
çəkməkdən qorxmamışdı. Bununla
bağlı Hadiyə yazdığı cavabda sözünə
aşura mərasimlərinin böyük ictimai əhəmiyyət
daşıdığını və bunun əleyhinə
olmadığını, Kərbəla şəhidlərinin
xatirəsini əziz tutduğunu bildirməklə başlayan
Seyid yazır:
...Kim deyər ağlama sən Kərbübəla
sərvərinə,
Canımız cümlə fəda
olsun onun Əkbərinə.
Ağladı ərzü-səma təşnə
ölən Əsgərinə,
Onu inkar edənin zatına lənət,
Hadi!
Leyk siz bir para bidətlər edibsiz
icad,
Qoymusuz adını siz təziyə,
ey əhli-fəsad!
Sizə bu təziyədən özgə
həvəslərdi murad,
Mən ölüm, sən bir
özün eylə mürüvvət, Hadi!
Bu deyilmi qərəzin
başını sən çapmaqdan,
Yəni ki, canımı cananə edərdim
qurban,
Malını bəs nə
üçün eyləməyirsən ehsan,
Quru baş çapmağa sən
etmisən adət, Hadi!
Xatirin cəm elə kim,
gər bu isə rəsmi-əza,
Sənə nifrin edəcək
padşahi-Kərbübəla,
Bədənin zəhmətinə
şərdə yoxdur fitva,
Yoxsa var sizdə, görək,
tazə şəriət, Hadi?
Göründüyü kimi, Hadinin həcvinə
münasibəti
şərtləndirən
səbəblər heç də təziyə mərasimləri
zamanı baş yarmaq, qan tökmək rituallarının yerinə
yetirilib-yetirilməməsi ilə məhdudlaşmır. Seyid
Əzim "təziyə" adı ilə yeni-yeni bidətlər
icad olunmasının əleyhinə çıxır, bunun
fitnəkarlıq məqsədi güddüyünü söyləyir,
diqqəti belələrinin imam ehsanı verməkdən
imtina etdiklərinə yönəltməklə, onların
yalnız şan-şöhrət qazanmağa can
atdıqlarını açıq söyləyir. Şəriəti
yaxşı bilən və ona istinad edən şair insanın
öz bədəninə əziyyət verməsinin şərən
təqdir olunmadığını xatırlatmaqla dindar əhali
arasında Əhsənül-Qəvaidi və onun məqaləsini
dərc edən Zərdabini
haqlı çıxarmağa çalışır. Seyid
Əzim Hadiyə sıravi bir həcvgu kimi yox, "əhli-fəsad"
ruhanilərinin bir təmsilçisi kimi müraciət eləyir,
"xaçpərəstlərin gözlərini
açıb, qabağa getdikləri" bir vaxtda onların milləti
cəhalət girdabında saxladıqlarından, rusca oxuyan uşaqların
valideynlərini kafir elan etmələrindən və s. ciddi
ictimai bəlalardan söz açır. Məlumdur
ki, Seyidin bu cavabı Həsən Qara Hadini həcv xarakterli
yeni bir şeir yazmağa vadar etmişdir və həmin
şeir hücum yox, müdafiə xarakteri ilə diqqəti
çəkir. Hadi əvvəlcə Seyid Əzimin
şair kimi qüdrətini etiraf edir:
Ey bizi həcv qılan
şairi-dövran Əzim,
Seyyidü-sərvərü
sərdari-süxəndan Əzim.
Dəhr gülzarı ara
bülbüli-xoşxan Əzim,
Əzizim, iki gözüm, cəddinə
qurban Əzim!
Şənin üzmadı əgər
biz deyilik əzmi-rəmim,
Abi-heyvan dəkisən, biz dəxi qəssaq,
həmim,
Seyyidin təbi kəramətli olur, nəfsi
səlim,
Nə rəvadır deyəsən
hərzəvü-hədyan, Əzim?
"Hərzəvü-hədyan"
iddiasına rəğmən, sonrakı misralarda Hadi Seyidin
ittihamları qarşısına heç bir güclü
arqument çıxara bilmir, aşura mərasimlərində
baş yarmağın vacibliyini təkrarlamaqdan o yana keçmir. Onun cavabı bir şeir kimi də
Seyid Əzimin həcvi ilə müqayisədə sönükdür. Zərdabi və onun
maarifçi fikirləri, habelə rus dilinin tədrisi
mövzularında Seyid Əzimlə bir səfdə yer
aldığını söyləyən Hadi mühafizəkar
ortodoks mövqeyində durduğunu inkar edir. Bu həcvdə
Əhsənül-Qəvaidə qarşı aqressivlikdən əsər-əlamət
görünmür, sanki mübahisənin nədən başladığı
yaddan çıxıb. Əvvəllər həcv ruhlu
şeirə yer verməyən "Əkinçi"nin Seyid
Əzimin Hadiyə cavabını və Hadinin ikinci həcvini nə
səbəbdən dərc etdiyini araşdırmaq istəyiriksə,
zənnimcə, bu məqamlara diqqət yetirməliyik.
Türk-İslam mədəniyyəti
tarixində poeziyanın yerini, rolunu, missiyasını
doğru-düzgün müəyyənləşdirməyi
müasir şairlərin qarşısında əsas məqsədlərdən
biri kimi qoyan Seyid Əzim Şirvani nüfuzlu söz
ustadlarına hörmət-ehtiram göstərilməsini ədəbi
aləmin vacib qanunu sayır, bu qanuna əməl etməyənləri
qınayır və yeri gəldikdə, töhmətləndirir:
Niyə həcv eyləmisən
Cürmini, ey can Yusif?
Dilü-canım sənə qurban ola, canan Yusif? (...)
Bir Məhəmməd kimi canı nə
səbəb həcv edəsən
Kim odur şairü
ustadi-süxəndan Yusif?
O, ədəbiyyatın gələcəyi
naminə həm də ədəbi aləmdə hökm
sürən həcv kultunu sındıran şairlərdəndir.
Çox vaxt qələm sahiblərini bir-birinə düşmən
eləyən həcvin fövqəladə yox, adi, sıravi bir
şeir olduğunu, başqa mənzumələrdən
heç nə ilə fərqlənmədiyini, zaman
keçdikcə, unudulduğunu dəfələrlə təkrarlayan
Seyid Əzim stereotipləri qırmaqdan ötrü ilk
addımı atmaqdan da çəkinmir:
Mən ölüm, sən məni həcv
eylə, mənimçün göndər
Çünki həcvindi mənə
xələti-əlvan, Qasir.
Xatirin gər ola rəncidə
məni həcv edəsən
Hansı məlundu ola
halı pərişan, Qasir?
Seyidin fikri budur ki, sənətkarlığına
arxayın olan şair həcv edilməkdən ehtiyatlanmaz, bunu
özünə dərd eləməz. Böyük şair "yel qayadan nə
aparar" məntiqinə əsaslanır: əgər mən həqiqi
şairəmsə, sənin yüz belə həcvin
yanımdan yel olub ötə bilməz. Faktlar
onun tolerantlığının ətrafdakı şairlərə
də sirayət etdiyini və həcvə münasibətdə
dözümlülüyün Şamaxı şairləri
arasında müəyyən qədər
yayıldığını göstərir. N.Qarayev
yazır ki, Dərbənd şairləri Qumri və
Şüayi məzhəbçilik məsələlərinə
daha açıqfikirli yanaşan Bixudu həcv etmiş, onun
haqqında nalayiq sözlər demişlərsə də, Bixud
onlara baş qoşmamış, ləyaqətlə belə
cavab vermişdi: mən sizə daha kəskin cavab yaza bilərdim,
lakin ariflər və mərifət sahibləri həcvguluq etməzlər.
Seyid Əzimin həcv ruhlu
şeirlərini küll halında nəzərdən
keçirdikdə aşkar görə bilirik ki, o, hücuma
keçməyi sevmir, həcvlərini cavab, reaksiya təriqilə
söyləyir. Hətta kiməsə cavab verəndə də
sözünə hərbə-zorba ilə yox, salam-kalamla
başlayır, qarşı tərəfi tərifləyir, bəri
başdan vizavisinin könlünü alır:
Şükrilillah, var imiş
Bakıda əhli-kamal!
Seyyidin canı kəmalatuva
qurban, Cürmi.
Məhəmməd Ağa Cürmiyə
İki məktubi-şərifin mənə
oldu vasil
Hər birindən yetişib cismimə
bir can, Qasir.
Xızr zülmatda bir çeşmə
tapıb, amma mən
Tapdım ol namədə
yüz çeşmeyi-heyvan, Qasir.
Mirzə İsmayıl Qasirə
Cuşa gəlib, "təbi silsiləcünban"
olanda da "Toxunan söz ola gər, əfv elə təqsirimizi",- deyə qarşısındakından üzr
istəməyi şəninə əskiklik bilmir. Lakin elə də düşünülməsin ki,
Seyid onu həcv eləyənləri cəzasız buraxır,
belə olsaydı, həcv ruhlu cavablarına ehtiyac qalmazdı.
Seyid Əzimi həcv hədəfinə
xüsusi amansızlıq göstərməyə vadar edən
əsas məsələ şairlərin muzd alıb, öz həmkarlarına
haqsız hücum çəkmələridir; belə hallarda
o, heç kimi bağışlamır. Yaxşı bir
şair kimi həmişə hörmət bəslədiyi Mirzə
İsmayıl Qasirin ona yazdığı həcvin arxasında
təmənna dayandığını bilir və bunu gizlətmir,
deyir: "Tərpədib özgə səni, həcvimə
iqdam elədin".
Bununla da ürəyi soyumur, bir
neçə beyt aşağıda onun eybini bir də
üzünə vurur:
Məni bir xələt alıb həcv
eləmək eybindir,
Dini dinara satarmı kişi,
nadan Qasir?
Zərbə özünə dəydiyindən burada hələ qəzəbini o qədər də büruzə verməyən Seyid Əzim, Asinin Natəvanı, Fənanın Kəminəni həcv etdiyini biləndə hiddətini acı misralarla ifadə edərək olduqca ağır cavablar verir. Bu iki hadisə ümumiyyətlə, XIX əsr şeir tariximizin qara səhifələrindən olmaqla yanaşı, ictimai siqlətinə görə, belə demək mümkünsə, ədəb və ədəbiyyat sərhədlərini aşaraq, şeir-sənət dünyasını əməlli-başlı çalxalamışdı. Birinci halda təhqir olunan Qarabağ xanlığının son varisi, müsibətlərlə dolu bir həyat keçirmiş dərin, duyğulu, eyni zamanda böyük ustalıqla yazılmış gözəl şeirlər müəllifi Xurşid Banu Natəvan idi. Natəvan həm də el arasında böyük xeyriyyəçi, şeiri-sənəti, şairi-sənətkarı himayə edən, ehtiyacı olanlara əl uzadan mərhəmət sahibi, incə zövqlü bir xanım-xatın kimi tanınırdı. N.Qarayev hadisənin mahiyyətini belə izah edir: "Cəmi bir neçə il Xasay xanla yaşayan şairə oğlu Mehdiqulu və qızı Xanbikə ilə ömrünün ən gözəl çağlarında dul qalmışdır. Dalbadal gələn elçiləri rədd etsə də, gənc və simaca çox gözəl olan şairə tək qalmağın çətin olduğunu yaxşı başa düşdüyü üçün, məhz buna görə də dedi-qoduların ucbatından Hüseyn adlı bir seyidə ərə getməyə məcbur olmuşdu. Lakin şairənin bədxahları, xüsusən təəssübkeş bəyzadələr onu rahat qoymurdular. Xan nəslindən olan bir qızın adi seyidə ərə getməsi yalan şayiələr üçün onların əlində bəhanə olur. Məhz belələrinin təhriki ilə Abdulla Asi həcv yazaraq onu Natəvana çatdırmışdı... Natəvanın adi bir seyidə ərə getməsindən oğlu Mehdiqulu xan da narazı olmuş, bu izdivacı öz nəsli üçün təhqir saymış, anasından küsmüş, ona kinayəli məktublar yazmışdı".
1864-cü ildə bu bədnam şeiri söylərkən təhrikçilərinin nüfuzuna arxayın düşən Asi, üstəlik həcvi bölgələrdə fəaliyyət göstərən ədəbi məclislərə göndərmiş, bununla da bir şair kimi öz sonunu yaxınlaşdırmışdı (sonradan peşman olmuşdu. Seyid Əzim isə onun və Xudadat bəyin vəfatı münasibətilə mərsiyə yazmağı özünə borc bilmişdi). Gəncədən Mirzə Mehdi Naci, Qazaxdan İskəndər Ağa Şair və başqaları da Şuşaya - Asinin üstünə töhmətamiz cavablar yazaraq, Natəvanı müdafiəyə qalxmışdılar. (N.Qarayev) Naci və Şairin həcvlərində nalayiq sözlərin olduğunu Köçərli də qeyd edir. Naci öz xatiratında hadisə barədə yazır: "Qarabağ şairlərindən Asi təxəllüslü birisi paxıllıqdan mərhum Mehdiqulu xanın qızına həcv yazıb Gəncəyə göndərmişdi. Mən gördüm ki, camaat arasında onu oxuyub gülüşürlər. Halbuki, onun babası həllac olmuş, mərhum xan onu gətirib öz sarayına yaxın eləmiş, bəyzadəlik mənsəbi vermişdi. İndi də bəyzadədir. Onun bu sifəti mənə xoş gəlmədi".
Ardı var
Nizaməddin
MUSTAFA
Ədəbiyyat qəzeti.- 2019.- 6
iyul- S.12.