Nübar orucu...
hekayə
Hamı məhşərdən qaçantək
qaçırdı o gün. Ən qabaqda
babam qaçırdı.
Ayaqyalın qaçırdı babam. Üzü Kürə qaçırdı
babam. O Kür ki, həyatının cəhənnəmi olmuşdu, o Kür ki, sonradan and yeri olmuşdu babamın, o Kür ki, acgöz əjdaha kimi ən gözəl, ən qıvraq balasını almışdı
əlindən; əvəzində
heç vaxt dinməyəcək dərd
vermişdi...
Babam bibimi qucağında yox, kürəyində gətirdi. Kürün buz kimi suyu bibimin saçlarından,
paltarından süzülüb
babamın odlu sinəsilə aşağı
axırdı. Yulğunlar, tikanlar
da, elə bil, aralanıb yol verirdi babama.
Gedəndə qaça-qaça getmişdi; ümidlə getmişdi, qayıdanda asta-asta qayıtdı; kürək dolu dərdlə qayıtdı
babam. Bütün ölən balaların
yükü vardı ata çiynində, bütün batan uşaqların ciyərlərindən
qayıdan su tökülürdü kürəyinə.
Kürəyindən, sinəsindən axan su yanan
ürəyinin istisində
qaynayır, gözlərinə
qayıdıb sel kimi tökülürdü.
Evə qədər yol ömrünün ən uzun yolu oldu,
bu yolu sakit
gəldi, bu yolda qocaldı babam.
Bibim səhər hamıdan tez durmuşdu. Qonaq-qaralı
ev, yır-yığış,
sil-süpür... Bir yandan da qardaşı
instituta girib... Günəş qalxır,
qoraların canına vəlvələ düşür,
yarpaqların arasından
oğrunca süzülən
şüalar həyətə
yaşıl sərinlik
salırdı. Üzüm şelinindən
qopan yarpaqlar oynaya-oynaya bibimin saçlarında çələng
olur, cənnətinə
qovuşurdu. Qonşu qızların
adda-budda eşidilən
şıltaq gülüşləri
hər tərəfdən
uçub həyətimizə
gəlir, bibimin dodaqlarına qonurdu. Gülüşləri özlərindən
soraq gətirən qızlar qapımıza çatanda bibim də qəntərini götürüb
onlara qoşuldu. Al-əlvan qızlar, sanasan,
tozlu kəsəkli
yolla bir dəstə gülə dönüb Kürə tərəf axırdılar.
Ətəyi dizindən yuxarıda düyünlənmiş qızların
ayaqlarının ilığından
vəcdə gəlirdi
Kür, yatağına
sığmır, özünü
qayalara çırpırdı. Bibim salxımları
çaya uzanan söyüdün arxasına
çəkilib saçlarını
çayın saçlarına
qatıb yuyurmuş.
Onda saçları qoca çayın saçlarına dolaşıb,
əl atıb, əli hər yerdən üzülüb...
Təslim olub, ruhu qoşulub illərdi Kürdə dinməzcə
axan gənc ruhlara.
Görən bibim hansı nəğməni
zümzümə edirmiş
o anda, görən o hansı daş idi, xəyanət etdi bibimə, əl atdı əlindən yapışmadı...
Bibim Kürə qovuşmazdan bir gün əvvəl
atam zarafatla bacısını tüfənglə
qorxutmaq istəyib, tüfəng açılıb,
güllə bir Allah bilir hara gedib. Bibimə heç
nə olmayıb.
Deyirmişlər, "od-yalov"du, özü güllə kimi qızdı, güllə öldürməz
bunu. Oda can verməyən, suya can verdi.
O gün, bu gün, Kürə
qarışıb Kürlə
axır bibim. Bu qoca çay
beləcə lal-dinməz
axmağa təpər
tapır; cavan-cavan qızların, oğlanların
ruhun alır, gücünə güc qatır, gəncləşir.
Nə kəramətdirsə, heç
vaxt eşitmədim bir qoca Kürdə
batsın.
Hər axır
çərşənbə kiçik bibim tezdən Kürə
gedib su gətirir, üstümüzə
çiləyir, çilədikcə
mənə elə gəlirdi ki, zərrə-zərrə, damla-damla
evimizə qayıdır
Nazilə bibim. Sonralar Kür daşıb
sahilindəki Tuqay meşəsini basanda elə bilirdim bibim saçlarını çiyninə salıb darayır.
İllər sonra ilk
dəfə anlamışdım
qüssənin nə olduğunu; qəbiristanda atam bibimin başdaşına
toxunanda... İlahi, necə nəvazişlə
əzizləyirdi bir parça soyuq daşı...
Nənəm... Nənəm...
Nənəmin dərdi bir
başqa idi. Qardaşsız bacıların ağlamağı
ayrı olur, xısın-xısın, için-için.
O gün nənəm tez- tez qışqırırdı:
"Mənim qızım
olüb! Ay adamlar! Mənim qızım ölüb!". Mənə elə gəlirdi, onu ozündən başqa heç kim
eşitmir. Elə bil ki, o da insanlara yox,
Allaha qışqırırdı.
Hardansa bulud peyda olmuşdu
başının üstündə,
çəkilmədi ki,
Allah eşitsin nənəmi,
çəkilmədi. Bir anda öyrəndi həyatın sirrini, bir anda qəbul
etdi heç vaxt anlamayacağı mətləbləri. Bir anda dəyişdi hər şeyin mənası, hər şeyin dadı. Çaşmadı nənəm, öyrəndi,
toxundu içindəki
bütün toxunulmazlara.
İllər keçir,
dərdi keçmir, hər il
bibimin xatirəsini bir başqa cür oxşayır, başqa cür ağlayırdı.
Nənəm bişirdiyi çörəklərə
bənzəyirdi; ağappaq,
yupyumru. Taleyi də çörək
taleyi oldu, yoğruldu-yapıldı həyatın
təndirinə. Kütə getməz,
gülləməzdi çörəkləri,
əzizləyib danışardı
onlarla. Təndirdən çıxaranda kimi görsə, and verirdi, çörək kəssinlər. Onda başa düşməzdim,
indi bilirəm... Aclıq görmüşdü, hamını
ac bilirdi.
Nişanlı qızların toy yorğanını
nənəm sırıyar,
günlərini ilmə-ilmə,
naxış-naxış təzə
gəlinlərin ömrünə
calayardı. İlmələrinə
oxşayırdı bir
az da.
Bəy qızı olub; hər şeyi bəyənməzdi, bacardığını
bir başqa bacarardı. Boynunda hili, qulağında
qırxdüymə sırğası.
Bəzən gözləri elə yol çəkərdi, deyərdin, o dünyaya baxır, qızını
görür. Bibim öləndən süfrəyə
oturmadı, otura bilmədi. Tək yedi yeməyini.
Elə bil, süfrəsində biradamlıq yer var, onu da
qızına saxladı.
Yeməyinə qənd atardı,
ağuya dönmüşdü
bibimdən sonra yediyi.
Nübar yemədi
nənəm... Ölüm
ayağında çiyələk
istəmiş, atam başqa kənddən çiyələk tapıb
gətirmişdi. Bir az da ilin-günün tərs vaxtı çiyələk
tapdığına sevinmişdi.
Çiyələyi gətirib yatağının
yanına qoymuşdular.
Son qisasını da belə aldı
nəfsindən; bir çiyələyə baxdı,
bir yuxarı, üzünü çevirib,
orucağız qovuşdu
Nazilə bibimə.
İlham Əziz
Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S. 13.