Nəsimi və Andriç
haqqında bir neçə söz...
İyunun 16-20 tarixləri arasında Serbiyada "Nəsimi-650" silsilə
tədbirləri keçirilib.
Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq
münasibətlərinin möhkəmləndirilməsində
xüsusi rolu ilə seçilən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı
kafedrasının müdiri,
serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı
Milorad Paviçin
"Xəzər Lüğəti"
və Draqan Damyanoviçin "Müqəddəs
Savanın Anası"
kitablarını Azərbaycan
dilinə tərcümə
etmiş əməkdar
jurnalist, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Əlövsət
Ağalarov, serb antologiyası və İvo Andriçin şeirlər kitabını
Azərbaycan dilinə
tərcümə və
nəşr etmiş, Azərbaycan Yazıçılar
Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlu,
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Paşa Kərimov və Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin
inkişaf etdirilməsinə
verdiyi xüsusi töhfələrə görə
Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən
Serb Dili və Mədəniyyəti Mərkəzinin
direktoru, dosent Lalə Məcidova Serbiya Kral Akademiyasının
"İvo Andriç"
medalı ilə təltif olunublar.
Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlunun
"Nəsimi simpoziumu"
və təqdimetmə
mərasimindəki çıxışını
oxucularımıza təqdim
edirik.
Hörmətli cənab
səfirlər!
Serbiya Kral Akademiyasının hörmətli
prezidenti!
Hörmətli rektor, akademiklər, xanımlar və cənablar!
Azərbaycan Respublikasının
Prezidenti hörmətli
İlham Əliyevin bir çox tədbirlərin, həmçinin
beynəlxalq miqyaslı
tədbirlərin keçirilməsini
təmin edən, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi ilə bağlı sərəncamında bu sətirlər var: "Azərbaycan
xalqının çoxəsrlik
ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair
İmadəddin Nəsiminin
zəngin irsi bu gün də
insanların mənəvi-əxlaqi
kamilləşməsində mühüm əhəmiyyətə
malikdir...".
Mənəvi-əxlaqi kamilləşmə...
Bizim bütün insani fəaliyyətimizin, cəhdlərimizin,
o cümlədən ədəbi
fəaliyyətimizin başlıca
məqsədi bu deyilmi? Amma yaxşı bilirsiniz
ki, ədəbiyyatlar fərqli olur. Və onu da
bilirsiniz ki, yazar, yaxud yazan
adam öz qarşısına birbaşa
olaraq bu məqsədi qoymur, çünki heç bir kəs özü
haqqında "başqasını
kamilləşdirəcək" kimi yüksək fikirdə olmur və bu cürə
hallarda ən yaxşı halda uğurlu plakat yaranır. Bəs, onda "yazıçı-oxucu", "yazar-xalq" kontekstində
bu necə baş verir, verməlidir? Görünür, mənəvi-əxlaqi kamilləşmə, əslində,
bütün varlığın,
insan mövcudluğunun
məhvərində duran
bir ideya, qüvvə və canatımdır ki, bütün insani fəaliyyətlərə sirayət
edir. Hərçənd
təəssüf ki,
biz yazı adamları
bir insan kimi bunun bir
elə də fərqində ola
bilmirik. Nəsimi kimi istisnalar
xaric. Onda ədəbi fəaliyyət
bir oyuna, səyahətə çevrilir,
amma bu yalnız
ağlın oyunu və səyahəti olur, ruhun və
qəlbin deyil. Belə hallarda biz bir qayda olaraq "Eliot təəssüfü" ilə
qarşılaşır və
deyirik: "Hanı həyatda itirdiyimiz həyat?".
XX əsrin
müdrik şəxsiyyətlərindən
biri, görkəmli polyak şairi Çeslav Miloş yazılarının birində
deyir ki, metafizik özüldən məhrum ədəbiyyat həmişə ikinci dərəcəli olacaq. Necə ki,
dinə iddia edən ədəbiyyat da ikinci dərəcəlidir.
Haqlı olaraq Azərbaycan ədəbi-poetik
dilinin yaradıcılarından
sayılan böyük
şair və mütəfəkkir Nəsimi
digər böyük sələf və xələfləri kimi əlbəttə bunu bilirdi. Bilirdi ki, bütün yollardan üstün bir yol, bütün
dillərdən vacib bir dil var. Nəsimin
dillər əzbəri
olan iki şeirindən nümunə
gətirmək istəyirəm:
"...Həm sədəfəm, həm inciyəm,
həşrü sırat
əsinciyəm..."
"Xar içində bitən qönçə gülə
minnət eyləməm,
Ərəbi, farisi bilməm,
dilə minnət eyləməm.
Sirat-i müstəqim
üzrə izləyərəm
Rahimi
İblisin təlim
etdiyi yola minnət eyləməm...".
Mən indi sizə bu şeirləri sətri tərcümə
edib qısa izahını verməyə
çalışacağam. Amma bir şeyi deyim ki, ikinci nümunə
Nəsiminin ardıcıllarından
olan, eyni imzayla yazmış və XVI əsrdə yaşamış başqa
şairə aid edilsə
də mən bu fikri bölüşmürəm.
Birinci misrada böyük şair insanın sədəf və inci kimi
qiymətli olduğunu,
incinin və sədəfin isə suyun dərin qatlarında, gizlində olduğunu söyləyir və sonra da deyir
ki, inci, sədəf kimi qiymətli olmamız həşr günü və son imtahan, yolçuluq, mənəviyyat
gününün əsintilərinin
qabaqcadan bizim içimizdə olduğuna
görədir, ola bilsin ki, bu
keyfiyyətimiz bir az sədəf və inci kimi
gizlindədir də.
İkinci şeirdə
şair də hər bir dildən
daha vacib dilin, ola bilsin
böyük mənada
ana dilin, protodilin, eləcə də bütün yollardan, körpülərdən
daha üstün bir yolun və körpünün
olmasından və insanın məhz bu dildə danışmalı,
bu yolla - eşq, sevgi, Rəbbi ilə qovuşmaq yolu ilə yürüməli olduğunu söyləyir.
Bəs bu yolu necə
tapmalı? Bu yolun
həmin yol olduğunu necə müəyyənləşdirməliyik? Əlbəttə ki, o böyük
yola gedən kiçik yollar çoxdur. Onlardan biri də mütaliədir. Klassikləri mütaliə. O cümlədən
"Drina körpüsü"nü.
Müasir Azərbaycan
ədəbiyyatşünaslığının
tanınmış isimlərindən
olan, "Ədəbiyyat
qəzeti"nin baş
redaktoru Azər Turan "Necə düşünürsünüz, "Drina körpüsü" mədəniyyətləri
daha çox ayırır, ya birləşdirir,?" - sualına belə
cavab verir:
"Drina körpüsü"nün
metafizik hörgüsündə
həm "Quran" var,
həm "İncil". Doğru yol
var, qəlbin, ruhun yolu. İvo Andriç öz əsərində bu əsas yolu
nişan verir...".
Mən də az əvvəl
bu yol haqqında
danışdım və
Nəsimidən misallar
gətirdim.
Elə burdaca, indiyədək söylədiklərimi
ümumiləşdirmək üçün İvo Andriçin bir fikrini xatırlamaq istəyirəm: "Ötən
bütün zamanlardan
danışılan tarixçələr,
əslində, eyni bir tarixi-insan həyatının mənasını
ifadə etmək, danışmaq cəhdidir...".
Əziz dostlar, həmkarlar!
Belqrada gələrkən, təyyarədə
mən riyaziyyat və ədəbiyyat haqqında, dəqiq elmlər və metafizika haqqında düşünürdüm.
Və nədənsə, bu qənaətə gəldim ki, ədəbiyyat tarixi dəfələrlə adi
riyazi formul və düsturları, hesablamaları ciddi sual altına alıb, onların doğruluğuna bizdə şübhə oyadıb. Nəsiminin taleyini götürün.
48 il yaşayıb.
İndi
650 illiyini diriymiş kimi qeyd edirik.
O öz taleyi ilə sübut elədi ki, 48 necə
650-yə bərabər ola
bilər.
Sizin vaxtınızı daha almaq istəmirəm. Sözümün
sonunda hörmətli cənab səfirə, Eldar Həsənova ölkələrimizin yaxınlaşması,
xüsusən ədəbi-mədəni
sahədə gerçəkləşdirilən
çoxsaylı layihələrə,
həm Belqradda, həm Bakıda nəşr edilən onlarla qiymətli kitablara, dəstəyə
görə minnətdarlıq
etmək istəyirəm.
Eyni zamanda Bakıda fəaliyyət göstərən
"Serb mərkəzi"nə, Belqradda fəaliyyət göstərən "Azərbaycan
mərkəzi"nə uğurlar
arzulamaq istəyirəm.
Jiveli Nəsimi,
jiveli Andriç!
Diqqətiniz üçün sağ olun.
Çıxış rus
dilində edilmişdir
Belqrad, 19 iyun,
2019-cu il
Ədəbiyyati qəzeti.-
2019.- 6 iyul.- S. 14.