Nəsiminin Ənəlhəqqi - Ənəlhəqqin Nəsimisi...
ESSE
Aşiqlər Allahın
dilində danışırlar.
Qeybin dilini məna əhli
olanlar bilirlər.
"Örnək aşiq" Həllac
Mənsurdan dərs alıbmış...
Ənəlhəqq demiş Nəsimi
də!
Ənəlhəqləşibmiş!
"Mən ənəlhəqq oldum əxi!"
deyən Yunus Əmrə kimi!
***
Hər adam Ənəlhəqq
deyə bilməz.
"Bəzmi-Əzəl"də
məna şərabı içənlər, ruhu məst
olanlar deyə bilər bu sözü.
Nəsimiyə görə, cəng də,
dəf də, ney də ənəlhəqq
deyir. Gözəlin gözü-qaşı da!
"Mən Gözəlin
üzünü görməsəydim, Ənəlhəqq deyə
bilməzdim" deyərkən Nəsimi hər dəfə
orda-ruhlar aləmində, yaradılış anında
gördüyü Camalı, Üzü (Nurlar Nurunu)
xatırlamışdı. And içirmiş
kimi, "Bəli" deyirmiş kimi "Ənəlhəqq"
demişdi.
Nəsimi deyirdi ki, birlik
içində "izim-tozum silindi". Bu, o deməkdi
ki, həmin şəkildə məhv olan Kainatın
özü halına gəlir.
Nəsimi heç vaxt
Yaradandan ayrı olmayıb. Bunu onun Ənəlhəqqlə
bağlı dediyi daha bir fikri təsdiqləyir: "Nəsimi
Ənəlhəqq deməzdi, o səni (Allahı) Ənəlhəqq
deməklə tapdı".
Buldu Nəsimi səni çün,
necə Ənəlhəqq deməsin,
Ey bu sözə münkir olan,
dövləti-darın yox imiş!
Bəzi mənbələrdə
"Allahlar diyarı" hesab olunan, rus tarixçisi Lev
Qumilyovun "Sirli xalq" adlandırdığı bir
xalqın şairi "Mən sirri-Ənəlhəqqəm"
deməyib də, nə deyəsiydi? Ənəlhəqq
olmayıb da nə olasıydı?!
***
Ənəlhəqq Əbədiyyət
elmidir.
Ənəlhəqq demək
küfrdüsə və söhbət Ənəlhəqq demək
üstdə asılmaqdan gedirdisə, onda gərək "Həqqə
bağlı deyilmiş, kim Ənəlhəqq demədi"
dediyinə görə Y.Əmrəni, "Həllac Mənsurun
Ənəlhəqqində rəhmət vardır" deyən
C.Rumini, eləcə də "Ənəlhəqq"
şeirinə görə Ə.Yəsəvini çoxdan dara
çəkəydilər. Yaxud "Şah Xətai, çəkmərəm
qəm, çün Ənəlhəqq demişəm"
söyləyən Şah İsmayılı taxtdan endirməyə
bundan münasib dəlil-sübut olmayaydı gərək!
Ənəlhəqq demək
haqqını qazananlar, əslində, vəhdəti-vücudçulardı.
Nəsimi də fasiqlərin,
müşriklərin və zahidlərin, mənidən (mənadan)
xəbərsizlərin daşa basıb kafir elan etdikləri
şair deyil.
Nəsimi budur:
- Zinhar, gəl ey adəmi, insan tələb
eylə!
- Hər kişi
ki, əzəldə binəsib oldu mənidən,
ayətü-təfsirü kəlam, ana xəbər nə
faidə?!
- Hər nəyə ki, baxıram, həq
baxıram,
Baxışım həqdir, Ənəlhəqq
baxıram!
- Sirri-ənəlhəqq söylərəm,
aləmdə
pünhan gəlmişəm,
Həm həq derəm, həq məndədir,
həm
xətmi-insan gəlmişəm!
Hüqo deyirdi: "Allah hər
şeydədir. Hər şey onun görünməsinə
mane olur".
Bu fikrə oxşar bir fikir Höte də
də var:
"Kim onu hər yerdə
görmürsə, onunla heç vaxt üz-üzə gələ
bilməz".
Həqq hər şeydədirsə,
insan niyə Nəsimi kimi "Həqq mənəm, həqq məndədir,
həqq söylərəm" deyə bilməsin?!
Artur Mullerin (ABŞ)
"Dünyanın yaranışı və başqa-başqa
işləri" adlı pyesinin cəmi 4
iştirakçısı vardır: Tanrı, Adəm, Həvva,
Lusifer.
Qəribədir, Qərb
dünyasına məxsus yazıçı, Tanrını
öz əsərinin qəhrəmanı edə bilir, amma Şərq
dünyasının mütəfəkkirləri "Ənəlhəqq"
("Mən həqqəm") deməkləri üstündə
cəzalandırılıblar.
Halbuki, onlar Tanrının dilində
danışa-danışa özlərinin kim
olduqlarını bilmək istəyirdilər. "Əzəldə
canım içində yazıldı surəti-məni "...
"Mənanın surətiyəm" deyən
İ.Həsənoğlu kimi Nəsimi də çoxları
çata bilmədiyi bir məqama çatmışdı
(çatdırılmışdı!).
Nəsimi dünyada
başına gətiriləcək işləri əzəldən
bilirdi. Haqqdan
özü istəmişdi bu taleyi:
Yığıldı
Şeyxi-şabilər, ki, yəni
soyalar
məni,
Muradım bu idi həqqdən,
irişdim
mən bu gün kamə!
O, "Məni
yandırıb-yaxsınlar" deyə, Əzəldə
Tanrıyla əhd-peyman bağlamışdı.
"Həqq mənəm"
demək haqqını bulmaq mümkünmüş. Əlbəttə ki, getdikcə
saflaşmaqla, işıqlanmaqla! İsa Muğannanın dediyi
"Həqq" demək haqqına sahib olmaqla!
Saf Ağ elminə yiyələnməklə!
Saf Ağ İnsan olmaqla!
İnsan o qədər
saflaşır, işıqlanır ki, "Ağ insan",
"Ağ" (həqq) deyilir ona!
XVI əsrdə yaşamış
Övliya-şair Miskin Abdalın
yaradıcılığında buna işarə edilib: "Dərsimi
almışam mən Ağ adamdan!".
Kimdi bu Ağ adam?!
Həmin saf Ağ İnsan!
Ancaq hər adam
Ağ adam ola bilmir.
Hər adam ənəlhəqq
demək haqqını qazana bilmədiyi kimi!
"Quran"da Allah demirmi
ki, "mən sevdiyim qulu elə hala gətirərəm ki, o,
mənim görən gözüm, eşidən qulağım,
danışan dilim olar!"
Az qala bütün şairlər
"O, deyir, biz də yazırıq" demirlərmi?!
Hər şeyin, bütün
əşyaların adını Adəmə Allah öyrədibsə
onda hansı söz insana məxsusdur ki?! Heç insanın
özü də insana məxsus olmadığı halda!
Demək, çəkinmədən
deyə bilərik:
Ənəlhəqq sözü də
Allahın özünə məxsusdur!
"Quran"da yer almış ayələrdən
biri də bunu sübut edir: "Biz öz əlamətlərimizi
dünyanın hər yerində və insanların özlərində
göstərəcəyik ki, onun haqq (Allah) olması sübuta
yetə".
Nəsimi yazır: "Vücudunun
Fironunu məhv elə, sahib sənsən möcüzəyə,
əsaya" Nəsimi demək istəyir ki, hər kəs
vücudundakı fironu (yekəxanalığı) məhv etsə
olur kim? Musa! (peyğəmbər).
Əlində əsa möcüzə göstərir.
Bu cür düşünən
şairin "Mən allaham" deməsinə adamın
inanmağı gəlmir.
Nəsimi heç vaxt
yanılıb özünə Allah deməzdi. O fikri ona Yaradan özü təlqin
edirmiş:
Ol zülcəlal aydır ki, mən -
sənsən!
Həmin şeytana ol
üsyan gəlir.
(Yəni şeytana yer eləyən
odur ki, niyə insanı Allah öz bənzərində
yaradıb?)
Nəsimini oxuduqca, anladıqca birmənalı
şəkildə deyə bilərik: peyğəmbərlərin
xətmi- "Xatəmül Ənbiya" Məhəmməd
peyğəmbər olduğu kimi, insanların xətmi də
"Mən xətmi İnsanam" deyən Nəsimidir.
"Mən surəti-həqqəm",
surəti Rəhmanam" deyən şairi allahsız elan edən
allahsızlar bilmək istəmirdilər ki, Allah öz
"Quran"ında insan haqda düşüncələrini
bizlərə elə-belə ismarış edib göndərməyibdi. İnsanı
sevdiyi üçün öz son böyük öyüd
kitabını "Bismillah"la başlayıb İnsanla
("Nas" surəsilə) təsadüfi olaraq
tamamlamamışdır.
Nəsimi isə öz
"Divan"ında Allah haqqında düşüncələrindən
söhbət açmaq istəmişdi...
***
Nəsiminin həyatı və
yaradıcılığı 2 hissəli bir faciəyə
oxşayır.
1-ci hissəni şərti
olaraq "Nəsiminin Ənəlhəqqi", 2-ci hissəsini
isə "Ənəlhəqqin Nəsimisi" adlandıra bilərik.
Əslində, Nəsimini Nəsiminin
Ənəlhəqqində deyil, Ənəlhəqqin Nəsimisində
axtarmaq lazımdır.
Zaman-zaman, əsr-əsr Nəsimiyə
ha hücum çəkdilər, ha batmaq istədilər, bata
bilmədilər. Çünki baxıb gördülər
ki, artıq daha Nəsimi - Ənəlhəqqdir. Ənəlhəqq
- Nəsimidir!
Əvvəldə Ənəlhəqq
Nəsiminin sözüydü. Sonda Ənəlhəqq
Nəsiminin özüydü.
Nəsiminin Ənəlhəqqi
- "Eşqin yanasər çırağıdır".
Ənəlhəqqin Nəsimisi
- "Eşq şəhidi"dir, "Eşq Günəşi"dir.
Nəsiminin Ənəlhəqqi
- Əbədiyyət sözüdür.
Ənəlhəqqin Nəsimisi -
Əbədiyyətin özüdür!
Nəsiminin Ənəlhəqqi
- Onu dar ağacına qaldırdı.
Ənəlhəqqin Nəsimisi - Onu
Dar ağacından endirdi!
(Ölümündən 10 il keçməmiş haqqında verilmiş fətvanı
ləğv etməyə məcbur oldular).
Nəsiminin Ənəlhəqqi - guya
bir kafiri yer üzündən ilim-ilim itirdi.
Ənəlhəqqin Nəsimisi -
qaytarıb dahi bir şairi sağ-salim bəşərə verdi.
Nəsiminin Ənəlhəqqi
- İnsanın hələ də Allah olmaq cəhdidir.
Ənəlhəqqin Nəsimisi
- Allah nurunun şərhidir. ("Ol nuru hər kim
bilmədi, həqqdən nəsibi nar imiş").
Nəsiminin Ənəlhəqqi
- surəti-rəhmandır.
Ənəlhəqqin Nəsimisi - Xətmi-İnsandır!
Nəsiminin Ənəlhəqqi
- günahdı (abidlərə görə).
Ənəlhəqqin Nəsimisi
- savabdı (aşiqlərə görə.)
Nəsiminin Ənəlhəqqi
- Ənəlhəqq sözündən doğulmuşdur.
Ənəlhəqqin-Nəsimisi -
Özündən doğuldu!
Nəsiminin Ənəlhəqqi
- sadəcə bir şair doğub.
Ənəlhəqqin Nəsimisi -
şairlər doğmaq gücündədir!
Nəsiminin Əməlhəqqi
- "mənəm-mənəm" deyən bircə nəfərdir.
Ənəlhəqqin Nəsimisi -
hamıdı, "külli-insan"dı - bəşərdi!
Nəsiminin Ənəlhəqqi
- onu bu dünyaya müvəqqəti yaşamaq
üçün gətirdi.
Ənəlhəqqin Nəsimisi
- Onu Kamala yetirdi. Əbədi olaraq var etdi.
İnsanlara Əbədiyyət elmini öyrətdi!
Nəsiminin Ənəlhəqqi
- abidlərin qırmancıydı.
Ənəlhəqqin Nəsimisi -
aşiqlərin tacıydı!
Nəsiminin Ənəlhəqqi
- küfrlə doluydu.
Ənəlhəqqin Nəsimisi -
İmanla!
Nəsiminin Ənəlhəqqi
- digər Ənəlhəqçilərin Ənəlhəqqinə
oxşayırdı.
Ənəlhəqqin Nəsimisi -
heç kiminkinə oxşamırdı!
Nəsiminin Ənəlhəqqi
- Allahdan uzaqlaşmaq təsiri bağışlayırdı.
Ənəlhəqqin Nəsimisi
- Allaha hamıdan yaxındı.
Nəsiminin Ənəlhəqqi
- narahatlıq doğururdu.
Ənəlhəqqin Nəsimisi -
rahatlıq!
Nəsiminin Ənəlhəqqi
- insanı (nur parçasını) Göydən Yerə
endirmişdi.
Ənəlhəqqin Nəsimisi
- İnsanı Yerdən Göyə qaldırdı. (Öz əzəli
məqamına!).
Nəsiminin Ənəlhəqqi
- İnsanı Ölümə doğru aparır.
Ənəlhəqqin Nəsimisi - Həyata
doğru!
Nəsiminin Ənəlhəqqi
- Əzəli Yardan ayrılıqdır, hicrandır.
Ənəlhəqqin-Nəsimisi -
Əzəli yara doğru gedən yoldur - Vüsaldır!
Nəsiminin Ənəlhəqqi
- 28 hərflə qavranılır.
Ənəlhəqqin Nəsimisi
- 32 hərflə öyrənilir.
Nəsiminin Ənəlhəqqi
- olub, yaşayıb.
Ənəlhəqqin Nəsimisi -
ölüb, yaşayır!
Nəsiminin Ənəlhəqqi
- Allahın salamı idi.
Ənəlhəqqin Nəsimisi -
Əleykümsalam! - dedi.
***
Nədir bu dediyim sözlər,
bilmirəm. Amma həm də bilirəm ki, bu cür fikirlər fəna
əhli üçün yox, Məna Əhli
üçündür.
Şah Xətaiyə görə,
Allah Həllac Mənsurun diliylə "Ənəlhəqq"
söyləyib.
Bu məqam Nəsimidə də eynilə
təcəssümünü tapıb: "O, de, dedi, mən də
dedim".
Hələ də
inanılası deyil, yoxsa?
Niyə də
inanılmasın?
Niyə Allah istədiyi yerdə
təcəlli edir, məsələn, yanan yamyaşıl
Göyəm ağacından səslənib "Musa, Ənəllah"-
"Musa, mən Allaham" deyə bilir, amma Öz
"Eyvan"ından-İnsan ağzından, insan dilindən səslənə
bilmirdi.
...Bəlkə elə-belə
danışıram?
Bəlkə də elə-belə
danışmıram?!
Halbuki, "Hər şeyi o,
bilir, o, söylər" (F.Əttar).
"Bizi hər şeyi bilən Allah
danışdırır"
"Allah dilədiyini nuruna
qovuşdurur".
"Quran"da öz əksini
tapmış bu ayələr bizi də Nəsiminin Ənəlhəqqindən
Ənəlhəqqin Nəsimisinə doğru aparmırmı,
yaxınlaşdırmırmı, qovuşdurmurmu?!
P.S. Allahı tanımaq istəyirsənsə,
nəfsini bil!
İnsanı tanımaq istəyirsənsə,
Nəsimini bil!
15.06.2019
Barat VÜSAL
Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.-
S.15.