“Kaspi” ənənələrinin davamçısı və ya Sona Vəliyevanın portretinə ştrixlər
Bir dostum mənə “Zaman xəbərsiz
ötdü” adlı bir kitab verdi, “sən
ideoloji mövzuları sevirsən, zənnimcə səninçün
maraqlı olar”- dedi. Gözəl tərtibatlı
və kifayət qədər tutumlu olan bu kitabın müəllifi
xanım Sona Vəliyevadır. Kitabda müəllifin
həyat və fəaliyyətinin müxtəlif sahələrinə
işıq salan materiallar toplanıb. Sona
xanımın poetik yaradıçılığı da,
publisistik və elmi yazıları da, müsahibələri də,
yaradıcılığı haqqında yazılan yazılar
da burada öz əksini tapıb. Zənnimcə bu kitabla tanış olan hər bir oxucunun təsəvvüründə
bir maarifçi, ziyalı, şair, alim, xalqını və
ailəsini çox sevən bir qadın obrazı canlanır. O
müsahibələrinin birində “əgər biri
istedadlıdırsa mən ondan niyə də yazı
yazmayım”- deyir. Elə mən də eyni
cür düşünürəm. İstedadlı
bir adamın yaradıcılığına nəyə görə
münasibət bildirməyim?
Sona xanım Vəliyevanın
yaradıcılığından danışarkən, biz buna
onun həyat və fəaliyyət spektrindən
baxmalıyıq. Çünki onun
yaradıcıliğı və həyat fəaliyyəti
bir-biri ilə sıx surətdə bağlıdır. Mən onu ilk dəfə “Kaspi” qəzetinin baş
redaktoru kimi tanımışam. Sonra elmi və
publisistik məqalələrini və şeirlərini oxudum.
Beləcə, yavaş-yavaş, zaman ötdükcə mən
Azərbaycanın ən maraqlı adamlarının birinin
yaradıcılığı ilə tanış
oldum. Nədir bu maraqlılıq? Sona Vəliyevanın yaradıcılığı
da, elmi işləri də, peşə fəaliyyəti də
vahid bir sistem təşkil edir və bu sistem
bütünlüklə Azərbaycan ideyasına xidmət edir.
İndi yaradıcı adamlar arasında dövlətçi
və milli ideya o qədər də populyar deyil. Çoxları dünyada gedən sürətli
qloballaşma proseslərini əsas gətirərək, milli
ideyanın ömrünü başa vurduğunu, kosmopolit bir mədəniyyət
erasısının başlandığını bildirirlər.
Əlbəttə, bu yeni bir nəzəriyyə
deyil və tarix boyu kiçik xalqların mədəniyyətinin
imperiyalar mədəniyyətinin içərisində əridilməsinə
xidmət edib. Amma şükürlər
olsun ki, zaman-zaman böyük imperiyaların tərkibində
yaşamış Azərbaycan xalqı özünə məxsus
dilini və mədəniyyətini bütün assimilyasiya
basqılarından qoruyaraq bu günə kimi yaşada bilib.
Elə zamanlar olub ki, bizim
uzun illər boyu dövlətçiliyimiz olmayıb və biz
dilimizin yaşamasına görə şairlərimizə,
aşıqlarımıza çox borcluyuq. Bu
böyük insanlar imzalar içində Azərbaycan
türkünün də imzasının olması
üçün böyük istedad və şücaət
nümayiş etdiriblər. Bu gözəl
dili cilalaya-cilalaya gətirib bu günə çatdıraraq
bizə ərməğan ediblər. Sona
xanımın da yazdığı kimi, “dil yoxdursa, millət də
yoxdur”. Dil millətin var olmasında ən
mühüm ünsürdür. Şumerlər,
qədim misirlilər, romalılar kimi böyük mədəniyyətlər
yaratmış xalqlar dillərini itirdikdən sonra tarixin arxiv
malına çevrildilər. Son illərdə
mətbuat səhifələrində belə bir “anti
Koroğlu” isterikası baş qaldırıb ki, bəs niyə
başqa xalqlar şahlara, krallara heykəl qoyur, bizdə isə
Koroğluya. Mən bu meşşan düşüncəsinə
belə cavab verərdim – bir əlində saz, bir əlində
qılınc olan Koroğlu, yad mədəniyyətlərin
basqısına qarşı mübarizə aparan
ümumtürk ziyyalılığının simvoludur. Bu gün Azərbaycanda da, Türkiyə və
Türküstanda da xalq sarayların dilində deyil, Koroğlunun
şeirlərini dediyi dildə danışır. Eyni
cür, ingilislərin Robin Qudu da fransız basqısına
qarşı savaşırdı…
Ümumən Azərbaycan
ideyası krallar və şahlar tərəfindən deyil,
ziyalılar tərəfindən yaradılmış bir
ideyadır və Sona xanım Vəliyeva azərbaycançılıqla
bağlı elmi yazılarında bu ideologiyanın təşəkkülü
və tarixi inkişaf yolunu çox gözəl göstərə
bilib. Görkəmli alimimiz prof. Nizami Cəfərov onu “azərbaycançılıq
ideologiyasının təbliğatçısı və təşviqatçısı”
adlandırır. Zənnimcə, Nizami
müəllim Sona xanımın fəaliyyətini çox dəqiq
bir ifadə ilə xarakterizə edib. Onun rəhbərlik
etdiyi “Kaspi” qəzeti də, təhsil müəssisələri
də öz fəaliyyəti ilə bu amala, yəni azərbaycançılığa
xidmət edir.
Sona xanımın fəaliyyətindən
danışarkən, ilk olaraq mən onu “”Kaspi” qəzeti ənənələrinin
davamçısı kimi görürəm. Bildiyimiz kimi,
1881-1919-cu illərdə fəaliyyət göstərmiş
“Kaspi” qəzeti Azərbaycanda milli şurun oyanmasında, Azərbaycan
ideyasının yaranmasında misilsiz rol oynayıb. Məhz
Ə. Topçubaşov, M. Şaxtaxtinski, Ə.Ağayev, F.
Köçərli, N. Vəzirov, S. M. Qənizadə Ü.
Hacıbəyov, Ə. Hüseynzadə, Y.V. Çəmənzəminli
kimi fikir adamlarının ətrafına
toplaşdığı “Kaspi” qəzeti, rus dilində
çıxmasına baxmayaraq, Azərbaycan ideyasını
formalaşdırmış milli ziyalı elitanın təşəkkül
tapmasında mühüm rol oynadı. “Azərbaycanlı”,
“Azərbaycan dili” kimi ifadələr də 1891-ci ildə ilk dəfə
olaraq “Kaspi” qəzetində M.Şaxtaxtinskinin “Zaqafqaziya müsəlmanlarını
necə adlandırmalı” məqaləsində işləndi
və sonradan digər ziyalılar tərəfindən də
işlədilməyə başladı. Firudin bəy
Köçərli, Yusif Vəzir Çəmənzəminli,
Cəlil Məmmədquluzadə və s böyük
ziyalılar tərəfindən daha da inkişaf etdirilən bu
ideya Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov, Nəsib bəy Usubbəyli tərəfindən
rəsmi dövlər ideyası kimi siyasi səhnəyə
çıxarıldı. Əlbəttə, azərbaycançılıq
həmin dövrdə populyar olan “türkçülük”,
“turançılıq” ideologiyasına qarşı olan bir
şey deyildi. Çağdaş azərbaycançılıq
ideologiyasının nəzəriyyəçilərindən
olan Nizami Cəfərovun yazdığı kimi, “azərbaycançılıq
türkçülüyün bətnindən
çıxmışdır”. XX əsrin əvvəllərində
azərbaycançılıq və türkçülük
tendensiyaları və bu zəmində dilimizin adı ilə
bağlı mübahisələr qızışanda, Mirzəbala
Məmmədzadə yazırdı: “Azərbaycanın türkləşməsi
prosesi Anadoludan tez başlamışdı. Ona
görə də Azərbaycan türkcəsi daha tez ədəbi
və sonra da milli dil səviyyəsinə yüksəlmişdir.
Azərbaycançılıq ideyasını
ortaya atmaqla biz heç də türkçülüyü
inkar etmirik, ancaq Azərbaycan Vətəni ideyasını
birinci yerə keçirir, Azərbaycanın coğrafi sərhədləri
daxilində millətin yekdilliyini və vəhdətini birinci dərəcəli
vəzifə kimi irəli sürürük”. Azərbaycançılıq
ideologiyasının yaradıcılarının bu
düşüncəsi Azərbaycan Xalq Cumhuriyyəti
zamanında siyasi səviyyəyə yüksəldilmiş, bu
ideyanı mənimsəyən sovet ideoloqları onu demək
olar ki, saxlamış, Azərbaycanın müstəqillik
dönəmindən sonra isə Ümummilli lider Heydər
Əliyev tərəfindən daha da inkişaf etdirilərək
yalnız Azərbaycan Respublikasının deyil, bütün
dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə
yüksəlmişdir.
Bu gün azərbaycançılıq
ideologiyası böyük türk nəhrinin müstəqil
bir qolunu təşkil edir və bu qol bu gün sürətli
inkişaf mərhələsindədir. Sona xanım Vəliyeva da
öz yaradıcılığında milli ideologiyanın
yalnız tarixi köklərinə deyil, onun bu gününə,
onu bu gün inkişaf etdirən insanların
yaradıcılığına geniş yer ayırır, Ramiz
Mehdiyev, Səlahəddin Xəlilov, Yaşar Qarayev, Anar,
Elçin, Nizami Cəfərov, Azad Nəbiyev kimi
çağdaş fikir adamlarının azərbaycançılıqla
bağlı əsərləri müəllif tərəfindən
araşdırılaraq geniş şəkildə şərh
edilir. Ümumən, Sona xanımın yazılarının əsas
özəlliklərindən biri odur ki, o Azərbaycan
xalqının bir millət kimi formalaşması və mütəşəkkil
bir varlığa çevrilməsi prosesini araşdırarkən,
mövzuya dil, ədəbiyyat, mədəniyyət spektrindən
baxaraq, prosesin obyektiv obrazını yarada bilmişdir. Bu proses
bu gün də davam edir və xanım Sona Vəliyeva bu
proseesin iştirakçılarından biridir. Bizim
hamımız Azərbaycan adlı bir binanın tikillməsində
iştirak edirik və hər kəs qabiliyyətləri və
imkanları daxilində bu tikintiyə öz töhvəsini
verir. Şübhəsiz ki, söz və
fikir adamlarının bu işdə daha çox töhfə
verməyə imkanı var. Sona xanım da bir şair, jurnalist
və alim kimi bütün imkanlarıyla bu tikintidə
iştirak etməyə çalışır.
Mən bu kiçik yazıda onun elmi
fəaliyyətinə az da olsa münasibət
bildirdim, amma onun poetik yaradıcılığından bir-iki
söz deməsəm cızdığım portret
yarımçıq görünər. Çünki
o alimlikdən də, jurnalistlikdən də öncə
şairdir. Onun elmi və publisistik yazılarını
oxuyanda belə poetik əhval-ruhiyyə hiss edirsən. Yəqin ki, bu belə də olmalıdır,
çünki alimlik sonradan qazanılır, şairlik isə
doğuluşla qazanılan bir duyğudur.
İndi bizdə şeir yazan çoxdur, şairlərin sayı isə tənqidçilər arasında mübahisə predmetidir. Görkəmli tənqidçi Vaqif Yusifli bu rəqəmin 30-40 arasında olduğunu söyləyir. Bu rəqəmin 2000-5000 arasınada olduğunu söyləyən ədəbiyyatçılarımız da var, amma mən bu mübahisələrə qarışmaq istəmirəm. Sona xanımın yerini də Vaqif Yusiflinin göstərdiyiyi sırada görürəm. Çünki şair adlanan adamım özünə məxsus heç olmasa bircə misrası olmalıdır. Sona xanımınsa belə misraları çoxdur. Bir də onun özünə məxsus poetik dünyası var. Biz onun bu dünyasına, onun Azərbaycanına təsvir etdiyi poetik rənglər spektrindən baxırıq. Bəzən bu dünya cəhrayı rəngə bürünür, bəzən tənha bir gilasın qan allığındadır, bəzən yağış rəngindədir dünya, bəzən ağrıların qaranlığındadır. Bütün nəsnələri söz ilən toxunan bu dünya çox incə və kövrəkdi bir qadın qəlbi kimi. Biz nə qədər gender bərabərliyindən danışsaq da qadının yazdığı şeir fərqlidir. Bu poeziya təhtəlşüurdan gələn duyğular selidir sanki. Sona Vəlinin şeirləri onun duyğularının şərqiləridir. Onun hətta vətənpərvərlik şeirlərində də pafosdan daha çox pıçıltı var. Çünkü o sevginin gözüylə baxır bu məmləkətə, sevgi isə pıçıltıyla izhar olunar, bağıra-bağıra yox. “Öncə can sağlığı deyən kəslərin, torpağı bölünür bədən yerinə”. Onun Azərbaycanı kəsim-kəsim, doğram-doğramdır. Onun içində Qarabağ ağrısı var, Təbris ağrısı var…O öz kədəri ilə baş-başadır və yalnızdı öz kədərində. “Mən tənha gilas ağacıyam” deyir və ruhu yetişmiş gilas kimi deşim-deşimdir ağrılardan. Bu ağrılar elinin, yaxınlarının, böyük mənada bəşəriyyətin acılarını içinə hopduran şair qəlbli duyğusal bir insanın ağrılarıdır. Bəşəri bir kədərdir. Amma o bu kədəri oz oxucularıyla elə gözəl, elə bir ovqat və rəng spektrində bölüşür ki , onlar nikbinlik notları yaradır. O Araz çayını iki qardaş arasına çəkilmiş barı, hasar kimi görsə də, sonda bu əsrarın açarının “Arazbarı” olacağına inanır. Bu gün ortada bir Azərbaycan ideyası var və bu ideya müxtəlif məmləkətlərə səpələnmiş 50 milyonluq bir xalqı öz ətrafına toplamaqdadır və Azərbaycan şairi Sona Vəli bütün kövrəkliyi və incəliyi ilə bərabər bu amalın yayılmasına xidmət edən müsəlləh bir əsgərdir. Burla xatunlar kimi, Banu Çiçəklər kimi.
Onun rəhbərlik etdiyi
“Kaspi” qəzeti də yaşatdığı ənənələrə
sadiq qalaraq, bir fikir qəzeti kimi fəaliyyət göstərir.
Deyərdim ki, bu gün “Kaspi” ölkənin ədəbiyyat
yönümlü ən yaxşı qəzetlərdən
biridir. Yəni Sona Vəliyeva gördüyü işlərin
hamısını vicdan və bacarıqla edir. Yazdlğı
bütün janrlarda uğur qazanır. Çünki
istedadın janrı yoxdur.
Elxan Zal
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.17.