Məhtimqulu Fəraqi və Azərbaycan

 

Qardaş türk xalqlarının ədəbi əlaqələrinin öyrənilməsi türkologiyanın, ədəbiyyatşünaslığın, ədəbiyyat tarixçiliyinin qarşısında duran ən vacib məsələlərdən biridir. SSRİ-nin süqutundan sonra bir sıra türk xalqlarının yenidən müstəqilliyinə qovuşması bu əlaqələri daha ətraflı, dərindən araşdırmağa, əvvəllər tədqiq edilmiş məsələləri yenidən nəzərdən keçirməyə münbit şərait yaradır. Son dövrlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan türk xalqlarının ədəbi əlaqələrinə, görkəmli ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığına dair araşdırmalar, yazılıb nəşr edilən monoqrafiyalar böyük maraq doğurur. Akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının bu yaxınlarda "Elm və təhsil" nəşriyyatında nəşr etdirdikləri "Məhtimqulu Fəraqi və Azərbaycan" adlı kitab bir neçə baxımdan, indiyədək bir sıra naməlum faktların ortaya çıxarılması, məlum faktların yeni dövrün tələbləri səviyyəsindən mənalandırılması nöqteyi-nəzərindən diqqəti cəlb edir. Kitabın ön sözündə Məhtimqulu yalnız türkmən xalqının deyil, türk-oğuz xalqlarının ən görkəmli şairlərindən biri kimi təqdim edilir. Orijinal yaradıcılıq xüsusiyyətlərinə malik bu böyük sənətkarın zəngin ədəbi irsinin mübariz ruhu, xəlqiliyi, bəşəri ideallığı ilə seçilməsi xüsusi olaraq vurğulanır. Adı Şərq klassiklərinin, dünya ədəbiyyatı korifeylərinin sırasında çəkilən Məhtimqulu Fəraqi sözün həqiqi mənasında milli şairdir. Həmişə xalqın içində olan, onun qəmini-kədərini, sevincini ürəyində yaşadan şair türkmənlərə birləşməyə, azadlığa, müstəqilliyə, müstəqil dövlət yaratmağa çağıran əsərləri ilə müraciət etmiş, ədəbiyyata vətənpərvərlik mövzusunu gətirmişdir ki, fikrimizcə, bu, onun ən böyük xidmətlərindən biridir. Kitabda oxuyuruq: "O, yaradıcılığı ilə türkmən ədəbiyyatına vətənpərvərlik, müstəqillik və azadlıq, müstəqil dövlət qurmaq ideyası kimi mövzular gətirən lirik şairdir. Öz dövründə türkmən ictimai-bədii fikrində bir mərhələ olan mütəfəkkir şair həm də türkmən ədəbiyyatında epik janrın, xüsusilə, poema janrının inkişaf etdirilməsində mühüm rol oynamış və öz məktəbini yaratmış yenilikçi sənətkardır. O, XVIII-XIX əsrlər türkmən ədəbiyyatının banisi, türkmən ədəbiyyatına yeni mövzu və forma gətirən böyük istedada malik ədəbi dühalardan biridir". Monoqrafiyada göstərilir ki, vətənpərvərlik, insan şəxsiyyətinə hörmət duyğularını aşılayan mübariz ruhlu şeirləri sənətkara əbədi şöhrət qazandırmış, müstəqillik carçısı olan həmişəyaşar şair bu gün müstəqil dövlətini qurmuş azad Türkmənistanın simvoluna çevrilmişdir. Şairin ümumoğuz ədəbiyyatındakı, poeziyasındakı rolu belə dəyərləndirilir: "Məhtimqulu Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunis Əmrə ilə davam edən, Dirili Qurbani ilə el-oba içində geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII-XIX əsrlər türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir".

Əslində, Məhtimqulunun müasiri olan şairlərin hər biri türkmən xalqının ictimai-siyasi həyatında özünəməxsus rol oynamışlar, vətən qarşısında borclarını dərk etmişlər, lakin onlardan heç biri Məhtimqulu qədər milli şair olmamışdır. Xalqının milli ideallarını arzu və istəklərini ən çox ifadə edən məhz M.Fəraqi olmuşdur. Şairin yaradıcılığında doğma yurdun, türkmənlərin nəfəsi duyulur, bu gözəl diyarın təkraredilməz mənzərəsi əksini tapır.

Məlumdur ki, türkmənlərin yomut, göklən, yazır, əlili kimi böyük tayfaları arasında əsrlər boyunca birlik olmamış, bu da onların yadellilər tərəfindən əsarətə alınmasına səbəb olmuş, müstəqil dövlət qurmalarına mane olmuşdur. Məhtimqulu Fəraqi "Türkmənin", "Türkmənin binası", "Yıxmayan ərdən", "El yaxşı" və başqa şeirlərində türkmən tayfalarını, xalqı birliyə, bir süfrədə yemək yeməyə, azadlıqda yaşamağa, müstəqil türkmən dövləti qurmağa çağırırdı:

 

Türkmənlər bağlasa bir yerə beli,

Qurudar Qülzümü, dəryayi-Nili.

Təkə, yamut, göklən, yazır, əlili

Bir padşaha qulluq etmək beşimiz.

 

Monoqrafiyada haqlı olaraq deyilir ki, Məhtimqulunun yaradıcılığı türkmən xalqının azadlığı uğrunda mübarizəsində onunla bir olan, döyüşən poeziyadır. Vətən mövzusu onun yaradıcılığının leytmotivi olmuşdur.

Lakin M.Fəraqi, eyni zamanda türkmən ədəbiyyatına yeni fəlsəfi məzmun, ədəbi motivlər, bəşəri mövzular gətirən novator sənətkar olmuşdur. O, türkmən ədəbiyyatını milli çərçivədən çıxarıb Şərq və dünya ədəbiyyatına məxsus yeni forma və mövzularla zənginləşdirmiş, onu dünya ədəbiyyatının ümumi axarına daxil etmişdir. Şair özündən sonrakı türkmən ədəbiyyatına güclü təsir göstərmişdir. Məmmədvəli Kəminə (1770-1840), Seyidnəzər Seydi (1775-1836), Qurbandurdu Zəlili (1779/80-1836) və Molla Nəfəs (1810-1862) kimi klassik türkmən ədəbiyyatının görkəmli nümayəndələri onun layiqli davamçılarıdırlar.

Türk dünyasının ortaq ədəbi mirası sayılan Məhtimqulunun əlimizə çatmış ədəbi irsi 740-a qədər lirik şeiri, 13 epik əsəri-poemanı (ümumi həcmi 15 min misra) əhatə edir. Bu əsərlər sadə xalq dilində yazılması, mümkün qədər ərəb, fars, çağatay söz və ifadələrindən təmizlənməsi ilə diqqəti cəlb edir.

Kitabda Məhtimqulunun yaşadığı dövr və həyatı ətraflı nəzərdən keçirilmişdir. Müəlliflər göstərirlər ki, şairin yaşadığı dövr türkmən xalqının ən çətin dövrü idi. Köçlər, ölümlər, əzablarla müşayiət olunan bu tarixi şəraitdə Məhtimqulu həmişə xalqının yanında olmuş, işğalçılara qarşı mübarizə aparmış, əsərləri ilə xalqda vətənpərvərlik hisslərinin yüksəlməsinə, onun milli birlik ideyaları ətrafında birləşməsinə xidmət etmişdir. Müəlliflər digər tədqiqatçıların əsərlərindən, şairin şeirlərindən istifadə etməklə onun ata-babalarının, özünün həyatı barədə maraqlı məlumatlar toplaya bilmişlər. Müəyyən edilmişdir ki, türkmənlərin "göklən" boyunun "gərkəz" tayfasının "qışıqlar" tirəsindən olan Məhtimqulu Fəraqi 1724-cü ildə Türkmənistanın cənub-qərb hissəsində, İran sərhədinə yaxın, Ətrək çayı ətrafındakı Qarı Qala əyalətinin Gürgən şəhəri ətrafında yerləşən Hacı Qovşan kəndində (indi İran ərazisi olan Gülüstan əyalətinin Türkmən Səhrasında Günbəz Kavus şəhərində) ziyalı ailəsində anadan olmuşdur. Onun atası dövrünün məşhur şairi, xalq arasında böyük nüfuza malik olan Dövlətməmməd Azadidir (1700-1760). Məhtimqulunun şəxsi həyatı acınacaqlı keçmiş, ilk dəfə evləndiyi həyat yoldaşını itirmiş, sonradan qəlbən sevdiyi Məgli ilə evlənə bilməmiş, atası Azadini itirmiş, sonra isə iki övladını gənc yaşında torpağa tapşırmış, doğma qardaşlarını itirmiş, bir gündə iki bacısı və onların həyat yoldaşlarının ölümünün acısını yaşamış, sevimli anasını itirmiş, həyatı daim qəm-qüssə ilə keçmişdir.

Məhtimqulu ilk ibtidai təhsilini doğma kəndində atasından almış, sonra Niyaz Salih adlı müəlliminin yanında məktəbdə oxumuş, daha sonra Türkmənistanın Ləbab vilayətinin Xalac ilçəsindəki Qızılayaq kəndində yerləşən İdris Baba mədrəsəsində təhsil almışdır. Bununla kifayətlənməyən şair Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olan Buxaradakı "Kögəldaş" mədrəsəsində təhsilini davam etdirmiş, ərəb, fars və çağatay dillərini, bir sıra elmləri, Şərq xalqlarının klassik ədəbiyyatını öyrənmişdir. Bundan sonra o, 1754-55-ci illərdə təhsilini başa vurduqdan sonra bu mədrəsədə dərs demək üçün dəvət edilmiş Nuri Kazım ibn Bəhr adlı suriyalı türkmənlə dostlaşaraq onunla birlikdə Əfqanıstana və Hindistana getmiş, Özbəkistanın Margilan, Əndican, Səmərqənd şəhərlərində olmuşdur. Məhtimqulu daha sonra Xivəyə getmiş və orada üç il 1756/57-1760-  illərdə "Şirqazi xan" mədrəsəsində təhsil almışdır. Bu təhsil mədrəsəsini elmə, təhsilə böyük diqqət verən Kunqad sülaləsindən olan Xivə xanı Şirqazi xan (hakimiyyət illəri: 1715-1728) tikdirmişdi və ona görə bu mədrəsə "Şirqazi xan", ya da sadəcə "Şirqazi mədrəsəsi"  adlanırdı. Şeirlərindən öyrənirik ki, Məhtimqulu Buxarada olarkən Bəhaəddin Nəqşbəndinin təsis etdiyi nəqşbəndilik sufi təriqətinin üzvü olmuşdu. Məlum olduğu kimi, sufiliyin bu təriqəti vətənpərvərliyi, müstəqillik və azadlıq uğrunda mübarizəni təbliğ etmişdir.

Monoqrafiyanın Məhtimqulunun Azərbayacanla, Azərbaycan ədəbiyyatı ilə əlaqələrindən bəhs edən fəsilləri xüsusi olaraq diqqəti cəlb edir. Şairin əsərlərini ətraflı araşdıran tədqiqatçılar onun Azərbaycanı və şəhərlərini yaxşı tanıdığı, vətənimizdə qonaq olduğu qənaətinə gəlmişlər. "Bu dünya" adlı məşhur şeirində o, Azərbaycanın adını "Xəzirbeycan" kimi Şərqin ən böyük və qüdrətli ölkələrindən İraq, Misir, Şam (Suriya) ilə bir cərgədə çəkir. Şeirləri əsasında müəyyən etmək olur ki, o, Azərbaycanda səfərdə olmuş, onun bir çox yerlərini gəzmiş, gözəl təbiətini, qonaqpərvər insanlarını əsərlərində vəsf etmişdir.

"Yaylaxları var" adlı şeirində şair Azərbaycanın dilbər guşələrindən olan Nuxanın (indiki Şəkinin) timsalında ölkəmizə qardaşlıq münasibətini ifadə etmişdir:

 

Səfər edib getsək Nuxa mülkünə

Könül istəyən tək yaylaxları var

Seyran etsək qönçəsinə, gülünə,

Bağçasında bülbül oylaxları var.

 

Görkəmli türkmən alimi, akademik S.A.Qarrıyev bu şeirin dilində Şəki ləhcəsinin təsirinin özünü göstərdiyini bildirmişdir. Həmin şeirdə Şirvan qalasının da adı çəkilməkdədir. Şair əsərlərində Azərbaycanın Təbriz, Şamaxı, Qarabağ kimi məkanlarının da adını çəkmişdir. Bəzi şeirlərinə əsasən onun Dağıstanda olduğunu da demək mümkündür.

Müəlliflər göstərirlər ki, klassik Şərq ədəbiyyatını dərindən bilən M.Fəraqi əsərlərində Ömər Xəyyam, Firdovsi, Cəlaləddin Rumi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Hafizlə yanaşı, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulinin də adını hörmətlə çəkmişdir. "Gələndir" adlı şeirində o, bütün ədəbi nailiyyətlərinə baxmayaraq, qəlbində bir arzusunun olduğunu, Füzulinin zirvəsinə çatmaq istədiyini bildirmişdir:

 

Ol çərxi-fələk aylanadır şəms ilə ənvər,

Səyyarə biləndir ondadır mahi-münəvvər,

Əlimi uzatsam yetəndir şaxeyi-ərər,

Ol şeyxi-Füzuliyə sözüm olsa bərabər...

 

Xəstə Qasımın "Dünya" şeiri ilə Məhtimqulunun "Yalan dünya" şeirini müqayisə edən müəlliflər böyük türkmən şairinin Xəstə Qasımın yaradıcılığından bəhrələndiyi qənaətinə gəlirlər. Məhtimqulu irsi ilə böyük Azərbaycan şairləri Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirin yaradıcılıqları arasında oxşar cəhətlərin olduğunu göstərən tədqiqatçılar burada eyni dövrdə yaşamış şairlərin yaradıcılıqlarının qarşılıqlı təsirindən çox, onların talelərinin, dünyagörüşlərinin, həyata baxışlarının, zəmanəyə münasibətlərinin yaxın olmasını xüsusi olaraq qeyd etmək lazım olduğunu bildirirlər.

Monoqrafiyanın "Azərbaycanda Məhtimqulu Fəraqinin ədəbi irsinin nəşri", "Azərbaycan ədəbiyyatşünaslığında Məhtimqulu Fəraqi yaradıcılığının tədqiqi" adlı fəsilləri ədəbi əlaqələrimizin tədqiqi tarixinin öyrənilməsi baxımından böyük maraq doğurur. Məlum olur ki, hələ 1913-cü ildə görkəmli yazıçı Seyid Hüseyn (1887-1938) "İqbal" qəzetinin 18 iyun 1913-cü il 388-ci sayında Məhtimqulunun üç şeirini çap etdirmişdir. S.Hüseyn bu şeirləri dövrünün savadlı adamlarından olan Əbdürrəhman Nurməhəmməd oğlu Niyazinin (1857-1927) tərtib edərək 1917-ci ildə Həştərxanda nəşr etdirdiyi  "Divani-Məhtimqulu" kitabından götürmüşdür. Seyid Hüseyndən sonra böyük türkmən şairinin Azərbaycanda şeirlərini çap etdirən gənclik illərində Türkmənistanda yaşamış görkəmli ədəbiyyatşünas Salman Mümtaz olmuşdur. Məhtimqulu əsərlərinin bir sıra əlyazmalarını toplamış S.Mümtaz "Maarif və mədəniyyət" jurnalının 1923-cü il 8-9 nömrələrində "Türkmən şairləri" adlı məqalə çap etdirmiş, məqalənin sonunda Məhtimqulu ilə Durdu Şeyxin 12 bəndlik deyişməsini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq vermişdir. Sonrakı illərdə Məhtimqulunun əsərləri Azərbaycanda dəfələrlə nəşr edilmişdir. Şairin əsərlərinin müstəqillik illərində ölkəmizdə nəşri bir neçə baxımdan əlamətdardır. Əvvəla, bu nəşrlər türkmən klassikinin əsərlərinin əlyazmaları, o cümlədən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları əsasında həyata keçirilmişdir, buna görə də daha elmi nəşrlər hesab olunur. İkincisi, bu kitablar iki qardaş xalqın, müstəqil ölkənin daha da yaxınlaşmasının, ədəbi əlaqələrinin daha dərindən öyrənilməsinin göstəricisinə çevrilmiş, həmin kitabların AMEA Ədəbiyyat İnstitutunda keçirilən təqdimat mərasimlərində  Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan alimləri M.Fəraqinin Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən yubiley tədbirlərində, bu münasibətlə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, məruzələrlə çıxış etmişlər.

İsa Həbibbəyli və İsmixan Osmanlının bu yaxınlarda işıq üzü görmüş "Məhtimqulu Fəraqi və Azərbaycan" monoqrafiyası müstəqillik dövründə ədəbi əlaqələrimizin tədqiqinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu göstərməkdədir. Türk xalqları ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük türkmən şairi Məhtimqulu Fəraqi əsərlərinin ölkəmizdə nəşri və tədqiqi Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayır.

 

Paşa Əlioğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S. 20-21.