Adil Cəmilin kədər poeziyası.
Bir şeirin estetik
effekti...
Hər dəfə
məni titrədən,
məni əlimdən
alan mövzuya
müraciət etdikdə
halım pisləşir,
özümü idarə
edə bilmirəm. Heç şübhəsiz ki, hər bir valideynin,
atanın övlad itirməsi onun ölçüyəgəlməz kədəridir. Bəlkə belə
kədəri dilə gətirmək üçün
hələ də sözlərin və ifadələrin qıtlığı
mövcuddur.
Bir az
bundan öncə hamımızın istəklisi,
Azərbaycanımızın tanınmış poetik fikir sahibi Adil
Cəmilin gözünün
işığı Orxanın
ölüm xəbəri
onu istəyənləri
yamanca sarsıtdı.
Kədərin miqyası hesabagəlməz
idi. Belə hal, belə vəziyyət yarandıqda,
sanki insanın dünyadan əli üzülür... Amma o, yenə
də Allaha, Ulu Yaradanın Dərgahına üz tutur. Ovunmağa çalışır. Lakin kədərin müqyası
elə böyük olur ki, insan
onun içində boğulur. Eyni zamanda kədər
dərinləşdikcə insan
Allaha yaxınlaşmağa
çalışır. Belə məqamlarda Allah dərin kədərə qərq olmuş insan üçün daha əvəzsiz olur. Sanki bütün dünyasını
dəyişmişlər Allahın
yanında olurlar.
İndi Adil Cəmilə də belə böyük itki üz verdiyindən onun bu faciənin
ağırlığına dözməsi üçün
içindən, sanki bir ilğım keçib düşünür
ki, mənəvi baxımdan saflıq mücəssəməsi olan
oğlu dünyasını
dəyişəndən sonra,
yəqin, o biri dünyasında aramla uyuyacaqdır.
Adil Cəmil də ən yaxın adamını, ciyərparəsini itirən
digər atalar kimi özü-özünə
suallar verir: Görəsən, nə etməliydim ki, onu ölməyə qoymayaydım?!. Adil Cəmilsə əlindən
gələn hər şeyi etmişdi, edirdi və yenə də etməyə hazır idi. Amma neyləyəsən, Fələyin əli qurusun. Onun kəndiri kəsilsin... Ümidi üzülsün...
Adil Cəmil qəlbində Allahı gəzdirən, Dünyanı, Varlığın
gedişatını, gərdişini
mahiyyəti ilə anlayan təfəkkür sahibidir. Təəssüf ki,
bunların heç biri onun karına gəlmədi,
köməyinə yetişmədi.
Gözünün nuru,
qollarının gücü,
qıçlarının taqəti,
iç dünyasını
ziyalandıran, ona yaşamaq üçün
stimul verən istəkli oğlu Orxan ədəbiyyətə
qovuşdu. Adil Cəmil gücsüz,
arxasız qaldı.
Onun gələcəyə olan
inamı öləzidi,
Günəşi söndü.
Amma Adil Cəmil böyük ədəb-ərkanı,
müsəlman dünyasının
qayda-qanunlarını bilən,
irfan düşüncəsi
ilə Allaha bağlı olan insan olduğundan onu da bilib
dərk edir ki, islama görə
ölüm yalnız cismani anlayış olan ayrılıqdır.
O, indi inanır ki, oğlunun həyatı o biri dünyada fərqli keyfiyyətdə davam edəcək. O, cənnət-məkan
olacaqdır. Buna görə də düşünürəm ki,
qardaşımızın həddən
artıq qəmə, qüssəyə düçar
olması da yolverilməzdir. Çünki
indi ərş-kürş
boyda kədər onun iç dünyasını yeyir, daxilində boşluq yaradır, o da həmin boşluqda müvazinətini itirir. Haldan-hala düşür,
kədərin altında
var-gəl edir... Ovunmur ki, ovunmur...
***
Bəlkə də Adil Cəmilin Orxanı ilə bağlı mən içimdə qovrulub yansam da, bu
hüznlü sətirləri
qələmə almayacaqdım...
Tütünüm başımdan
çıxacaqdı... Tüstüm
görünməyəkdi... Amma bu yazı
ortaya gəlməyəcəkdi...
Adilin dünya boyda dərdini, ailə faciəsini bu sətirlərin köməyi ilə bölüşməyəcəkdim ki, bölüşməyəcəkdim...
Hisslərimi tarıma çəkən
bir şeir olmasaydı.
22 iyun 2019-cu ildə Adil Cəmilin "Ədəbiyyat
qəzeti"ndə nəşr
etdirdiyi "Ay oğul
atası, oğulsan tabla" şeiri məni öz əlimdən alıb, yaman günə qoydu, içimə duz səpdi...
Adilin bu şeirini qəhərsiz, hıçqırıqsız
oxumaq olmur. Müəllif onun içinə, sanki ona qədər
oğul itirmiş bütün dünya şairlərinin qəmini,
qüssəsini, kədərini
böyük ustalıqla
köçürə, yükləyə
bilib. Şeirdə valideyn, ata kədəri özünün
ən pik nöqtəsinə çatıb.
Həmin
sətirlərdən doğrudan
da şairin "ürəyinin şana-şana,
qəlbinin dilim-dilim"
olduğu, eyni zamanda itirdiyi oğlunun yoxluğu ilə barışmayıb,
onun otağının
qapısını açmağa
"əli gəlməyib",
onsuz dözə bilməyən içinin sızıltısını qoyub.
Belə ovqat və hisslərini şair xüsusi bir hüznlə qələmə alıb:
Sənsiz ötüşməyir
bircə anım da,
İçim sızıldayır - bəlkə
duyursan?
Atamın, anamın
qəbri yanında
Mənim əvəzimə sən uyuyursan.
Şeirin sonrakı
bəndində isə
o, sanki bizlərin, dostlarının da üzüldüyünü hiss edib, bəndi aşağıdakı kimi
tamamlayır:
...Dostlarım gözünü gizləyir
məndən
Söz tapa bilməyir təskinlik üçün
- deyir.
Adil Cəmilin "Ay oğul atası, oğulsan tabla" şeiri təkcə şairin öz matəmi, öz ailə kədəri kontekstində
qapanıb qalmır, oğul itirən ataların hamısının,
həm də digərlərinin hiss və
duyğularını qələmə
almaq baxımından dəyərli poetik nümunə səviyyəsinə
qalxır. Hətta deyərdim ki,
bir sıra hallarda Böyük Vətən müharibəsində
oğlunu itirmiş orijinal rus şairi,
ədəbiyyatımızın və mədəniyyətimizin
yaxın dostu Pavel Antokolskinin "Oğul" şeirindən
də üstündür.
Adil Cəmilin özünün
hüzn dolu poetik sətirləri məna, məzmun, mahiyyət, ata kədərinin nəhayətsizliyini
əks etdirmək baxımından əvəzsiz
bir örnəkdir.
Eyni zamanda bu kədərin
təsiri ailə,
dost-tanış müstəvisindən
kənara çıxıb,
çarəsi tapılmayan
bir aha, fəğana çevrilir. Amma buna
baxmayaraq, Adil Cəmil dünyanın gedişatını, həyatın
dönüklüyünü yaxşı dərk etdiyindən, həm də kədərə qalib gəlmək əzmindədir. Bunu
biz aşağıdakı bənddəki
fikirlərdən apaydın
görürük:
Ay oğul atası, oğulsan tabla,
Gedəni qaytarmır bu fəryad, bu ah.
Deyirlər, möhkəm
ol, özünü topla -
Verən də Allahdır, alan
da Allah...
Şeirin bu, həm də yenidən müraciət edəcəyimiz ən sonuncu bəndində şairin həyata daha praqmatik rakursdan baxmaq cəhdi onun dünyanın gedişatı
haqqında fikir və müşahidələrinin
yekunu kimi ortaya gəlir:
...Nə olum təzədir, nə ölüm təzə,
Məzar nöqtəsidir gedilən
yolun.
Ay ata, ay ana, qurbanam sizə
Nakam nəvənizdən
muğayat olun...
Bax, yuxarıda da bunu deyirdik ki,
şair təkcə bu yox, həm
də ölümdən
o yandakı həyatına
öz ciyərparəsi
üçün qayğı
soraqlayır.
Bəlkə də
"nikbin ölüm"
ifadəsi səslənmir
və "nikbin" sözünün yanında,
onun düzümündə
"ölüm" sözü
"nikbin"in ifadə
effektini, onun semantik yükünü və gücünü heçə endirir. Amma, nədənsə, biz Adil Cəmilin şeirində oğlu Orxanın yoxluğuna "nikbin ölümə" rekviyem
ifadəsini işlətməkdə
israrlıyıq. Adil bu şeiri ilə öz övladının yoxluğu, dünyasını
dəyişməsi ilə
bağlı ağrı-açısını
təsvir etməklə
poetik Olimpin ən yüksək zirvəsində qərar tuta biləcəyini nümayiş etdirib.
Hüzn
şairləri çoxdur. Onlar
Azərbaycanda, Türkiyədə, Şərq ölkələrində,
Rusiyada və digər yerlərdə olduğu kimi, Avropada, Qərbdə də yetərincədir.
Hərə də özü bildiyi, bacardığı kimi
yazıb, yazır və yazmaqdadır. Adilin
Orxanı haqqında yazdığı şeir
isə tamamilə fərqli poetik nümunədir.
Bu mövzuda dünyaca məşhur
şairlər Edqar Po,
Şarl Bodler, Uilyam Bleyk, Aleksandr
Puşkin, Mixail Lermontov, Zinaida Gippius, Fyordor Tütçev, Pavel Antokolski və digər onlarca
başqaları nümunələr qələmə alsalar da, yenə də təkrar
edirik ki, Adil çağdaş
şeirimizdə kədər poeziyasına yalnız
adını çəkdiyimiz bircə şeiri
ilə öz möhürünü
vura bilmişdir.
Nizami
Tağısoy
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.21.