Azadlıq, yaşamadığımız həyatdır...

 

Ayın gecəyə səbr etməsi

onu açıq-aydın bir hala gətirir.

Gülün tikana səbr etməsi onun

gözəl ətirli olmasına səbəb olur.

 

Cəlaləddin Rumi

 

Dənizçiliklə yanaşı, jurnalist fəaliyyətini davam etdirən, şeir hekayələr müəllifi olan Faiq Balabəylinin "Burda darıxmaq olmaz" kitabı ilk növbədə, səbrin, dözümün bəhrəsidir. Yaşamalı olduğu məhbəs həyatı bu həyatın qazandırdıqları kitabı ərsəyə gətirib desək, yanılmarıq. Qasım bəy Zakirə "Durnalar"ı,  Xəlil Rza Ulutürkə  "Lefortovo gündəliyi"ni yazdıran  məhbusluq Faiq Balabəyliyə "Burda darıxmaq olmaz", "Bayıldan bayıra" kitablarını yazdırdı. Kitabın adı da maraqlıdır, içindəki şeirlərin ümumi ruhunu, poetik ovqatını ifadə eləyir. O qədər ki, burda doğrudan da, darıxmaq heç yada düşmür.

Faiq Balabəylinin misraları şairin həyat, sevgi, ailə, dostluq, vətənlə bağlı düşüncələrini, həsrətini, nisgilini təcəssüm etdirir. Məhbəs şeirlərinə ad qoymayan şair onların vaxtsa ünvanına çatacağına, özünün əsl dəyərini tapacağına inanaraq yazır ki:

Məhbəsdə yazdığım  şeirlərə

Ad qoymuram

Hələ ki adsız yaşayırlar.

Yaxşı şeir yaxşı oğul kimidir

vaxtsa özlərinə ad qazanarlar.

 

Faiq Balabəyli heç kəsin görmədiyi, hamıdan uzaq olan həyatın acı gerçəklərini, həyat lövhələrini, insan mənzərələrini poetikləşdirir. Azadlıq anlayışı bu şeirlərdə əsas refren kimi mənalanır bu, təbiidir. Həyatla ölümün, ümidlə ümidsizliyin bir addımlığında olan insanlar üçün ən qiymətli olan azadlığın özüdür:

 

Axşamkı yağışdan sonra

Azadlığa çıxmaq həvəsim

Birəbeş artdı.

Dünya ürəyimə daha da yatdı,

Oğlumun alnından öpmək istədim

Qızımın saçından,

Anamın ürəyindən...

 

Ümidsizliyə qapılıb nahaq yerə itirdiyi günlərinə, adına yaxılan böhtanlara heyifsilənən, lakin ailəsinin, yaxınlarının inamı, qayğısı ilə ayaqda durub, bütün çətinliklərə sinə gərməyi bacaran Faiq Balabəyli bütün şeirlərinin qəhrəmanıdır. Dostlarından biri qeyd edir ki, "dünyada yaxşı olmayan hər şeyə Faiq Balabəylinin şeirləri ilə üsyan etmək mümkündür". Həqiqətən həbsxanada olarkən dünyanın hər üzünü görən, onlarla insan tanıyan, müxtəlif həyat hekayələri dinləyən şair müşahidələrini misralara çevirməklə şahidi olduğu hər hadisəyə münasibət bildirməkdən çəkinməmişdir:

 

Burda insanlar müxtəlifdi,

Bayırda olduğu kimi.

Bayırda da oğru var,

                        doğru var,

Yalandan danışanlar,

Yalanadan irişənlər

Yalandan görüşənlər

ayrılanlar.

 

Məhbəsin soyuq divarları arasında fiziki azadlığından məhrum olsa da, daxili azadlığını dərk edən müəllif bu duyğunu özünəməxsus şəkildə mənalandırır... Şeirlərinə sığınır, onların işığına sığınıb sabaha yol, ünvan arayır:

 

Azadlıq

Yəqin, heç vaxt görə bilməyəcəyim,

Duya bilməyəcəyim bir zatdır.

Azadlıq - azad olmaq

Azad yaşamaq

Azad düşünmək,

Bir sözlə, yaşamadığımız həyatdır.

 

Söz oyunu üzərində qurulan şeirdə azadlığa müxtəlif aspektlərdən yanaşan azadlığın həsrətini daşıyan müəllif özünü ədəbiyyata təslim etməklə, sanki mübarizə formatını dəyişmiş olur. Ağır günlər keçirən, həyatın zərbəsindən sarsılan Faiq Balabəylinin məhbəsdəki yaşantılarından bəhs etdiyi şeirlərində dustaqları adi insan kimi yox, xüsusi bir kateqoriya kimi dəyərləndirməsi inciyən, sarsılan şair qəlbinin hayqırtısına çevrilir:

 

Üzündə zərrəcə sevinc tapılmaz,

Gələr xəyalına nələr dustağın.

Axşamlar gördüyü şirin yuxular

Tərsinə yozular səhər dustağın.

 

Faiq Balabəylinin məhbəs şeirləri arasında ailəsinə ünvanladığı nümunələr çoxluq təşkil edir. "İçimdə sənsizliyi daşıyıram" deyə səsləndiyi ömür-gün yoldaşına çoxsaylı şeirlər ithaf edən şair sevgisini , həsrətini misralara hopdurub "çöl"ə çıxarırdı.

Gəldin ürəyimdən qəmi çıxardın,

Dumanı, çiskini, çəni apardın.

Qış vaxtı ömrümə gələn bahardın

Yaman bənzəyirdin çiçəyə-gülə

Niyə görməmişdim səni mən belə.

 

Şairin oğluna qızına həsr etdiyi, onları göz önünə gətirərək yazdığı şeirlərin duyğu yükü olduqca ağırdır. Ata həsrətini, nisgilini  ifadə edən şeirlər o qədər səmimi təsirlidir ki...

 

Məktubun oxudum

sətirlərin arasında

ürəyinin çırpıntısını

gözlərinin nəmini

gördüm, oğul.

 

ya qızının ad günündə yanında olmadığından kədərə boğulan şair yazır:

 

Mən dünyanın küskünü,

Yəqin, inciyib məndən.

Saçlarını oxşayıb,

Öpməmişəm üzündən,

Qızım tək qalıb indi,

Gözlərimin içində

Mən düşmüşəm gözümdən.

 

Bu şeir kitabdakı ən təsirli poetik nümunələrdən biridir. Əlbəttə, buradakı bədbin ovqat, dekadans çalar nəzərdən qaçmır, hətta Faiq Balabəylinin o çətin günlərində Azər Turanın yazdığı belə bir qeydlə rastlaşırıq ki, "Qızının ad gününə yazdığı şeirdə olduğu kimi, dostumuzun bədbinliyə qapılmasını istəməzdim. Çünki içərisində gəzdirdiyi işığa belə həssas olan, qaranlığa qarşı belə güclü müqavimət hissi bəsləyən insanın bədbin olmasını qəbul etmək olmur". Bununla belə, yaşanılan hissin təzahürü olduğundan ilk növbədə, duyğuların səmimi ifadəsindən hasilə gəldiyinə görə oxucunu da öz poetik aurasına daxil edir, inandırır.

Klassik ədəbiyyatda olduğu kimi, müasir dövr bədii nümunələrimizdə şairlərin nəsihət xarakterli şeirləri kifayət qədərdir. Ağır sınaqla üzləşən Faiq Balabəyli oğluna, qızına ithaf etdiyi çoxsaylı şeirlərində həsrət yanğısının ifadəsinə üstünlük versə , nəsihətlərindən qalmır. Daha çox düşüncələrin təcəssümünə köklənən bu şeirlər gənclərə inam aşılayan ənənəvi nəsihətlərdən fərqlidir. Burada müəllif insanlara inanmağı deyil, inanmamağı təlqin edir bu fikirdə, ümumən ömrün hesabatı sərgilənir: təəssüf, yanğı, peşmanlıq s.

 

Sən

Bu məmləkətdə

Ağaca, daşa inan

Yazdan sonra yaya,

Payıza, qışa inan.

Göydə qanadı qırılan,

Yerdə ayağı sınan

Heyvana, quşa inan

İnsanlara inanma, oğul!

 

Arzu edək ki, Faiq Balabəyli, eləcə də heç bir söz adamımız çətin, məşəqqətli zindan həyatı ilə sınanmasın. Çünki bu həyatın qazandırdıqları itkiləri ilə müqayisədə çox azdır.

 

Nərmin Cahangirova

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S.22.