Sənsiz soyuq dəyir gecələrimə

 

Daha hər çağırışı dinliyəmmirəm,

Ağzım yaman yerdə dirənib dağa.

Sənsiz ürəyimə söz deyəmmirəm,

Başlayır özünü yumruqlamağa.

 

Karvan səsidimi yenə yüksələn -

varaq önündə bir səhra kimi.

Sənsiz bir dəvəyəm, ərəbi ölən -

Qalmışam səhrada müqəvva kimi.

 

Durum necə girim, necə, yerimə?

Olan-qalanı da qəm ayaqlayır.

Sənsiz soyuq dəyir gecələrimə.

Bulud yatağında Ay sayaqlayır...

 

Qayıt ömrümə sən

 

Diqqət hədəfisən hələ çoxunun,

Elə ki, bu qayğı bezdirər səni -

Həyat yenə alar dalğalarına

Başsız qayıq kimi gəzdirər səni.

 

Büdrəyə-büdrəyə keçib gəldiyin

Bu əyri yollardan doyduğun zaman -

Yatan ürəyini ayılda bilsən

Küsülü illərin toranlığından -

Sıyrılıb gün kimi, çıxıb gün kimi

Əsl bayram kimu, toy-düyün kimi

Qayıt ömrümə sən! -

Qayıda bilsən!

 

Ana həsrətinlə körpə quzu tək

Görüş yollarında ayaq döyürsən.

Soyuyub soluxan qütb ulduzutək

Üzümə əlacsız gülümsəyirsən.

Mənə bu uzaqlıq - illi-əsrli!

mənə bu soyuqluq - qılınc kəsərli!

Günəş ol - mən işıq arzulayıram,

Ömrümə yaraşıq arzulayıram.

Əgər nəfəsinlə isidib məni,

Donan ürəyimi oyada bilsən -

Od kimi, nur kimi, hərarət kimi

Məhəbbət adlanan cəsarət kimi

Əvvəlki ürəklə, əvvəlki qəmlə,

Əvvəlki sirr dolu şirin aləmlə

Qayıt ömrümə sən! -

Qayıda bilsən!

 

Ötəri buludtək dolmağa var,

Ömür istəyirəm gurşadla yağsın.

Dünyada arxasız qalmağa var -

Heç kəs məhəbbətdən yetim qalmasın!

Nəğmə aparmısan özünlə birgə -

Ömrüm səssiz qalıb, sədasız qalıb.

Dəniz aparmısan gözünlə birgə -

Ürəyim tufansız, dalğasız qalıb.

Bir iblis qanıma yaman giribdir,

Çeşmə ürəyimi lilləndiribdir.

Nələr çəkməmişəm bu yolda, bilsən...

Ağrı-acıları unutdurmağa,

İkimiz isti bir yuva qurmağa

Çıxım yollarına sənə tuş kimi -

Hardasan?

Qanadlan qaranquş kimi

Qayıt ömrümə sən! -

Qayıda bilsən!

 

Dünya haqqında qoşma

 

müddətdi üz sürtürəm üzünə,

Köksü geniş, yolları dar dünyadı.

Ana deyib baş qoymuşam dizinə,

Can desə , bietibar dünyadı.

 

Uşaq olub şirni aldım əlindən,

Cavan olub yerə dəydim belindən,

Baş açmadım fitnəsindən, felindən,

Qəmində gül, gülündə qar dünyadı.

 

Göz qamaşır günəşinin gözünə,

Evindəyik, deyək ki, üzünə?

Eh, məni oxşadıbdı özünə,

Yazda xəzan, qışda bahar dünyadı.

 

Kimə yoldu, kimə yükdü, kimə at,

Kimə dostdu, kimə yardı, kimə yad,

Nar bağına oxşayırsa kainat

Qoynundakı ən şirin nar dünyadı.

 

Onun bulaq dodaqları bizik, biz,

Onun yarpaq qulaqları bizik, biz,

Onun torpaq qonaqları bizik, biz,

Gözü gülər, köksü ağlar dünyadı.

 

Milyon-milyon yuva quran o quşdu,

Milyon-milyon sorğulardan sovuşdu.

Asta yeri, dörd yan eniş-yoxuşdu,

Ömür kimi çox nahamvar dünyadı.

 

Yiyə çıxan ona görən kim idi?!

Küləkləri talelərin simidi;

Gah müdriklər, gah keflilər kimidi,

Gahdan ayıq, gahdan xumar dünyadı.

 

Ey Səyavuş, oddan köynək geyirik,

Yarat deyə, ömrümüzü yeyirik;

İnanma ki, qoca dünya deyirik,

Əlində gül, dilində yar dünyadı...

 

Bu gələn qatar

 

Dilsiz baxışlarda dil açır bahar,

Çiçəyə bələnər dünya deyirəm;

İlk görüş gətirir bu gələn qatar,

İlk görüş gətirir...

Mən gözləyirəm.

 

Yayı qarşılayır nərgizli dağlar,

İstək olan yerdə kədər, qəm;

Məhəbbət gətirir bu gələn qatar,

Məhəbbət gətirir...

Mən gözləyirəm.

 

Payız yağışına qoşulur bağlar,

Hər qonan yarpaqda inildəyirəm;

Göz yaşı gətirir bu gələn qatar,

Göz yaşı gətirir...

Mən gözləyirəm.

 

Rəhmlə, hüznlə səpələnir qar,

Kəfənə bələnir gözümdə aləm;

Ayrılıq gətirir bu gələn qatar,

Ayrılıq gətirir...

Mən gözləyirəm.

 

 

Pəncərə önünə həmişə sən gəl

 

Saçın dan yeritək şehdə yuyunsun,

Sən oyan nəğməli quşlardan əvvəl.

Qəlbimin dərdləri bir az uyusun,

Pəncərə önünə həmişə sən gəl.

 

Bu təmiz, bu sadə təbiətinlə

Ucal gözlərimdə, göylərə yüksəl.

Məni yandırmağa məhəbbətinlə

Pəncərə önünə həmişə sən gəl.

 

Dünyaya qəlbimdən baxır pəncərəm,

Onun gözlərinə dəyməz kənar əl.

Qəlbimdən dünyaya baxmaq istəsəm -

Pəncərə önünə həmişə sən gəl.

 

Eh, yenə həsrətin gözümə dəydi

 

Yarpaqlar töküldü yağış, qar kimi,

Meşəni həsrətə bələdi payız.

İl boyu yazdığı məktublardımı -

Eşqini torpağa ələdi payız?

 

Sənin həsrətinə büründü aləm,

O qumral saçların gözümə dəydi.

Düşən yarpaqların biri deyirəm,

Məktuba dönəydi, səndən gələydi.

 

Sözümü doğru bil, səmimiyyət bil,

Dünya bağışlamaz hər avaz mənə;

Məhəbbət xətrinə qismətim deyil,

Nəzakət xətrinə məktub yaz mənə.

 

Yaz, Xəzər eşqi var - sənsiz hönkürən,

Sən keçən yerlərin kefi duruldu;

Sən minən avtobus bildimi görən

Şəhərin ən şirin mahnısı oldu!

 

Yaz, ömrün yolunu qəfildən kəsən

Bir qəfil məhəbbət ağrılarından.

Yaz,bircə qızının üstünə əsən

Dalğasaç ananın intizarından.

 

Yetər, üzdü məni adilik, yetər!

Qeyri-adiliyə əvəz ol, əvəz.

Eh, səni aldatmaq - ölümdən betər,

Özümü aldatmaq - ağlıma gəlməz!

 

Sərin ahlarımı öpsün duman, çən,

Bir bu intizar düşərmi ələ?

Səni tanımışam - sevdiyim gündən,

Özümü tanıya bilmirəm hələ.

 

Yaz... nədən dərdini udar, ovudar,

Eşqin ayağına döşənər insan?

Onu sevənləri atar, unudar,

Onu sevməyəni düşünər insan?

 

Özgədən umuruq sevincimizi,

Karıq qəlbimizin bayram səsinə.

Görə bilməyirik öz incimizi,

Möhtacıq özgələr sədəqəsinə!

 

Bir payız saraldı - gözündə bahar,

Yay günü qəfildən yağan qaram mən.

Şeirlər qalırsa səndan yadigar -

Bəxtimə gör necə minnətdaram mən.

 

Uzaq duyğuların dalğası kimi,

Hərdən pəncərəmə külək dəyirdi.

Saralan bir nərgiz topası kimi,

Günəş mənimtək qəribsəyirdi.

 

Məktub yaz, əzizim, məktub yaz mənə,

Onu qəlbim kimi açım oxuyum.

Bir dəfə, beş dəfə, on dəfə yenə

Öpüm, gözlərimin üstünə qoyum...

 

Səyavuş Sərxanlı

 

Təqdim etdi: Tural ADIŞİRİN

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S.25.