"Könül
işi"
İxtisarla
Xeyli vaxtdır Haqq aşığı Aşıq Alının çağdaş və gələcək nəsillər üçün əvəzsiz xəzinə olan ədəbi irsinin toplanması və tərtibi işiylə məşğulam. Tərtib etdiyim kitabda qarşıya qoyulan əsas məqsəd aşığın indiyə qədər işıq üzü görmüş kitablarında necə gəldi çap edilən cinaslarının düzgün qurulması və ətək şərhinin verilməsi olmuşdur. Bunun üçün əlimin altında olan bir sıra yazılı və elektron mənbə tədqiqat obyektinə cəlb edilmişdir.
Aşıq Alının katiblər tərəfindən dəyişiklik edilmədən, zədəsiz gəlib günümüzə çatan şeirləri çoxdur. Həmin şeirlər başladığım işi uğurla görməkdə, səhv mətnləri əslinə çevirməkdə əldən tutmuşdur.
...Aşıq Alının ilk şeirlər kitabını ("Aşıq Alı", Bakı, 1975 ) toplayıb çap etdirmiş şəxs kimi hörmət və ehtirama layiq olan Hüseyn Hüseynzadə (Hüseyn Arif) yazırdı: "... hafizələr nə qədər güclü olsa da, kitab deyildir". Aşıq Alının bəzi şeirlərinin əlimizə təhrif olunmuş şəkildə yetişməsinin bir səbəbi də yaddaşlardan qüsurlu qələmə alınmasıdır.
Vaxtilə Aşıq Alının yubileyi ərəfəsində kitabını nəşrə hazırlayanlar ya səhvən, ya qeyri səbəbdən onun şeirlərinin içərisinə Aşıq Alı yaradıcılığına aid olmayan xeyli dəyərsiz şeir salmışlar. Mən onları ayırd (saf-çürük) edib qırağa qoydum. Birmənalı olaraq kitablarda gedən səhvlərə baxmayaraq, Alı irsinin toplanmasında və çapında xidməti olan hər kəs ehtirama layiqdir. Burada istifadə olunan yazılı mənbələrin (kitablar) adını çəkmək və haqqında bəzi qeydlər yerinə düşər:
1. "Aşıq Alı" ("Azərbaycan Dövlət Nəşriyyatı", Bakı, 1975), toplayan və tərtibçi Hüseyn Hüseynzadə (Hüseyn Arif);
2. "Aşıq Alı" ("Yazıçı", Bakı, 1982), toplayıb tərtib edənlər Əli Əmirov, Şamil Əsgərov, Mürsəl Həkimov;
3. "Xalqımızın deyimləri və duyumları" ("Maarif" nəşriyyatı, Bakı, 1986), toplayıb yazıya alanı, işləyəni və tərtib edəni Mürsəl Həkimov;
4. "Aşıq Alı, Əsərləri" ("Avrasiya Press", Bakı, 2006), tərtib edəni Hüseyn İsmayılov;
5. "Aşıq Alı, Əsərləri" ("OL" MMC, Bakı, 2013) tərtib edən və redaktor Qabil Zimistanoğlu.
Vaxtilə "Mən Alını axtarıram" adlı məqaləsiylə ölkə mətbuatında çıxış edən Hüseyn Arifin tərtib etdiyi kitab Alı irsinin toplanması istiqamətində ilk təməl daşı sayılmalıdır. Ondan sonra ustad aşığın xalq arasından əsərlərinin toplanması işi vüsət almış və şeirləri respublikanın bir çox qəzetlərində (o cümlədən rayon qəzetlərində) çap olunmuşdur.
Kollektiv tərtibçilər tərəfindən 1982-ci ildə nəşr edilən kitaba düşən şeirlər digər kitablarla müqayisədə ilkin varianta daha yaxın şəkildə verilmişdir. Amma bu kitabdakı şeirlərdə də cinasların səhv quruluşu var. "Nə gözəl, gözəl" (s.89) təcnisinin birinci və ikinci bəndi belə getmişdir:
Nazlı canan, nə şahanə gəzirsən,
Dolandın gülşəni nə gözəl-gözəl.
Bax şümşad əlinə, şəhla gözünə,
Qüdrət xəlq eyləyib nə gözəl-gözəl.
Adət budur həmsər sərin
dolana,
Qəza tutmaz həm sər sərin
dolana
Gözəl əyal, həm sərsərin
dolana,
Ondan həbib olmaz, nə
gözəl-gözəl.
olmalıdır:
Nazlı canan, nə şahanə gəzirsən,
Dolandın gülşəni
nə gözəl, gözəl.
Bax şümşad əlinə,
şəhla gözünə,
Qüdrət xəlq eyləyib
nə gözəl göz, əl.
Adət budur həmsər sərin
dolana,
Qəza tutmaz həm sərsərin
dolana,
Gözəl əyal, həmsər sərin
dolana,
Ondan həbib olmaz, nə
gözəl, gözəl.
Həmin kitabda Alı qələminə,
dəst-xəttinə, üslubuna yad olan (səh. 9; 14; 99 və
s.) şeirlər də yer almışdır ki, mən
onları kitaba salmadım. İki şeir isə
(s.82-83) bir-birinə qarışmışdır. Eyni zamanda bəhs edilən kitabdan Aşıq
Alının indiyə qədər çap olunmuş başqa
kitablarına düşməyən 17 şeir tərəfimdən
götürülüb. Bunlar
aşağıdakılardır:
qoşmalar bölməsindən -
"Bilmərəm", "Gəlmişəm", "Deyərlər",
"Yetirdin", "Şafada", "Tükəzban",
"Dolanım", "Bu yerə", "Alı",
"Ay Sona", "Eylər"; ustadnamələr bölməsindən
- "Vermə", "Olmuşam"; təcnislər
bölməsindən - "Sayana, xanım",
"Balaxanım", "Bu dağa", "Ya dəli dəysə".
Mürsəl Həkimovun tərtibçiliyi
ilə 1986-cı ildə çapdan çıxan
"Xalqımızın deyimləri və duyumları"
kitabında gedən "Aşıq Alının Türkiyə
səfəri" dastanından aşığın indiyə
qədər heç bir kitabında rast gəlinməyən 2
şeiri götürülüb bu kitaba
salınmışdır. Bunlar
"Öldürür" və "Sazım" şeirləridir.
Yeri gəlmişkən, "Aşıq
Alının Türkiyə səfəri" dastanının
kitablarına düşmüş digər variantından da
kitaba şeirlər salınmışdır.
2006-cı ildə Hüseyn
İsmayılovun tərtibçiliyi ilə nəşr olunan
"Aşıq Alı. Əsərləri" kitabı Aşıq Alı
irsinin az toplanması ilə seçilir.
Alının zəngin təcnislərindən kitabda az qismi yer almışdır ki, onların da
cinası qüsurlu verilmişdir. Sözə söykək
üçün kitabda səhv gedən təcnislərdən
bir neçəsini misal göstərək:
"Damı dayansın" (səh.105)
təcnisinin birinci bəndinin son misrası belə getmişdir
-
"Qiyamət oduna damı da
yansın",
olmalıdır -
"Qiyamət oduna damıda
yansın".
"Ərəb və fars tərkibli sözlər lüğəti"ndə
damı sözünün bir mənası da fars
dilində cəhənnəm deməkdir;
"De bir üz-bir üz" (səh.106)
təcnisinin birinci bəndinin son misrası belə getmişdir
-
"Yetirin loğmana, de bir üz-bir
üz",
olmalıdır -
"Yetirin loğmana, de
birüz-birüz". Aşıq misrada biriniz məni loğmana
yetirin deyir.
"Aya qalmasın" (səh.107)
adlı təcnisin birinci bəndinin hər iki cinası səhvdir.
Getmişdir:
Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ayaq
almasın.
Gəzdim dostun baxçasına seyr
etdim,
Görmədim bağında
ayaq almasın.
Olmalıdır:
Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ay ağ almasın.
Gəzdim dostun
bağçasını seyr etdim,
Görmədim bağında ay ağ almasın.
İkinci misranın cinasında
almazdan (kəsərdən), dördüncü misranın
cinasında isə meyvədən (ağ
almadan) söhbət gedir.
Qeyd edilən kitabda, eyni
zamanda xeyli qurama şeir yer almışdır. 56-cı səhifədəki "Düşmüşəm"
adlı mətn qoşma bölməsində getmişdir. "Balaya", "nara", "ahu-zara" və
"daşa" qafiyələri qoşmaya nə qədər
uyğundur. Eyni zamanda 53-cü səhifədə
gedən "Könül" qoşması o dövr
aşıqlarına xas ənənədən kənara
çıxaraq möhürbəndsiz verilmişdir.
2013-cü ildə Qabil
Zimistanoğlunun tərtibçisi və redaktoru olduğu
"Aşıq Alı, Əsərləri" kitabı
Aşıq Alı əsərlərini özünə qədərki
kitablar içində ən çox cəmləyən kitab
kimi səciyyələnir. Belə üstün məziyyətinə
baxmayaraq, təəssüf ki, kitabda Alı
ustalığına, üslubuna yad xeyli qüsurlu (qurama)
şeirlər getmişdir. Bu şeirləri ayıq
gözlə oxuyan oxucu şeirlərin qəlibə
oturmadığını dərhal hiss edər.
Bundan başqa,
"Cinaslar" (Bakı, Yazıçı, 1985, tərtibçilər
Məmməd Aslan və Elxan Məmmədli) və
"Aşıq ədəbiyyatı antologiyası"
(Bakı, 2017, I cild, tərtibçilər Məhərrəm
Qasımlı və Mahmud Allahmanlı) nəzər etdiyimiz
kitablar içərisində olmuşdur. "Cinaslar"
kitabından Alının 3 gözəl şeiri - 1 cinas gəraylısı
("Oyanam mən") və 2 təcnisi ("Yarasan məni",
"Ay beləsi nə")
götürülmüşdür.
Adları çəkilən
kitablarda rast gəlinən səhv sözlər kontekstin
(misradakı məzmunun) tələbinə uyğun olaraq ilkin
varianta qaytarılmışdır. Oxucuya və ədəbi aləmə
maraqlı ola biləcəyi fikriylə
şeirlərdə düzəldilən sözlərin bəziləri
nümunə olaraq aşağıda verilir:
getmişdir:
"Yüklənibdir qəflə,
qatır, barxanam,
Fənadan üçvaya
köçürəm bu gün".
olmalıdır:
"Yüklənibdir qəflə,
qatır, barxanam,
Fənadan üqbaya
köçürəm bu gün".
(Bu dünyadan axirət evinə
(üqba - ərəbcə axirət evi, o dünya deməkdir)
köçməkdən söz edilir).
"Bu gün";
getmişdir:
"Beş surə Zənburdan,
üçü Tövratdan," (s.119, "Aşıq
Alı, Əsərləri", "OL" MMC, Bakı, 2013),
(s.75, "Aşıq Alı", Yazıçı, 1982)
olmalıdır:
"Beş surə "Zəbur"dan,
üçü "Tövrat"dan," (səmavi kitablardan
bəhs edilir)
"Asan";
getmişdir:
"Behiştin meyvəsi
başdan-ayağa
Yetişdi Səncərin
budağı tək-tək". (s.47, "Aşıq Alı, Əsərləri",
"Avrasiya Press", Bakı, 2006), (s.33, "Aşıq
Alı", "Azərbaycan Dövlət Nəşriyyatı",
Bakı, 1975)
olmalıdır:
"Behiştin meyvəsi
başdan-ayağa
Yetişdi şəcərin
budağı tək-tək". (ağacdan bəhs
edilir - şəcər ağac deməkdir)
"Tək-tək";
getmişdir:
"Guşeyi-izətdə xaba
dalmadım," (s.115, "Aşıq Alı, Əsərləri",
"OL" MMC, Bakı, 2013), (s.76, "Aşıq
Alı", Yazıçı, 1982)
olmalıdır:
"Guşeyi-izlətdə xaba
dalmadım," (guşeyi-izlət fars
dilində tənhalıq guşəsi mənasını verir)
"Mənəm"
getmişdir:
"Deyər Aşıq Alı meydan
içində,
Oxudum dərsimi meydan içində,
Doxsan min kəlməni meydan
içində,
İsbat eylə, sübut eylə
dal-dala."
(s.158, "Aşıq Alı, Əsərləri",
"OL" MMC, Bakı, 2013), (s.102, "Aşıq Alı,
Əsərləri", "Avrasiya Press", Bakı, 2006)
olmalıdır:
"Deyər Aşıq Alı meydən
için də,
Oxudum dərsimi meydan içində,
Doxsan min kəlməni meydan
içində,
İsbat eylə, sübut eylə
dal-dala."
"Dal-dala";
getmişdir:
"Rüstəm qəhrəmanı,
Zalı deyirəm,
Səxavətdə Hatəm
hanı deyirəm?!
Alıyam koxanı, xanı deyirəm,
Düşəcək
qovğaya bil yavaş-yavaş".
(s.30, "Aşıq
Alı", "Azərbaycan Dövlət Nəşriyyatı",
Bakı, 1975), (s.84, "Aşıq Alı, Əsərləri",
"OL" MMC, Bakı, 2013), (s.46, "Aşıq Alı,
Əsərləri", "Avrasiya Press", Bakı, 2006).
Qoşmanın tələbinə
görə misrada sözlərin yerini dəyişəndə
forma düzəlir:
"Rüstəm Zalı - qəhrəmanı
deyirəm,
Səxavətdə Hatəm
hanı deyirəm?!
Alıyam koxanı, xanı deyirəm,
Düşəcək
qovğaya bil, yavaş-yavaş".
"Aşıq Alı, Əsərləri"
("OL" MMC, Bakı, 2013) kitabında "Ay ilə-ilə"
adlı dodaqdəyməz ayaq təcnisdə (s.161) cinas söz
"ay ilə-ilə" olduğu halda, birinci bəndin ilk
beytində cinas "ayilə ilə" əvəzinə
"nazlı yar gələ" şəklində
getmişdir. "Aşıq Alı, Əsərləri"
("Avrasiya Press", Bakı, 2006) kitabında
"Başa-baş" cığalı təcnisində
(s.108) ikinci bəndi təşkil edən cinas "bir qala"
olduğu halda, üçüncü misrada "Ağlayana can
vermərəm nə qala" şəklində getmişdir. Tərtib etdiyim kitabda belə səhvlərin
hamısı düzəlib və izahı verilib. Adıçəkilən hər iki kitabda
aşığın "Dal-dala" şeirinin (birinci kitabda
s.158; ikinci kitabda s.102) başdan iki misrası məzmunun tələbinə
uyğun gəlmir. Hər iki kitabda beyt belə
getmişdir:
"İsmin üç hərifdi elədim
bəyan,
"Cim"di,
"mim"di, yazılıbdı dal dala".
Birinci misranın verdiyi
informasiyaya görə şeirdə ərəb əlifbasındakı
üç hərfdən bəhs edilir. Hər iki
kitabda isə "cim" və "mim" var,
üçüncü hərf isə yoxdur. H.Arifin tərtib
etdiyi kitabda həmin şeirin bəhs edilən beyti belə
getmişdir:
İs"Cim"di,
"mim"di, "nun" yazılıb dal dala. ("Aşıq
Alı", Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı, 1975, s.44).
Ərəb əlifbasında
bu üç hərfin birləşməsindən "Məcnun"
sözü yaranır. Sadəcə, beytin ikinci misrasında hərflərin
ardıcıllığı pozulmuşdur. Düzgün
variant belədir:
"İsmin üç hərifdi,
eylədim bəyan,
"Mim"di, "cim"di,
"nun" yazılıb dal dala,".
Aşığın dörd şeir
kitabının üçündə "Aşıq
Alı", (Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı, 1975, s.33); "Aşıq Alı, Əsərləri"
("OL" MMC, Bakı, 2013, s.55); "Aşıq Alı,
Əsərləri", ("Avrasiya Press", Bakı, 2006, s.47;) məşhur "Tək-tək"
şeirinin ikinci bəndinin birinci beyti səhv redaktədə
getmişdir:
"Qətrəsi xəyatı, bədəni
dürdən,
Xudam xəlq eyləyib bir qətrə
nurdan".
Əslində beyt belədir:
"Qətfəsi xəyyatı, bədəni
dürdən,
Xudam xəlq eyləyib bir qətrə
nurdan".
Qətfə ərəb
dilində məhraba, geyim, libas, xəyyat isə dərzi deməkdir. Aşıq gözəli vəsf
edir - libası dərzidən, bədəni dürdən...
Yenə adıçəkilən hər
üç kitabda (müvafiq olaraq s.48; s.160; s.107) "Ayə
məndədi" təcnisinin ikinci bəndinin təcnisi
formanın tələblərinə cavab vermir:
"Gəşt eylədim Bəsrə,
Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi".
beyt belə olmalıdır:
"Gəşt eylədim Bəsrə,
Bağdad, Buxara,
İndi də gəlişim a Yəmən dədi".
Dəd sözünün ərəb
dilində bir mənası da ovlaq deməkdir. Mən
çalışmışam ki, hazırladığım
kitabda belə xətalar yer almasın.
Yuxarıda sözü səmtiynən
tanımaqdan bəhs edilir. Oxucu maraqlana bilər
bu necə olur?! İki kitabda ("Aşıq Alı,
Əsərləri", "OL" MMC, Bakı, 2013, s.300;
"Aşıq Alı, Əsərləri", "Avrasiya
Press", Bakı, 2006, s.168;)
"Aşıq Alının Türkiyə səfəri"
dastanında Alıyla Əsmərin deyişməsi zamanı
Alının dilindən şeirdə belə bir misra gedir:
"Mən məhək
daşıyam qəlbi tanıram".
misra belə olmalıdır:
"Mən məhək
daşıyam qəlpi tanıram".
Yenə adı çəkilən hər
iki kitabda "Könül" (müvafiq olaraq s.82 və s.53
"Bəd gəldi ruzigar, döndü zamana" misrasıyla
başlayan) şeirinin birinci bəndinin ikinci beyti belə
getmişdir:
O vaxt bənna idin bürc
hasarında,
İndi də yatıbsan nə
xanə, könül?!
beyt belə olmalıdır:
O vaxt bənna idin bürc
hasarında,
İndi də yapıbsan nə
xanə, könül?!
Sözü səmtiylə
tanımaq, sözün sözü gətirməsi deyəndə
bu nəzərdə tutulur.
Onu da deyim ki, əldə olan
mənbələrdən başqa, Alı
yaradıcılığını tədqiq etdiyimdən xəbər
tutan qohumları onun əvvəlki kitablarına düşməyən
əsərlərinin yerini mənə isnad verdilər. Məlum oldu
ki, Bərdədə yaşayan şair dostum Telman Hüseyn
Aşıq Alının heç bir kitabında çap
olunmayan xeyli şeirini özündə qoruyub saxlayır.
Həmin şeirləri ona ana tərəfdən
qohumu, Aşıq Alının bacısı (Pəri) nəvəsi
Səməd İsmayıloğlu (Gədəbəy r.,
Slavyanka k.) göndərmişdir. Oxucuya
aydın olsun deyə xatırladaq ki, Telman Hüseynin ana nənəsi
Şəkər xanım da (vaxtilə Qızılvəngdən
Vediyə gəlin gedib) Aşıq Alının bacısı
Pəri xanımın nəvəsidir. Telman
Hüseyn xeyirxahlıq edib arxivində qoruduğu həmin
şeirləri mənə göndərdi.
Özü və zəngin
yaradıcılığı haqqında
alçaqkönüllülükdən irəli gələn
misralar yazsa da, "Nə qaldı" kitabını oxuyan hər
kəs Alı yaradıcılığının xalqın mənəvi
sərvətləri içində özünə yer
aldığının fərqinə varacaq.
Aşığın belə bir
misrası da var:
"Səmtsiz uçan səmasında
azardı".
Dediyi kimi, o, heç vaxt səmtsiz
uçmadı - ömrünü xalqın xeyir-şərində
keçirdi, şeirlərində ağrılarına
acıdı, sevinclərinə şərik oldu, vəsf etdi.
"Nə qaldı"
kitabında məqsəd Aşıq Alı
yaradıcılığına, onun ustalığına
yaraşan bir kitab hazırlayıb ortaya qoymaq olmuşdur. Mən bu işi
könül işim kimi gördüm. Ustadların ruhu əmanət
qoyub getdikləri irsin taleyindən xatircəm və şad
olsun!
İlham Qəhrəman
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S. 26-27.