Qan Turalının
"Fələk qırmancı"
- mistika, sufizm və modernizm
Qan Turalı müasir nəsr texnologiyasına yeni, sərbəst forma və ifadə, mistika, sufizm, fəlsəfə gətirmiş
yazıçıdır. Onun əsərlərində
Azərbaycan ədəbiyyatında
2000-ci illərdən sonra
yaranan yeni yazı tərzinin qarşısına dünya
ədəbiyyatının, xüsusilə Avropa ədəbiyyatının təsiri
hiss olunur. İlk kitabı
"Elektronik sevdalar"dan
tutmuş sonuncu kitabı "Ayna"ya kimi həm fəlsəfəlik,
həm də psixologizm ön planda durur, altmənalılıq
kriteriləri ilə bağlı olan modernist estetika nəzərə çarpır. Qan Turalının nəsr yaradıcılığının əsas keyfiyyətlərindən
biri onun qəhrəmanlarının bu
dünyanın madiyyat
körpüsündən mənəviyyat dünyasına
keçə
bilməməsi, insan
ruhunun azadlığı
qarşısında daha
güclü və iradəli olması, eyni zamanda "bağışlamaq" və
"bağışlanmaq" ehtiyacının zəruriliyidir.
Bu, Qan Turalının nəsr kredosunun ilkin təməli, sütunudur. Məsələn,
"Elektronik sevdalar"
kitabında sərbəst
şeirlər gələcək
romandan, ən azından uğurlu bir hekayədən xəbər verir. "Fələk
qırmancı" romanı
isə yazıçının
yaradıcılığında xüsusi yerə və çəkiyə malikdir.
"Fələk
qırmancı" yeni
nəsrin intellektual nəsrə keçidini hazırlayan əsərdir. 2016-cı ildə işıq üzü görən kitab müəllifin ən uğurlu yaradıcılıq işidir.
Bu əsərdə Qan Turalının qələmi təbəddülat
yaşayır, zaman və insan məqamlarının
daha alt qatlarına varmaq üçün ona imkan yaranır.
"Fələk
qırmancı" romanı dirçəliş,
bir qədər də özünüdərk
əhvalında yazılmış,
bətnində mənəvi
aşınmanı ehtiva
edən əsərdir.
İnsan mənəviyyatının
dirçəlişini, cəmiyyət
qanunlarının bu dirçəlişə mane olmasını,
yeni dünyaların -
insan xislətinin təzahürlərini verən,
bunu sufi
məqamında müşahidə
edən və dərin qatda tapan mətndir. Müəllif Molla Sadiqin timsalında ruhani dünyanın gözəlliyini
ifadə etməyə
çalışır. Sual oluna bilər:
"Bu ruhani dünyanın
təsviri müəllifə
nə qazandırır?".
Müəllif oxucunu böyük bir sirrin kəşfinə
doğru aparır. Bu sirr hamını maqnit kimi özünə çəkir, onu rahat buraxmır, düşündürür, ağrıdır,
həm də zövq verir... Bu düşüncə, narahatlıq,
ağrı və zövq əsərdə oxucunu hadisələrin içinə atır, bəzən qərarların
qəbul olunmasında
onun bilavasitə iştirakını təmin
edir, oxucunu həm də əsərin qəhrəmanına
çevirir...
Əsərdə təsvir olunan məkanlar o qədər təbii və inandırıcıdır ki,
sanki yaddaşının
bir küncündə
o yerlərdə olduğunu
düşünürsən və sənə elə gəlir ki, o yerlər sənin doğma yerlərindir. Sufilərin toplaşdığı təkkə, Molla Sadiqin evi, həyəti
tanışdır. Kadr kimi
göz önündə
canlanır. Rəngli, maraqlı
və sadə görüntü ilə.
Yazıçı məkan təsvirlərini
kino dili ilə desək, yüksək operatorluq - sözün operatorluğu
və rejissorluğu ilə verib. Hadisələrin montajı yeni
səbəb və nəticə əlaqələrini
müəyyən edir.
Bu səbəb və nəticə əlaqələri
əsər boyu davam edir...
Mətn içində mətn metodundan istifadə edən yazıçı
əsərdə müasir
dövr ilə Orta əsrlər dövrünü üzvi surətdə, paralel şəkildə aparır,
birini o birisində maraqlı edir, həm yenini, həm də köhnəni özünəməxsus
şəkildə ifadə
edir. Zeynəbin sevgisi, göz
yaşları və həsrəti, yazıçı
Mehdinin həyat gerçəklikləri ilə
qarşı-qarşıya qalması,
Kəmalə Həssaskimilərin
özünü aldatması
təsirlidir. Zeynəb
sevir, həm də dəlicəsinə
sevir, Mehdi bu sevginin önündə
ilk vaxtlar çaşıb
qalır, buz soyuqluğu onu əhatə edir, sonra hadisələr yeni forma və məzmun almağa başlayır... Uğursuzluqlar,
itkilər, ayrılıqlar...
Hamısı təsirlidir, ağrılıdır
və tanışdır.
Bu təsir, ağrı
və tanışlıq
kövrəkliyə, həssaslığa
səbəb olur.
Nəticə isə pis deyil. Biz insanıq, ən əsası insan olduğumuzu unutmuruq...
Əsər boyu fonda bir
musiqi eşidilir. Bu musiqi qəhrəmanların
yaşantılarına aiddir.
Məsələn, sufiliyin
on qaydasını şeyx
belə buyurur:
Bilik təkəbbürdür.
Təsəvvüf haldır.
Qadın günahdır.
Könül Şeyxdir.
Xalq batildir.
Sevgili Allahdır.
Eşq haqdır.
Sufilik xəlvətdir.
Söhbət ürəyə yoldur.
Cismani sevgi haramdır.
Bu qaydalar sufilik
mətnlərində ardıcıl
surətdə davam edir. Sufilik həm aşkar,
həm də naməlum formada izah olunur. Ona görə də bir qədər çaşqınlıq yaranır.
Nədir
axı sufilik? Xəlvətilik nədir? Bu suallar həm Molla Sadiqin, həm də Şeyxin timsalında ayrı-ayrılıqda müxtəlif
hadisələrin içində
izah olunur: "Sufilikdə məsafə qət etməyin üç yolunu öyrədirdi Molla Sadiq.
Birinci yol söhbət, ikincisi çilə çəkmək, yəni
qaranlıq otaqda qırx gün çörək və su ilə dolanıb
ibadət etmək, üçüncü yol isə səyahət idi".
Əsərdə mistika təkkədə baş verir. Təkkənin mərkəzində "Könül
evi" var. Dərvişlər
burada qalır. Təriqətə girənlərə verilən dərəcələr
isə ayrı bir marağa səbəb olur. Aşiq ilk dərəcə sayılırdı.
Zəruri imtahanları
verəndən sonra dərviş, dərvişlikdən
sonra isə xəlifəlik gəlirdi...
Bütün bunlar mistik ab-havanın, sehr dolu gedişatların mərhələləridir. "Könül evi"ndən
gələn dua səsləri mistikanı
Ay işığı kimi
gözəl edir.
Romanda təsvir olunan Zeynəb və Mehdinin həyat fraqmentləri modernist üslubda
verilib. Zeynəb bütün qadağalara
qarşı çıxmağı
bacaran kənd qızı, Mehdi isə özünə qadağaları edə bilməyən səfil bir yazıçı.
Sonu da bu səfilliyin
və qadağaların
birgə vəhdətindən
doğur. Zeynəb faciəli
surətdə ölür,
Mehdi zəhər içib intihar edir. Yox, bu, adi ölüm
ya da intihar
deyil... Bu, zamanın
və cəmiyyətin
ölümü və
ya intiharıdır.
Cəmiyyətin günahını
fərdlər, zamanın
günahını isə
intihar edənlər çəkir...
"Fələk
qırmancı" o romanlardandır
ki, onu təkrar
oxumağa ehtiyac duyursan. Yenidən oxumaq, yenidən
düşünmək və yenidən sehrə düşmək.
Bu oxu zövqünü bizə
yaşatdığına, düşünmək
varlığını bizə xatırladan və sehr dolu dünyaya
səyahət etmək imkanı yaradan
müəllifə - Qan Turalıya əvvəlcə
bir oxucu kimi təşəkkür edib,
ona yeni
yaradıcılıq uğurları arzu
edirəm. Sonra romançılıq
ənənəsinə yeni bir "izm" (hələlik
bu termini tapa bilmirəm) gətirdiyinə görə təşəkkür
edirəm.
Tural Cəfərli
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.27.