Uşaqlıq şəkillərim
Atam çəkib deyəsən, bu şəklimi
Anamın əllərində raket kimi uçuram,
Bağıra-bağıra ağlayıram,
qaraküyçü olmuşam.
Bu şəkildə
Desant kimi kəndə atıblar məni
Toyuqları qovuram,
armudun dibindəki
iti hürdürürəm o istidə...
Burda dayımla su gətirirəm bulaqdan.
eşşəyin belindən
xurcun kimi sallanır sankalar,
eşşəyi haylayıram
əlimdə çubuq.
Burda kürəyimdə
məktəbli çantası
Şəklimi çəkənə
əl eləyirəm
səliqəli olmuşammış
orta məktəbdə.
Ancaq kənd şəkillərimə baxan
səliqəli deməz
mənə.
Burda aşağıdan
yuxarı
əlini cibinə
salan
atama baxıram
təbəssüm və
ümidlə
"playstation"
oynamaq üçün
pul istəyirəm,
yəqin.
Burda sinif yoldaşlarımla
Qol-boyun dayanmışıq.
Köynəyimin uzun qolunu
geriyə çərməmişəm
Sinəmi də irəli vermişəm
özümü kiməsə
göstərirəmmiş.
Burda da bapbalacayam,
karuseldəki atın
belindəyəm.
Sonralar kənddə
də
dayımın atını
minərdim.
Nə isə...
Vaxt olacaq
bu köhnə
şəkillərimin üstünə
əsgər şəkillərim
də gələcək.
Bir gün də, bir gün
də
əsgər şəkillərinə
baxan
qoca olacam.
Mən Vətəni
qoruyuram
Mən Vətəni
qoruyuram
Yaşıl dağları-bağları,
geniş zəmiləri,
üzümlükləri,
budağında quşlar
ötən çinarları,
meşələri, zeytunluqları,
dodağında əmzik
tutan körpələri,
məktəbə yollanan şən uşaqları,
bığlı kişiləri,
gözəl qızları
qoruyuram.
Torpağımızı,
şəhərlərimizi, kəndlərimizi,
əkinlərdə bərəkəti
qoruyuram.
Qarlı dağları
qoruyuram
Dağlardakı qayaları
qoruyuram
Qayalarda ağaran
itburnu çiçəyini,
İtburnu kollarının
dibindəki
Quzuları qoruyuram
Quzuların yanındakı
Yaşıl quzqulağı qoruyuram.
Quzqulaqların həsrətlə
baxdığı
Bulaqları qoruyuram
Bulaqlarda üzüb
gedən
Sarı çinar yarpağını
qoruyuram.
Yarpaqlara minib üzən
Vətən hörümçəklərini,
Hörümçəklərin qonşusu
Qarışqaları qoruyuram.
Sinif yoldaşlarımı,
kollec dostlarımı
qoruyuram.
Rəfaili, Xəqanini,
Sənubəri qoruyuram.
Səni, məni
qoruyuram
Mən Vətəni qoruyuram.
Mənim nənəm
Hafizəsini kayb etmiş nənəm -
yaddaşını itirmiş,
yəni.
Türk seriallarından yoluxub yoxsa?
Yoluxucudurmu bu xəstəlik də?
Əvvəllər belə
şeylər olmayıb
- deyirlər,
Təzəmi çıxdı bu da?
Olmaya, biz də
Beləcə qocalacağıq
-
hafizəsiz, yaddaşsız?
İnstinktlə gəzib-addımlayır
nənəm
Unudub olub-keçən
kədərlərini,
Silinib sevincli günləri.
İndi nənəmin
beyni
mamır bağlamış
qədim yaşıl
qaya kimidi
Bəlkə də bütün yazıları
"delete" olunmuş
ağ lövhə
kimidi hafizəsi.
Gəzir bağı-bağçanı
İnstinktlə gülüb-danışır
İnstinktlə yeyir yeməyini
İnstinktlə qucaqlayıb əzizləyir
məni.
Bilsə ki, bu qədər
kömək eləyir
instinkt ona
belinə bağladığı
şalın arasından
qırmızı bir alma çıxarıb verər
instinktinə
"qadan
alım", - deyər
instinktə.
Bir dəfə məni qucaqlayıb
utana-utana
qulağıma pıçıldadı:
"Bala, suyun yaman şirin
gəlir" -
de görüm, kimsən?".
Ağlamaq tutdu məni.
Bilsəydim harda salıb
"nerdə
kayb eləyib hafizəsini"
tapıb özünə
qaytarardım...
Yerinə qoya bilsəydik
nənəmin hafizəsini
tanıyardı nənəm
məni
üzünün işıqlı
qırışlarıyla gülüb:
"bıy,
qadan alım, havax gəlmisən?"
- deyərdi
mənə...
Nənə, ay nənə...
Mustafa QIPÇAQ
Ədəbiyyat qəzeti. - 2019.- 6 iyul.-
S.30.