Yaşar Bünyadın "Azan gəmilər
limanı" romanı haqqında...
Hardasa iki il əvvəl
bir riyaziyyatçı dostum Sokratdan belə bir sitat gətirmişdi:
"Ziddiyyətlər elmindən savayı bir elm
tanımadım".
İndinin özünəcən
bu cümlə məni dərindən
düşündürür; hər dəfə oxuduğum
klassik və yeni mətnlərdə, elmin və sənətin
cığırlarında, həyatın özündə bu
sadə və qəribə həqiqətlə üz-üzə
gəlirəm.
Bütün dahi rəngkarların təkrarsız koloritinə
isti və soyuq rənglərin möcüzəvi ahəngi,
musiqiyə minor və major notların qəribə
sayrışması, təbiətin özünə gecə və
gündüz, isti və soyuq, qış və yay, ölüm
və doğum kimi bir-birinə tamamilə zidd xassəli hadisələrin
mürəkkəb əlaqələri dolğun məzmun
qatdığı kimi, ümid və ümidsizlik, iradə və
süstlük, inam və inamsızlıq, mübarizə və
məğlubiyyət, bəsirət və korluq, təvazö
və xudbinlik, sevgi və qaranlıq, xeyirxahlıq və xəbislik...
də insan ruhunun ibtidai və idrakolunmaz mahiyyətinə
işıq tutan, gizlin məğzləri aşkara
çıxaran rəngarəng füsunkar mozaikanın qüdrəti
bütün dühaların istedadının fövqündə
duran bir sənətkar tərəfindən işlənmiş
və hər biri özlüyündə bir sənət əsəri
olan detalları, parçalarıdır.
Əgər yazılı tarixin
başlanğıcına qədər qayıdıb bəşəriyyətin
perqamentlərə, daş kitabələrə, nəhəng
qayalara həkk etdiyi mətnləri bir-bir vərəqləsək,
Homerin epopeyalarına, Zərdüştün himnlərinə,
Misir papiruslarına, müqəddəs mətnlərə yenidən
bir-bir nəzər salsaq, antik yunan faciələrindən, miflərdən,
nağıllardan ta müasir dünya ədəbiyyatına və
fəlsəfəsinə qədər biz mərkəzdə
yalnız bir obraz görürük: insan, onun ruhi ziddiyyətləri
və ruhi ehtiyaclarının təzahürü olan maddi
dünyadakı gerçək həyatı.
Yaşar Bünyadın yenicə
bitirdiyi "Azan gəmilər limanı" romanı elə
giriş epiqrafındaca bu qədim, sadə və əbədiyaşar
həqiqəti yenidən və birbaşa ifadə etməklə
başlayır:
"Batan gəminin suya atılan
yükü kimi
Kənara atıram ümidlərimi.
Ömrümün divarında
Bir gün yenə kəndir dayanıb
Qapı yerinə...".
V.Səmədoğlu
Və oxucu mətnin lap
başında, bu pessimist notlardan öncə məğrur
müəllifin həyatın bütün məşəqqətlərinə
meydan oxuyan isti nəfəsini, onun bütün insanlığa
ümid və şəfqətlə ucalan ithaf kəlmələrini
oxuyur: "Əzabdan qurtulan hər kəsə...".
Epiqraflarla verilən
ismarışın biri optimist, digəri isə pessimistdir.
Və roman başlayır.
Romanın qəhrəmanı Qismət
bir neçə il öncə Qarabağ
müharibəsinin qan-qadalı vaxtlarında vətənindən
didərgin düşərək Rusiyanın çöllərinə
üz tutmuş yüzlərlə gənc azərbaycanlıdan
biridir. Onun Rusiyaya gəlişinin təfərrüatlarını,
qərib ölkəyə pənah gətirmiş bütün
miqrantlar kimi yaşadığı məhrumiyyətləri və
qatlandığı keşməkeşli əzab-əziyyətləri
ilə oxucu elə ilk səhifələrdə tanış
olur. Qismət uzun mübarizədən sonra, dəfələrlə
aldadılmağına, qürbət ölkədə
yaşadığı məhrumiyyətlərə və məruz
qaldığı təhqirlərə, yoxsulluq içərisində
keçirdiyi ağrılı günlərə baxmayaraq, ayaq
üstdə dik qalmağı bacarıb, artıq cibində
yaxşı pulu-parası olduğu halda tez-tez anasını,
doğma məmləkətini xatırlayaraq qürbətin
soyuğuna, yadlığına daha davam gətirə bilməyəcəyini
anlayandan sonra Azərbaycana dönməyi qərara alır. Təyyarə bileti hazırdır və Qismət tam
getməli olduğu əsnada inanıb etibar etdiyi həmyerliləri
tərəfindən aldadılır, boğazına
şüşə dayayıb onu soyurlar və gecə vaxtı
qarlı, ucsuz-bucaqsız rus çölünün tən
ortasında tramvaydan çölə atırlar. Müəllif
yalnız Çexovun təbiət təsvirləri müqayisə
oluna biləcək ustalıqla Qismətin tək-tənha
qaldığı çöllüyü, keçirdiyi ruhi
sarsıntını belə canlandırır:
"...Hər tərəf süd kimi
apaydın olsa da, üzündəki zəhrimarı gizlədə
bilməyən uzun bir gecə vecsiz-vecsiz mürgü
döyürdü... Deyəsən, səhərin
göz açmaq fikri yox idi. Elə bil Yer
kürəsi də iki ayağını bir başmağa
keçirib fırlanmaqdan vaz keçmişdi. Nə qədər sarsıdıcı, ürək
üzücü dəqiqələr, saatlar vardı qabaqda,
bilmirdi. Tənhalıq, soyuq, aclıq bir yandan,
başında xəşil kimi qarışmış fikirlər,
cavabsız suallar da bir yandan onun bu miskin,
ağır-ağır can verən xəstəyə bənzər
gecənin yaxasından qurtulacağına ümidini itirirdi...".
Və ya tənhalığın, yeknəsəqliyin
bu akkordları mənə H.Murakamidən də
tanışdır: "...dünyanın heç harasında
olmayan bu yerdə o, durmadan Midorini
çağırırdı...".
Bir-iki cümlə əvvəl isə
pulları soyulduqdan sonra Qismətin uşaq kimi taleyinə necə
küsdüyünü, müəllifin kövrək insan xislətinin
bütün çılpaqlığını üzə
çıxardığı sətirlərdə oxuyuruq:
"...Birdən yadına
düşdü ki, yox, bağlamanı döş cibinə
qoyub zəncirini axıracan çəkmişdi, nə qədər
diyirlənsəydi də pul bağlaması cibindən
düşə bilməzdi. "Oğraşlar!
Əclaflar! Götürüblər, hamısını
götürüblər, ha-mı-sı-nı!..
İndi başa düşdüm... Ay sizin ananızı!.." - deməyilə,
boğub içində saxladığı
hıçqırıqları üşütmədən titrəyən
çənəsinin, şak-şak şaqqıldayan dişlərinin
səsinə qarışıb, az qala qulaqlarının pərdəsini
dağıdacaqdı. İndicə dünya
dağılsaydı belə, qulaqlarındakı bu vəhşi
uğultudan
heç zad eşitməzdi. Gözlərinə də
gücü çatmadı; nə illah elədisə, bayaqdan bəbəklərini
yandıran acı göz yaşlarını boğub saxlaya
bilmədi...".
Bu cümlələr bizə
aydınlaşdırır ki, Qismətin əlindən
alınan təkcə pulu yox, həm də Vətənə
qayıtmaq xəyalları, gələcək arzuları və
illərlə qürbətin yadlığına, soyuğuna
qatlaşaraq əlləşib-vuruşduğu yuxusuz gecələr,
yarıac gündüzlər və zəhmətidir.
İndi Qismət bu
ucsuz-bucaqsız çöldə, canavar kimi rəhmsiz
şaxtanın cəngində tək-tənhadır. Ümid və
ümidsizliyin, mübarizə və süstlüyün, inam və
inamsızlığın tən ortasında - ziddiyyətlərin
mərkəzində. Belə bir durumda Qismət
bütün həyatını xatırlamağa
başlayır. Məhz belə gərgin vəziyyətlərdə
insan özünü-özünə
aydınlaşdırmağa çalışır, həyat
bizi ən soyuq və güzəştsiz həqiqətlə - özümüzlə
üzləşdirir. Əvvəla deyim ki, Qismət kimi
mübariz, eyni zamanda kövrək təbiətli bir adamın
düşdüyü bu çətin situasiyada niyə öz
taleyinə laqeyd yanaşması, uzaqda görünən kəndə
sarı yol almaq əvəzinə kürəyini qar küməsinə
söykəyərək xəyallara qapılması, xatirələrini
vərəqləməsi məni bir elə
maraqlandırmadığı kimi, müəllif də bu səbəbi
bir o qədər aydınlaşdırmağa cəhd göstərməyib.
Mən, sadəcə, onu deyim ki, bu faktın
özüekzistensialist fəlsəfə həvəskarları
üçün maraqlı psixomotivdir.
Və budur, Qismət özü ilə
baş-başadır: ümid və ümidsizliyin, həyatın
və ölümün, uğurun və uğursuzluğun,
sevginin və qaranlığın kəsişmə nöqtəsində.
İliklərini donduran şaxtaya,
yubandığı hər dəqiqənin əleyhinə
işləməsinə baxmayaraq o xatırlamağa
çalışır və bu, həm də romanın texniki
parametrlərinə öz təsirini göstərir.
Bundan sonra roman iki şəxsdə: yazıçının
öz təhkiyəsi ilə üçüncü şəxsdə
və Qismətin öz dilindən birinci şəxsdə nəql
olunur.
Qismətin xatirələri demək
olar ki, bütün azərbaycanlıların həyatında
baş vermiş tanış, doğma
epizodlardan ibarətdir. Qarabağ müharibəsi
ərəfəsində bir çox azərbaycanlı kimi, Qismətin
atası da onun cibinə pul salaraq, Yalamadan Rusiyaya keçirir və
müharibədən fərari salır. Bu
xatirələr Qismət üçün vicdan
dilemmasıdır, bunları xatırladıqca hələ də
özünü bağışlaya bilmir, hətta kinayə ilə
atasına söyür, onu da, özünü də
qınayır. Müəllif həmin
dövrün mənzərəsi ilə bağlı bir-iki əhəmiyyətli
nüansa da toxunur, həmin illərdə hərbidə və
idarəçilikdə baş alıb gedən
özbaşınalığın, başıpozuqluğun nəticələrini
sadalayaraq, şikayətlənir, amma ümumilikdə bu məsələlərin
üzərində çox da dayanmır, tarixin həmin
dövrünə müəllif münasibətindən imtina
edir. Bəlkə də məqsədyönlü şəkildə...
Qismətin sonrakı xatirələri
oxucunu şaxtalı rus çöllərindən
ayırıb isti Abşeron çimərliklərinə
aparır, yeniyetməlik illərində Qismətin
yaşadığı eşq macərasını şirin bir
dillə, canlılıqla nəql edir. Bu epizodlarda da yeniyetmə
psixologiyasının çoxlu dəqiq cizgiləri ilə
yanaşı, təsvirlərin təbiiliyi, milli ruha xas
doğma elementlər zövq oxşayır, tanış
hisslərin doğmalığı ruhu isidir.
Qismətin xatirələrindən
oxucu həm də onun kənddəki həyatını,
Rusiyaya gəldiyi ilk günlərdə başına gələn
hadisələri öyrənir, ta bu çölün
düzündə ölümə tərk edilənəcən
hər şeyi. Roman birinci və üçüncü
şəxsdə nəql edilsə də, (müasir dünya
romançılığında məqbul hesab edilən novator
texnikalardan biri kimi) bu, oxucunu qətiyyən yormur, biləks,
müəllifin təhkiyəsi ilə Qismətin xatirələri
bir-birinin içində itir. Müəllifin peşəkarlığı
bu nöqtədə bir daha qabarıq görünür: təhkiyəçi
Qismətin xatirələrinə qarışmır,
yazıçının ruhu, hadisələrə
yanaşması həmin yerdə qəhrəmanından tamamilə
ayrılır. Qeyd etmək yerinə düşər ki, hətta
dünya ədəbiyyatının usta
romançılarının yaradıcılığı bu
cür səhvlərdən sığortalanmadığı
üçün bunu müəllifin uğuru hesab etmək
şişirtməçilik olmaz.
Yaşar Bünyadın dili də,
təsvirləri də özünəxas soyuq nəmliyə
malikdir. Müəllif hisslərin heç bir
çalarını, həyatın heç bir epizodunu mistik
dumana bürüməyə meyil göstərmir, hətta
yeniyetmə Qismətin eşq səhnələrinin təsvirlərində
belə, müəllif klassik ənənələrin əksinə
olaraq yazıçının qəhrəmanların boyuna
biçdiyi subyektiv romantikadan imtina edir. Romanın
qəhrəmanı aşiq olduğu gənc Sara barəsində
Romeo-Cülyetta xəyalları qurmur, o, aşiq olduğu
Saranı "...qamarrayıb öpmək istəyir.
Qucaqlayıb yox ha, qamarrayıb!..". Xüsusən bu cür detallar Yaşar
Bünyadın demək olar ki, bütün
yaradıcılığının fərdi elementləridir.
Biz müəllifin mətnlərində qəfildən burnumuza
vuran kəskin üfunət qoxusundan üzümüzü
turşuda bilərik, heç gözlənilmədiyi halda
kiminsə ən təhqiramiz ifadələrlə təhqir
olunduğunu eşidib qızararıq və ya qəhrəmanın
düşdüyü utancverici bir vəziyyətin təsvirini
bütün çılpaqlığı ilə oxuyanda hətta
içimizdə bir səs yazıçıya
"İnsafın olsun, heç olmasa bunları
yazmayaydın...", - deyə etiraz da edə bilər.
Məhz bu mənada mən aylar əvvəl
müəllifin bir statusuna qələm dostlarında birinin
yazdığı şərhi xatırlayıram: "Yaşar
Bünyad zamanın yükünü çəkən, hər
şeyi çılpaqlığı ilə təsvir edən
cəsarətli yazıçıdır".
Getdikcə ədəbiyyat
daha məhəlli xarakter almağa başlayır, artıq
dünya ədəbiyyatı yığcam, müəllifin
subyektiv fəlsəfəsindən və şərhlərindən
arınmış romanlarla gün-gündən zənginləşir. İndi
ideyanın bəşəri fəzaya yüksəlməsi
üçün ona kosmopolit naxışlar vurmağa heç
bir ehtiyac yoxdur. Çünki XXI əsrin -
yeni minilliyin oxucusu ideya müstəvisində
yazıçıdan geri durmur. Bu gün
hadisələrin Əfqanıstanda, yaxud uzaq Çilidə cərəyan
etdiyi romanları oxuyanda həmin bəşəri ştrixlərin
konturlarını təcrübəli oxucu artıq özü
çəkir.
"- Vanya, məncə, o,
müsəlmandı, onlara araq olmaz, günahdı.
Bilmədi ciddiydi, yoxsa zarafat
eləyir, yenə də qanrılıb Qrişanı çəp-çəp
süzdü.
- Sən nə çərənləyirsən,
Qriş, bu halda nə müsəlman, nə xristian? - dedi. -
Ölməsə, Allahı günahımızdan keçər...
Ya İsa, ona rəhmin gəlsin! - Xaç çəkdi,
dibində qalmış arağı axıracan içib
butulkanı tullayandan sonra silahını, torbasını
götürdü, hərəsi oğlanın bir qolunu
çiyinlərinə aşırıb yola düzəldilər...".
Bu qısa dialoqdan da
göründüyü kimi, müəllif qədim bir bəşəri
problemə münasibətini personajların dili ilə
çox bəsit şəkildə ifadə edir, hətta rus kəndlisinə
belə, gün kimi aşkar olan bir məsələ üzərində
fəlsəfə açıb oxucunu yormur. Amma mən
müəllifin bu tərzi üzərində dayanmaq istəyirəm.
Yaşar Bünyadın mətnlərində
hadisələrə və qəhrəmanlarının
davranışlarına münasibətdə fəlsəfədən
imtina etməsi, bütün
yaradıcılığını hadisələrin,
detalların ən çılpaq, gözəçarpan
düyünlərini qabartmağa sərf etməsi, bu zaman hər
cür kobud estetikanı təhkiyəsinə rəva görməsi
- həyatın özünü bütün sənətlərin
fövqündə görən filosoflara xas bu gerçəkçilik,
sayıqlıq həm də müəllifin dolğun həyat
təcrübəsinin, müdrikliyinin xəbərçisidir. Müəllif romanına münasibətdə
seyrçidir, amma bəsirətli, mübariz, həyatın
fövqündə duran seyrçidir. Acı
və ya şirinliyi ilə, uğurları və məğlubiyyətləri
ilə həyat onu canlı yaşamağa dəyər, sonun
necə olmağından asılı olmayaraq... həyat davam
edir və onun bətnində nə baş verirsə, təəccüblü
deyil. Yalnız böyük təcrübənin
bəxş etdiyi bu ruhi təbəssüm bir
yazıçı kimi Yaşar Bünyadda müdrik
soyuqqanlılıq kimi təzahür edir.
Romanın finalı da
yazıçının müdrikliyinin təsdiqidir: Qismət
rus kəndliləri tərəfindən şaxtada donmuş
halda tapılır, o, hələ sağdır və kəndlilərin
çabaları sayəsində yenidən həyata qayıdır, yaşamaq əzmi hər şeyə
qalib gəlir.
Bütün çətinliklərə
baxmayaraq, yazıçı öz romanına qalib gələ
bilir, sonacan durduğu üfüqün verdiyi
soyuqqanlılıq və əzmlə romana diktə edir, qəhrəmanının
və həyatın özünün timsalında ta roman
Ömrün divarından isə yeni
bir qapı açılır sabaha...
Əli Babazadə
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.31.