Sən ağlama, mən
ağlayım, gözəlim...
Əhməd
Cavadın Şükriyyəsi –
Azərbaycan
qadını silsiləsindən ikinci yazı
Adətən süfrənin
başında əyləşib səninlə duz-çörək
kəsən bir insan sonra naxələf çıxırsa,
çörək gözünü tutsun, deyirlər.
Tülkü olub quzu qiyafəsində görünmək riyakar, alçaq adamların qədim peşəsidir. Onlar isə masanın ətrafında yaxın dostlar kimi sədaqət andı içmişdilər...
Süfrəni evin xanımı açar, həyat yoldaşının
dostlarını gülərüz
çöhrəsi ilə
evin xanımı qarşılayardı... Şükriyyə
nə bilərdi ki, elləri yara-yara gəldiyi, atasının etirazına
baxmayaraq tanış
olmadığı yurda
gəlin köçdüyü
bu məmləkət onun üçün tale adlı oyun hazırlayıbmış. O, nə
biləydi ki, sevdiyi, aşiq olduğu bu kişinin daxili vətən, istiqlal eşqilə alışıb-yanır.
Bir tərəfdən, sevgili vətənin ağır durumu onu əldən
salırsa, digər tərəfdən, sevdiyi qadının məhəbbəti
ruhdan düşməməyə
səsləyirdi, şairini.
İki sevginin qovuşuğu Əhməd Cavada, sənin bu məmləkətdən
getməyə ixtiyarın
yoxdur, deyirdi. Ona çoxu təklif etmişdi. Publisist, tərcüməçi Mirzəbala Məmmədzadəni
Türkiyə sərhədinə
çatdırarkən, Mirzəbala,
ailəni - xanımını,
uşaqlarını da
götür gəl, Türkiyəyə, söyləyir.
Əhməd cavabında,
sən get, mən gedim... bəs bu binəva Azərbaycanı kimə tapşıraq, cavabını
verir.
Vətən sənin kimi vətənsevərlərə, böyük kişilərə
əmənət idi, Əhməd Cavad. Gör onlar nə etdilər...
Səni
"xalq düşməni"
damğası ilə barmaqlıqlar arasına saldıran, olmazın işgəncəni verən,
güllələyən bədbəxtlər
sənin kimilərin qatili olduğundan və bu xalqı
gerçək işıqdan
məhrum etdikləri üçün xalqın
ədəbi düşməni
idilər. Xalq düşməni
onlardır. İllərlə eyni tədris ocağında çiyin-çiyinə
çalışdığın, süfrənin başında
oturan Mir Cəfər Bağırovlar sənin ölüm hökmünü
oxuyacaqdı. Çünki
/Bu dünyada azadlığı
şan-şöhrətdən üstün tut/ Alçaqlığı,
yaltaqlığı, rəzilliyi
sən unut!/ deyən bir
kimsə onlar üçün olduqca böyük qüdrət,
əzəmət sahibi
idi. Onlar istəsələr də əyilməz boyunun hündürlüyünə
çata bilməyəcəkdilər.
O səbəbdən də
əsrlərdir yaltaqların,
alçaqların tətbiq
etdikləri eyni qayda ilə səni susdurmağa çalışdılar. Sən,
amma indi də Azərbaycan Respublikasının dövlət
himnində dəfələrlə
kimliyimizi bizə xatırladırsan, ey, qəhrəman övladın
şanlı vətəni...
Ey, şanlı vətənin gerçək
qəhrəmanı...
Azərbaycan qadını silsiləsindən
Əzizə Cəfərzadədən
sonra Şükriyyə
xanım haqqında yazı yazacağımı
kimə söylədimsə,
o böyük qadın
olub, fikrini eşitdim. Adətən çiyindaşlar, arxadaşlar, həyat yoldaşları elə bir-birinə tən olmalıdır. Əhməd Cavad
seçimində yanılmamışdı.
O cür kişinin, Şükriyyə kimi xanımı olmalıydı,
əlbəttə. Bu belə olmalıydı.
Beləydi də...
Əhməd kimi sevgilisinin qeyrətini qorumaqdan ötrü, onun namusuna təcavüz olunmasın deyə, Şükriyyə yolçuluğun birinci günü, iki kilometr piyada gəldikləri o yolu keçəndən sonra axşam özünü ayaqyoluna çatdıraraq alt, üst paltarlarını soyunub tualetin döşəməsini silərək yenidən əyninə geyinir. Saçını, üz-gözünü murdarlayaraq özünü qorumağı bacarır. Ona görə də hər kəs cüzamlı görürmüş kimi ondan qaçır, iyrənirdilər. Yəni M.C.Bağırovun Cavaddan boşan, atanın soyadına qayıt, sürgündən azad olunacaqsan təklifinə Şükriyyə "Bəlkə də Cavadı güllələyəcəklər, amma mənim boşanma ərizəm ona güllədən ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram" cavabını verir. Amma bu, hələ yolun yarısı idi. Dağ boyda kişiləri alçaltmağın yolunu yaxşı bilirdi alçaqlar. O səbəbdən yol boyu yeməkdən, içməkdən məhrum olan qadınlar son anda aclığa tab gətirməyib əsgərlərlə cinsi əlaqəyə girərək bir pay çörəyə qonaq olurdular. Əslində, bununla təkcə cismani yox, ruhlarını da bir parça çörəyə satırdılar. Şükriyyə isə barmağını deşib qanını sovuracaq qədər, özünü ələ verməyəcək qədər böyük qadın idi, hə... Elə bu qüdrətilə öldükdən sonra da yaşamağı bacaran, yaddaşlarda qüdrətli qadın simvolikası ilə özünə əbədi yer qazanmış şəxslərdən biri olmağı bacardı. Yox, bacarmaq bəsit səslənər. Heç kim sonradan dəyişmir ki... İradə böyük məfhumdur. Zindanda bütün ağrı-acılara sinə gərən, işgəncələrə dözən Əhməd Cavadın qadını elə onun kimi olmalıydı. Elə onun kimiydi. Əyilməz ruha sahib olmaq asan məsələ deyil. Topuğuna daş dəyən kimi vətənini satmağa hazır olan, əqidəsindən dönən, canını qorumaq üçün dostunu belə satmağa hazır olanlar var. Şükriyyələr, Əhmədlər başqa cür ola bilməzdi. Çünki seçilmiş idilər...
Bu yaxınlarda E.L.Ceymsin erotik hesab edilən "Bozun əlli çaları" romanını oxuyarkən çirkin pornoqrafiyanı yox, okeanın o tayında yaşayıb yaradan bir qadın yazarının əsərindəki incə nüansı özüm üçün təyin edə bildim. Dünyada tüğyan edən üryanlıq, cinsəl platformada at oynadan doyumsuz şeytan çarxı oyunbazlığı çərçivəsində romanı qələmə alan ingilis yazıçısının çirkabın içində belə vurğunu ülvi hisslərin üzərinə qoymaq istəyini müşahidə etdim. Zahirən oyun üzərində qurulan romanın alt qatında yazıçı istəyi də paralel olaraq inkişaf edirdi. Ədəbiyyat fakültəsinin tələbəsi - qadın obraz Anasteyşa Stilin rastına çıxmış milyonçu Kristian Qreyin dırnaqarası cinsəl oyunundan sonra, bəyəfəndinin nədən məni seçdin sualının cavabına xanımın, qarşıma çıxan bütün kişilər kitablarda oxuduğum personajlar ilə üst-üstə düşmürdü, onların heç biri Ceyn Ostinin "Qürur və qərəz"inin cənab Darsisi qədər kübar və alicənab deyildilər, söyləyir. Bəlkə də mənimçün bu element romanı davam etdirməmək üçün kifayət idi. Romanda xanımın dilə gətirdiyi bu kəlmə mazoxist düşüncəli bir erkəyi dəyişə bilir. Onun sərt qəlbinə ülvi hiss toxumunu səpə bilir.
Bəlkə də cəmiyyətin qadın, kişi qolunun zəifləməsinin əsas səbəbi hər şeyin əlçatan olmasıdır. Kişilər qadınlara sahiblənmək üçün dastanlarda oxuduğumuz kimi şücaət nümayiş etdirmirlər. Qadınlar isə əl oyuncağı kimi asan əldə olunandırlar. Acınacaqlıdır. Elə deqredasiyanın əsasında da bu dayanır. Olar bilər ki, bütün bunlar kitablardan uzaqlaşmağımızın səbəbidir. Çünki kitabların yaratdığı obrazlar yox, kino, serial sahəsində retinqə hesablanmış personajlar cəmiyyətin obrazına, dırnaqarası qəhrəmanına çevrilir. Ona görə filmlərdə müşahidə etdiyimiz ailə dramlarının gerçək həyatda sayı artmağa başlayır. Serialların həyasız qadınları, xalaları gerçək həyatımızda da öz cismini taparaq yaşamağa başlayır. Latın Amerikası filmlərinin yaratdığı həyat tərzi öz proyeksiyasını xam gənclikdə cızmağa başlayır. Və beləcə silsilə şəklində aşına, aşına gedirik... Amma onlar yox, Bəxtlilər, Mişkinazlar, Ömər Faiq Nemanzadələr, Axundovlar, Əhməd bəy Pepinovlar, Turan Cavidlər, Məhəmməd Əmin Rəsulzadələr, Topçubaşovlar, Mirzə Kazımbəylər, Hüseyn Cavidlər və başqaları obraz qalereyasına çevrilməlidirlər.
Amma həyat boyu gerçək mənfi obrazlarla da rastlaşırıq. O gerçək insanlar ki, Əhməd Cavadı anonim imzalarla qəzet-qəzet izləyib, haqqında böhtan, şər, ittiham dolu yazılarla güllə qarşısına yola salırdılar. Uf demədən, acımadan yaşamına xitam verirdilər. Əhməd Cavad isə yazılan bütün şeirlərində eyni intonasiyanı təkrarlayırdı. Susa bilmədiyindən...
Necə susum, danışmayım,
mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən,
de harda qaldı millət?
Mən bir qulam, yerim altun,
suyum gümüş,
özüm ac,
Atam məhkum, anam sail,
əlim hər şeyə möhtac...
...
Mən Türk
övladıyam,
dərin ağlım,
zəkam var,
Nə vaxtacan çiynimizdə
gəzəcəkdir yağılar?
Nə qədər
ki, hakimlik var,
məhkumluq var, mən varam,
Zülmə qarşı
üsyankaram,
əzilsəm də susmaram!
- söyləyirdi...
Müsahibələrinin birində,
babamı onun yazıçı dostları
satdı, deyən Anar Axundzadə indinin indisində də Türkiyədə olunca, mən Əhməd Cavadın nəvəsiyəm, kəlməsini
dilinə aldıqda necə sayğı, hörmətlə qarşılandığını
söyləyir. Əhməd Cavadın
"Çırpınırdın Qara dəniz"i indi də türklərin
istiqlal marşıdır.
Üzeyir Hacıbəyovun
bu titrək sözlərə yazdığı
möhtəşəm musiqini
dinlədikcə heyrətini,
gör kimlərin nəslindədik, başucalığını,
qürurunu, məsuliyyətini
vətəndaş olaraq
üzərində hiss edirsən...
Biz bu gerçək qəhrəmanların nəslindənik,
bəli!
Qazaxıstanın o dəhşətli düşərgəsində
ömrünün səkkiz
ilini xərcləyir türk əsilli acar qızı Şükriyyə. Odun doğrayır, yük
daşıyır, dərzilik,
aşpazlıq edir.
Nəm, darısqal kamerada həyatının ən gözəl çağlarını
xatırlayır. Kobud əllərinə
baxaraq incəliyindən
bir zərrə belə qalmadığının
fərqinə varır.
Ayna qarşısında dayanmağın
da heç bir mənası yox idi artıq.
Əhməd Cavadın sevdiyi,
aşiq olduğu o gözəl, incə, qarasaçlı, irigözlü
xanımdan əsər-əlamət
belə qalmamışdı.
Həm də bilirdi ki, indi övladları
pərən-pərən olub.
Bilirdi ki, ömür-gün yoldaşı hansı işgəncələrə
məruz qalır. Bütün bunlar içini didik-didik edirdi, ağlını başından alırdı,
məhv edirdi onu həm bir
qadın kimi, həm ana, həm
də həyat yoldaşı kimi... Yalnız övladlarına nə zamansa qovuşmaq istəyi anaları ayaqda saxlaya bilər. Elə onlara görə
yaşayırdı Şükriyyə.
Əhməd Cavad isə
zatən onun içində idi. Sevimli nəğməsiydi
dodaqlarında...
Deyilənə görə, Şükriyyə
xanım tez-tez bir şeiri mahnı kimi zümzümə edərdi. Bu, Əhmədin
toylarında dediyi gözəl şeir idi...
Məndən xoşbəxt
varmı dünyada, deyin?
Ey, telli yavrusu Süleyman
bəyin.
Baxtım tərlan
imiş, yeyindən, yeyin,
Heç kəsə
bu baxtı vermərəm, sənsiz...
Bəxtəvər idilər...
Günel Eyvazlı
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.28.