XXII əsr
O gün görürəm ki,
Bir şinşila bir adamın
cızılmış dərisini sarıyır.
Adam da utanır...
O gün görürəm ki,
Yetimlər evi boş qaldığından zarıyır.
O gün görürəm ki,
Qızılgül kolları qəfildən insanlara atəş açıb,
Adamlar qəlpə-qəlpə ləçəklərə boyanıb.
O gün görürəm ki,
insanlıq insanlardan tez oyanıb,
Bütün savaşlar dayanıb.
O gün görürəm ki,
Atom "yox, parçalanmıram!" - deyir.
O gün görürəm ki,
Mərmi "lülədən ayrılmıram"
- deyə üsyan edir.
O gün görürəm ki,
Neft quyularından ağ göyərçinlər çıxır.
Hərəsi dimdiyində bir düyü Afrikaya uçur.
O gün görürəm ki,
Bir budda müsəlman uşaqlara
"uşaq bişirib yeyən" divin nağılını danışır.
Onları qorxutmamağa çalışır.
O gün görürəm ki,
Uşaqlar tarix dərsində
səngərdən-səngərə atılan ilk
"sülh mesajı"nı müzakirə edir.
O gün görürəm ki,
Bir terrorçu insanların sıx olduğu meydanda,
ilk Yeni il fişəngini havaya uçurur.
O gün görürəm ki,
Hitlerin gizlədilmiş
büstü
47 milyon parçaya bölünüb
dünyadan üzr
istəyir.
O gün görürəm ki,
Tankların üstünə "AMBULANS" yazılıb.
O gün görürəm ki,
Sonuncu şəhid məzarı qazılıb.
O gün görürəm ki,
Xəritələrdə sərhədlər silinib.
O gün görürəm ki,
Müəllim yeni ev tapşırığı
verib:
Səhifə 2017, tapşırıq
-
"Tanrı necə 7 milyarda bölünüb?..".
Abort masası
Gülüşlər uşaqların,
Dualar, anaların dilində müqəddəsləşir.
Ən uzun yollar atanın
alnındakı qırışlarla
kəsişir.
Ən bahalı
ərzağı kasıblar
alır,
Ən zəngin mineral göz yaşı olur.
Ən əlverişsiz
alver,
doğulanda aldığın
nəfəsi,
öləndə geri vermək.
Ən dadlı
nemət,
sədaqət ağacından bir öpüş dərmək.
Ən böyük
günah peşmanlıq,
Ən zərərli dostluq düşmanlıqdı.
Ən ağrılı
ayrılıq güllənin
lüləni tərk etməyi,
Ən pis təkamül,
insanların bunu dərk etməyi.
Ən güvənilir
dayaq, bir qocanın əsası,
"Uzun sözün qısası"
Ən dəhşətli
ixtira, abort masası...
Yerdən göyə
Hanı İsrafilin
Suru...!?
Xocalıda çalınmadı.
Suriyada çalınmadı.
Myanmarda çalınmaz
ki,
Belə, işin
alınmaz ki,
axı hardasan?
Çıx görüm!
Yenə bir dağı parçala...
Yenə bir dağı yıx görüm!
Çıx ortaya, bir bəri bax!
Saxla bu Yer kürəsini...
Heç olmasa, ötəri bax,
Gör insan mənzərəsini...
Eşitmişdim allahsızsan,
Bildim ki, allahın yoxdu!
Sən ki, ah çəkə bilmirsən,
Elə böyük dağın yoxdu.
Məkanın yox!
Zamanın yox!
Solun yoxdu... sağın yoxdu...
İlahi... göstər
özünü,
Necə başa salım sənə?
Ehh...
sənin ki,
uşağın yoxdu...
Duyursanmı yanan uşaq qoxusunu?
Duyursanmı uşaq
doğan
anaların qorxusunu?
Niyə izn verdin axı?
Niyə o körpələr yanır?
Niyə axı mən yanmıram?!
İnan...!
Mən səni danmıram.
Gördüyünə inan deyə,
yaranışdan dərs
keçmisən.
Necə danım
gördüyümü,
necə deyim inanmıram?
İnanıram varlığına!
İnanmıram
lallığına,
korluğuna
karlığına...
Bir "əsa" lütf eylə bizə.
Bir Musa göndər yenidən.
Böl dənizləri ikiyə.
Bu dünyaya barış göndər!
Bir də, ağlasan incimə,
Üzünü cevir Cənuba,
Afrikaya yağış
göndər...
Suriyaya məktub!
Salam, igid.
Bağışla ki, mən də sənə
atəşli salam yollaya bilmirəm.
Bizdə də atəşkəsdi.
Bilirəm ki, bacın ayağını,
kuklasının qolunu
itirib.
Amma bizdə də körpələr olub ki,
analıq yolunu
itirib,
ana bətnindən
parçalanıb çölə
atılıb.
Heç atomun parçalanması
belə dəhşətli
olmamışdı.
Bizdə körpələr olub ki, ürəyi, ciyəri satılıb.
Heç atom bombası
da
Xirosimaya belə həvəslə atılmamışdı.
Bu dünya
nələr görməyib?!
Konstantinopulun fəthi
qədər möhtəşəm,
"Erməni soyqırımı" qədər
yalan,
Xoçalı soyqırımı
qədər dəhşətli,
Zorlanmasın deyə,
qızını öldürən
atanın
sevinci qədər
acıları görüb
bu dünya.
İncimə, sənə yük olmaq istəmirəm.
Ürəyinə xal salmaq istəmirəm.
Amma bizim "xalımız"
da var.
Bu gün də təqvimdə Qorbaçovun xalının
bir parçası
"20 Yanvar"ın üstünü
örtüb.
Necə ki,
Kremlin qırmızı divarları
Xocalıdakı qarın üstünü
örtmüşdü.
Nə bilmək
olar,
Bəlkə də məhz o gün yağdığına görə
qarın üzü
qızarmışdı.
1992-ci ilin 26 fevralı
Dəhşətlərin Xocalısı...
Qız doğduğuna
görə peşman,
Oğul doğduğuna
görə
Tanrıyla düşmən edilən
anaların yurdu.
Bax, həmin o gündən, bizim üçün
dünyanın ən dəhşətli rəqəmi,
"666" yox,
"366" oldu.
Hərdən mən də Tanrıyla
danışa bildiyimə
inanıram.
Bacının ayağını soruşdum.
Arakanda doğranan
körpə cəsədlərinin
arasında olacağını
dedi:
Bəlkə də gecikdik,
Xocalıdakı ermənilər
kimi
hansısa budda, sadəcə bişirdi və yedi.
Axı onlar uşaq ətinin dadını yaxşı bilirlər.
Sən ümidini
üzmə, tələsmə...
Qarabağda da bizim körpələri də
Şilləylə yox, gülləylə vurublar.
Bəlkə də sizdəki güllələr
ədəbli olmağı
ordan öyrənib.
Axı orda da bütün mərmilər
bədənlərə tələsib
Oradakı küləklər də qorxudan əsib.
Bəlkə bir gülləni bir körpədən
yan ötürə
biləcəyinə inanır
bizim küləklər.
Hə, bir də özümə o qədər sual vermişəm ki,
Görəsən, sizə
atılan mərmilərdən,
neçə Eyfel qülləsi tikmək olardı?
Görəsən, o ölən
müsəlmanların kəfənindən,
neçə Ağ ev bükmək olardı?
Sən heç
bilirsən, ən dahi alimlər
siyasətçilər olublar?
Onlar qanla nefti qarışdırıb
qızıl alıblar.
Nəysə, igid...
Sən Tanrıyla danışa bildiyimə inanırsan.
Verilən heç
bir vədə
inanma.
Özünə inan!
Aşılan hədlər
Keçilən sədlər
Büsbütün vədlər
YALAN...
Elə, dünyanın
ən yalan vədləri də,
ən yalan
rəqəmləri də bizə düşdü.
BMT, 822 nömrəli
qətnamə!
Bütün vədlərin
yalan olduğunun
yazılı sübutu.
Bunlar haradan başlanıb, bunu da unutma.
Bor, Enşteyn, Nüvə bombası,
Bəşəriyyətin süqutu...
Cavab gözləmirəm!
ümid istəyirəm...
Min illik nağıl
Birdən ağlım
karıxdı,
Nağıl olmaq istədim.
Mən də Məlikməmmədtək
oğul olmaq
istədim.
Div adlı
dərd var idi bir quyunun
dibində.
Mən əlləri
cibində,
sadəlövh Məlikməmməd.
Yaxalaşdım o divlə, gördüm ki, təqsiri yox.
Demə, bu nağılda da biri varmış,
biri yox.
Elə əsəbiydim ki, qaya yara bilərdim.
Nə yalvara bilərdim, nə ağlaya, nə gülə,
Sonunda razılaşdım, çıxıb
getdim divgilə.
Muma dönmüşdüm, sanki
eləcə əriyirdim.
Mən öz dırnaqlarımı,
div də məni yeyirdi.
Birdən qız səsi gəldi.
Əvvəl nəfəsi
gəldi...
Adı ağrılar idi, divin nəvəsi gəldi.
Bir az
içim ağrıdı
qolum, qıçım ağrıdı.
Gördüm ki, kəfənlənir
Yayın cırhacırında
elə bil qar yağırdı...
qara saçım ağardı.
Divin iştahı böyük,
ülfəti geniş
idi.
Dostu, tanışı çoxlu,
külfəti geniş
idi.
Nəsə, böyüdü
məclis...
Əvvəl yorğun
küçələr,
Sonra,
soyuq gecələr,Əzablar
hönkürtülər,
gəlib tökülüşdülər.
Canıma doluşdular,
Ruhuma bulaşdılar,
Üzümə qırışdılar,
Nə bir salam verdilər,
nə bir söz soruşdular.
Hamı yeyib duyurdu,
Hərə nəsə alırdı.
Hələ məclis
sonuna
desertə göz yaşımla, cavanlığım
qalırdı.
Acığımdan gülürdüm, öz içimdən ölürdüm.
Dırnaqlarım qurtardı, mən acından ölürdüm.
Dedim göydən üç alma düşəcək,
bəlkə yedim.
Vaxt necə tez ötüşdü,
göydən üç alma düşdü.
Üçü də əzik-üzük.
Dil açıb danışdılar: -
Budur payına qalan...
üç alma elə bizik.
Yalan...Yalan... və yalan....
Nağıl arzular
Köçəsən dağlara, dağ, quca səni.
Təzəkdən yarımçıq
hasarın ola.
Səndəki "dağı" da verəsən dağa.
Nə dərdin,
nə də ki azarın ola.
Bir daxman ola kaş,
damsa da olar.
Daxmanın yanında dumduru bulaq.
Beş-altı qoyunun, bir kəhər atın,
Deyəsən dağlara
di gəl dost olaq.
Sübh tezdən gedəsən otlağa tərəf.
Nə zəngin adamsan, qoyun, quzun var.
Axşam da qayıdıb görəsən,
Allah,
Daxmanda bir oğlun, üç də qızın var.
Bir könlün açılar saf-saf güləsən,
Balaca qızına dil çıxardasan.
Sonra uşaqların anası üçün,
Cibindən gizlincə gül çıxardasan.
O anda ilk görüş yadına düşə...
Hürkərdin bir fərə, kəklik səsinə.
İlk o gün
soyuqdan üşüməmişdin,
İlk o gün isindin qız nəfəsinə.
Nə əcəb günlərdi,
bu günə çatmaz.
Bu gün
də sabahçün
elə, nağıldı.
Birdən, səksənəsən
uşaq səsinə,
Ay Allah, ortancıl
qızın yıxıldı.
Eləcə ağlayar, ürəyin yanar.
Ax... bunlar nağılsız çətin
susacaq.
Yatın, gül
balalar, yuxunuz şirin,
Atanız sizə
bir şeir yazacaq!
Habil Rzanur
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.3.