Bir kitab, bir dövr...
Balkan təxribatı...
1912-ci il... Tarixçi İlhan Bardakçının deyimiylə
"Osmanlı Balkanlara
vəda edir...".
Ümidlər sönük,
sabahlar qaranlıq və ordu pərişan...
Osmanlı Dövləti daha dünən bir əyaləti olan bolqarlara uduzmuşdur. Alman kökənli bolqar
kralı Ferdinand özünü
Napoleon sanmaqdadır. İstanbula girəcəyini,
Ayasofyaya xaç taxacağını iddia edir.
Edirnə məğlub. Düşmən
ordusu Çatalcada... İstanbul xalqı qorxu içində. Bir tərəfdə
düşmən, bir tərəfdə isə vəba epidemiyası.
Bütün bu vəziyyəti uzaqdan izləyən və ürəkləri yanan rus çarlığında
yaşayan türklərdən
bəziləri bu acılara izləyici qalammazdılar və İstanbula gedirlər. İstanbula gedənlər
sadəcə kişilərmi?
Xeyr! Şəfqət
bacısı olaraq İstanbula gedən Peterburqdan Rukiyə Yunusova, Məryəm Yakupova, Daşkənddən
Məryəm Pataşova,
Rostovdan və neçələri İstanbula
- Hilal-ı Ahmer, yəni Qızılaya yaralılara yardım etmək üçün getmişdilər.
1912-ci il
noyabrın birində Orenburqdan birisi daha İstanbula doğru yola çıxar. Bu adam
tatar ədəbiyyatının
banisi Fatih Kərimidir.
O, Rusiya müsəlmanları üçün
türkcə nəşr
olunan "Vakit" qəzetinin sahibi Zakir Remiyevdən bir məktub alır. Zakir bəy məktubunda
Fatih Kərimidən İstanbula gedərək vəziyyəti yaxından
izləyib redaksiyaya bildirməsini rica edər.
Fatih Kərimi ilk məktubunda
"Noyabrın birində
axşama yaxın Orenburqdan çıxdım"
deyə yazar. Yolda iki
alman, bir rus və bir
rumla yolçuluq edər. Rus vaqonda fasiləsiz
kitab oxumaqda, almanlar içki içməkdə, iri və gombul rum isə türklərin əleyhinə danışmaqdadır.
Hətta
türklərin savaşda
uduzduqlarını, pərişan
olmalarını Tanrısından
diləməkdədir.
Fatih Kərimi sonradan kitaba çevirdiyi məktublarını o qədər
canlı və yüklü cümlələrlə
qələmə almışdır
ki, insan məktubları oxuduqca bir film izləyirmiş hissinə qapılmadan edəmmir.
Məktublarda insan, millət, coğrafiya, siyasət, din təsvirlərindən
başqa, zamanın ruhu da vardır.
Bunda əlbəttə ki, yazıçının dilə
hakim olduğunun və
yazı qabiliyyətinin
böyük rolu vardır.
Fatih Kərimi müdhiş bir müşahidəçidir. "Zamanın
şahidi" deyə
biləcəyimiz bir baxış və hiss etmək həssaslığına
sahibdir. O günün
müharibə psixologiyasını,
insanların əhval-ruhiyyəsini,
İstanbulun 1912-ci ildəki
fotoşəklini olduğu
kimi günümüzə
çatdırmağı bacarmışdır.
Məsələn, İstanbuldakı
qəzetlər, boşboğaz
aydınlar, dəliqanlı
əsgərlər, kiçik
hesablar arxasında olan siyasətçilər,
bütün bunlardan bezar olan xalq,
İstanbula qaçıb
gələn idealist Rusiya
müsəlmanları onun
güclü qələmiylə
canlanaraq günümüzə daşınmışdır.
Yusuf Akçuranın
yüzbaşı rütbəsiylə
savaşa könüllü
qatıldığını, bakılı milyoner Şəmsi Əsədullanın
oğlu Əli bəyin savaş üçün İstanbula
gəlişini onun qələmindən öyrənirik. Sadəcə
öyrənməklə yetinmir,
o adamların ogünkü
hallarını da adətən görmüş
oluruq:
"Bakılı
milyonerlərdən Şəmsi
Əsədulla əfəndinin
kiçik oğlu Əli bəy də könüllü olaraq müharibəyə gəlmiş. Bu gün
cəbhəyə getdi.
Geyimini tamamən özü almışdı. Kollec
təhsili görmüş,
iyirmi beş
yaşında igid və gözəl bir gəncdir. Rusiya müsəlmanlarından könüllü
olaraq yüzə qədər adamın gəldiyi söylənilir".
Fatih Kərimi məktublarıyla
bir dövrü deşifrə edir. İnsanların, sanki üzlərinə və ruhlarına kamera tutur. Hər sətrində həm ədəbiyyatçı olmanın
həssaslığı, həm
də qardaş olmanın sızısı
açıqdan-açığa hiss edilir. Qələm kağızıyla oradan-oraya qaçır, gözləri nəmli, ürəyi pərişan
bir savaşa və dövrün sona ərməsinə şahidlik edir. Adamlardan bəhs edərkən əsla duyğularına qapılmır. Bitərəf qalmağı uyğun görür. Ən üzgün
halında belə, Rusiya müsəlmanlarına
məktublarıyla bir
ümid işığı
göndərmək istəyir.
Məsələn, 1912-ci il 21 dekabr tarixli məktubun başlığına baxın...
"Təbiətin
gözəlliyi - Vəziyyətin
pisliyi - Mühacirlər-
Çarəsizlik".
Başlığın altındakı sətirləri
parça-parça təqib
edək.
"Hər
gün günəş
bütün İstanbulu
nurlara qərq edir. Zəbərcət kimi
saf göy üzünə doğru uzanan gözəl, zərif minarələr...".
"Yüz
əlli min mühacir İstanbulda. Soyuqda və yağmur
altındadırlar. Uşaqlar həşərat
kimi qırılırlar".
"Vətənini
sevən bir türkün bu müşkülat altında
çaşıb qalmaması
mümkün deyildir".
Fatih Kərimi savaşın və məğlubiyyətin
o qaranlıq günlərində
bir müxbir həssasiyyəti ilə demək olar hər kəslə görüşür. Gah Ənvər bəyin (Ənvər Paşa) yanındadır, gah Xalidə Edib xanımın... Abdülhak Həmid bəy,
Fatma Aliye xanım, filosof Rıza Tevfik, Sait Halim Paşa
görüşdüyü adamlardan sadəcə bir neçəsidir.
Amma ən ürəkyaxıcı
sətirləri Əhməd
Mithad əfəndinin cənazəsi vəsiləsilə
yazmışdır. Türklərin Tolstoyu deyə tanıdığı Əhməd
Mithad əfəndinin ölümünə göstərilən
diqqətsizlik, vəfasızlıq
onu olduqca hiddətləndirir. Xüsusilə, İstanbul
qəzetlərinin onun
ölümünü bir
neçə sətirlə
keçməsinə çox
əsəbiləşir.
"Yahu,
bu insan Türkiyə üçün
bizim Rusiyanın Tolstoyu, Murmusofu idi. Bunlar öldüklərində rus mətbuatı necə yazdı, Mithad əfəndi öldüyündə türk
qəzetləri necə
yazır deyə düşünərək çaşıb
qalmışam".
Qardaşı Arif və Darülfünun tələbələrindən həmyerlisi
Abdurrahman əfəndini də
alaraq, Bəykoza
Mithad əfəndinin evinə gedər və böyük bir hüsran yaşarlar. Evdə Əhməd Mithad
əfəndinin ailəsindən
başqa kimsə yoxdur.
Cənazəyə də təəssüf ki, bir neçə
yüz insan qatılır. Cənazədən dönərkən Rusiya türkləri bir araya gəlir
və Türkiyə türklərini qınayarlar.
Fatih Kərimi 1870-ci ildə Samara əyalətinin
Bögülmə ilçəsinə
bağlı Minlibay kəndində dünyaya
gəlmişdir. Öncə babasından
dini təhsil almış, sonra da rus məktəblərində
oxumuşdur. Ali təhsilini İstanbulda Mülkiye məktəbində
almışdır. Universitetdən sonra Yaltada müəllimliyə
başlamışdır. Sonra ədəbi əsərlər
yazaraq nəşr etdirmişdir.
Onun ən önəmli əsərlərindən
biri sayılan "İstanbul məktubları"
1912-ci ilin noyabrından
1913-cü ilin may ayına
qədər davam edən, o dönəm Türkiyəsi və İstanbul üçün
ən önəmli vəsiqələrdən biridir.
Bu kitab
ilk dəfə 1913-cü ildə
Orenburqda "Vakit"
mətbəəsində basılmış,
sonra da Dr. Fazıl Gökçəyin
çabalarıyla 2001-ci ildə
"Çağrı" nəşriyyatı tərəfindən
yayınlanmışdır.
Kitabı yazan rəhmətə, hazırlayanlar da təqdirə və təşəkkürə layiqdir.
Orxan Aras
Ədəbiyyat
qəzeti.- 2019.-6 iyul.- S.11.