Odlar yurdunun küləklər şəhəri

 

Anadan olduğum və ömrüm boyu yaşadığım Bakı mənimçün üç şəhərdən ibarətdir.

Köhnə Bakı - İçərişəhər, Qız qalası, Dağlı məhəlləsinin indi sökülmüş evləri, dar küçələri.

Yeni Bakı - XX əsrin əvvəllərində, neft bumuyla bağlı yenidən tikilməyə başlamış və müstəqillik dövründə XXI əsrin iki onilliyində tamamilə dəyişmiş, ən çağdaş memarlıq örnəkləriylə yeniləşmiş, süslənmiş və daha da gözəlləşmiş Bakımız.

Amma bu iki tarixi Bakılarla yanaşı, mənimçün üçüncü bir Bakı da var - xəyallarımın, arzularımın, urbanistik fantaziyalarımın Bakısı. Gələcəkdə və ömrüm çatarsa, öz gözlərimlə görmək istədiyim Bakı.

Bakı heykəllər şəhəridir, bəlkə də dünyanın nadir şəhərlərində ədəbiyyat və sənət xadimlərinin bu sayda abidələri ucaldılıb. Dədə Qorqud heykəli də var. Çox gözəl, olsun.

Amma nə gizlədim, mən milli varlığımızın bu əzəmətli rəmzinə həsr olunmuş heykəli başqa cür təsəvvür edirdim və bu təsəvvürümü vaxtilə yazdığım "Dədə Qorqud ormanı" adlı yazımda da ifadə etmişdim. "Kitabi-Dədəm Qorqud"u başqa dastanlarımızdan fərqləndirən özəllik ondan ibarətdir ki, bu əsərdə Qorqudun özündən başqa, müxtəlif personajlar da önəmlidirlər və hər birinin öz təkrarsız plastik obrazı var.

Qırx incə belli qızla Boyu uzun Burla xatun...

Savaş günü öndə vuruşan Salur Qazan...

Ağaca bağlanıb ağacı kökündən qopararaq döyüşə qatılan Qaraca Çoban...

Şirlə güləşib qalib çıxan Qanturalı...

Bir-birilə əvvəlcə at çapmaqda, süpüruşməkdə yarışan, sonra sevişən Beyrəklə Banuçiçək...

Bütöv bir qəhrəmanlar qalereyası və süjetlər zənginliyi, məncə, çoxfiqurlu kompozisiya şəklində canlandırılmalıydı. Həm də, məncə, konkret  bir məkanda - Şıx çimərliyi tərəfdən Bakıya doğru gələrkən bu azman heykəllərin siluetlərini çox uzaqlardan Şubanı dağlarının zirvəsində görə bilərdik. Çox da baha başa gəlməyən Abşeron daşından yonulmuş bu heykəllər kompozisiyası uzaqdan ifadəli siluetlər kimi, yaxından isə əzəmətli plastik obrazlar kimi diqqəti çəkərdi. Cənub tərəfdən şəhərə yaxınlaşdıqca, sanki möhtəşəm və əfsanəvi bir aləmə daxil olardıq.

Bir çox şəhərlərin müəyyən heykəl rəmzləri var. Nyu-Yorkda Azadlıq abidəsi. Sankt-Peterburqda Birinci Pyotrun heykəli, Rio de Janeyroda Həzrət İsa və s. Bakıda mənim Şəhidlər dağı adlandırdığım - Dağüstü parkda Kirovun heykəlinin yerində Çənlibel qalası pyedestalının üstündə Koroğlunun Qırat belində abidəsi ucalsaydı, bu da Bakının heykəl rəmzi kimi qavranılardı.

Şəhərin içini daha lokal, xudmani heykəllər bəzəyə bilərdi. Külüngüylə dağı çapan Fərhadın açdığı yarıqdan şəlalə axır, məftillərlə silueti cızılmış Fitnə çiynində öküzü Qırx- pilləkənlə qaldırır, "Yeddi gözəl" rəngli-səsli fontanlar silsiləsində hər saatdanbir boyalar dəyişməklə, Qara Qarayevin balet musiqisinin sədaları altında yeddi müxtəlif millətin qızları rəqsdə fırlanır.

Haçansa Ermənikənd bulvarı adlanan sahə Aşıqlar bulvarı adlanar və burada qurulmuş bulaqların hərəsinə bir məşhur aşığımızın adı verilməklə onun şah misraları həkk olunar.

Ayrıca Aşıq Ələsgər bulaq-abidəsində onun "Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü" qoşmasının süjeti əks olunur.

Hər şəhərin turistlərdə maraq oyadan guşələri olur. Bakıda Sabunçu vağzalının qülləsindəki açıq pəncərələrdən hər gün gündüz saat 12-də Üzeyir Hacıbəyli musiqisinin sədaları altında "Arşın mal alan" personajları rəqs edə-edə keçib gedirlər.

Azneft meydanında hər qış yolka bəzəməkdənsə, Bakının neft rəmzi - buruq qurular və onun daima hərəkətdə olan mancanağı qara qızılımızın tükənməzliyini simvolizə edər.

İstifadə müddəti bitmiş böyük neft özüllərinin biri də Bakıda, Sahil bulvarının qarşısında yerləşdirilsəydi onun gecələr par-par parıldayan çilçırağı şəhərə yaraşıq verərdi.

Bakının rəmzi üç alov qüllələridirsə, Abşeron mənzərəsiyçün Yel dəyirmanları səciyyəvidir. Köhnə dəyirmanın qarşısındakı meydançada bir neçə rəngbərəng yel dəyirmanları qoyulsaydı, bu da şəhərin maraqlı guşələrindən olardı.

Meksikanın paytaxtı üç böyük rəssam Orasko, Rivyera və Sikeyrosun iri şəhər divarlarında çəkilmiş möhtəşəm freskalarıyla məşhurdur. Bakıda bir neçə belə pəncərəsiz iri sal divarları olan binalar var - Cəfər Cabbarlı meydanında Neft İnstitutunun divarı. Dövlət Arxiv İdarəsinin fasadı, Cavid prospektində, Üzeyir Hacıbəyli küçələrində iki evin belə böyük divarlarına Sultan Məhəmmədin miniatürü, Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Tahir Salahovun dəfə-dəfə böyüdülmüş tabloları əks olunsaydı bu, şəhərimizi necə də bəzəyərdi.

"Dağüstu park" və "Dənizkənarı bulvar" kimi rus dilindən kalka edilmiş ifadələrin əvəzinə, Şəhidlər dağı və Sahil bulvarı deyilsəydi dilimizə daha uyğun olardı. Şəhidlər dağı ikimənalı ifadədir. Həm şəhidlərin dəfn olunduğu Dağ kimi, həm də Qara Yanvarın xalqımızın ürəyinə çəkdiyi dağ kimi.

Yeri gəlmişkən, dəfələrlə qaldırdığım bir məsələni də bir daha səsləndirmək istəyirəm. Şəhidlər dağında keçmiş "Drujba" restoranının yerində "Şəhidlər muzeyi"nin yaradılmasını nəzərdə tuturam. Bu muzeydə xalqımızın başına ən azı XX əsrdə gələn müsibətlər 1905, 1918 (mart), 1920 (aprel), 1937, 1990 (Qara yanvar) günlərində baş verən faciələr əks etdirilərdi. Muzeyin qarşısındakı pilləkənlərdə terroristlər tərəfindən partladılmış avtobusun və metro vaqonunun, tank tırtılları altında əzilmiş alimləri aparan maşının, gülləbaran edilmiş təcili yardım arabasının, qəzaya uğramış dikuçarın (helikopterin) modelləri yerləşdirilə bilərdi. Muzeyə gələnlər müxtəlif eksponatlar, fotoşəkillər, videolar vasitəsilə Qara Yanvarın dəhşətləriylə tanış olardılar. Muzeydə Heydər Əliyevin 21 yanvarda Moskvada daimi nümayəndəliyimizdə tarixi çıxışı da səsləndirilməli və ekranda göstərilməlidir.

Şəhərdə Xocalı qətliamını əks etdirən guşə olmalıdır. Xocalı soyqırımı o qədər müdhiş və görünməmiş qəddarlıqla törədilmiş cinayətdir ki, onu adicə ənənəvi heykəllər vasitəsilə əks etdirmək böyük təsir gücünə malik olmaz. Mən bu memorialı belə təsəvvür edirəm: İri bir sahədə uçurulmuş, yandırılmış, dağıdılmış evlərin xərabələri, şüşəsiz pəncərələr, qoparılmış qapılar, yarıuçuq divarlar... Haçansa bu tar-mar olmuş şəhərdə yaşamış adamların mənzil və məişət əşyaları - param-parça olmuş ev avadanlığı, şkaflar, masalar, kətillər, buz dolabları, televizorlar, çilik-çilik olmuş güzgülər, sınıq qab-qacaq, qan ləkəli uşaq oyuncaqları, yarıyanıq körpə beşiyi, əzilmiş samovar, qazanlar bütün sahəyə səpələnmişdir. Müəyyən yerlərlə küllükdən hələ də tüstü süzülür və bu qorxunc mənzərə ara-sıra avtomat atəşlərilə, gülləbaranla, ağlaşma və iniltiylə, fəryadlarla, azan və qəmli muğam səslərilə müşayət olunur. Bu mənzərə və səs kompozisiyası yüksək zövqlə və ölçü hissini itirmədən yaradılsa, nadir tarixi şəhadət kimi böyük təsir gücünə malik olar.

Amma, əlbəttə, şəhərimizi yalnız matəmgaha çevirmək də olmaz. Tarixi yaddaşımızı unutmadan və unutdurmadan şanlı hadisələri də əbədiləşdirməliyik. Məsələn, Qurd qapısı səmtində 1918-ci ilin sentyabrında Bakının azad olunmasına aid dairəvi panorama qurula bilər.

Böyük bir sahədə Azərbaycanın müxtəlif bölgələrini, təbiət mənzərələrini, şəhərlərini, tarixi və memarlıq abidələrini əks etdirən maketlər şəhərciyi yarana bilər. Uşaqları əyləndirməkçün möcüzələrlə dolu Təpəgöz mağarası və onun nağıllarımızdan çıxan personajları maraq oyadar. Nağıllarımızdakı "Gül qəh-qəh xanım" adlı əyri güzgülər salonu və s. əyləncə yerləri də hər yaşda insanları cəlb edər.

Bu cəhətdən İçərişəhər xüsusilə turistlərçün cəlbedici ola bilər. Məsələn, burda dükanların qabağında Məşədi İbadın və Hacı Qaranın paralondan yaranmış mulyajları qoyula bilər. Məşədi İbad dükanında hər şey simvolik olaraq dəyərindən daha ucuz, Hacı Qara dükanında dəyərindən bir az baha satıla bilər. Müəyyən bir yerdə köhnə Bakının məşhurları - Qoçu Nəcəfquludan (keçisilə bir yerdə) hambal Dadaşa qədər, əfsanəvi pəhləvan Saleh Süleymandan meyxanaçı Lotu Cabbara qədər, milyonçular və dərvişlər, hamamçılar və tacirlər, falçılar və oyunçular konkaların və faytonların, zorxanaların və kəndirbazların fonunda canlandırıla bilər.

Bir köhnə təklifimi də yenidən irəli sürmək istəyirəm. Qız qalasının yanında hələ də istifadəsiz qalmış hamam ənənəvi milli xalq tamaşalarımız üçün ideal məkandır. İçini gördüyüm bu hamamda iki iri salon var. Birində tamaşa ortada - xəznədə göstərilə bilər, tamaşaçılar isə dövrəsində əyləşər. İkinci salonda tamaşaçılar ortada yerləşər, tamaşanı isə qıraqlarda qurmaq olar. Bu çox maraqlı rejissor fantaziyalarına qida verər.

Burada ənənəvi xalq tamaşalarımızın - Orta oyunu, Qaravəlli, Kilimarası, Şəbeh tamaşalarının estetik prinsipləri əsasında milli xalq teatr sənətimizi bərpa edə bilərik (məsələn, Qərb teatrlarından fərqlənən Turkiyədə Qaragöz Teatrı, Yaponiyada Kabuki və No teatrları kimi). Məhz bu teatr estetikasında Şekspirdən Mirzə Fətəliyəcən, Qoqoldan Mirzə Cəliləcən, Caviddən Brextəcən ən müxtəlif Azərbaycan və dünya dramaturqlarının əsərlərini milli xalq tamaşaları üslubunda qurmaq olar.

Əgər Üzeyir Hacıbəylinin yaratdığı Muğam operası dünyada analoqu olmayan yeni bir janr idisə, belə bir xalq tamaşaları da orijinal səhnə estetikasının örnəyi kimi teatr aləminə yenilik gətirər. Teatr salonu rus və ingilis dillərinə tərcümə sistemilə təchiz olunsa, əminəm ki, bu orijinal teatr əcnəbi qonaqları da cəlb edər.

Məni düşündürən məsələlərdən biri də Bakının toponimikası, şəhərin müxtəlif bölgələrinin adları və şəhərimizdəki mehmanxana, dükan, restoran adlarıdır. Onu demirəm ki, yeri gəldi-gəlmədi bütün dükanları, nədənsə, market adlandırmaq dəb düşüb və hər şeyin demə, dünyası varmış: "Sabun dünyası", "Kağız dünyası", nə bilim nə dünyası.

Təzə bazar yaxınlığında Qarışıq mallar dükanının adı "Gələrsən görərsən"dir. Bu, tariximizin şanlı bir səhifəsini yazmış məşhur "Gələssən, görəssən" qalasına təhqirdən başqa bir şey deyil. Bir vaxt bir restoranı hətta Möminə Xatun adlandırmışdılar, bu da ən əcaib bir təşəbbüs idi. Deyəsən, sonra kimsə başlarına ağıl qoydu, dəyişdilər. Bütün bu "Kleopatralar", "Monte Kristolar". "Madonnalar", görəsən, hansı xalqın şəhərinə məxsusdur? Nədən Əlincə, Niyal, Ərk, Çıraq, Gülüstan və başqa qalalarımızın adlarını restoranlara, şadlıq evlərinə yox, məsələn, metro dayanacaqlarına, parklara, meydanlara qoymayaq? Qış bulvarı kimi məntiqsiz ad daşıyan bulvar niyə Füzuli bulvarı adlanmasın ki, burda şairin heykəli də ucalır. Parklarımızdan biri "Durnalar" parkı adlansa və burada Vaqiflə Vidadinin qoşa heykəlləri ucaldılsa bunun nəyi pisdir. Qoşa heykəl demişkən, Qaçaq Nəbiylə Həcərin, Əlibəy Hüseynzadəylə Əhməd bəy Ağaoğlunun qoşa heykəlləri də qoyula bilər. Eləcə də beş Cümhuriyyət liderinin Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Usubbəylinin, Həsən bəy Ağayevin birlikdə heykəlləri. Oturub söhbət etdikləri şəkildə.

Geniş prospektlərimiz Atabəylər, Səfəvilər, Şirvanşahlar adlarını daşıya bilər. Heç bir şey ifadə etməyən şəhər rayonlarına nə bilim neçənci mikrorayon deməkdənsə, Təbriz, Savalan, Borçalı, Qarayazı, Zəngəzur, Göyçə, Dərbənd, Kərkük, İqdır adları qoysaq, tarixi yaddaşımız üçün daha nəcib bir xatırlatma olmazmı?

Və nəhayət, ən böyük arzum: Qarabağ bulvarıyla Cıdır düzü meydanının kəsişdiyi yerdə torpaqlarımızın azad olunması şərəfinə ucaldılmış Zəfər tağını görmədən dünyadan getmək istəməzdim. 

 

9 iyul 2019

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.2.