Bir əlin azadlığı...
Poema-təkdeyim
İranda dar ağacı altındakı
bir gəncin şəkli uzun müddət yadımdan çıxmadı...
Zülmün yol nişanı - bir dar ağacı,
Şeytan meşəsinin
murdar ağacı!
Bu şəkli yaddaşdan qaşımaq çətin,
Çəkilib bir ömrün sonuncu anı.
Haqqı tanımayan
bir səltənətin,
Ya bötöv dünyanın
susqun vicdanı.
Xalqıma qurulub bu dar ağacı,
Bu edam tarixin bitməz yasıdır.
Kəfən-əmmamə də bir şahlıq tacı,
Dindarlıq adına üz qarasıdır.
Bəxtinə nə bahar, nə qış yazılır,
Ona yetişəndə dayanır
zaman.
Meyvə əvəzinə
insan asılır
Fəsil tanımayan budaqlarından.
Bu ölüm havası hayandan əsdi,
Ağacı qorxudur üstündəki
bar.
Bilsəydi bir vaxtlar çiçəkləməzdi,
Bu qədər
qiymətli meyvəmi olar?
Ürəyi çürüyüb
gördüklərindən,
Nə qədər daşısın
köhnə acını?
Dirəyi qızıldan,
kəndiri zərdən
Olsa sevindirməz dar ağacınıı.
Sanki ayaqlardır
başdan yuxarı,
Cəllad addımıdır, ya şah addımı?
Allahın yerinə
hökm çıxaran
Tamahkar dünyanın günah addımı.
Ya asır, ya boğur, ya atır oda,
Min-min şəklə
düşüb bir
qansız zülm.
Altında yüz dildə hökm oxunsa da,
Hamını bir dillə dindirir ölüm.
Ağacdır, barını
ölümdür dərən,
Yaradır, heç
zaman bitişməyəcək...
Elə arxayındır
fitvanı verən,
Elə bil öz sonu
yetişməyəcək.
Bu cəllad ağacı meşə bitirməz,
Orda budaqları, uzun saçları...
Dünyada bərəkət
qalacaqmı bəs
Dara çəkildikcə
bar ağacları?..
Bu da Əzrayılın bir quşatanı,
Atdığı yetişir
öz hədəfinə...
Sapand daşı
kimi qoyub insanı
Tullayır ölümün o tərəfinə.
Boy atıb böyüsə budaqlarında
Yelləncək qanadlı körpə olardı.
Ya kəmər bir evin divarlarında,
Ya Araz üstündə körpü
olardı...
Sonuncu hərfidir
əlifbaların,
İstər A-ya bənzət, istər T deyək.
Burda ədalətin sınır vüqarı,
Bitir insanların həyatı deyək.
***
Nə fərqi
bu hökmü çıxaranlar kim,
Ya cumhur başkanı, ya kral, ya
şah.
Sən özün
var ikən dünyaya hakim
Yerin "Allahları"
qəhr olsun, Allah!
Batırmaq olarmı
gurlayan səsi,
Hansı suç işlədib, nə günahı var?
İnsanın yaşamaq
haqqını kəsib
Alın yazısını pozmaqmı
olar?
Şeytanın səpdiyi
toxum dirilmiş,
Bu vərdiş
Sasani taxt-tacındandır.
Bu edam hökmü də çoxdan verilmiş,
Bu dar ağacı da qul vaxtındandır.
Günahkar gəzirsən,
qarışıb başın,
Özün insanlığın tək
günahısan.
Elə bil Kənbizin əkiz qardaşı,
Ya da Əhəməni padişahısan.
Din ruhun qanadı, qanadım qırıq,
Söndü nəfsin ilə neçə gur ocaq.
Allah bu dünyanı sevgiylə qurub,
Sənin əkdiyinsə nifrətdir
ancaq.
O
gəncin sizlərə qaynamır qanı,
Ürəyinə yatmır
gördüyünüz iş.
Sən necə
boğursan onun ağlını,
Öz ağlın
bir zərrə bəhrə verməmiş...
Dünyayla danışır
ana dilində,
İlahi nurudur cismindəki can.
Şeytan fərmanı
var, sanki əlində,
İnsanın gününü
qaraltmaqdasan..
Gör hansı
zamandır, qaldır başını,
Cəllad da demərəm, ondan betərsən.
İnsansan, heyvansan,
ya şər maşını
Ya elə əzəldən xər oğlu xərsən...
***
Gözümün önündən
getmir nədəndir,
Şəkildəki cavan... Donub qalmışam.
Ayağımda qandal, boynumda kəndir,
Cansız bir bədənə dönüb
qalmışam...
Nə imdad istəyir, nə qəmə batıb,
Onun inamını sarsıtmaq çətin.
Kətirin üstündən
bir addım atıb,
Minər qatarına əbədiyyətin.
Bir ömür yaşadı neçə
ömrə tən,
Min bağça
bəzəyər gül
arzuları.
Boylanır cəlladın
başının üstdən
Hər hökmə əyilən kütləyə sarı.
Ana da asılır, sanki saçından
Bağrına od düşüb, səsi titrəyir.
"Asın anaları dar ağacından,
Ancaq oğlumuza dəyməyin!" - deyir.
"Nəslimin davamı!" söyləyən
Ata
İndi lənət deyir hüquqa, dinə.
Yanır bu rəhmsiz, qəddar həyata,
Böhtan qarşısında acizliyinə.
Tükənər Allahın
səbri axır ki,
Verər fərmanını söküləndə
dan.
Ulduzdan ulduza bir kəndir çəkib
Asar bu ölkəni dar ağacından...
Asar bu dünyanı dar ağacından
Yerin hiyləsi də, şəri də qədim.
Ay ana, ay ata, siz bağışlayın,
Vətənin dərdinə dözə bilmədim.
Gözüylə sarılır
cismi sovrulan,
Eşqi külə dönən sevgilisinə.
Ayrılıq yalandır,
ölüm də yalan,
Dönərəm yurdumun zəfər səsinə.
***
Böyründən dikələn
əl daşdan ağır,
Vurulmuş göyərçin qanadı
kimi.
Qanunsuz dünyaya
son şapalağı,
Ölümə sonuncu inadı kimi.
Səsi boğazında
ilişib qalar,
Səsi əllərindən fışqırır
indi.
Əli cəlladların
gözündən kənar,
Ədalət deyərək qışqırır
indi.
Qəzəbdən boğulub
hakimin rəngi,
Əlin qorxmazlığı çıxardır
təbdən.
Əli də ilgəyə sala bilsəydi
Ya da baltalayıb kəssəydi
dibdən..
Ancaq əl azaddır kələfçədə
də
Zülmət gecələrin çırağı
kimi.
Ölümün, zülümün
başının üstdə
Gurlayan azadlıq sorağı kimi.
Hakim də gözaltı əlləri
güdür,
Sanki öz
ovundan diləyir aman.
Kələfçə vurulmuş
qollar güclüdür
Dünyanın ən ağır silahlarından.
Beş barmaq ucaldı tuğlarım ilə,
Cövlana gələcək
qudsal savaşda
Beş barmaq yumruğa dönməyib hələ
Yumruğa dönəndə möhkəmdir
daşdan.
Kamandı, mizrabdı,
sözdü deməli,
Beş misra süzülür beş barmağından.
Bir bəstəkar əli, bir şair
əli
Güclüdür milyonla dar ağacından.
Ya qılınc tutmağa yaranmışdır
əl,
Ya da dayaq olsun dost əllərinə.
Ya da saz götürüb savaşdan əvvəl
Söz qoşsun yurdunun gözəllərinə.
Bu nəğməkar
əllər dar
ağacını
Bir qəm havasına qoşub inlədər.
Qanlı xatirədən
qoparıb onu,
Bir sazın, bir tarın çanağı
edər.
***
Tale xainlərin güldü üzünə,
Şam kimi rüzgarda sönən çağımdır.
Bu dünya çox əzab yaşatdı mənə,
Əyilməz ruhum var, son dayağımdır!
Ruhla ruhsuzların qovğası dərin,
Bu ruh savaşında üzümüz
ağdır.
Savaş nəğməsini
bu igidlərin,
Millət öz səsində qoruyacaqdır.
Biz də çox görmüşük
bu yasaqları,
Azadlıq kağızda yazılı
qaldı.
Gəlmələr önündə
sınan vüqarım,
Kövrək ümidlərdən asılı
qaldı.
Bu şər maşınını kim qıracaq, kim?
Yurdumun yolları
kəsəkdi, daşdı,
Mən şərin
önündə susan deyildim
Dilim susanda da əlim
danışdı.
Məndim ruh gətirən o salonlara,
Rəsmi məclislərin xofunu qıran.
Sözlə məzar
qazan ağ
yalanlara,
"Yurduma
azadlıq!" deyib hayqıran.
Sağ ol, azad sözüm, üsyankar sözüm.
Qalib ordum da sən,
bayrağım da sən.
Bir gün çəkilsəm də
dar ağacına
Qırıb qandalları
yüksələcəksən...
Tarix gözlərimdən
yol salır bir də,
Acı taleyiylə
millətim təkdir...
Ayağım qandalda,
boynum kəndirdə,
Olsa da qələmim döyüşəcəkdir!
Qan üstə qurulub dünya sarayı,
Biri yas içində, biri toydadır.
Bəlkə də məzlumun azadlıq payı
Elə o
cavanın əli boydadır...
Sabir
RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.3.