Azərbaycançılıq
konsepsiyası
Azərbaycançılıq ölkəmizdə ictimai-ədəbi fikir meydanına XIX əsrin ikinci yarısından etibarən gəlsə də, bundan əvvəlki dövrlərdəki ümumtürk təfəkkür tərzi ədəbiyyatın milli zəmində inkişafını müəyyən etmişdir. Orta əsrlər poeziyasında "səbki-Azərbaycan" üslubunun geniş yer tutması xalqımıza məxsus ədəbiyyatı ümumtürk və Şərq-müsəlman poeziyası məkanında fərqləndirmiş, ön mövqeyə, böyük sənət miqyasına çatdırmışdır. XII əsrdə meydana gəlmiş "Azərbaycan səbkisi" şeirdə təntənəli poetik üslubla bərabər, ayıqlıq və ağlın təntənəsini də göstərməyi tələb edirdi. Bundan başqa, ictimai-siyasi xarakter daşıyan qəsidədən qəzələ keçid də "səbki-Azərbaycan"ın mühüm özünəməxsusluqlarından biri idi. Qədim dövrdə və Orta əsrlərdə Azərbaycan poeziyası ilə yanaşı, farsdilli şeirdə də bu səbki üstün yer tutmuşdur. Tədqiqatçıların fikrincə, "Azərbaycan üslubunda yazan şairlər ağlın, kamalın üstünlüyünü və dünyanın sirlərini göstərməmək naminə bilərəkdən elmi istilahları, peşə terminlərini şeirə gətirirdilər. Sonradan bu üslub geniş yayıldı və monqol dövrünün şairləri də klişe şəkli almış həmin istilahlardan və poetik mənalardan yararlanırdılar. Ancaq aparıcı şeir şəklinin təmtəraqlı və mənsəbpərəst qəsidədən insanın hissiyyatını və ürək sözlərini bəyan edən qəzələ keçməsi öz-özlüyündə şeirdəki çətin anlaşılan ifadələri aradan götürürdü". "Azərbaycan səbkisi" ədəbiyyatda müdrik fikirləri orijinal bədii səviyyədə ifadə etməyi bacaran mütəfəkkir şairləri ön mövqeyə çıxarmışdır. Bundan başqa, XIII-XVI əsrlərdə Azərbaycan dilində yaranmış şeir türk dünyasında örnək kimi qəbul edilmişdir. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında isə xalq şeiri ilə yazılı şeir dili arasındakı fərq aradan qalxmış, poeziyada ciddi xəlqiləşmə prosesləri getmişdir. Molla Pənah Vaqifin lirikasındakı "Kür qırağının əcəb seyrəngahı"nın, Qıraqbasan qışlağının tərənnümünün timsalında Azərbaycan coğrafiyası şeirdə qabarıq şəkildə görünməyə başlamış və tədricən inkişaf etdirilmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində realist ədəbiyyatın ön cəbhəni təmsil etməsi ölkənin geniş coğrafi bütövlüyü, xalqın isə konkret olaraq öz adı və dəyərləri ilə ədəbiyyatda iştirakını zəruri faktora çevirmişdir. XIX əsrin axırlarından etibarən Azərbaycan dili və Azərbaycan xalqı anlayışlarının mətbuatda və ədəbiyyatda işlədilməsi ilə Azərbaycançılıq məfkurəsi formalaşmağa başlamışdır.
Nüfuzlu dilçi alimlərin gəldikləri qənaət bundan ibarətdir ki, "eradan əvvəl Azərbaycanda artıq türk etnosları yaşamış, bu dövrdə Azərbaycan ərazisində türk etnoslarının dilinə məxsus toponimlər və şəxs adları meydana gəlmişdir". Azərbaycan dili Ön Asiyada şumerlərin qonşuluğunda yaşayan protoazərbaycanlıların dili əsasında formalaşmışdır. Uzun əsrlər ərzində ümumxalq danışıq dili vasitəsilə Azərbaycan dili yaranmış və inkişaf etmişdir. Nəhayət, XIII əsrdən etibarən Azərbaycan ədəbi dili təşəkkül tapmışdır. XVIII əsrdə Molla Pənah Vaqif Azərbaycan "ədəbi-bədii dilinin milli əsasda inkişafını mütləqləşdirmişdir". Azərbaycan dili artıq XIX əsrdə sabit inkişaf mərhələsinə qədəm qoymuşdur. Bütün bunlara baxmayaraq, XIX əsrin sonlarına qədər rəsmi şəkildə Azərbaycan dili və Azərbaycan xalqı ifadələri işlədilməmişdir. Azərbaycançılıq anlayışı üçün mühüm şərt olan xalqın və dilin necə adlandırılması XIX əsrin axırlarında meydana çıxmışdır. İlk dəfə Məhəmməd ağa Şahtaxtlı 1882-ci ildə "Qafqaz" qəzetində çap etdirdiyi "Müsəlmanlarda məktəb həyatı" adlı məqaləsində "Bizi necə adlandırmalı" sualına cavab verməklə, Azərbaycan dilinin leksikasına "azərbaycanlı" anlayışını gətirmişdir. Məqalədə deyilir: "Bizdə Qafqazda bu sözün mənası bir qədər dəyişikliyə uğramışdır, bu adla məşhur irqə aid olan müsəlmanları məhz Zaqafqaziya tatarları bilirik.
...Necə olubsa, bir şəkildə milliyyət anlayışımızı itirərək özümüzü milliyyətimizlə yox, müxtəlif millətlər və dillərin də aid olduqları dinimizlə adlandırmağa başlamışıq.
Yaxşı olardı ki, bizim özümüz kimi, başqa xalqlar da bizi dinimizdən gələn yox, milli mənsubiyyətimizdən gələn bir adla çağırsınlar. Beləliklə də "müsəlman" sözü sadəcə dini anlamda istifadə olunar və din və millət kimi iki fərqli anlayışın qarışdırılmasına son qoyular.
Onda bizi necə adlandırsınlar? Bizim dilimizdən söhbət gedəndə biz onu ya türk dili, ya da türkcə adlandırırıq - ikisi də eyni şeydir, belə ki, hər ikisi türk ismindən yaranmış sifətdir, türklər özü bu sözü bilmirlər. Bizim qonşularımız... da bizi türk adlandırırlar. Bu mənada biz türk adlana bilərdik, lakin bu sözün ictimaiyyət tərəfindən qəbul edilməsi üçün lazımdır ki, ruslar da bizi belə çağırsın. Amma böyük ehtimalla ruslar onu qəbul etməyəcəklər, çünki bizi tanıyana qədər onlar və bütün avropalılar bu adla Osmanlı türklərini adlandırmağa öyrəşmişdilər. Biz tatar adlanmayacağıq, çünki bu söz bizi vəhşi adlandırmaq üçün istifadə olunur. Xalqı zorla milliyyətimizi müəyyənləşdirmək və hazırda etnoqrafiya və linqvistikada istifadə olunan azərbaycanlı sözü ilə adlandırmaq olmaz ki? Ola bilsin ki, nə vaxtsa ədəbiyyatda və rəsmi cəmiyyətdə bu söz qəbul edildi".
Maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı "Kaspi" qəzetindəki "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı" (1891) məqaləsində Azərbaycançılıq məsələsinə daha aydın və konkret mövqedən yanaşmışdır: "Hansı xalqa məxsusdur və hansı dildə danışır sualına Zaqafqaziya müsəlmanı başqa cavab vermir, yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca danışır.
Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dillərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Zaqafqaziya müsəlmanlarının danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri.
Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onların dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsi İranın və Rusiyanın payına düşmüş Adərbedjan (Azərbaycan - İ.H.) mahalı - indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, ancaq Azərbaycan türkləri adlandırırlar.
Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı".
"Kəşkül" qəzetindəki "Azərbaycanlı" imzalı müəllifin "Əvam gəzmək yuxu yatmaqmı dedin?" məqaləsindəki "Azərbaycan milləti" sözü milli özünüdərk proseslərinin xalqın dilində çap olunan mətbuatın da müzakirə mövzusuna çevrildiyini göstərir:
- "Siz nə millətdənsiniz?
- Müsəlmanam.
... - Əfəndim, millət ayrı, din ayrı.
- Ancaq, eyib olsa da, gərək dürüst ərz edəm. Mən bilmirəm ki, nə millətdənəm.
- Siz tatar deyilsiniz. Tatar Krımda, Kazanda olan müsəlmanlardır. Sizin millət azərbaycanlıdır".
Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin "Azərbaycan" (1917) məqaləsi milli-mənəvi özünüdərk dərsliyi qədər anlaşıqlı və əhəmiyyətlidir: "Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram və özümdən soruşuram ki:
- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik
Zöhrabanu bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni Vətənim
haradır?
- Azərbaycan vilayətidir".
Ədəbiyyatda Azərbaycançılıq
ideyası XX əsrin əvvəllərində ədəbiyyat
konsepsiyası səviyyəsinə
çatdırılmışdır. Cəlil Məmmədquluzadənin
məşhur "Anamın kitabı" (1920) dramı Azərbaycançılıq
idealının manifesti kimi meydana
çıxmışdır. Sovet hakimiyyəti
illərində Azərbaycançılıq vətənpərvərlik
adı ilə yaşadılmışdır. Müstəqillik dövründə isə Azərbaycançılıq
dövlət ideologiyasına çevrilmişdir. Beləliklə, Azərbaycançılıq uzun əsrlər
ərzində ölkə ədəbiyyatının ideya əsası
kimi mövcud olmuş və ədəbi fikirdə milli
maraqların ifadə olunmasına meydan
açmışdır.
Azərbaycançılıq
- milli düşüncənin və Vətən
anlayışının bir yerdə qavranılması təlimi
kimi xalqın və ölkənin milli maraqlarının -
maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal
mübarizəsi düşüncəsinə, dövlət
müstəqilliyi şüuruna qədərki bütün
ideallarının ədəbiyyatın canında və
qanında olmasını qaçılmaz həyati tələbat
səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq
- milli ədəbiyyatın axarını ölkə maraqlarına
doğru istiqamətləndirən mühüm ədəbi-ictimai
təlimdir. Azərbaycançılıq -
ədəbiyyatda əsas hədəf kimi milli-mənəvi
özünüdərk və vətənpərvərlik
ideyalarının parlaq bədii təcəssümüdür,
xalqın hərtərəfli inkişafına xidmət edən
ümummilli məfkurədir. Nəhayət, Azərbaycançılıq
- ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik
ideallarının təcəssümü olan əbədiyaşar
təlimdir! Azərbaycanda milli istiqlal ideyası
XX əsrin əvvəllərində ictimai fikrin gündəmində
mühüm yer tutmuşdur. Cəlil Məmmədquluzadənin
başçılıq etdiyi "Molla Nəsrəddin" hərəkatı
milli istiqlal uğrunda mübarizə ideyasının
formalaşdırılması və xalqa
çatdırılması yolunda bir ordudan çox xidmət
göstərmişdir. Hətta Azərbaycançılıq
baxımından liberal mövqe tutan, türkçülük
və islamçılıq ideyalarını təbliğ edən
füyuzatçılar da Azərbaycanda milli istiqlalın
qaçılmazlığını bəyan etmişlər.
Əli bəy Hüseynzadənin aşağıdakı fikirləri
XX əsrin əvvəllərində ölkədə milli
istiqlalçılığa münasibəti dolğun şəkildə
ifadə edir: "Qafqaz türkləri (azərbaycanlılar -
İ.H.) türklərin ən hürriyyətpərvərləridir.
...Bu məmləkətdə (Azərbaycanda - İ.H.) heç
bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz.
Heç bir səbr və təzyiq, ...heç
bir zülm və sitəm hürriyyət odunu söndürə
bilməz. Qafqaz hürriyyət aləminin
tarixində mühüm rol oynayacaqdır. Bu
rolların ən böyüyü Qafqaz və Azərbaycan
türklərinə aiddir".
"Azərbaycan istiqlal mübarizəsi
tarixi" kitabının müəllifi Hüseyn Baykaranın
aşağıdakı fikirləri Azərbaycançılığın
milli istiqlal ideyasının aparıcı qayəsi olduğunu
nümayiş etdirir: "Qafqaz hadisələri onları
(istiqlal mücahidlərini - İ.H.) özlərinin öncədən
uzaq məqsəd olaraq planlaşdırdıqları Azərbaycan
istiqlalı yoluna tez sürükləndirdi. Bu
vaxtadək Azərbaycan istiqlalına nə rast gəlinmiş,
nə də baş verən digər siyasi hadisə
olmamışdır. Azərbaycan
xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin
axarı içində öz yerini tapmışdır".
XX əsrin əvvəllərindən
etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq
əsas yer tutmuşdur. Qeyd olunduğu kimi, sovet hakimiyyəti illərində
Azərbaycançılıq vətənpərvərlik
adı ilə yaşamış və inkişaf
etdirilmişdir. Dövlət müstəqilliyi
illərində isə Azərbaycan tarixində ilk dəfə
olaraq Azərbaycançılıq dövlət ideologiyası
səviyyəsinə qaldırılmışdır.
Çoxəsrlik Azərbaycan
ədəbiyyatında və müasir ədəbi fikirdə
Azərbaycançılıq təliminin yerini və əhəmiyyətini
daha aydın surətdə təsəvvür etmək
üçün ümumiyyətlə, Azərbaycançılıq
konsepsiyasının mahiyyətini aydın surətdə müəyyənləşdirmək
zəruridir.
Azərbaycançılıq -
müstəqil Azərbaycan Respublikasının dövlət
ideologiyasıdır! Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
banisi və qurucusu, Azərbaycançılıq dövlət
ideologiyasının yaradıcısıdır!
Azərbaycançılıq
aşağıdakı prinsipləri əhatə edir:
I. Azərbaycançılıq
məfkurəsi
1. Azərbaycançılıq -
ümumtürk mənşəli milli məfkurədir.
2. Azərbaycançılıq - Azərbaycanın
ərazi bütövlüyünün, vahid Vətən, vətəndaş
həmrəyliyi və milli birlik ideyalarının təcəssümü,
ümumiləşmiş ifadəsidir.
3. Milli iftixar və Vətənçilik
Azərbaycançılıq məfkurəsinin əsas ideya mənbəyidir.
4. Azərbaycançılıq bəşəri
dəyərləri özündə əks etdirən
ümummilli məfkurədir.
5. Radikal millətçilik, dini
ayrı-seçkilik, separatçılıq Azərbaycançılıq
məfkurəsinə ziddir.
"Bizim bir ümumxalq
ideologiyamız var - Azərbaycançılıq məfkurəsi!"
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
II. Azərbaycan
xalqı
6. Azərbaycan xalqı müstəqil
Azərbaycan dövlətinin yaradıcısı, sahibi,
daşıyıcısı və qoruyucusudur.
7. Azərbaycan xalqı - tarixən və
mənşə etibarilə Azərbaycanda yaşayıb
formalaşan, ölkəni qoruyub saxlayan və inkişaf etdirən
əsas hərəkətverici qüvvədir.
8. Sədaqətli olmaq,
bütövlük, Vətən və torpaq sevgisi Azərbaycan
xalqının xarakteridir.
9. Azərbaycançılıq -
ölkədə hüquqi-demokratik dövlətin
daşıyıcısı olan Azərbaycan xalqının
dövlətçilik ideologiyasının ana xəttidir.
10. Azərbaycançılıq - Azərbaycanı
özünə Vətən hesab edən bütün
xalqları birləşdirən ideologiyadır.
11. Azərbaycançılıq -
dünya azərbaycanlılarının milli-mənəvi
birliyinin rəmzidir.
"Hamımızın bir Vətəni
var.
Bu, Azərbaycandır!"
"Vətən birdir, hamı
Vətən uğrunda
çalışmalıdır!"
Heydər
Əliyev
Azərbaycan
xalqının ümummilli lideri
III. Azərbaycan
dövlətçiliyi
12. Azərbaycan dövləti - Azərbaycan
xalqının öz tarixi ərazisində çoxəsrlik ənənələri
olan, ölkənin ərazi bütövlüyünü
yaşadan və qoruyub möhkəmləndirən idarəetmə
sistemidir.
13. Güclü dövlət,
demokratik prinsiplər, milli sərvət, iqtisadi inkişaf və
hərbi qüdrət Azərbaycan Respublikasının hərtərəfli
inkişafının əsasıdır.
14. Hərtərəfli dinamik və
davamlı inkişaf, birlik, möhkəm ictimai-siyasi sabitlik və
modernləşmə Azərbaycan dövlətinin hədəfləridir.
15. Azərbaycan
Respublikasının dövlət rəmzləri - himni,
dövlət bayrağı və gerbi Azərbaycan vətəndaşı
üçün müqəddəsdir.
16. Azərbaycan
Respublikasının dövlət rəmzlərini uca tutmaq və
qorumaq Azərbaycan vətəndaşının müqəddəs
borcudur.
17. Azərbaycanın dövlət
himni - Azərbaycan xalqının milli manifesti, səfərbərlik
və birlik marşıdır.
18. Azərbaycanın dövlət
bayrağı - Azərbaycan xalqının milli
istiqlalının rəmzi və müstəqil Azərbaycan
dövlətinin ideya əsaslarını əks etdirən əbədi
simvoludur.
19. Azərbaycan
Respublikasının dövlət gerbi - müstəqil dövlətimizin
varlığını təsdiq edən möhürdür.
"Müstəqil Azərbaycan
dövlətinin ideya əsası Azərbaycançılıqdır!"
Heydər
Əliyev
Azərbaycan
xalqının ümummilli lideri
IV. Azərbaycan
dili
20. Azərbaycan dili - Azərbaycan
Respublikasının dövlət dilidir.
21. Azərbaycan dili türk mənşəli
qədim və zəngin dildir.
22. Azərbaycan dili - Azərbaycan
xalqının ana dili və ölkədə yaşayan
bütün millətlərin, azsaylı xalqların vahid
ünsiyyət vasitəsidir.
"Ana dilimiz - Azərbaycanın,
Azərbaycan xalqının ən böyük milli sərvətidir!"
Heydər Əliyev
Azərbaycan xalqının
ümummilli lideri
V. Milli-mənəvi
dəyərlər
23. Azərbaycançılıq -
xalqın milli-mənəvi özünüdərketmə təlimidir.
24. Əsrlər boyu formalaşıb
inkişaf etmiş dayanıqlı adət-ənənələrimiz
Azərbaycan xalqının milli-mənəvi sərvətidir.
25. Milli adət-ənənələri
qoruyub saxlamaq və yaradıcılıqla inkişaf etdirib
möhkəmləndirmək Azərbaycançılıq məfkurəsinin
əbədiyaşarlığını təmin etməyin əsas
şərtlərindəndir.
26. İslam dini - Azərbaycan
xalqının dini mənsubiyyətinin əsasını təşkil
edir.
27. Tolerantlıq - Azərbaycanda dinlərarası
münasibətlərin və dialoqların dayaq nöqtəsidir.
28. Multikulturalizm - Azərbaycançılığın
üzvi tərkib hissəsi və hərəkətverici
qüvvəsidir.
VI. Azərbaycan ədəbiyyatı
29. Azərbaycan ədəbiyyatı -
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların yaratdıqları
böyük ədəbiyyatdır.
30. Millilik və bəşərilik,
Azərbaycançılıq və birlik idealları, habelə
yüksək bədiilik Azərbaycan ədəbiyyatının
əsas xüsusiyyətləridir.
31. Azərbaycan ədəbiyyatı -
Azərbaycan xalqının dilində yaranan böyük ədəbiyyatdır.
32. Eyni zamanda, hansı dildə
yazılmasından asılı olmayaraq, azərbaycanlıların
ölkəmizin milli dəyərlərinə və dövlətçilik
maraqlarına xidmət edən bədii əsərləri Azərbaycan
ədəbiyyatıdır.
33. Azərbaycan ədəbiyyatı
davamlı tarixi-ədəbi ənənəsi olan və daim
inkişaf edib müasirləşən dayanıqlı ədəbiyyatdır.
34. Azərbaycan ədəbiyyatı
dünya ədəbiyyatının tərkib hissəsidir.
VII. Azərbaycanşünaslıq
35. Azərbaycanı öyrənmək
- Azərbaycanşünaslıqdır.
36. Azərbaycan - ana Vətən və
ümummilli ideal; Azərbaycançılıq - milli ideologiya;
Azərbaycanşünaslıq - elmdir!
***
Məlum olduğu kimi,
müxtəlif əsrlərdə Azərbaycanda ictimai-siyasi və
ədəbi-mədəni mühitdə türk və ərəb-islam
sivilizasiyaları yaşanmış, böyük inkişafa təkan
vermişdir. Qədim türk sivilizasiyasının
tanrıçılıq təliminin xeyirlə şərin
mübarizəsinə əsaslanması insanın mənəvi
ucalığının aliliyi haqqında təsəvvürləri
formalaşdırmışdır. Tədqiqatçıların
fikrincə, türklərin başlıca inamı olan tək
tanrıçılıq ideyası insanı daim şərdən
qaçmağa səfərbər etmişdir: "Türklərdə
həyat ikili sistem: xeyir və şərin mübarizəsi
üstündə qurulmuşdur. Şər
qüvvələr Tanrıdan aşağıda dayanır və
ona qarşı çıxa bilmirlər. ...Deməli,
daha çox ikili sistem üzərində qurulmuş inamlar
panteonuna əsasən, insan İblisin şərindən
qaçmaq üçün Allaha - Tanrıya
sığınmalıdır". Tanrıçılıq
dini inancındakı xeyirə çağırışla islam sivilizasiyasının mənəvi kamillik
ideyası çuğlaşaraq ayrı-ayrı dövrlərin
böyük ədəbiyyatı və mədəniyyətinin
formalaşmasında mühüm rol oynamışdır. Lakin
sovet ideologiyasının prinsiplərinə uyğun olaraq, ədəbiyyatın
və incəsənətin inkişafında din faktorunun rolu
unutdurulmuş, hətta bir çox hallarda, yeri oldu-olmadı,
yazıçı və şairlərin "ateist" kimi təqdim
edilməsinə səy göstərilmişdir. "Onları
belə göstərənlər zənn edirlər ki, guya bu sənət
ustadlarını müasirləşdirir və ya daha da dahi sənətkarlar
edirlər. ...Əksinə, bu sənətkarları
öz soyköklərindən ayırır, onları
böyüdən, dahi edən islami dəyərlərdən bəhrələnmələrini
unudurlar". İslam
təlimindəki mənəvi bütövlük və humanizm
ideyaları, maarifçiliyə böyük dəyər verilməsi
yazıçı və şairlərin
dünyagörüşünün inkişafında
mühüm yer tutmaqla bərabər, həm də onların bədii
yaradıcılığında elmi cəhətdən əsaslandırılmış
milli və bəşəri idealların xüsusi önəm
daşımasına meydan açmışdır. Qədim dövr və Orta əsrlərdə sənətkarların
bədii sözü yüksək islami dəyərlər
miqyasında ifadə etmək səyləri nəticə
etibarilə böyük ədəbiyyatın yaranmasına təkan
vermişdir. Beləliklə, Azərbaycan ədəbiyyatının
inkişafında türk və islam
sivilizasiyaları faktoru mühüm amillər olmuşdur.
Azərbaycanda maarifçilik
hərəkatı da sivilizasiya faktoru kimi ictimai-ədəbi
mühitin inkişafına müstəsna dərəcədə
təsir göstərmişdir. XIX əsrdə ölkədə
dünyəvi məktəblərin, milli teatrın, mətbuatın
və realist ədəbiyyatın yaranıb yüksələn
xətlə öz yolunu davam etdirməsi maarifçilik hərəkatının
regionda mühüm sivilizasiya faktoru rolunu
oynadığını söyləməyə əsas verir.
Azərbaycanın Şərq-Qərb
yönlü coğrafiyaların və sivilizasiyaların
qovuşağında yerləşməsi burada həmin
sivilizasiyalararası mədəniyyətlərin, o cümlədən
də ədəbiyyatın inkişafına öz təsirini
göstərmişdir.
***
Qədim dövr və Orta əsrlər
Azərbaycan ədəbiyyatında ölkə
anlayışı geniş əraziləri əhatə etdiyi,
müxtəlif dövlətlərin hüdudları çərçivəsində
olduğu üçün konkret tarixi şəraitdə
ayrı-ayrı coğrafiyalarda eyni metod və üslubda yazan sənətkarların
yaradıcılıq birliyinin baş tutması çətin
olmuşdur. Buna görə də həmin tarixi mərhələlərdə
bu gün bizim düşündüyümüz formatda ədəbi
cərəyanlar yarana bilməmişdir. Lakin
Orta əsrlərdə ədəbi-ictimai fikirdə geniş
yer tutmuş əxilik, sufizm və hürufizm təriqətləri
siyasi-ideoloji mahiyyəti ilə yanaşı, həm də ədəbi
cərəyan funksiyasını daşımış, sənətkarları
öz cazibəsində saxlamış və istiqamətləndirmişdir.
Təxminən, IX-X əsrlərdən
etibarən sufizm Azərbaycan poeziyasında tədricən
geniş yayılaraq bədii-fəlsəfi cərəyana
çevrilmişdir. Xüsusən, XIII-XVI əsrlərdə
Azərbaycan ədəbiyyatında sufizm özünün ən
yüksək zirvəsinə çatmışdır.
"Əxi
qardaşları" XII əsr Azərbaycan ədəbi-ictimai
fikrini əhatə edən birlik-cərəyan olub, cəmiyyətdə
ədalət, bərabərlik, insanpərvərlik, humanizm
ideyalarını diqqət mərkəzinə çəkməsi,
xalq kütlələrinin hüququnu müdafiə etməsi,
xalq hikmətinə istinad olunması ilə səciyyələnmişdir. İntibah
dövrü Azərbaycan ədəbiyyatının inkişaf
etdirilməsində əxilik ideyaları xüsusi təsir
gücünə malik faktorlardan biri olmuşdur. Nizami Gəncəvi "Əxi qardaşları"
cəmiyyəti ilə yaxın münasibət saxlamış
və onların ideyalarından yaradıcı şəkildə
faydalanmışdır. Dövrün
başqa şairlərinin və elm adamlarının əsərlərində
də əxilik-birlik-bərabərlik, insanpərvərlik
ideyalarından istifadə edilmişdir.
Hürufizm cərəyanının
Şərq ölkələrində və Azərbaycanda rolu və
əhəmiyyəti elmi ədəbiyyatda
aşağıdakı kimi ifadə olunmuşdur:
"Hürufizm Yaxın və Orta Şərqin müxtəlif
ideoloji axınlarının içərisinə daxil olaraq
ideoloji mühitin inkişafına əhəmiyyətli təsir
göstərmişdir. ...Hürufizmin Vətəni
Azərbaycan hesab olunur. Bu cərəyan
XIV-XVI əsrlərdə Azərbaycan xalqının mənəvi
təkamülündə mühüm rol
oynamışdır". Fəzlullah Nəimi
hürufizmin nəzəri-ideoloji təlimini
hazırlamış, İmadəddin Nəsimi hürufi ədəbiyyatının
böyük yaradıcısı kimi çıxış edərək
onu ümumşərq miqyasına
çatdırmışdır.
XIX əsrdən etibarən
son iki əsrdən artıq dövrdə Azərbaycan ədəbiyyatında
meydana gəlmiş maarifçi realizm, tənqidi realizm,
romantizm kimi ədəbi cərəyanlar ədəbiyyatın
yeni hədəflərini və ideallarını müəyyən
etmiş, yeniləşmə və dəyişikliklərə
geniş meydan açmışdır. XX əsrin
sonlarına doğru Azərbaycan Respublikası artıq
müstəqil bir dövlət kimi fəaliyyətini davam etdirməyə
başladıqdan sonra ölkədə yaranmış demokratik
ab-hava, siyasi mühitdə formalaşan çoxpartiyalı
sistem və dünya ədəbiyyatı prosesləri ilə
yaranmış geniş əlaqələr sovet ədəbiyyatının
vahid yaradıcılıq metodu olan sosialist realizmindən
çoxmetodlu ədəbiyyata keçid üçün yeni
üfüqlər açmışdır. "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" adlı
ikicildlik nəşrdə obyektiv olaraq yazıldığı
kimi, "bu tarixi mərhələ özünün meydana
çıxardığı yeni ədəbi cərəyanlar
da diktə etdi: neorealizm, postmodernizm, dekadentizm və magik
realizm". Bütün
bunlara görə Azərbaycan ədəbiyyatı tarixinin
dövrləşdirilməsində ədəbi cərəyanların
nəzərə alınması zəruridir. Ədəbi cərəyanların diqqətdə
saxlanılması, eyni zamanda dünyada baş verən obyektiv
gerçəkliklərin, elmi-texniki yeniliklərin, qlobal dəyişikliklərin
ədəbi prosesə təsirini izləmək
baxımından da vacibdir. XX əsrdə
dünya ədəbiyyatı və ictimai fikrində yaranan
modernizm, postmodernizm, dekadentizm, magik realizm, ekzisentializm ədəbi
cərəyanları həmin qlobal dəyişikliklərin nəticəsində
meydana çıxmışdır. Dünyada
gedən proseslər Azərbaycana təsirsiz ötüşməmiş,
cəmiyyətdə və ədəbiyyatda mühüm dəyişikliklər
baş vermişdir. Adları çəkilən
cərəyanların nümayəndələri Azərbaycanda
da yaşayıb-yaratmış və ədəbi hərəkatı
irəli apararaq daha da zənginləşdirmişlər.
Bu proses hazırda da davam etməkdədir.
***
Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsinin müasir konsepsiyası
üçün müəyyənləşdirilmiş meyarlar
ədəbiyyatımızın çoxəsrlik tarixində
baş vermiş ictimai-mədəni və ədəbi-tarixi proseslərin
reallıqlarını, keçilmiş inkişaf yolunun
özünəməxsusluqlarını obyektiv şəkildə
özündə əks etdirməyə imkan yaradır. Ədəbi-tarixi
proseslərin reallıqları dedikdə, ayrı-ayrı
inkişaf mərhələlərində Azərbaycan ədəbiyyatının
təbii məntiqindən, daxili təkamülündən
doğan sənət idealları ilə xalqın müxtəlif
dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsi,
sintezi və vəhdəti nəzərdə tutulur. Bu zaman hər hansı bir kənar, yad siyasi
ideologiyadan çıxış etmək ədəbi-tarixi
prosesin real qiymətləndirilərək təhlil edilib
ümumiləşdirilməsinə mane olar. Ona görə də ədəbi-tarixi prosesin
reallıqları və üzvi əlaqəsi nəzərə
alınmadan milli ədəbiyyat tarixinin inkişaf yolunun
obyektiv dövrləşdirilməsini müəyyən etmək
çox çətin olar.
Qeyd olunan prinsiplər - Azərbaycançılıq,
sivilizasiya amili, ədəbi cərəyanlar və ədəbi-tarixi
prosesin reallıqları Azərbaycan ictimai-mədəni
fikrinin və ədəbiyyatının əsrlər boyu
keçdiyi inkişaf yolunun ana xətlərini, əsas
inkişaf istiqamətlərini və başlıca məzmununu
müəyyən etməyə imkan yaradır.
Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi prinsipləri ölkə ədəbi-ictimai
fikrinin reallıqları və dünya elmi-nəzəri təlimlərinin
təcrübəsi əsasında müəyyənləşdirilmişdir.
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.4-5.