Hermenevtikanın
aralıq mövqeyi
Xəbər verdiyimiz kimi, xalq
yazıçısı, akademik Kamal Abdullanın "Kitabi-Dədə
Qorqud poetikasına giriş" adlı monoqrafiyası Moskvada
"Xudojestvennaya literatura" nəşriyyatında
işıq üzü görüb. Kitaba Moskva Dövlət
Linqvistik Universiteti "Milli və xarici ölkələr ədəbiyyatı"
kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası,
tərcüməçisi, professor Aleksandr
Petroviç Bondarev ön söz yazıb. Professor
Bondarevin "Hermenevtikanın aralıq mövqeyi" adlı
ön sözünü təqdim edirik.
Azərbaycan
ədəbiyyatşünaslığına, dünya
qorqudşünaslığı xəzinəsinə daha bir dəyərli
əsər tanınmış Azərbaycan filoloqu, Azərbaycanın
xalq yazıçısı, akademik Kamal Abdullanın yeni bir
elmi istiqamətin formalaşmasında mühüm bir mərhələ
ola biləcək "Kitabi-Dədə Qorqud" poetikasına
giriş. Dansökülən variant" əsəri
əlavə olundu.
Bəşər
övladının mifologiya ilə tarix arasındakı
keçid vəziyyətinin sirri ədəbiyyatşünas
alim, mədəniyyət tarixçisi, romançı, nasir,
dramaturq, şair, hermenevtika üzrə mütəxəssis
Kamal Abdullanın diqqətini həmişə cəlb
etmişdir. Olub keçmişlərə olacaqların
süjetyaradıcı qarşılıqlı
asılılığına olan davamlı marağı onun
dilşünas və yazıçı kimi uzaq
keçmişlərdə qalan mədəniyyət fenomenləri
ilə onları bugünümüzə
yaxınlaşdıran ənənələr arasındakı
aralıq mövqeyini müəyyən edir. H.-G.Gadamerin qeyd etdiyi kimi, "Rəvayətin
tutmuş olduğu yadlıq və yaxınlıq
arasındakı mövqe tarixi olaraq başa düşülən,
bizdən uzaqda olan predmetliliklə müəyyən bir ənənəyə
aid olmaq arasındakı mövqedir. Hermenevtikanın
əsl yeri də məhz bu "aralıq"dadır (Qadamer
X.-Q. İstina i metod. - M.: Proqress,
1988. - S. 350).
Hər bir fərdin həyat
yolu cismani olanla ruhani olanın və keçmişlə gələcəyin
korrelyasiyasından keçir. Təbii mifologiya ilə
sosial tarix arasındakı arxetipik ziddiyyət insan təməlsizliyinin
(Ungründung) kökündə durur. Təbii
fərd olaraq, insan tarixə yaddır və mədəniyyətin
normativ mühitində özünü eyniləşdirmək
üçün öz psixikasının uyğunlaşma
funksiyasını inkişaf etdirməli olur. Tarixi fərd olaraq isə insan təbiətə
yaddır və öz hərəkətləri ilə
bağlı qərarlarına təbiətin təsirini minimuma
endirməyə çalışır. Təbiət
isə, öz növbəsində, insanın bu
çabalarına anlaşılmaz bir sükutla, şüur və
psixikanın dissosiasiyası ilə cavab verir. Flora və faunadan - Tanrının zamanda və məkanda
qanuni yerlərini müəyyənləşdirdiyi
bütün bitki və heyvan növlərindən fərqli
olaraq, bəşəriyyət min illərlə davam edən
mifoloji-tarixi münaqişəyə dözməyə məhkumdur.
"Burada İblislə Tanrı çarpışır,
döyüş meydanı isə - insan qəlbləridir",
- qardaşı Alyoşaya ürəyini açan Dmitri
Karamazov belə deyir. "Sapdan asılı qalmaq"
insanın yaşadığı "yox" vəziyyətini
dözülməz bir şeyə çevirir və
"biçarə şüur"u (Hegel) "insanın
mövcudluq şəraiti"nin (B. Paskal) dərkinə məcbur
edir.
"Hə" harmonik vəziyyətinə
giriş retrospeksiyanın səhv olaraq iyerofaniya - Tanrıdan və
ya mifik bir varlıqdan gələn vəhy - kimi qəbul etdiyi
arxetiplərin formalaşdığı tarixi şəraitin təhlili
vasitəsilə başlanır. Uzaq əcdadlarımız
bütün baş verənləri bizim kimi, yəni geriyə
dönüşü olmayan zaman axınının çəkib
apardığı bir-birini əvəzləyən hadisələr
zənciri kimi qəbul edirdilər. Zaman məsafəsinin
koqnitiv funksiyası bu hadisələrin apodiktikliyini təsdiqləyir
və onlara mifoloji status verirdi. M.Eliadenin mifologiya sahəsindəki
araşdırmaları göstərdi ki, "arxetiplərin
özləri də ol zamanlar meydana gəlmiş sayılsalar
da, hər halda zaman içrə doğulmuş, istənilən
başqa bir tarixi hadisə ilə eyni anlamda "meydana
çıxmış" müxtəlif jestlərdən, hərəkətlərdən,
göstərişlərdən ibarət olmaqla, hansısa bir
"tarix" əmələ gətirirlər" (Gliade M.
Mif o veçnom vozvrahenii (Arxetipı i povtorenie) // Kosmos i istoriə.
- M.: Proqress, 1987. - S. 137-138).
K.Abdullanın elmi məntiqdən
doğan hermenevtik mövqeyi təsdiqləyir ki, "ruh
haqqında" humanitar elmlər indiki halda mifologiyanın mədəniyyətin
özünə qapanmış bir mərhələsi kimi
immanent şəkildə öyrənilməsini haqlı olaraq
qəbul etmir.
Onun monoqrafiyası "bədiipoetik mövcudiyyat"ın
özlüyündə yetərliliyi konsepsiyasını
şübhə altına alır və təsdiqləyir ki,
sonuncunun doğurmuş olduğu "nəsrünəzm"
bütün etioloji zənginliyi ilə yalnız "Kitabi-Dədə
Qorqud" (KDQ) dastanının kreativ şüurun əvvəlki
və sonrakı vəziyyətləri ilə daxil olduğu
intra və intertekstual əlaqələrin
tarixi təhlili zamanı üzə çıxır.
Sintaktik deyim (utterance - ingil.,
enonciation - frans.) - fərdi diskursun (parole)
onun qrammatik qanunauyğunluğunu təshih edən normativ dil
sistemi (langue) ilə qarşılaşmasının nəticəsidir.
Struktur linqvistikanın bu baza postulatını
Kamal Abdulla Azərbaycan dilinin linqvistik materialında onilliklər
boyu araşdırmışdır. Bu postulat
K.Abdullanın 1977-ci ildə Moskvada müdafiə etdiyi
"Sintaktik paralelizm (""Kitabi-Dədə Qorqud
dastanının dili əsasında)" adlı namizədlik
dissertasiyasının konsepsiyasını təşkil
etmiş və "Azərbaycan dili sintaksisinin nəzəri
problemləri" adlı doktorluq dissertasiyasında (1984)
inkişaf etdirilmişdir. Sintaqmatikanın ümumi
dilçiliyin diskursiv şöbəsi kimi kulturoloji tədqiqatlara
cəlb edilməsi K.Abdullanın "səthi sintaksisin"
(cümlənin formal strukturunun) tarixi prosesin
qanunauyğunluqlarını verballaşdıran "dərin
qatlar sintaksisi"nin məntiqi strukturunu
necə təkrarladığını araşdırmaq istəyindən
xəbər verir. Adları çəkilən dissertasiyalardan
sonra "Azərbaycan dilində sadə cümlə
sintaksisinin nəzəri problemləri", "Azərbaycan
dili sintaksisinin nəzəri problemləri" və "Azərbaycan
dilində mətnin tədqiqi" araşdırmaları gəldi.
K.Abdullanın deyimin sintaktik strukturuna olan
çoxillik marağı onu mifopoetika kontekstinə - ədəbiyyatşünaslığın
həm də epik parataksislə roman sintaksisinin
qarşılıqlı əlaqəsini öyrənən
mühüm bir bölməsinə gətirib
çıxardı.
Erix Auerbaxın gəldiyi nəticəyə
görə, parataksisin strukturu özlüyündə
aşağıdakı mənanı verir: "Hər şey
baş verdiyi kimi baş verməlidir, başqa heç nə ola bilməz, heç bir əlavə izahat və
ya birləşdirici halqa tələb olunmur. Və
bu, məlum olduğu kimi, təkcə hadisələrə
deyil, həm də əməllərinin əsaslandığı
görüşlərə və prinsiplərə aiddir"
(Augrbax G.Mimesis. İzobrajenie
deystvitelğnosti v zapadnoevropeyskoy literature. - M.: Proqress,
1976. - S. 116). Hər şeyin
özlüyündə aydın olduğu dünyanı mimetik
olaraq təsvir edən epik təhkiyənin parataktik
quruluşunun dialektik (bütün itki və
tapıntıları ilə birgə) roman diskursunun sintaktik
strukturuna doğru təkamülü öncədən müəyyən
edilmiş bir haldır (Bondarev A.P. "Kitabi-Dede Korkud":
Gstetika gposa i gtika romana. //Törkoloqiə. - Baku, 2017, ¹ 3. - S.
38-45). Parataksis və sintaksis "Kitabi-Dədə
Qorqud" fabulası və süjetinin qurulmasında eyni
zamanda iştirak edir.
Temporal kontinuumdan təcrid
olunmuş hadisənin özlüyündə deyil,
keçmiş və gələcək arasındakı təsəvvür
sahəsi gərginliyində mənalandırıldığını
başa düşməsi K.Abdullanın filoloji səylərini
arxaik təhkiyə formalarının aktual formalara keçidi
kimi izah olunan qrotesk məzmunun öyrənilməsinə
yönəldir. Bu cür məna fərqləndirici münasibətlərə
bədii bir misal kimi həm baş qəhrəmanı, həm
təhkiyəçisi, həm də xanın
apardığı detektiv təhqiqatın
iştirakçısı, müşahidəçisi və
salnaməçisinin əfsanəvi Dədə Qorqudun
özü olan "Yarımçıq əlyazma"
romanını (2004) göstərmək olar. Adıçəkilən
əsərdə romançı və filoloq ahəngdar bir tərzdə
qarşılaşır. "Gizli "Dədə
Qorqud" monoqrafiyası (2006) Mif və Yazının relevant
korrelyasiyasının - geniş tarixi-filoloji materialı
düzənləyən açar konseptlərin ilkin nəticələrini
sonuclandırdı. Həmin əsərdə K.Abdulla
Mifin və Yazının "güc"ünün və
"gücsüzlüy"ünün dialektik
qarşılıqlı şərtlənməsinə
aydınlıq gətirdi. Mifin ifadəçisi Sözdür,
Yazınınkı isə - Cümlə: "Mif və
Yazı! Üz-üzə, nəfəs-nəfəsə! Onların əsas üslubi göstəriciləri
olan Söz və Cümlə də eyni şəkildə
bir-biri ilə qarşıdurma mövqeyindədirlər"
(Kamal Abdulla. Taynıy "Dede Korkud". - Baku: Mutarjim,
2006. - S. 113).
Yazının Mifi şərh
etmək istəyi təhkiyəni nominativ registrdən narrativ
registrə keçirməklə, Mif arxetipinin və Söz
arxisemasının sirli sadəlövhlüyünün
tilsimini qırır. Yazının gücü Mifin sintaktik
şərhindədir. Yazı epik parataksisdən
roman sintaksisinə, hadisələrin zamanca
ardıcıllığı olan fabuladan onların verbal
interpretasiya vasitəsi olan süjetə keçidin tarixi şəraitinə
varır. Lakin Mifin epik gücü
bütün möhtəşəmliyi ilə "adqoyma"
vasitəsilə insanın, ətraf aləmin hadisə və əşyalarının
noumenal status quo-sunu əbədiləşdirən
Yazının təfsiredici fenomenologiyasına qarşı
durur. Mifoloji Sözün gücü onun
arxetipik möhtəşəmliyindədir.
K.Abdullanın mifopoetika sahəsində
topladığı təcrübə onu öyrənilməsi
üçün nüfuzetmə (Einfühlung) və obyektivləşdirmə
(Objektivation) kimi hermenevtik bacarıqların tələb
olunduğu dastanın mifoloji-tarixi və semantik-sintaktik
sinkretizminə ehtiyat və hörmətlə yanaşmağa
sövq edir.
Arxaik keçmişin fenomenlərinə nüfuz etdikcə, tədqiqatçı
onların noumenallığını dərk edir və bu
noumenallığın işığında irəlidəki
müasirliyi yad və "qəribə", yenilənmiş
qavrayışa çağıran kimi obyektivləşdirir. Mifoloji-tarixi dialektikanın bu artan mənayaradıcı
təbiətini başa düşməsi K.Abdullanı yeni
monoqrafiyasının adını öncədən diqqətlə
incələməyə vadar edir. Niyə KDQ-nin
"poetikası" yox, "poetikasına giriş"?
Ehtiyatlı və tədbirli müəllif bunu belə izah
edir: "Bütöv poetikanın bir sistem kimi
araşdırılması hansısa məqamın və ya məqamların
"unudulmasının" qarşısını ala bilməzdi".
Doğrudan da, əsərin arxitektonik
formasının poetikası "həm bədiipoetik, həm də
sırf poetik komponentlərdən yaranır".
Alimin konsepsiyasına görə, KDQ
"autentik mif" (P.A.Plyutto) və "klassik poeziya",
şifahi və yazılı yaradıcılıq, diskursiv təcrübənin
lirik və prozaik tipləri arasındakı dialoqda
"söylənilir". Monoqrafiyada əksini
tapmış dastanı "diqqətlə oxumaq"
çağırışı "nəsrünəzm" mətnin
genezisi, yaranması və təkamülü mərhələlərinə
aydınlıq gətirir.
Kompozisiya baxımından
monoqrafiyanın fəsilləri və hissələri korrelyativ
cütlüklər əmələ gətirir, tədqiqatçının
koqnitiv mövqeyi isə onların analogiya və
qarşılaşdırmaların vəhdətini yaradan
üzvləri arasında yerləşir. "Kitabi-Dədə
Qorqud"un mənası mif və
poeziyanın bütün verbal səviyyələrdə -
morfoloji səviyyədən fəlsəfi-antropoloji səviyyəyə
qədər - qarşılıqlı təsirində
aşkarlanır. İyerarxik paradiqma dialoji olaraq
aşağıdakıları əlaqələndirir:
- Dəşti Müstəqimiyyə və
Dəşti Məcaziyyəni;
- eposun mifoloji,
şifahi və tarixi, yazılı mövcudluq dövrlərini;
- ibtidai mifi və
klassik yazını;
- Mif dövrü mətnini və
Yazı dövrü mətnini;
- qədim və
yeni ədəbiyyatı;
- mağara ruhunu və
mağara mədəniyyətini;
- coğrafi və
mənəvi ölçüləri;
- mifoloji
dansöküləni və mifoloji qürubu;
- Kahini və Müəllifi;
- Xaosu və Kosmosu və s.
KDQ-nin sinkretik təbiəti
"transxronotopik" olaraq autentik mif dövrünü və
klassik yazı dövrünü, ən qədim (primitiv) və
qədim (klassik) poetikanı, Mif dövrünü və
Yazı dövrünü özündə birləşdirir:
"Biz təsdiq edirik ki, - müəllif öz yanaşma
prinsipini belə ifadə edir - Azərbaycan ədəbiyyatında
Mif dövrü ilə Yazı dövrünü bir-birindən
ayıran yox, onları öz timsalında birləşdirən
vahid mənəvi məkan mövcuddur. Və bu
vahid, ümumi mənəvi məkan haqqında
danışdığımız KDQ mətnidir".
K.Abdullanın monoqrafiyasının
araşdırıcı pafosu iki səmərəli istiqamətə
yönəlib: ənənəvi və novator. Bu pafos ənənənin -
xalq məişətinin və folklor
mentallığının canlı çeşməsinin -
köklərinin övladlıq ehtiramı ilə
qavranmasında akademik normativdir. Məhz bunun
işığında tarixi təməlsizlik insanın qəbilə-tayfa
münasibətləri sistemindən qopması kimi üzə
çıxır.
Müasirliyin tələb
etdiyi ənənə qədim oğuzların, eləcə də
bütün başqa ibtidai tayfaların yaşadıqları və
ontoloji kateqoriyaları ilə düşündükləri,
Levi Brülün terminologiyası ilə desək, hilozoizmində
yaşadıqları "mistik birgə iştiraka"
(participationmystique) həyat impulsu verir. Onların
assosiativ şüuru və psixikası cəmiyyəti və təbiəti
bir-birindən ayıran "evklid" subyekt-obyekt təfəkkürünə
mifoloji antiteza kimi izah olunur. "Mif
dövrü" və "Yazı dövrü"nün
ağılla qavranılan və hisslərlə yaşanan
dialektik qarşılıqlı şərtlənməsi
keçmişi reanimasiya edir və onların məkan-zaman
kontinuumuna inteqrasiyası yolu ilə indinin tilsimini
açır, bu yolla da ehkamçı şüurun
parçalamış olduğu insan və dünyanın
subyekt-subyekt vəhdətini bərpa edir.
Epik deyimin bütün semantik tərkib
hissələrinin resepsiyası nəticəsində oxunan
sonuncu yekun məna ilə bağlı sualı isə K.Abdulla
uzaqgörənliklə qeyri-müəyyən gələcəyə
saxlayır: hər yeni mədəni nəslin
qazandığı transqredientliyin (tarixi
görünüşün izafiliyinin) üstünlükləri
öz-özünə inkişaf edən, hər bir klassik əsərin
yönlənmiş olduğu mifoloji keçmiş və tarixi
gələcəklə avtonom münasibətdə olan KDQ mətnini
orijinal oxunuşlarla zənginləşdirəcək.
KDQ-nin narrativ səviyyələrinin
paradiqmatik oxu üzrə yüksəlişin növbəti mərhələsində
Kamal Abdullanı arxaik kreativ şüurun kortəbii "nəsrünəzm"dən
şüurlu nəzmə doğru təkamülünün
qanunauyğunluqları düşündürür. Ön
sözün "İbtidai bədiipoetikliyin yaranma məkanı:
Mağara. Mağara ruhu və Mağara mədəniyyəti"
başlıqlı altıncı bəndində K.Abdulla Platonun
"Dövlət" əsərinin "Yeddinci kitab"ına müraciət edir. Bu
kitabda Sokrat həmsöhbəti Qlavkona ideyalar
dünyasının hisslərlə qavranılan formalar
dünyası üzərində qneseoloji yüksəlişinin
əyani nümunəsini təklif edir. Sensualizm
buxovlarının əsarətində olan "mağara məhbusları"
tonqal işığının divara saldığı
kölgələri - eidosları seyr edir və buna əsaslanaraq,
onların transsendent mahiyyəti haqqında yanlış əqli
nəticə çıxarırlar. Lakin bir dəfə
"mağara məhbusları"ndan biri gözlənilmədən
azadlığa çıxır və ona gün
işığına qərq olmuş Allahın sonsuz
dünyasının - yerin və göyün mənzərələrini
görmək nəsib olur. Bu ümumdünya tarixi əhəmiyyətli
hadisəni Platon noumenal olanla fenomenal olanı - substansial olanla
empirik olanı bir-birindən ayırmaq bacarığı
qazanan şüurun oyanışı kimi təsvir edir:
"…görmə ilə əhatə olunan sahə məhbəs
evinə bənzəyir, orada oddan düşən işıq
isə Günəşə bənzədilir. Yüksəliş
və yüksəklikdə olan şeylərin seyr edilməsi -
ruhun ağılla dərk olunan sahəyə
qalxmasıdır" (Platon. Qosudarstvo // Sobr. soç.: v 4 t. - T. 3. - M.: Mıslğ, 1994. - S. 298). Məhbəsdən xilas olmuş dustaq,
gələcəyin Qoruyucusu, Meyster Ekharta, Yakob Byomeyə,
Lüdviq Tikə və başqa dini mistiklərə əta
olunan qnostik aydınlatmaya bənzər nurlanmaya məruz
qalır.
Yaradıcı intuisiyası
K.Abdullanı maraqlı bir hipotezə ruhlandırdı. Həmin
hipotezə görə Dədə Qorqud fenomeninin mifoloji və
mədəni-tarixi genezisini sakrallıqda deyil, onun
özlüyünün spontan oyanışında axtarmaq
lazımdır. Zərdüşt,
İbrahim, Musa, Orest, Odissey, Eney və başqaları kimi
peyğəmbərlər və dini miflərin mədəni qəhrəmanları
öz ezoterik qabiliyyətlərini onlara qarşı
iltifatlı olan tanrıların hədiyyəsi kimi
qazanmışlar. Beləcə, Henri
Lonqfellonun poetik interpretasiyasına görə, yerli
amerikalıların başçısı, mədəni qəhrəman
Hayavata xalqı üçün zəruri olan bilgiləri
öz ilahi atasından - Qərb küləyi Mucekivisdən
almışdır.
K.Abdulla hesab edir ki, Dədə
Qorqud, tarixi şəxsiyyət deyil və "öz
dövrünün təcəssümü" olaraq, əfsanəvi
Homerə çox yaxındır. Onun şüurunu mifin
etiologiyası və adqoyma mərasimi deyil, daxilində baş
qaldırmış və şəxsiyyətinin spontan şəkildə
təşəkkülünün əsasını qoymuş
özlük hissi formalaşdırmışdır.
Özlük (Das Selbst) kateqoriyası
"kollektiv şüursuz"un
hüdudsuz məzmununu - fərdin genetik irs olaraq
aldığı ümumbəşəri təcrübəni -
özündə birləşdirir. Özlüyün
numinoz təbiəti dövrün nəinki sosial adaptasiya zərurətini,
həm də özünüqoruma instinktini dəyərdən
salan fövqəlşəxsiyyət tələblərinin təsiri
altında şüura yol tapır. "Bu
səbəbdən də, - Yunq yazır - özlük hissinin
yaşanması həmişə eqonun məğlubiyyəti
olur. Bu təcrübənin qeyri-adi çətinliyi
ondadır ki, özlüyü yalnız konseptual olaraq fərqləndirmək
olar, praktiki şəkildə isə bunu etmək mümkün
deyil. Buna görə də ona həmişə
"Tanrı"ya müraciət olunan kimi müraciət
olunur" (Önq K. Q. Mysterium Coniunctionis.Tainstvo vossoedineniə.
- Minsk: Xarvest, 2003. - S. 516-517).
Özlüyün eksperimental empirik
deyil, məhz konseptual numinoz qavranması alleqorik "mağara
məhbəsi"ndən qurtulmuş Dədə Qorquda
transsendental gerçəkliyin möhtəşəmliyini
duymaq və onun əsasında humanist
dünyagörüşü formalaşdırmaqla, qədim
oğuzların danılmaz epik təhkiyəçisi və mənəvi
lideri yerini tutmaq imkanı verdi. Dədə Qorqudun
kollektiv şüursuzun məzmunu ilə zənginləşmiş
özlüyü onu - öz xalqının ən öncül
nümayəndəsini - dastanın təhkiyəçi-qəhrəmanına
çevirdi.
Fərdi layihələrin həyata
keçirilməsinə müqavimət göstərən
gerçəkliyin insanda analitik düşüncə qabiliyyətini
aktuallaşdırdığı kimi, Dədə Qorqudun birləşdirici
dühasına olan tələb də onun şəxsiyyətinin
nüvəsini hərəkətə gətirdi. Əcdadlarının
mədəni fondu ilə zənginləşmiş Dədə
Qorqud özlüyünün epifanik fenomeni şüursuz
çalxalanmalardan azad oldu və tarixi təşəkkülün
layihəsini cızdı. Onun ruhu seçilmişliyi ilə
bağlı vəhy yaşantısından keçərək,
bu fövqəlşəxsi çağırışa cavab verdi.
Keçmiş və gələcək
onda qrotesk bir gerçəklik kəsb etdi: keçmiş
müasirləşdi, müasirlik isə gələcəyin
konturlarını cızdı:
"Olub keçmişlərdə gələcək
yetişəntək
Gələcəkdə də
keçmiş tüstülənir",
- Anna Axmatova
özünün "Qəhrəmansız poema"sında
yazır.
Müəllifin
konsepsiyasına görə, mağara insanları özləri
özlərinə başçı yaratdılar. Mürgüləməkdə
olan özlüklərinin hələ açılmamış
potensialını onun üzərinə proyeksiyalandıraraq, hələ
də tam dərk etmədikləri xalq olmaq istəklərini də
ona aid etdilər. Özlərini ona etibar etdilər,
çünki onun simasında Dədə Qorqudun gələcək
Müəllif kimi adekvat söz qiyafəsində onlara
qaytardığı intensiallıqlarını, gizlinlərini açıq
etdiyini gördülər. Müəllimin
sillogizmlərində öz intuisiyalarının ifadəsini
görən qövm onun haqlı olduğunu qəbul etdi və
onu mənəvi lider elan etdi. Beləcə
başçının timsalında A.Adlerin fərdi psixologiya
və K.H.Yunqun kollektiv psixologiya təlimləri öz təsdiqlərini
tapmış olur.
Hermenevtikanın özül
postulatına görə, hissə bütövü təmsil
edir, bütöv isə hissələrin nizamlanmış
qarşılıqlı əlaqəsi kimi ortaya
çıxır.
Kamal Abdullanın
monoqrafiyası hissənin - Azərbaycan eposu nümunələrindən
birinin öyrənilməsinə həsr olunub. Eyni zamanda milli özünəməxsusluq
baxımından unikal mətnin olduqca incə təhlili kimi
qalmaqla, Azərbaycan filoloqunun təqdim etdiyi "Kitabi-Dədə
Qorqud"un analitik-sintetik oxunuşu linqvistik, filoloji və fəlsəfi-antropoloji
intuisiyaların keyfiyyətinə görə adıçəkilən
dastanın mədəni-tarixi kontekstindən çox
qırağa çıxır. Bu oxunuş
mifoloji tipdən olan təfəkkürün
kodlaşdırdığı deyimlər dilindən bizim
dövrümüz üçün anlaşıqlı olan
koqnitiv kateqoriyalar dilinə və geriyə - müasir dövr
dilindən epik mentallıq dilinə edilən ikitərəfli
tərcümədir.
Doğrudan da, Orta əsrlər
xalq yaradıcılığının bu qədim abidəsindən
dövrümüz üçün yad olan arxaik
strukturların "oxunması" şüurumuzu genişləndirir
və dərinləşdirir. Bununla yanaşı,
çoxsaylı filoloq nəsillərinin idraki zəhmətinin
mənimsənilməsi dastanın dəyərlər sistemində
yalnız implisit şəkildə, Dədə Qorqudun yaxın
ətrafının ruhani yaşantılarının
qeyri-şüuri məzmunu kimi, qalan məqamlarını
"oxumağa" imkan verir.
Kamal Abdullanın
monoqrafiyası epistemologiyanın - səhih bilgilərin əldə
edilməsi ilə məşğul olan fəlsəfi fənnin
- nəzəriyyə və təcrübəsinə
sanballı töhfə verir. Sevgi ilə toplanmış və
konseptual olaraq düzənlənmiş çoxsaylı
misalların mənasına vardıqca, oxucu genezisin universal
prinsipləri, xalq yaradıcılığı və şəxsi
yaradıcılıq abidələrinin yaranması və təkamülü
haqqında təsəvvür qazanır. Bu prinsiplərin mənimsənilməsi
isə ona Azərbaycan xalqının söz yaradıcılığının
təkrarolunmaz milli özünəməxsusluğunu dərindən
başa düşmək imkanı verir.
Aleksandr Bondarev
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.8-9.