"Mən" olmağımın tarixçəsi...

 

 parçalar

 

Dumanlı yadıma düşür ki, hərdən Ağdam Mədəniyyət Evində tamaşa və tədbirlərə gedirdik. Sözsüz, Ortaçağda Ağdam camaatı bilməzdi teatr nədir. Ancaq Xarrat Qulunun Şuşada qoyduğu tamaşalardan ağdamlılar xəbərsiz ola bilməzdilər. Şuşanın mədəni həyatı üstəgəl Maarifçi teatr gələnəyi - hamısı birlikdə XIX yüzilin sonundan ağdamlıları belə bir ideyaya öyrəşdirmişdi ki, teatr deyilən nəsnə var və o, yaxşı şeydir. XX yüzilin 20-ci illərində isə Sovet mədəni siyasətində teatra ayrılan yer ağdamlıların bir kəsimini hətta teatral etdi.

Ağdam Mədəniyyət Evinin tikili təkin proyekti unikal deyildi, bir neçə əyalət şəhərində oxşartısını görmüşdüm (indi onun əkizini Quzanlıda tikiblər). Ağ bina idi, pəncərə formalarında, fasadında nəsə antik detallar, sütunlar vardı. Fasadının təpəsi bucaqlaşırdı və orada deyilənlərə görə, binanı tikdirmiş Məşədi Abbasın adı yazılmışdı. Sonradan adın üstünə suvaq vurdular və mənim vaxtımda suvaq elə də qalmışdı, heç kim ona ağ rəng çəkib gizlətməyə çalışmamışdı. Davadan qabaq Məşədi Abbas İcra başçısı imiş. "Məşədi və İcra başçısı" - o illərin paradoksu! Mir Cəfərin seyidliyi kimi. Güman ki, 30-cu illərdən sonra məşədilər və hacılar Sovet siyasi səhnəsindən əriyib getdilər. Yox, amma. Məşədi Əzizbəyovun 26-lar siyasi mifində adı qalmışdı, axı! Məşədi Abbasın Mədəniyyət evinə öz adını yazması italyan-gürcü tragikomik kinonovellalarında olan məzəli əhvalatlara oxşayır - o vaxi görünür, dərəbəylik imiş, yoxsa Sovet hökuməti hardaydı ki, Məşədi qorxmayıb adını Mədəniyyət Evinin üstünə yazsın?! Mən bunu yazdım və düşündüm, bəlkə də haçansa kimsə 30-cu illərdən film çəkəndə yazdığım əhvalatı çağın duzlu simvoluna çevirəcək, beləcə, Məşədi Abbas Azərbaycan mədəniyyəti üçün Məşədi İbad qədər sevimli personaj olacaq! Heyif ki, ağlıma gəlməyib bu məzəli olayı "Qəribə adamlar, qəribə olaylar" kitabıma salım.

Məşədi Abbasın nəvəsi İncəsənət İnstitutunda mənim müəllim həmkarım oldu. Əri Mərkəzi Komitə katibi Rafq Zeynalov idi, tanışlığımız da vardı. 

(Bu yazını yazanda neçə gün öz-özümə "məşədi..." deyib düşünürdüm ki, onun adı dilimin ucundadır, yadıma düşəcək? Ancaq heç cürə huşuma gəlmirdi ki, gəlmirdi. Halbuki, 90-cı illərəcən bu kişinin mənim bioqrafiyama heç bir dəxli olmasa da adını bilirdim. Bu yazıma Məşədi Abbası salmağım yüz minlərlə ağdamlı adlar dəryasından bir "balıqqulağını" çıxarmağın etnoqrafik ləzzəti üçündür. Gördüm tapa bilmirəm, sorğumu Facebook-da paylaşdım və Asəf Quliyevdən cavab gəldi - Məşədi Abbas).

 

***

 

Yadımdadır, 50-ci illərdə qohumlarımgildə də çörəyi stol başında yeməzdilər. Qayda 60-cı illərdə dəyişdi. Ancaq Ağdamda dəyişdi, bütün bölgələrdə yox. 60-cı illərdə hər yay Bakıdan Ağdama, - evimizə gələndə biz, artıq stulda oturub stolda çörək yeyirdik. Ağdamda mənim kimilər yalnız soyuqda odun sobası yanında yerdə oturanda, uzananda kef alırdılar.

 

***

 

Xanlar babamın dükanı haradasa Ağdam məscidinin yanında, bazara gedən küçədə idi. Orada yenə kitab satılırdı, di gəl, uşaq olduğumdan mağaza məndə heç bir düşüncəli-kədərli təəssüratlar oyatmırdı. Ancaq Ağdam bizdə olsaydı, indi görsəydim, əski türbələrə, savaş yerlərinə baxırmış kimi baxardım. Çox güman ki, ermənilər o dükan olan binanı söküblər və indi dükanın daşları Şuşada, ya da Gümrüdə hansı ermənininsə divarlarında semantikasız (məna bildirmədən) uyuyur.

 

***

 

Huşumda 50-ci illərin ortasında Ağdam mehmanxanasının həyətində gördüyüm iki çinli, - bir kişi və bir qadın qalıb. Geyimləri şıkına (şuxluğuna) görə ağdamlıların geyimindən ayrılırdı. İtlə gəzirdilər. Deyəsən, sirklə bağlı gəlmişdilər. Ağdamda sirk yox idi, bəs haradan bu güman başımda qalmışdı, bilmirəm. Bəlkə onlar Mədəniyyət Evində hansısa mədəni proqramm çərçivəsində fokus-mokus göstərirdilər?!. Görəsən, onlar nə oldu? Xunveybinlər başlarına oyun açdı, yoxsa HonqKonqa qaçdılar, ya nə? İndi yada salanda görürəm ki, onlar Mao Tzedun Çininin adamlarına oxşamırdılar.

O çağki Çinin imici Ağdamda və Bakıda dözümlü Çin ketləri ilə formalaşmışdı. Sovet adamları kimi kasıb yaşayan ölkələrdə gec dağılan ayaqqabı, gec üzülən paltar yiyəsində öygü doğurur. O çağ hamı usanmadan bir-birinə ayağındakı Çin ketlərinin yaxşı qalmasını deyirdi. İşə bax ki, XXI yüzilin erkənlərində Çin malları iki-üç günlüyün simvolu oldu.

Bu xatirəm XXI yüzildə mənim üçün bir yazımın bioqrafik fonu oldu. Orada Keynsin iqtisadi nəzəriyyəsindən çıxış edərək dözümlü ayaqqabı və avtomobillərə baxışın dəyişməsini yazmışdım. Məqaləmin ritorik ana sorusu bu idi: necə beş il eyni ayaqqabını geyməkdən, eyni maşını sürməkdən ləzzət almaq olar?! Bəlkə, yaxşısı budur ki, ayaqqabı, maşın ucuz olduğu üçün tez-tez dəyişdirilsin və bu da istehsalata, ürətimə stimul olsun?!  

Ağdam mehmanxanasının müdiri Mustafa müəllim (adı necə yadımda qalıb?!), axsaq kişi idi və deyəsən, həyətdə biz oynayan zaman nəsə mehmanxana mülkünə ziyan vuranda üstümüzə cumurdu, çatmayanda dalımızca daş atırdı. O mehmanxana mənə azman göydələn kimi görünərdi. Sonralar yeniyetmə çağında Ağdama gələndə bu ikimərtəbəli bina balacalığı ilə məni şaşırtdı, - bunumu uca sayırdım?! Böyüyəndə belə çaşqınlıq məndə çox oldu. Mədəniyyət Evinin qabağındakı meydança mənə necə azman görünə bilərdi?! Sarcalıda Fərman babamgilin ikimərtəbəli evini necə nəhəng görə bilərdim?! Onun yanındakı hündür palıdın (Elçinin romanına düşüb) diametri bir metrlik gövdəsini necə üç metrlik görə bilərdim?!

İnsan yaşlandıqca ucalıqları, genlikləri, azmanlıqları başqa-başqa qavraya-qavraya dünənlə bugünkü fərqlərinə mat qalır!            

 

***

 

Mustafa müəllimin (üzü də yadıma düşür, bizi daşlamasaydı, düşməzdi) axsaqlığını yazandan sonra uşaqlıq dünyamda axsaqlıq məsələsinin üstündə bir az durum. Anamın "Dudum" dediyi "Durna" adlı ata nənəsinin ikinci oğlunun adı "Dadaş" idi və mənim uşaqlıq çağımda o, İcra Sovetinin başçısı idi. Qalife şalvar və uzunboğaz çəkmədə gəzərdi. Yeriyəndə dəhşətli axsayardı. Mən isə o çıxıb gedəndən sonra qohumları onun yerişini yamsılamaqla güldürərdim. Ancaq nəsə adam yamsılamaq mənim şakərim olmadı, yalnız oğlum Totoda bu aktyorluq istedadını gördüm. Bəs yamsılama gəlişib mənim naturama çevrilməyəcəkdisə, niyə Dadaş əmimlə bağlı rüşeym kimi indi yazımda üzə çıxdı?! Bəlkə yamsılamanın bu rüşeymi məndə aktyor sifətinə yox, alim ipostasına transformasiya etdi?! Axı, mənim narrativlərimdə, yəni elmi düşüncələri söyləməyimdə Lotmandan, Losevdən çoxlu forma (bəlkə fikir də) yamsılamaları var!

Həm də Dadaş əmimin axsamasını yamsılayıb qohumları güldürəndə, - amma adamda nə qədər darıxdırıcı həyat olmalıdır ki, uşağın bu yamsılamasına ləzzətlə güləsən - bax, bunu edəndə mən ilk tamaşa verməyin narsistik kefini aldım. Psixoanaliz buna ekzibisionist ləzzət deyir. Bunacan heç vaxt özümü beş-altı adamın baxışlarını çəkən uşaq kimi duymamışdım. Dadaş əmimi yamsılamaqla bunun ilk təcrübəsini yaşadım. Ancaq bu axmaq məsələdə öz xeyrimə bir nəsnəni deyim - onu yamsılamaq texniki baxımdan elə də çətin deyildi. Əsas məsələ uşağın bununla "nou-hau" yapıb başqalarına yumoristik qulluq etməsi idi. Mənim sonrakı yaşamımda zarafat, məzələnmək, duzlu danışmaq - şitini çıxarmayanda dostlarımı, tanışlarımı mənə bağlayan bağlardan oldu. Əgər məndən ötrü dostlardan kimsə darıxırdısa, həm də bu xasiyyətimə görə darıxırdı. Bəzən şitini çıxarmağımı isə mənə xanımım Dilarə demişdi. Sonralar həm Orxanda, həm də Totoda məclisi əyləndirən artistlikləri gördüm. Belə nəsnələr qenetik keçmir. Ancaq bəlkə də onlar atalarından bu şakəri götürmüşdülər, ya da öz tapıntıları idi.   

 

***

 

İndi ki, Dadaş əmimdən (əslində, anamın əmisindən) danışdım, azəri qohumluq ilişgilərinin bəzi ilginc yönlərindən söz açım. "Əmilər, dayılar, bibilər, xalalar - onların uşaqları" - bu iki  sıra arasında ilişgiləri götürüb onların struktur necəliyini göstərmək istəsək, "yaşca böyük/yaşca kiçik" ikişər qarşıtı (oppozisyonu) alınacaq. Aydın olacaq ki, əmi və dayılar, bibi və xalalar yaşca böyüklərin, onların uşaqları yaşca kiçiklərin qrupunu yaratmalıdır. Ancaq bir şey var. Paradoks bundadır ki, qohumluq sistemi patriarxal, gələnəksəl toplumlarda (dönəmlərdə) formalaşsa da, özünü təmiz sxemdə patriarxallıqdan xeyli ayrılmış çağdaş toplumlarda göstərir. Bunu anladım. Azərbaycanda indi çoxuşaqlılıq yox dərəcəsindədir. Yox dərəcəsində olmayanda isə, yəni 40-50 il bundan qabaqsa ananın axırıncı doğduğu oğlan böyük bacısının bir il qabaq doğduğu uşağın dayısı ola bilərdi. Ancaq indi, adətən, əmi, dayı, xala, bibi yaşca böyüklük, onların uşaqları yaşca kiçiklik göstəricilərinə cavab verir. Gec evlənmələr buna ikinci nədəndir. Qabaqlarsa ideal qohumluq sxemi təmiz şəkildə başlarda qalsa da, işdə tez-tez pozulurdu. Örnəyin, mənim anamın bir xalası yaşca ondan kiçik idi.

İkinci məsələ. Adətən, belə sayılır ki, adam ana qohumlarını ata qohumlarından çox istəyir. Gerçəkdə bu da tez-tez pozulur. Örnəyin, mənim anam ata qohumlarını görəndə, eşidəndə əriyib gedirdi. Bir Mərkəzi Komitə təlimatçısı vardı, şairlik də edirdi, adı Ramiz Məmmədov idi (şair Ramiz Məmmədzadə nəzərdə tutulur). Anam, onunla sıx ünsiyyəti olmasa da atası Xanlar babamın qohumlarından olduğu üçün onu uzaqdan-uzağa olsa da çox istəyirdi. Anama baxıb mən də onunla tanış olub mehribançılıq edirdim, hərçənd onun tərəfindən özümə elə   maraq görməmişdim.

Bu girişdən sonra bizim şəcərədən danışım. O mənim oğullarım üçün ilgincdir. Ancaq o, Azərbaycanda nəsildən nəslin doğması ilə, şəcərəyə düzlənmiş adlar-şəxsiyyətlər qalereyası ilə, Azərbaycana kimlərin haradan gəlib hara getməsi ilə maraqlananlar üçün də ilginc ola bilər. Hərçənd təəssüf ki, bu şəcərədə bir romantik və ya qalmaqallı şəxsə, olaya rast gəlmədim. Sanki mənim şəcərəmə düzlənmiş qızların, oğlanların heç biri Romeo və Cülyetta, Leyli və Məcnun sevgisini yaşamamışdı, qadınlar ərlərinə xəyanət etməmişdi. Belə çıxır ki, qadınlarla ilgili namus normalarının basqısı elə güclüymüş ki, belə sapıtmaları mümkünsüz etmişdi, etməsəydi, mütləq yaddaşlarda iz qalardı. Mənim əcdadlarım, sözsüz, şeiri, musiqini sevirdilər və görünür, həyatlarında yaşamadıqları sevgi intriqalarını poeziya və segahlarda yaşayırdılar. Adi dünyada isə vaxtı çatanda qızlar qohumlara, tanışlara verilib evdə ərlərinin başına "nırx əkirdilər" (Ağdamdan qalma deyim), oğlanlarsa həmin qaydada qohum, tanış qızlarını alıb dünyada nəticəsi olmayan seksual xəyallarla yaşayırdılar.

Ana sarıdan şəcərəmizdə tapdığım ən qədim əcdadımızın adı Göyüşdür. Bir ayağı qısa olduğu üçün ayaması "G...tü əyri Göyüş" idi. Onun oğlu Xəlil də öz oğluna Göyüş adını qoymuşdu.  Anamın atası Ağalar bu axırıncının oğlu idi. Hesablasan, bu sıra XIX yüzilin erkəninəcən gedib çıxır.

Ağalar babamın arvadı Firəngiz nənəmin şəcərəsi beləydi: Bəyim xanım, atası Aslan bəy, onların qızı Bilqeyis, oğlanları Əli bəy. Axırıncı erməni-müsəlman davasından sonra Tiflisə köçmüşdü. Onun oğlu Sankt-Peterburqa gedib alim olmuşdu. Nə üzrə bilmirəm. İndi ondan olanlar güman böyük Rusiyada və bəlkə də böyük dünyada əriyib yox olublar.

Gördüyünüz kimi, bu şəcərədə bircə Firəngiz nənəmin anası və atası nəsə bəylik zümrəsi ilə bağlı görünür.

Bu qohumlarımda bir fakt mənə ilgincdir. Seyidlilər Kəbirli tayfasından törəmələr idi və döyüşgənlikləri ilə ad çıxarmışdılar. Nadir şah Kəbirli və Cavanşir tayfalarını Xorasana sürgün edəndən sonra Qarabağ dağlarında onların yerinə erməniləri köçürüb başçılarına "məlik" titulunu vermişdi.

Mən gördüyüm Seyidlidə elə bir igidlik yox idi, qavrayışımda iki yerə bölünürdü: Kötəlin qırağındakı bizim oba və yerdə qalan Seyidli. Obamıza gəlmək üçün yerdə qalan Seyidlidən keçəndə orada yaşayan seyidlilərə heç bir doğmalıq duymazdım. Sanki yad yerdən keçirdim. Kötəlin düz qırağında Ağalar babamın XX yüzilin erkənində (daha da qabaq ola bilərdi) tikdirdiyi ikimərtəbəli daş ev dururdu. Seyidlidə başqa yerdə mən əskidən tikilmiş ikimərtəbəli daş ey görməmişdim. Olanlar davadan sonra tikilənlər idi. Hərçənd Ağalar babam bəy deyildi. Deyirlər, yüzbaşı olmuşdı. Bəy olmadığı üçün onun ikimərtəbəli evinin olması qəribədir, hərçənd nökərləri varmış.

Anamın xalası Sənubər bunu belə danışıb: Seyidli kəndində Göyüşlər məhləsi əcdadımızın adı ilə bağlıdır. Ağalar Göyüşoğlu (ikinci Göyüş) 1939-cu ildə ölüb. Seyidli varlısı imiş, orada dəyirmanı vardı. Dəyirmanı mən görmüşdüm, həyətimizin başında arxın üstündə pəyəyə oxşayan balaca bir tikili idi.

2009-cu ildə qohumumuz cəbhəçi fəal Ruhəngiz xanımın anası, 84 yaşlı Zərif xala ilə söhbət etdim. Dedi ki, hamı nənəniz Raxşəndənin atasına "Ağalar bəy" deyirdi. O, varlı və nüfuzlu adam idi. Zərif xala bunu da söylədi ki, Ağalar babanı bir dəfə Seydlidəki evin ikinci mərtəbəsində oturan görmüşdü.

Ağalar babamız Sovet çağında Sallaqxananın müdiri olubmuş. Hündürboylu, qarayanız kişi imiş. İçməzdi, ancaq qumarbaz idi. Üç arvadı, 12 qızı vardı. Firəngiz nənəmin üstünə Ziba xanım adında birisini alıb qıraqda saxlayırmış. Raxşəndə nənəmin göy gözləri atasından gəlirdi (maraqlıdır ki, mənim nənəmgildə ataları Ağaların o biri arvadları, uşaqları haqqında heç bir xatirə yox idi).

Nənəmin atası oxuyub yazmağı bilirmiş. Zərif xala deyir ki, həmişə qəzet oxuyarmış. Bacısının adı Fatma imiş. Fatmanın oğlu Qaçay, Qaçayın oğlu Elxandır. İndi köçkün olan Elxanı çoxdan görməsəm də, dostumdur. O da atası kimi göygözdür. Başqalarında az gördyüm ayıq-sayıq ağlı və özünə kinayəni onda görmüşəm. Elxan çox asanlıqla dədə-baba qaydalarına mız qoyar, insaflı olmaq üçün öz zibillərini etiraf edərdi. Qaçay əmini mən görmüşdüm, çox mehriban adam idi. Bunu yazıram və gözümün qabağına mənə göy gözləri ilə baxan Qaçay əmi, nənəm, Elxan görünür. Hamısının gözləri göy idi. Vahid Qazi Elxanın yaxın qohumudur, gözləri göy olmasa da, sarışınlığı ilə qarayanız ağdamlılardan ayrılırdı.

Elxan gödək enliçiyin bir oğlandı. Bir dəfə 18-19 yaşında Seyidlidə, babamgildə olanda həyətin o başındakı Elxangilə getmişdim. Ədabaz-ədabaz dedim, gəl güləşək. Güləşdik, bir dəqiqənin içində arxamı yerə vurdu. Belə asan uduzmağı təsadüf sayıb dedim, bir də güləşək. İkinci dəfə də arxamı yerə vurdu. Ona uduzmağım məni çaşdırdı. Axı, idmanla məşğul olurdum, boks-güləş texnikasını bilirdim, necə oldu, onunla bacarmadım?! - Bu, indi də mənə sirdir. Mən, hətta mosta gedib başımın üstündən atmağı da bacarırdım - bədənim elastik olduğu üçün. Bir dəfə belə mosta gedib əmim İbrahimi yerə çırpmışdım və nənəm Reyhan peziliyi ilə ad çıxarmış oğlunun yerə sərilməsindən bərk pərt olmuşdu. İbrahim əmimin isə bu, vecinə olmamışdı.

İndi isə ata sarıdan şəcərəmi söyləyim. Qarabağnamələrdə yazırlar ki, Sarcalı tayfası Cavanşir bəylərindən olan sarışın olduğu üçün Sarıca Alı adını almış adamın nəslidir. Onun parlaq nümayəndələrindən biri Pənahəli bəy olub.

Quzey Azərbaycanda bir neçə Sarcalı var, Urmiyədə də var. Bizim kəndə o biriləri ilə dolaşıq salmamaq üçün Göytəpə Sarcalısı və ya Çəmənli Sarcalısı deyirdilər. Seyidli Ağdama bitişik olduğu üçün kənd ab-havasını itirmişdi. Sarcalı isə mənim üçün sözün əsl mənasında kənd idi. Bu yerdə özümlə ilgili bir nəsnəni anlamıram. Ağdam rayon sayılırdı və rəsmi sənədlərdə şəhər adlandırılsa da, adamların ona "şəhər" deməyə dili gəlmirdi. Bakıda "rayonlu", "çuşka" sözləri isə ağdamlıların urbanistik camaat sayılması şansını lap azaldırdı. Bəs, məndə 56-57-ci illərdə kənd idilliyasına yönəlik Russoist şakər haradan idi ki, Sarcalını sevirdim?! Fransada Jan-Jak Russo sivilizasiyaya, uyqarlığa qarşı kənd dünyasını qoyub onun təbiiliyini üstün göstərəndə bunu mən başa düşürəm -  orada uyqarlıqda yaşayan fransızlar o dünyanın quramalığından bezmişdilər. Bəs mən niyə Ağdamda yaşaya-yaşaya kəndi elə sevirdim, bəyəm Ağdam özü kənd kimi bir şey deyildi?!

Sarcalıda elektrik işığı yox idi, gecələr çıraq altında otururdular. Yemək daha çox şor-əppək idi (Şahbaz Xuduoğludan bildim ki, 20 il sonra Yardımlının Hamar kəndində də əsas yemək şor-çörək imiş).

Mən Sarcalını o qədər sevirdim ki, 60-cı illərdə ora asfalt çəkiləndə qanım qaraldı. Bu reaksiyam məntiqsiz idi, çünki sevdiyim Sarcalıda yağışdan sonrakı palçığa nifrət edirdim.

Sarcalı camaatının danışığı bəzi sözlərlə ağdamlılardan ayrılırdı. "Qapını qayır" - bu deyim güman ki, kilid ixtirasından qabaq yaranmışdı, yəni o çağlarda yaranmışdı ki, qapını bağlamaq, onu açılmağa qoymamaq üçün açarı burmurdular, nəsə yapırdalar, qururdular, qayırırdılar. Ağdamlılarda isə "qayırmaq" feilində güclü seksuallıq vardı. Sanki bu deyim fərqi "kəndçi/şəhərli" qarşıtından ləzzət alan hansı ağdamlılarasa kənd adamlarını dolamaq üçün bəhanə verməliydi. Ancaq qohumlarımda və küçələrdə kənd danışığına lağ eşitməmişdim. Ağdamda kənddə, şəhərdə "ayə/vayə", "dana/dayna", "gələjəm/gedəjəm", "gəlif/gedif" deyərək bir ləhcə ilə səs-səsə verirdilər.

Sarcalıda "doqqaz" deyirdilər, "əppək" deyirdilər, ağdamlılar isə onları işlətməzdilər. "Əppəy"in "əkmək" variantı Anadolu türklərində var. "Həndəvər" sözünü Sarcalıda eşidib 25-30 yaşımdakı yazılarıma gətirmişdim. İndi hərdən-birdən başqa yazılarda görəndə içimdən özümə soru gəlir: nə yaxşı, bu söz ədəbi dilə yayılıb?! Hərçənd quşqum var ki, o fars kökənli sözdür. Mənim yazılarıma "urvat" Sarcalıdan keçib, türkcənin gözəl sözü sayırdım, ancaq deyəsən, ərəbcənin "mürüvvət" sözündəndir.

Yeri gəlmişkən, 50-ci illərdəki ağdamlı danışığında Avropa sözlərini də söyləyim. O çağ "fors", "forsdu/forslu" sözünü çox eşidərdin. Mənim xalamın qayınatası "Forsdu Rəşid" idi. "Azərbaycan" qəzetinin baş redaktoru olan Amilin (xalamoğlunun) babası. O, əslən, şuşalı idi. Ağ, hündür adamdı, Sallaqxanası vardı. Deyəsən, o da Ağalar babamla dostluq etmişdi. Rəşid əmi məni görəndə belə əzizləyərdi: "eşşək qara sən qara, eşşəkdən də sən qara".

Bu Rəşid əmi birdən ayağında çust, əzik-üzük paltarla şəhərə çıxa bilərdi, ancaq həmişə başında bahalı buxara papaq olmalıydı. O, papaqla şəstlə gəzdiyinə görə "forslu Rəşid" ayamasını almışdı. Can verəndə mən həyətdəydim. Xəbər gəldi ki, gözündə yaş dənələri göründü və dedi: mən bu dünyada hər kefi gördüm, amma gözüm burda qalır. Nə kef görmüşdü, deyə bilmərəm. Adı onunla çıxmışdı ki, Savad (qəribə addır) adında bir kürd arvadını saxlayır. Bəlkə də kürd deyildi. Qubadlı, Laçın tərəfdən gəlmişdi. Ağdamlıların bir axmaq xasiyyəti vardı, o taydan gələnlərə "kürd" deyirdilər. Bax, bu Savadı mən görmüşdüm, qara, çox kök arvad idi - Rəşid əmi bundan necə kef alırdı, fantaziyam bir şey demir.

Sonralar mən ingiliscə öyrənəndə bildim ki, bu dildə "fors" güc, hakimiyyət deməkdir. Bakıda onu işlətmirdilər, bəs Ağdama necə gəlib çıxmışdı?!

Avtobus vağzalına "Sayustrans" deyirdilər. Bakıda ruscanı öyrənəndə bildim ki, bu söz "soyuznıy transport" sözündəndir - balaca vağzalın yekə-yekə soyuztrans adlandırılmasında nəsə ağdamlı ədabazlığı vardı.

Orada şəhərin içində o baş-bu başa 1-2 saatdanbir avtobus keçərdi. Adı "Poqorod" idi. Yalnız sonralar morfoloji analiz aparıb ayırdım ki, ruscadan alınma kəlmədir. 

Bu leksik bilgiləndirmədən sonra atamın şəcərəsini deyim. Onun əcdadı Qara İbrahim təxminən XVIII yüzildə ya İraqdan, ya Suriyadan Tərtərin Qaraqoyunlu kəndinə gəlibmiş. İnanmıram, ərəb olsun. O çağda türkcəni bilməyən ərəbin burda nə işi vardı?! Qara İbrahim güman türkmən və ya türkman, bayat olub. Onun bir oğlunun adı Mehdi imiş. Mehdinin oğlunun birinin adı Həmid, o biri Kərbəlayi İbrahim olub (bu axırıncının arvadının adı möhtəşəm idi - Məşədi Mülkicahan). Sonrakı nəsil Sarcalıda yaşayıb.

Bizim nəslimiz Həmiddən gəlib. Onun 4-5 oğlu olub, biri mənim çox sevdiyim Surxayın atası Gülü, o birisi Şirin, digərləri Fərman, Atakişi (oğlanları Lələ, Əyyub, Balakişi) olublar. Bizdən başqa hamısının soyadı "Həmidov" idi.

Əmim İbrahimin arvadı Xanım Kərbəlayi İbrahimin qızı Sənəmin kötücələrindən idi, mənə danışmışdı ki, Sənəm arvad and içəndə deyərmiş: atam İbrahimin 14 yarası haqqı.

Sənəmdən babası haqqında başqa soraq qalıb: mənim babam qardaşları və babası ilə bura Məkkə-Mədinədən gəlmişdilər (Aqilin əldə etdiyi başqa bilgiyə görə, ya İraqdan, ya Suriyadan gəlmişdilər). Deyirlər ki, Qara İbrahim seyid nəslindən olub, özü ilə "Quran" gətirmişdi, bir də xəncər.

Bizim ailə "mifologiyasında" o var ki, Kərbəlayi İbrahimin xəncəri dəmiri də kəsərmiş (bəlkə Dəməşq poladından olub?!) Qara İbrahimdə ekstrasenslik vardı (bu ekstrasenslik elementləri mənimlə oğlum Orxanın da əlində var). Kürəyində beşbarmaq izini andıran tüklər varmış

Atam Musa xatırlayır ki, həmin xəncəri görmüşdü. "Quran" isə, deyirlər, atamın əmisi oğlu, anası seyid olan Əyyubgildə qalmışdı.

Kərbəlayi İbrahimin arvadı Məşədi Məlikcahanın Ağdamın Pirhəsənli Kəngərliləri ilə qohumluğu vardı. Bundan nə çıxarmaq olar, bilmrəm.

İbrahim Kürün üstündə Soltanbud meşəsinin ayağındakı qışlağına gedəndə onu 9 güllə ilə öldürmüşdülər, bəs niyə qızı and içəndə 14 yaraya and içirdi? Və bir də bu nə and idi ki, yara və güllə ilə bağlı idi?!

Bir müəmmalı xəbər vardı ki, Kərbəlayi İbrahimi Alışlar nəslindən olan kimsə öldürmüşdü. Kimdir bu Alışlar, onu da tapmaq mənə imkansız. Ancaq nəslin huşunda süjetini itirmiş belə faktların qalması intellektual improvizəyə yaxşı bəhanə verir.

Atamın anası Reyhan nənəmin birinci əri Şirin imiş. Sarcalının yanındakı meşədə olanda dostunun (və uzaq qohumunun) tüfəngi açılır, güllə onun ayağına dəyir. Kəndə gətirirlər, yatağa düşür və qanqrendən ölür. Bircə Mələk adında qızı qalır. Reyhan nənəm evlərinə qayıdır və orada ya kiməsə ərə gedir, ya da onu kiməsə vermək istəyirlər. Qayınanası tapançalı Məşədi Sayad hay-küylə onu qaytarıb oğlu Fərmana, mənim babama verir. Fərmanın uşaqları ata ayrı ögey bacıları Mələyə baxıb Fərmana "ata" yox, "əmi" deyirdilər. Mən də onlara baxıb "əmi" deyirdim. Fərman əmimin çənəsində nəsə yara vardı, ona görə həmişə təpəsindən çənəsinə sarıx çəkərdi, ləqəbi də ağzı əyri Fərman idi. Həmişə onu qəzet kağızından tənbəki çəkən görmüşdüm.

Nənəmin Fərman əmimə münasibəti ironik idi, nə babam nənəmlə həvəslə danışardı, nə nənəm onunla. Atamın anası , üz-gözündən xanım-xatınlıq yağan arvad idi. Atam yaraşığını ondan almışdı. Nənəm ərinə neyçünsə "Qədimalı" deyərdi, beləcə ərin adını çəkməmək tabusunu kinayəli ləqəblə həll etmişdi. Qardaşım Aqilin dediyinə görə, nənəmin ölümünə babam dözməyib ondan bir az sonra dünyasını dəyişdi - belə görünür ki, üzdəki soyuqluğun dərinində güclü bağlılıq varmış, ən azı babamda.

 

Niyazi Mehdi

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.10-11.