Həyat qısa, quşlar uçur...

 

İkinci Mahmudun xatirəsinə...

 

"Ağrı, insanların öz sirlərini açmaq fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi doldurmasıdır..."

 

"Şirin portağal ağacım"

 

"Görəsən, Mahmud neçənci dəfə öldü? Həyat, dəfələrlə öldüyümüz və yaşadığımız anlardan ibarət deyilmi?".

Əslində, özünə çox gözəl ünvan seçmişdin. "İkinci". Bilirdin, çünki birinci də deyilsən, sonuncu da... Birinci hər kimdirsə, biz onu təqlid edən ikincilər, üçüncülər, dördüncülərik... Bəs onda sonuncu kimdir, Mahmud? Bu ağrıları, bu duyğuları yaşayan "sonuncu" kim olacaq? Yəqin ki, indi sən bunu məndən daha yaxşı bilirsən... Amma bütün bilənlər kimi susmaqla cəzalandırılmısan.  Olsun...

İndi "Facebook" profilinin "bio" hissəsinə yazdığın "Həyat qısadır, ona görə də tələsmədən yaşayın" cümləsini daha yaxşı anlayıram. Əgər doğrudan da, biz sonuncu deyiliksə, tələsmədən YAŞAMALIYIQ!

Ölüm xəbərini eşidəndən bəri sənin barəndə düşünürəm. Gözlənilməz idi çünki... Bəlkə ən yaxınların, doğmaların, hətta ailə üzvlərin belə bu qədər gözlənilməzliklə qarşılamadılar… Şərq ölkəsində doğulmağımızın verdiyi sentimentallıq səbəbindən və sənin də dediyin kimi travmalı olduğumuz üçün hər birimizin daxilində bir gün qəfildən, lap qəfildən sevdiklərimizi, doğmalarımızı itirmək qorxusu yaşayır. Ona görə də qəfil ayrılıqlar bəzən gözlədiyimiz, hər gün vəsvəsəylə ruhumuza işgəncə verən ehtimalların gerçəkləşməsi olur. Biz, sadəcə, içimizdəki qorxuya üsyan edir, hiss etmənin, anlam verə bilmədiyimiz duyğularımızın həyatımızı yağmalamasına dözə bilmirik.

Lakin uzaqdan tanıdığımız, xüsusilə, tərzini, fikirlərini, mövqeyini mənimsədiyimiz, qəbul etdiyimiz insanların isə hər zaman var olacağına inanır, onları itirə biləcəyimizi ağlımıza belə gətirmirik.  Belə düşünməyimizə səbəb olan həm də bir az insanları olduğu kimi yox, olmaq istədikləri və ya yaxud başqalarının olmasını istədiyi kimi qələmə verən sosial şəbəkələrdir. Orda izlədiklərimiz hər zaman xoşbəxt, zarafatcıl, ağrılarıyla belə əylənməyi bacaran və ya hər gün eyni şəkildə pessimist mesajlar ötürən, çətinliklərlə boğuşan lakin yenə də həyatda qalmağı bacaran insanlardır.

Məsələn, "Facebook"a daxil olan kimi öyrəşdiyin adamları orada eyni ampluada görəcəyindən əminsən.

Paylaşımlar eyni...

Mükafat alanlar eyni...

Çətinliklərlə boğuşanlar eyni...

Aydınlar eyni...

Qaranlıqlar eyni!

Və sən də bu təkrarlanan proseslər silsiləsində öz payına düşən eyniliyi icra etməli olursan.  Tələsə-tələsə ötüb keçirsən...

Lakin hərdən bu eyniliyin içində elə hadisələr baş verir ki, üzünə yumruq yemiş kimi sərsəmləyirsən. Nə baş verdiyini anlamır, anlayana qədər xeyli vaxt itirmiş olursan. Anladıqdan sonra isə inana bilmirsən, inanmaq istəmirsən...

Eynilə sənin ölümün kimi...

Məncə, görmək istəyərdin bu "mənzərə"ni. Ölüm xəbərin hər kəsin, xüsusilə ədəbiyyat aləminin stimulverici mesajlarını, işıqlı fotolarını, gələcəyə inamlı addımlarını, parlaq sabahlara çatmaq üçün "Solyeri heyranlığı" ilə bir-birlərinə dəstək olanların karvanlarını pərən-pərən saldı... Hər şeyi yerli-yerində edən, bütün ehtimalları ən xırda ayrıntısına qədər hesablayanlar bir şeyi unutmuşdular: Ölüm! Bu Nitsşenin "De Capo" dediyi an idi... Sən sağlığında olduğu kimi, sanki ölümünlə də eynilə məlum verilişdə etdiyin şəkildə ayağa qalxmış və hər kəsi bu nəhəng həqiqətlə silkələyə bilmişdin. Lakin budəfəki sənin yox, həyatın gerçəyi idi. Nəhayət ki, onlar bunun fərqinə vardılar. İndi hamının canından qəfil ölüm giziltisi keçir və sanki vəsiyyət edirmişcəsinə yazdıqları da daxil olmaqla həyatlarına "əl gəzdirməyə" başlayıblar. Və dayanmadan eyni sualı təkrarlayırlar: "Görəsən, Mahmud kimi istedadlı, savadlı, perspektivli gənc yazar niyə metroda işləyirmiş?".

Bu sualı eşitsən nə düşünə biləcəyini hiss edirəm. Həə, sualı yenə səhv qoyublar. Əslində isə sual belə olmalı idi. Biz niyə vaxtında bu gerçəkləri bilmirik və niyə vaxtında bu məsələlərə narahat olmuruq. Guya, biz indi bu sualın cavabını tapsaq ki, sən niyə metroda çalışırmışsan nə dəyişəcək? Mən isə  nəyisə dəyişdirmək gücü olmayan şeyləri heç sevmirəm. Artıq səninlə bağlı suallara son qoymalı, geridə qalanlar haqqında düşünməliyik. Bizim cavabını gözləyən o qədər suallarımız var ki... Məsələn, sual versək ki, gənclər niyə özlərini təsdiq etmək üçün qocalmağı gözləməli, yaradıcılıqla məşğul olanlar niyə əlavə işlərdə çalışmalı, cəmiyyətdə digər peşə sahiblərinə nisbətdə daha az təqdir olunmalı,  yaxşı yazıçı olmağı ev almaqla, mükafat almaqla ölçməli, buna görə də özlərini ucuz oyunlara qurban verməlidirlər, bəlkə də nəyisə dəyişə bilərik....

Məncə, insan oğlu o zaman özünü digər canlılardan fərqləndirdi ki, hər hansı bir mövzuyla bağlı sual verdi. Lakin doğru zamanda və doğru olan sualı. Həyatımızı da, dünyamızı da həmin doğru suallara doğru cavab verənlər dəyişdirdi. Məsələn, "azad olduğunuzu deyirsiniz? Sizə hökm edən fikri eşitmək istərdim" kimi...

Rişard Kapuşinskinin bir əsərində, tamamilə, başqa mövzuyla bağlı olsa da çox sevdiyim bir fikri var. Təxminən belədir: "Qoca Mossi (Müsəddiq) haqlı idi. Lakin o, yenə də uduzdu. Çünki o, vaxtından əvvəl haqlı idi...". Bizim indi Mövludun, sənin ölümünə təəssüflənməyimiz də bir az fərqlə buna bənzəyir. Biz də haqlıyıq, lakin vaxtından sonra, çox sonraa...

Uşaq olanda bir arzum var idi. Kaş ölümümdən sonra Tanrı mənə bir-iki günlük vaxt verəydi. Həmin vaxt baş verən hadisələri, insanların reaksiyalarını görə biləydim. Sonralar, çox sonralar dəyər verdiyim bir çox məfhumun mahiyyətini itirməsi və ya forma dəyişdirməsi səbəbindən bu arzum uzaqlara səfər etdi. Artıq az-çox baş verəcəkləri təxmin edə bilirəm.

Bəlkə də nə vaxtsa sənin də belə arzun olub... Əgər imkanım olsa, sənə mütləq xəbər verərdim. Hər şey eyni idi, Mahmud. Eyni.

Əvvəl inanmadılar, sonra təəssüfləndilər. Sonra şəkillərinin altına əvvəllər elə də ciddiyə almadıqları, ötəri "layk" edib keçdikləri (bundan əminəm!) sözlərini yazıb paylaşdılar.

Danışmağa imkan vermədikləri verilişlərdəki çıxışlarını toplayıb, bir günün içində səni qəhrəman etdilər. Hə, Mahmud, əminəm ki, sağ olsan ən böyük qorxun bu olardı. Bu şəkildə qəhrəman olmaq... İndi sənin varlığından, yazdıqlarından xəbəri olmayan adamlar belə bir cümləni paylaşıb "mənəvi ağrılar" keçirirlər...

Və bir ildən sonra yenə də hər şey eyni olacaq...

ƏGƏR doğrudan da ruh deyilən məfhum varsa və sən hardansa bizi izləyirsənsə, maraqlı gələ bilər ki, bəs mən niyə sənin barəndə yazıram. Axı biz heç vaxt tanış olmamışıq və mən səni heç yaxından da tanımıram. Bəlkə yaxın dostların daha yaxşı yazardılar. Bir də ki, onlar daha yaxşı yazsalar nə dəyişəcək, dedim axı heç nəyi dəyişməyəcəksə... Son günlər o qədər qəribəyəm ki, hər kəs barəsində yazmaq istəyirəm: "Bir binanın gözətçisi, məhəllənin süpürgəçisi, küçənin başındakı meyvəsatan" və milyonlarla insan haqqında. İçimdəki duyğulardan, narahatlıqlardan yazaraq qurtulmaq, özümü  xilas etmək istəyirəm: vaxtından əvvəl və ya sonra haqlı olmaq dəhşətindən…

P.S. Yer kürəsinin yaranması haqqında  filmə baxıram. "Yaranma mərhələsinin birində  yer tamamilə buzla örtülür və getdikcə Günəş şüasını daha az qəbul etməyə başlayır. Budur, Yer tamamilə buzdan bir kürədir. Artıq Günəş də ona kömək edə bilmir.  Hər yan sakitlik və buz yığınından ibarətdir. Bu yerdə hər kəsin düşüncəsi eynidir: Yerə yalnız kənar qüvvə gəlib kömək etməlidir, ya bir planet, ya bir meteorid, ya da başqa bir Günəş - istiliyi daha güclü olan başqa bir Günəş. Lakin gələn, gedən yoxdur... Yer üçün heç bir şans yoxmuş kimi görünür... Yer kürəsi Qodonu gözləyir...

Lakin hamımızın unutduğu gerçək var: Yerin daxilində olan istilik Günəşdəkindən qat-qat çoxdur... Və budur, bu sakitliyin içində anidən yerin daxilindən bir neçə vulkan püskürür, buzlar tədricən əriməyə başlayır... Yer özü-özünü xilas edir!".

Bəs görəsən, Yer kürəsinin sakinləri özlərini nə vaxt xilas edəcəklər?

Sənin də istədiyin, mübarizə apardığın, uğrunda rahatlığından keçdiyin bu deyildimi?

Deyəsən, bu dəfə mən də sualı düzgün qoymadım...

 

Cahanxanım Seyidzadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.12.