İkincisiz adam...
Və bir şənbə günü agentliklərə
düşən xəbərlə
hər şey bitdi. İkinci Mahmud yoxdu daha,
olmayacaq. İtkinin ağırlığını
anlamaq hələ də çətin, hələ də bu yoxluğa inanmaq mümkünsüzdür.
Elə bil haradansa gülüşü
eşidiləcək, elə
bil yenə də telefonuna mesajı gələcək...
İkinci Mahmud ədəbiyyata gülərüz
gəlmişdi. Heç kimlə işi olmayan, sakit, daima hər şeyə ironiya ilə baxan, amma daima ədəbiyyatı
düşünən bir
adam kimi...
Və insanların ən çox sevib, ən çox ayrıldığı,
ən çox depressiyaya düşüb
ən tez çıxdığı bir
ayda tərk etdi bizi...
İkinci Mahmud filologiya oxumuşdu, bir çox gənc yazıçılardan
fərqli olaraq, ədəbiyyatın nə
olduğunu bilirdi. Daim öz
üzərində çalışırdı.
Hə, bir az da kinoman idi, arzusu
ssenarisinə filmlər
çəkmək idi.
Və qəribə şəkildə
bütün bu bilik, öz daxilinə qoyduğu estetik sərhədlər ona mane olurdu.
Hər nə qədər
fundamental bir fakültəni
bitirsə belə,
Mahmud sosial media ilə
məşhurlaşmışdı, həm yazıçı,
həm də, bir növ, sosial
media fenomeni idi və mənə elə gəlir ki, o, bu iki
müxtəlif rolun arasında qalmışdı. Ədəbiyyatdan yorulanda ora qaçırdı,
ordan yorulanda bura. Ortaq bir nöqtə
tapa bilmirdi, bəlkə də bu ortaq nöqtə
ümumiyyətlə yox
idi. Məncə, bu onun ən böyük daxili ziddiyyəti idi. Bəlkə də və
çox yəqin ki, bu, zamanın
ziddiyyəti idi.
İkinci Mahmud heç
şübhəsiz ki,
çox istedadlı bir qələm adamı idi, amma çox təəssüf ki, bu istedadının çox az
bir qismini gerçəkləşdirə bildi. Mahmud ədəbiyyatın
oxucularla, tirajla yox, layklarla sayıldığı bir
dövrdə ədəbiyyata
gəlmişdi və bu da onun
daxili tərəddüdlərini
gücləndirirdi. Bircə "Tanımal Mustafa" hekayəsi
ilə Mahmud ədəbiyyata
gəlmişdi və elə görünürdü
ki, o elə çoxdan burda imiş. Mənə indi fərəh
verən bəlkə bircə şey var, bu hekayə
haqqında yazmışdım.
Mən qətiyyən onun haqqında keçmiş zamanda danışmaq istəmirəm, elə bilirəm o hələ də sağdır. Bu mənada onun dəruni təbəddülatları
da mənə çox diri, eləcə də çox doğma görünür.
Mahmud daim
nədənsə ötrü
darıxırdı, durmadan
yazırdı, amma bəyənmirdi, yenilərini
düşünüb yazırdı,
bir tərəfdən
də çoxlu filmlərə baxırdı,
öz yolunu axtarırdı. İlk cığırlarını saldığı bu böyük yol isə çox təəssüf ki, yarımçıq qaldı.
Bütün bunlarla bərabər
mənə elə gəlir ki, Mahmud öz sözünü ədəbiyyatda demişdi,
düzdür, deyəcəyi
sözlər də çox idi, lakin hər halda o özünü İkinci Mahmud kimi təsdiqləmişdir. Ədəbiyyat "sui generis"dir, yəni özünəxsusluqdur, orijinallıqdır,
koloritdir, bu mənada Mahmud əsl ədəbiyyat adamı idi.
Lakin Mahmud böyük
ədəbiyyatla, həmkəndlisi
olduğu İsa Hüseynovla Mark Zukerberqin arasında qalmışdı,
hər şey sürətlə dəyişirdi,
Mahmud isə öz istedadı, fəhmi və dünyagörüşü
ilə bu iki müxtəlif, biri ləngərli, ağırtaxta, digəri isə buqələmun, dəyişkən dünya
arasında qalmışdı.
Əziz Nesin çox haqlı olaraq deyir ki,
ədəbiyyatın ən
böyük əsərləri
həm də yumoristik əsərlərdir,
onların daxilində,
nüvəsində yumor
var. Bu mənada, sanki
Mahmud da yumora arxalanırdı, çünki
bəlkə də İsa Hüseynovun dünyasının cari zamanla səsləşən
yeri də elə bu yumor
idi. Mahmud bunu
ustalıqla bacarırdı.
Daim hər şeyi zarafata salmaq, ən ağrılı şeylər barədə
yumorla danışmağı
bacarmaq Mahmudun ən əsas, bəlkə də ən görünən xüsusiyyəti idi.
Mahmud bu dünyada
bəlkə də bu yumorun həvəsiylə
yaşayırdı. Və
onun yumorunda da nəsə əlahiddə, bəlkə
bir az
kədərli nələrsə
vardı, ya da nəsə ağır bir məzmun vardı.
Qısacası, İkinci
Mahmud ikincisiz bir adam idi...
Qan Tural
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.12.