Qorxuya qalib gəlmək...
Salman
Rüşdinin emprik təhkiyəsi: modernliyin çiliklənmiş
aynası
"Hansı əsər
haqqında danışa bilirksə, o bizim üçün
xüsusi bir məna kəsb edir. Bu fikir mənə "təhkiyənin zəfəri"
adlandırdığım mövzunu açıqlamağa
imkan verir. Təhkiyə təhlükə
altındadır. "İncil"dən və
böyük Avropa ədəbiyyatından gələn təhkiyə
rədd edildi və ya unuduldu. Populyar, dar və
qısır təhkiyə formaları kütlənin dərmanına,
estetik qidasına çevrildi".
Robert Fulford
("Təhkiyənin
gücü" kitabından)
"Xoşbəxtik. Hər şeydə sevinc
tapa bilirik... Amma gecələrimiz bomboş
keçir. Min bir gecə də səssizcə keçir... Halımızdan
razıyıq. Həyatlarımız
gözəldir. Fəqət bəzən
kaş yuxularımız geri qayıtsa, deyirik. Bəzən də özümüzü pislikdən
tamamilə xilas edə bilmədiymiz üçün
kabusların həsrətini çəkirik".
Salman Rüşdi
("İki il, səkkiz ay, iyirmi səkkiz gecə")
"Həyat
"Üç muşketyor"dan daha çox "Uliss"ə
bənzəyir. Halbuki, biz həyatı Coysun bir təhkiyəsi,
nəql etməsi kimi deyil, Dümanın təhkiyə
forması, əhvalatı kimi qəbul edir və
yaşayırıq".
Umberto Eko
("Təhkiyə
meşələrində 6 gəzinti")
"Optimizm əbləhliyin
dərmanıdır"
Fulfordun arzuladığı
təhkiyənin zəfəri çağdaş ədəbiyyatda
öz əksini tapdımı? Məncə, tapdı.
Rüşdi çağdaş təhkiyə sənətinin
yaradıcılarındandır. Robert Fulford təhkiyənin
zəfərinə
inanmır. Elitar olan hər növ təhkiyə
metodunun ölümə məhkum olduğunu bildirir. Klassik və modern ədəbiyyat və mənlik
axtarışları küçə və sosial media ədəbiyyatına
rəvac verir. Ancaq Rüşdi Hötenin
"dünya ədəbiyyatı" dövrü
adlandırdığı modern tarixin təhkiyəsini yarada
bildi. Nağıl, dastan poetikasına məxsus
konfiqurasiya çağdaş roman sənətində magik,
irreal və bir o qədər də real gücünü
Rüşdi ilə qazandı. "Gecəyarı
uşaqları" romanında uşaqların bədəni ilə
Hindistan arasındakı fiziki və metafiziki bağ, əlaqə
poetik enerjinin, dilin semiotik qatının və yeni təhkiyə
formalarının gücü ilə reallaşdı.
"Gecəyarı
uşaqları" əcaib bir gecədə, əcaib bir
ölkədə doğulurlar: 1947-ci il 14
avqust tarixində. Hindistan
torpaqlarında iki dövlət yaranır həmin gün: Hindistan və Pakistan. Gecəyarı uşaqları 1001 nəfərdir.
Onlar xususi qabiliyyətə sahibdirlər. Uşaqlardan ikisinin taleyi yer dəyişir. Öz doğmalarından ayrılırlar. Lap
Hindistan və Pakistan kimi. Səlim Sinay və
Şivanın həyatları. Səlim
varlı bir müsəlman ailənin övladı kimi
dünyaya göz açır. Şiva
kasıb bir hindli ailənin bic doğulmuş körpəsidir.
Şivanın anası doğum gecəsi vəfat
edir. Bioloji atası britaniyalı Metvold da
ölkəni tərk edir həmin gün. Tibb
bacısı Meri Şivanın atasını sevdiyi
üçün ona "yaxşılıq" edir. Şiva və Səlimin yerini dəyişir. Varlı və kasıb ailə arasındakı sosial
bərabərsizlik "ədalətlə" tarazlanır.
Səlim Sinay Hindistanla eyni taleyi
bölüşür. Sinayın qeyri-adi
bacarıqları var. Onun duyum gücü, olacaq hadisələri
hiss etməsi Hindistanın başına gələcək bəlalardan
xəbər verir. Səlimin vücudunda
baş verən dəyişikliklər Hindistana da təsir edir.
Ölkədəki siyasi-ictimai
çalxantıların dərdini Hindistanın
yaşıdı gecəyarı uşaqları çəkir.
Səlim də, Hindistan da rahat ola bilməz.
Çünki hər ikisi bic
doğulmağın günahsız günahına, lənətinə
məruz qalıb. Səlimin atası britaniyalı Metvolddur. Hindistan və Pakistan
isə Böyük Britaniya İmperiyasının ara qarışdıran müstəmləkə
siyasətinin nisbətən səngiyən, müstəqillik
libası geyinən formasıdır.
Səlimlə eyni gecədə
doğulan uşaqlar axtalanır. "Gecəyarı
uşaqları"nın Hindistanı xilas
etmə çabaları nəticəsiz qalır. Rüşdi demokratiyanın olmadığı bir
ölkədə nihilist düşüncələrin
ölümə məhkum olduğunu göstərir. Axtalanmaq metaforu bütün Şərq
dünyası üçün tapılmış həqiqət
məcazıdır. "Gecəyarı
uşaqları" Rüşdinin şah əsəri olmaqla da
fərqlənir. "Booker" və "Booker of Bookers"
mükafatlarını alan "Gecəyarı
uşaqları" iyirminci yüzildə ingilis dilində
yazılmış yüz ən yaxşı kitablar
siyahısındadır. 2012-ci ildə Deepa Mehta və David
Hamilton tərəfindən eyniadlı filmi çəkilən
"Gecəyarı uşaqları"nın
finalı optimist əhvaldadır. Rüşdi ən
azından filmdə nikbin bir sonluq görmək istədiyini
bildirir.
Salman Rüşdi
"Kloun Şalimar" romanında da Hindistan və onun
taleyini yaşamağa məcbur bic doğulan uşağın
hekayətini yazır. Kəndirbaz Şalimar və
rəqqasə Bunyi bir-birlərini sevərək evlənirlər.
Şalimar müsəlman, Bunyi hindudur. Bunyi Şalimarla evləndikdən sonra anlayır ki,
müsəlman mühitində yaşaya bilməyəcək.
Amerika səfiri Maksimilian Ofulsla tanış
olan Bunyinin həyatı dəyişir. Bunyi bədənini
səfirə satır. Əvəzində
müsəlman mühitindən xilas və məşhurluq,
azadlıq vədi alır. Bunyinin
Maksimiliandan qeyri-qanuni qızı olur. Uşağın
adı Hindistandır. "Gecəyarı
uşaqları"nda Səlimin yaşadığı taleyi
Hindistan da yaşayır. Hər ikisi xarici
qüvvələrin müdaxilə və təzyiqindən doğulub.
Elə ona görə də Hindistanda normal,
demokratik bir dövlət sistemi yoxdur. Dini və
irqi ayrı-seçkilik, vətəndaş müharibələri
və başqa daxili problemlər xaricdən gələn təzyiqlərin
məhsuludur. Şalimar namusunu kirlədən
Maksimilianı öldürür. O, bir terroristdir
artıq. Rüşdi terrora səbəb olan
qaranlıq hadisələri gün işığına
çıxarır. Terroru kütləviləşdirən
səbəblərin pərdəarxası gözlərimiz
qarşısında baş verir. "Gecəyarı
uşaqları" və "Kloun Şalimar"
romanlarında gözlənilməzlik və qeyri-müəyyənlik
emprik təhkiyə mexanizmi yaradır. Müxtəlif
təhkiyə formaları bir-birini əvəz edir. Yadlaşdırma effektinə məxsus strukturun
qeyri-adiliyinə xidmət edən təhkiyə ilə təbii,
orqanik nağıl estetikası birləşir. Bəzən də dokumental, sənədli mətnlərə
xas nəqletmə forması seçilir. Bu
dəfə yadlaşdırma effektinə qarşı
çıxılır. Düma-Coys təhkiyəsinin
qızıl ortası tapılır.
"Gecəyarı
uşaqları"nda Hindistan və onun naməlum gələcəyi
Rüşdinin sehrli qələmində modern dastana
çevrilir.
Mixail Bulqakovun "Master və Marqarita" romanının heyrətamiz
təsir gücü Markesin "Yüz ilin tənhalığı"
və Qrassın "Tənəkə
təbili"nə təsir etdiyi kimi, "Gecəyarı
uşaqları"ından da yan keçmir. Bəli,
məhz Bulqakovdan təsirlənmə duyulur Rüşdidə.
"Gecəyarı uşaqları" Markes və Qrassdan təsirlənmə
əsasında yazılıb cümləsini o qədər
çox eşitmişəm ki... Rüşdinin
sehrli realizmi Markes və Qrassdan şüuraltı mesajlar və
postmodern göndərmələrin bolluğu ilə kəskin
şəkildə fərqlənir. Magik
realizm postmodern situasiyada təqdim olunur Rüşdi qələmində.
Rüşdi daha çox təhkiyəsindəki
poetik enerji və təsir gücü ilə fərqlənir. "Gecəyarı
uşaqları", "Kloun Şalimar", "Florensiya
cadügəri" romanları
"Min bir gecə nağılları"ndakı
geniş epik vüsət və makro planda təqdim edilən
dil-üslub zənginliyi ilə bütün dünyanın diqqətini
cəlb etdi. "Şərq-Qərb" hekayələr
kitabı romanlarındakı üslubun nüvəsi, estetik
açarı kimi maraq doğurdu. Ancaq sonuncu romanı
"İki il, səkkiz ay, iyirmi səkkiz
gecə"də həmin görkəmli üslub mexaniki,
oyunbaz bir təhkiyə ilə yer dəyişib. Nağıl
estetikasına əsaslanan Rüşdi qələmi bu dəfə
"Min bir gecə nağılları"nı
dekonstruksiya edir və həmin poetik yanaşma metodundan üz
döndərir. Bəlkə də eynilikdən
qaçır. Ancaq cinlərin və
İbn Rüşdün həyatı nağılın sehrli
atmosferinə bürünə bilmir. Şərqdə
dünyəvi düşüncənin ilk təmsilçilərindən
olan İbn Rüşd cinlərlə ünsiyyətə girir.
Cinlə məhrəm, intim münasibətdə
olur. Rüşdi bu qeyri-təbii, fövqəlbəşər
vəziyyəti adiləşdirir, təbii bir proses kimi göstərir.
Rüşdiyə görə cin-insan ünsiyyəti
təhlükəli deyil. Radikal, sərt
teoloji əqidə və düşüncə daha
amansızdır, zərərlidir. Bəs "İki il, səkkiz ay, iyirmi səkkiz gecə"
romanı məxsusi bir sənət dəyəri ifadə
edirmi? Həm hə, həm də yox. Allahla insan münasibətinə aydınlıq gətirməsi
baxımından hə. İdeoloji məqsəd
güdməsinə görə yox. Çünki
qarşıya məqsəd qoyulub ki, filan ideoloji
görüşü digərindən üstün göstərəcəm.
Təkcə cinlərin həyat tərzi, məişəti
maraq doğurur. Cinlərin bütün
dünyaya şər yaymaq istəkləri kölgə arxetiplərini
amansızca dünyaya doldurur. Şərin
bədii strukturu yaradılır. Ancaq şər
alt qatda xeyri, ədaləti və azad fikri təmsil edir. Min illik müharibə cinlərin qələbəsi
ilə başa çatır. Rüşdi
karyera, pul və korrupsiyaya qarşı şər qüvvələr,
kölgə arxetipləri vasitəsilə qalib gəlir. Allah qorxusunun yoxa çıxması əsərin ən
pozitiv tərəfidir. Çünki Allah
qorxusu insanları mütiləşdirir. Allah
xofu bütün bəşəriyyətə, xüsusən,
Şərq insanına radikal, aqressiv və depressiv vəziyyət
aşılayır. Var olduğu
dünyanı sevmək və yaşamaq istəyini cənnət
xülyaları alt-üst edir. Allah ancaq və
ancaq sevilməli. Çünki hər şeydən və
hər kəsdən ali bir məqam və
varlığa qarşı başqa nə ilə cavab vermək
olar ki?! Bəxş etdiyi həyatın əvəzində
təşəkkür etmək, yəni sevmək olar. Əks halda mədəniyyət, elm, fəlsəfə,
ələlxüsus da böyük ədəbiyyat yarana bilməz.
Əslində, "İki il, səkkiz ay,
iyirmi səkkiz gecə" romanında müharibə İbn Rüşdlə Qəzali
arasında gedir. Və İbn Rüşd qələbə
çalır. Mədəniyyət və
elm başqa bir cəbhədə mənfi reaksiya, kin oyatmaqla
yarana bilməz. Rüşdi bu məqamda
uduzur. Çünki gerçək dünyəvi
düşüncə, sekularlıq liberal baxış
bucağında gizlənib. Ədəbiyyatın
estetik kəşfləri isə hər növ ideologiyanın
fövqündədir. İki il, səkkiz
ay, iyirmi səkkiz gecə cəmi min bir gecə edir. "Min bir gecə
nağılları" Rüşdinin istinad nöqtəsidir.
"New York Times" qəzeti Rüşdidən soruşur:
- Bu gün, sizi
siz edən kitab adı deyə bilərsizmi?
- "Min bir gecə
nağılları"nı.
- Bir dövlət
başçısına hansı kitabı məsləhət
görərdiz?
- "Min bir gecə
nağılları"nı.
- Diktatorlar
hansı kitabı oxusun?
- "Min bir gecə
nağılları"nı.
"İki il, səkkiz
ay, iyirmi səkkiz gecə"dən başqa Rüşdinin
bütün romanları qotik, qrotesk üslub və görkəmdə
olan modern nağıllardır. Çünki
"İki il, səkkiz ay, iyirmi səkkiz gecə" dilin
poetik istifadə formaları, hisslərin dərinliyi, nəqletmə
gücü, səmimiyyət, məzmun və empatiyanın
modernliyin çiliklənmiş aynasında heçə
sayıldığı bir dövrdə yazılıb. Ona görə də Rüşdinin hələ
qapanmayan yaradıcılıq çevrəsini dərk etmək
üçün "Gecəyarı uşaqları",
"Şərq-Qərb" və "İki il, səkkiz ay,
iyirmi səkkiz gecə"ni bir yerdə mütaliə etmək
zərurəti yaranır. Ən azından modernliyin soyuq,
amansız və çiliklənmiş aynasında
özümüzü, ədəbiyyatı, təhkiyənin
gücünü görə bilmək üçün.
Kütlə mədəniyyəti çağında Nabokovdan
miras qalan ədəbiyyatın qeyri-müəyyən, gözlənilməz
ab-havası, ləzzəti və
həyatdan daha maraqlı alternativ dünya yaratmaq
çabası Rüşdidə ziddiyyətli və nadir
formadadır.
Ülvi
Babasoy
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.13.