Böyük təfəkkürün tərcümeyi-halı...
...İstənilən
intellektual enerji ilk növbədə düşüncə
enerjisidir. Onun canlı, təbii
düşüncə enerjisi
yazılarının şifahi
söhbətlərinin üslubuna
da yansıyıbdır.
Erudisiyasını gözə soxmaq
üçün heç
vaxt mürəkkəb
leksikadan, dəbdə
olan alimlərdən sitatlar gətirmədi.
Onun özünəməxsus düşüncə
matrisası materialı
nizamlamağa imkan verir.
O bütün yazıçıların yaradıcılığını
bir bütöv kitab kimi oxuyur.
Bir mövzu üzərində
işləyərkən istinad
- mənbə kimi yazı masasının gözündəki kitablardan
yalnız birini seçməsi onu da sonacan oxumadan
dəyişmədiyini görmüşəm.
Daha mənim kimi masanın üstündə kitab tünlüyü, pərakəndəliyi
yaratmır!.. Bu, onun içindəki
"bir kitab" arxetipindən gəlir.
Dahi adaşının
təhtəlşüurumda assosiativ-mistik təsirindəndir
ki, onun "Seçilmiş əsərləri"nin beşcildliyi çıxanda Nizami Cəfərov "Xəmsə"si
kimi, yəni bir kitab kimi
qəbul etmişdim...
Onunla bir məclisdə həmsöhbət olmaq, dialoqa girmək, çıxışlarını dinləmək mütəfəkkirin
enerji məkanına girməkdir. Özündə də həmsöhbətinin
maraq dünyasına ürəkli daxil olma qabiliyyəti var - hər dəfə Nizami Cəfərov olaraq qalır. Deputat, professor, əyalət şairi, fəhlə, tələbə olsun, fərqi yoxdur, istənilən adamın sualını səbrlə
və ciddi cavablandırır.
Akademik Nizami Cəfərov, Şekspir tərzilə desək,
"sözün tam mənasında
insandır". Onun portretini
təsvir etmək üçün yazıçı
istedadına malik olmalısan. Onunla humanitar
elmlərin aktual problemlərindən tutmuş,
məişət, siyasət
məsələlərinə qədər istənilən
mövzuda söhbət
etməkdən yorulmursan.
Özündə akademik düşüncə
mədəniyyətilə xalq
müdrikliyini birləşdirir.
60 yaşlı gənc
akademiki belə səciyyələndirmək olar:
Həyatsevər müdrik
və müdrik həyatsevər.
Məni həmişə istənilən
alimin araşdırma metodu deyil, düşüncə
üslubu və üsulu maraqlandırıb. Çünki alim seçdiyi predmetə metodu təsadüfən də tətbiq edə bilərsən. Amma düşüncə
üslubu özü predmeti seçir. Akademik Nizami Cəfərovun düşüncə üsulu
və üslubu mövzunu özününküləşdirir,
onu "Nizami Cəfərovsayağı" edir.
Bu düşüncə və yazı üslubunu yüksək intellektuallıq, daxili azadlıq və xalq müdrikliyini vəhdəti şərtləndirir.
Onun qeyri-adi, çevik tarix təfəkkürü
bu gündə keçmişi, keçmişdə
bu günü görmək bacarığına
malikdir.
Tarixi hiss etmək
üçün gərək
özün şəxsiyyət
olasan. Və indi ağlıma
gəldi ki, ən yaxşı tarixi araşdırmaların
- əsərlərin müəllifləri
yalnız peşəkarlığı
ilə deyil, həm də parlaq və maraqlı şəxsiyyət
olmaları ilə fərqləniblər. Nizami müəllimin
"subyektiv" tarixi
ümumiləşdirmələri və etnokulturoloji qənaətləri ömrünü
arxivlərin qaranlığında
çürütmüş, soyuq faktların və tozlu sənədlərin
fanatik girovuna çevrilmiş tarixçilərdən
daha obyektiv olur.
Təsadüfi deyil ki, məqalələrinin böyük əksəriyyəti
tarixi, etnokulturoloji səpkidədir: "Azərbaycan
xalqının tarixi və ya tərcüməyi-halı",
"Tarixin metafizikası",
"Tarixi kitabın tarixi tərcüməsi",
"Həmid Araslı,
yaxud Azərbaycan ədəbiyyatının tarixçisi"
və s. Siyahını
uzatmaq olar. Bu araşdırmalarda "tərcümeyi-hal" anlayışının
məna çevrəsi
genişdir. Nizami
müəllim yazır:
"Hər şeydən
əvvəl ona görə ki, yazıların hamısında
söhbət tarixdən
və ya tarixilikdən gedir. Ancaq tarix və ya
tarixilik həmin yazıların, məqalələrin
birbaşa predmeti deyil. ...Mənim əsas məqsədim biri digəri ilə, fikrimcə, sıx bağlı olan, hətta biri digərindən ehtiva olunan "tarixi-tərcümeyi-hal" münasibətlərini
fərqli kontekstlərdə
araşdırmaqdan ibarətdir".
Bəlkə də bu yaxınlarda
Lev Qumilyovun etnopassionarlıq
nəzəriyyəsinə müraciət
etməsi bu üzdəndir. Böyük rus alimi qədim türk tarixinin mühüm hadisələrini öyrənərək
belə bir qənaətə gəlmişdi
ki, hər etnik mühitdə davranışın passionar
impulsu özünüqoruma
instinkt impulslarından
daha üstün olan şəxslər doğula bilir.
Bu nəzəri tezisi Nizami Cəfərovun
tərcümeyi-halına tətbiq
etmək olar: O, passionar şəxsiyyətdir.
Yalnız passionar təfəkkürlü
alim filologiyanın, mədəniyyətşünaslığın
ərazilərini cəsarətlə
və sürətlə
fəth edə bilərdi. Onun passionarlığını səciyyələndirən
(və əfsanəyə
çevrilmiş!) bir
cəhət də var: Nizami Cəfərov
alicənablığı!
Nizami Cəfərov
tarixi hadisələrə
və tarixi şəxsiyyətlərə bir
neçə yöndən
- mövqedən yanaşır:
ya hadisələrin iştirakçısı və
şahidi kimi, tarixi şəxsiyyətin
müasiri kimi. Ya da qədirbilən varis yanaşır, müxtəlif faktlar və sənədlər əsasında əcdadların
taleyini bərpa edir. Bəzən də mətndə
"aşağı" üsluba
keçir - müdrik yumoru, incə zarafatı ilə tarixi şəxsiyyətin
və hadisənin (məsələn, İsmayıl
Şıxlının obrazını
xatırlayın) obrazını
təqdim edir. "Etnoloji etüdlər"
kitabında "İrəvan",
"Ermənilərin tərcümeyi-halı"
oçerkləri etnokulturoloji
esseistikanın şedevrləridir.
Dini, simvolik paradiqmaları, ictimai-siyasi
ideologemləri elə
ustalıqla bir araya gətirir ki, heyrət edirsən...
Sabirin "Fəxriyyə"sindən
bəhs edərkən
mətnin satirik mahiyyətini vurğulamır,
türk "tarixinin tərcümeyi-halı" kontekstində
birləşdirici funksiyasına
diqqət yetirir: Sabir "ona məlum olan tarix boyu meydana
çıxmış bütün
ədəbi-ictimai fikrə
münasibət bildirmək,
tarixi təhlil etmək və gələcəyi, proqressiv
imkanları, yaşamaq
ehtirası olan bir tarix yaratmaq
istəyirdi. Bu mənada o, romantiklərdən
daha böyük bir romantik idi"
("Mirzə Ələkbər
Sabirin "Fəxriyyə"si"
məqaləsi).
Onun "tərcümeyi-hal" konsepsiyasında
şəxsiyyət kateqoriyası,
şəxsiyyət problemi
əsas yer verir. Ona görə də
ədəbi əsər,
ədəbi qəhrəman
haqqında söhbətləri
və yazıları həmişə antropoloji
miqyas kəsb edir. Bu araşdırmaları
ya antropoetikaya, ya da mədəniyyət
fəlsəfəsinə şamil
etmək olar. Nizami Cəfərovun təhlilində
şəxsiyyət mövzusu
elə fərqli semantik miqyasda verilir ki, Koroğlunun
da tarixi şəxsiyyət olmasına,
bəzən XVIII əsrdə
də şəxsiyyətlərin
mövcudluğuna inanmışam.
Ustad Nizami Cəfərovun gənclik ehtirası və alim qüruru
ilə yazdığı
"Füzulidən Vaqifə"
kitabını çox
sevirəm. Yüksək elmi fəhmi ilə ilk dəfə olaraq Azərbaycan intibahını tipoloji baxımdan Molla Pənah Vaqifdən başlamağın vacibliyini
sübut etdi, Vaqifdə intibah mədəniyyətinin struktur
əlamətlərini bir-bir
ortaya qoydu,
1980-90-cı illər Azərbaycan
filoloji-kulturoloji fikrinin
lüğətini "intibah
emosiyası", "intibah
intonasiyası", "poetik
təfəkkürün tipologiyası",
"poetexnoloji modellər"
və s. anlayışlar
ilə zənginləşdirdi.
Şübhəsiz, intibahın mahiyyətinə
nəzəri səviyyədə
aydınlıq gətirilməsə,
ədəbiyyat tariximizin
dövrləşdirilməsi haqqında mübahisə açmağın özü
mənasızdır. Azərbaycan İntibahının
hüdudları ona xas olan təfəkkür
sisteminin müəyyənləşdirdiyi
yerdədir. Və doğru
olaraq qeyd edirdi ki, Molla
Pənah Vaqifin bir intibah şairi
kimi varlığının
vacib elementi intibah emosiyasıdır.
Vaqifin üslubunda xanlıqları dövrü
Azərbaycan türk etnosunun emosional enerjisi gerçəkləşibdir:
"Vaqif qədər
rəngarəng intonasiyası
olan ikinci şair tapmaq çətindir. Bu, intibah emosiyasından gəlirdi, intibah emosiyası özü qədər təbii informasiya formalaşdırırdı,
onu çeşidlərə
ayırıb normativləşdirirdi".
Nizami Cəfərov
- fövqəlalim, parlaq
ideyalar, səslər,
obrazlar dünyasıdır.
Hələ çox uzun
illər onun adı ölkənin intellektual məkanında parlayacaq. Qoy həmişə belə olsun!
60 yaşın qutlu olsun, böyük
Ustad! Bu kiçik yubiley yazısını xalq şairi Nəriman Həsənzadənin
duaları ilə bitirirəm:
Uğurlar!
Getdiyin uzaq mənzilə
həmişə qoy nurlu çöhrəni görüm.
Dan ulduzu kimi yan innən
belə,
hayana baxsam da, mən səni
görüm!
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.15.