Heydər Əliyev və ədəbi
mühit...Ümummilli lider
Ulu Öndər Heydər
Əliyevin ədəbi mühitlə sıx əlaqələrinin
zəminində böyük ədəbiyyat və sənət
sevgisi durur. Bu, sadəcə maraqdan gələn, hobbi səviyyəsində
yox, xalqına, millətinə, vətəninə, onun mənəvi-mədəni
sərvətlərinə köklü bağlılıqdan
doğan, yalnız dahilərə xas milli və bəşəri
sevgidir.
Heydər Əliyev deyir: "Biz
Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını
böyük iftixar hissi ilə çəkirik və onların
əsərlərini oxuyaraq xalqımızın nə qədər
dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk
edirik. Eyni zamanda, dünya, bəşər
qarşısında bunlarla fəxr edirik,
öyünürük. Öyünməyə
də haqqımız var. Çünki bu böyük insanlar nəinki
bizim xalqımızı, bütün bəşəriyyəti,
bəşər tarixini zənginləşdirən əsərlər
yazmışlar. Onlardan sonra gələn nəsillər
də bu ənənəni, xüsusiyyəti davam etdirmişlər.
Ona görə də tariximizin hansı əsrinə,
hansı səhifəsinə baxsan, orada şairlərin,
yazıçıların, mədəniyyət xadimlərinin
izlərini, əsərlərini görəcəksən.
Bu, xalqımızda bu gün, dünən deyil, əsrlərdən-əsrlərə
keçib gələn bir ənənədir, şeirə,
şairə, söz ustasına, zəkalı insana həmişə
hörmət, böyük ehtiram olubdur...".
Heydər Əliyev bir yandan
xalqının bir parçası olaraq, əsl övlad sevgisi
ilə əsrlər boyu dahilərin yaratdığı irsə,
mənəvi sərvətə yiyə durur, qədir-qiymət
qoyur: "Xalqımız şeiri, ədəbiyyatı sevən
xalqdır. Eyni zamanda şeirin, ədəbiyyatın
hər bir insanın həyatında və xalqımızın
cəmiyyətimizin, millətimizin həyatında daim
böyük rolu olmuşdur. Məhz buna
görədir ki, Azərbaycanda şairlər,
yazıçılar, mədəniyyət, incəsənət
xadimləri həmişə hörmətli olublar, bu gün də
biz onların hörmətini daim saxlayırıq və
yüksəltməyə çalışırıq. Bu, tək onlar, onların şəxsiyyəti
üçün deyil. Bu bizim xalqımız, cəmiyyətimiz,
millətimiz üçün çox vacibdir...".
Digər tərəfdən
Ümummilli lider özü də dahilərə məxsus bir
keyfiyyətlə Nizamidən, Xaqanidən, Nəsimidən,
Füzulidən və onlarla digər sələflərindən
əxz etdiyi, öyrəndiyi dərsləri XX əsrdə, bu
gün, çağdaşlıqda davam etdirir, dahilərin
yolunu gedir. Dərin məsuliyyət hissi, ictimai
borc, tarixi cavabdehlik - Heydər Əliyevin xalqının mənəvi
irsinə, sərvətinə, ədəbiyyat və sənətinə
qarşı münasibətində də özünü
göstərən üstün keyfiyyətdir. Azərbaycan
yazıçılarının X qurultayında Ulu Öndər
belə deyirdi: "Ancaq, eyni zamanda, 1969-cu ildən tale mənim
üzərimə böyük bir vəzifə, böyük
bir məsuliyyət qoymuşdur. Mən o məsuliyyəti dərk
edərək, o vəzifəni layiqincə yerinə yetirməyə
çalışaraq, həmişə hesab etmişəm, bu
gün də hesab edirəm ki, ədəbiyyata, mədəniyyətə
diqqət yetirmək, qayğı göstərmək
lazımdır, ədəbiyyatdan, mədəniyyətdən həyatın
başqa sahələrində işin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün istifadə etmək
lazımdır. Mən məhz bunlara görə
yazıçıların bütün qurultayları ilə
bağlı olmuşam, onlarda iştirak etmişəm...".
Sovet dönəmində ədəbi
mühiti təmsil edən, nəzarətdə saxlayan və
yönəldən başlıca instansiya Yazıçılar
İttifaqı sayılırdı. Şəksiz ki,
Ümummilli liderin ümumən ədəbi-mədəni
ictimaiyyətlə birbaşa əlaqələri, bu istiqamətdə
geniş fəaliyyəti də Respublika rəhbəri və
Ölkə başçısı olduğu illəri əhatə
edir. Azərbaycan Yazıçılarının 1997-ci
ilin oktyabrında keçirilən X qurultayında Heydər
Əliyev özü həmin əlaqələri üç
dövrdə təsnif edir: "Yazıçılar Birliyi ilə
bu əlaqələrimi şəxsən mən özüm
üç mərhələyə bölürəm. Birinci mərhələ həmin illərdir ki, -
xatirimdədir, bir dəfə biz o vaxtkı Siyasi Maarif evində
qurultay keçirdik, sonra başqa yerdə keçirdik. Xatırladılar 1981-ci ildə burada, bu salonda
keçirdik, - o mərhələ idi ki, mən Azərbaycana rəhbərlik
edirdim və qurultayın işində Azərbaycanın rəhbəri
kimi iştirak edirdim. İkinci mərhələ 1991-ci ildə sizin
qurultayın işində mənim qısa müddətdə
iştirak etməyimdir. Yadınızdadır
ki, o zaman mən vəzifədə deyildim, amma siz məni
qurultayınıza dəvət etdiniz.
Üçüncü mərhələ isə indiki mərhələdir,
Azərbaycanın dövlət müstəqilliyi,
azadlığı şəraitində keçirdiyimiz ilk
qurultaydır və mənim burada iştirak etməyimdir..."
Ulu Öndərin qeyd etdiyi kimi: "Hər dövrün
özünəməxsus əhəmiyyəti, mənası
vardır...".
***
Ümummilli lider Heydər
Əliyevin ədəbi mühitlə bilavasitə təmasının
birinci mərhələsi təqribən 1969-1987-ci illəri əhatə
edir; bu, Ulu Öndərin Azərbaycan Sovet Sosialist
Respublikasına rəhbərlik etdiyi, habelə SSRİ kimi nəhəng
bir dövlətin Nazirlər Sovetinin sədrinin birinci
müavini vəzifəsində
çalışdığı dövrdür. Bu, məhz
sovet sosilalist rejimi daxilində Heydər Əliyevin bir şəxsiyyət
olaraq Azərbaycan xalqının pənah yeri, Ümummilli
liderinə yüksəldiyi mərhələdir. Ulu Öndərin müasir Azərbaycançılıq
ideologiyasının əsasını qoyduğu və
çagdaş Azərbaycan quruculuğuna
başladığı dövrdür.
Heydər Əliyevin həmin dövrdə
ədəbi mühitlə birbaşa və dolayısı əlaqələri
haqqında Anarın, Elçinin, İsa Muğannanın, Xəlil
Rza Ulutürkün, Vidadi Babanlının, Mövlud
Süleymanlının memuar əsərlərində oxuya
bilirik (bax:Anar, Unudulmaz görüşlər, Bakı, "Təhsil",
2009; Elçin, Dünya axirət əkini; Tarixlə
üz-üzə dayanmış adam // Seçilmiş əsərləri.
10 cilddə, 6-cı cild, Bakı, Çinar-Çap, 2005, s.
231-238, s. 239-248; İsa Muğanna, Həyatımdan səhifələr-"Azərbaycan"
jurnalı, 2010, ¹ 7, s.
114-157; Vidadi Babanlı,
Unutmadığım günlər- "Azərbaycan"
jurnalı, 2007, ¹ 2, s. 124-135;
Mövlud Süleymanlı, Qırx ilin yeddi
görüşü.- Tənqid.net jurnalı, ¹ 10, s. 24-35; habelə: Ədəbiyyatda Heydər
Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Bakı, "Elm və təhsil", 2018).
Elmira Axundova "Heydər Əliyev: şəxsiyyət və
zaman" çoxcildliyinin 2-ci kitabının 4-cü fəslini
(Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və
zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 173-302)
bilavasitə bu mövzuya həsr etmiş,
yazıçılarla, sənət adamları ilə
müsahibələr, faktlar, sənədlər, təhlillər
əsasında dövrün ədəbi prosesinə baş
vurmuş, eyni zamanda 3-cü kitabın "Ziyalılar onun
dövrəsinə yığışırdılar" fəslində
(Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət və
zaman. 6 cilddə. 3-cü cild, Bakı, "Ozan", 2009, s.
322-346) Ulu Öndərin ədəbiyyat və mədəniyyətlə
bağlı Moskva həyatından söz
açmışdır. Ədəbiyyatla, ədəbi-mədəni
mühitlə bağlı ayrı-ayrı faktlara ümumən
Ümummilli liderin həyat və fəaliyyətinin sovet
dövrünə dair çoxsaylı tədqiqatlarda, məqalələrdə
də rast gəlmək olar.
Bununla belə, Heydər Əliyevin
sovet dövrü ədəbi mühitində obrazı barədə
ən dolğun təsəvvürü, hər şeydən
öncə, Ümummilli liderin özünün, iştirak
etdiyi ədəbi tədbirlərdəki
çıxışları, yazıçılar
qurultaylarında, beynəlxalq ədəbi konfranslarda, yubiley və
görüşlərdəki nitqləri, çoxsaylı fikir
və mülahizələri yaradır. Bu baxımdan,
dövrün mətbuatı ilə yanaşı, filologiya elmləri
doktoru, professor Vilayət Quliyevin tərtib
etdiyi "Heydər Əliyev. Ədəbiyyatın
yüksək borcu və amalı (nitqlər, məruzələr,
çıxışlar)" toplusu (Bakı, "Ozan",
1999) mühüm mənbə hesab olunmalıdır. Topluda Heydər Əliyevin sovet dönəmindəki
çıxışları ilə birgə, müstəqillik
illərindəki çıxışlarında həmin
dövrə dair xatirə məqamları da Ümummilli liderin
1970-1980-ci illərdəki ədəbiyyat siyasəti və dəst-xəttini
dərk etməyə imkan verir.
Heydər Əliyev Azərbaycan Sovet
Sosialist Respublikasına rəhbərlik edərkən
yazıçıların həmin dövrdə keçirilən
bütün qurultaylarında iştirak və
çıxışlar etmiş, ədəbi aləmlə fəal
əlaqə saxlamış, sovet dövrünün ədəbiyyat
korifeyləri, yaşlı və orta nəsil
yazıçılarla ünsiyyət bağlamış, gənc
nəslin taleyində bilavasitə rol oynamışdır.
Heydər Əliyevin sovet
dönəmində ədəbi mühitlə əlaqələri
ilk öncə sırf rəsmi səciyyə
daşımış, respublika başçısının,
bütün sahələrə olduğu kimi, ədəbiyyat təsərrüfatına
da himayəsi və nəzarəti şəklində təzahür
etmişdir.
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, respublikada "birinci
şəxs" olmuşdur. Heydər Əliyev
bir kommunist kimi də, bir azərbaycanlı kimi də əqidəsinə
sahib və sadiq olmuş, Azərbaycan xalqının tərəqqi
və inkişafını, ölkənin müasir dünyaya
inteqrasiyasını SSRİ daxilində və rəsmi
ideologiya çərçivəsində gerçəkləşdirmişdir.
Akademik Ramiz Mehdiyev "Vətəndaş,
şəxsiyyət, lider" əsərində Ümummilli
liderin həmin dövr fəaliyyətini belə səciyyələndirir:
"Həmin dövrə aid nitqləri ilə tanış
olarkən, anlayırsan ki, o özü kommunizm ideallarına
daxilən inanırdı. Lakin bununla belə,
sovet mədəniyyətinin - formaca milli, məzmunca sosialist - ənənəvi
düsturuna tamamilə yeni məna aşılaya bilmişdi.
O, hər nə edirdisə, formal baxımdan marksist-leninçi
ideologiyanın tələblərinə uyğun idi. Lakin əvvəlki standart streotiplərə nəsə
elə bir mətləb sığışdıra bilmişdi
ki, həmin illərdə onu anlamaq və sərrast ifadə
etmək çətin olsa da, son dərəcə aydın nəticələrə
gətirib çıxarırdı. O, nəinki milli ruhun
dirçəlişinə, çağdaş Azərbaycan mədəniyyətinin
inkişafına və çiçəklənməsinə
nail ola bilmiş, həmçinin
bütün ziyalıların, bütün Azərbaycan
xalqının diqqətini tarixi və mədəni qaynaqlara
yönəltmişdir. Azərbaycan dili, Azərbaycan
ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan musiqisi -
unikal milli mədəniyyətimizin bütün
qatlarını o illərdə biz sanki özümüzə
yenidən açır və mənalandırırdıq.
Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dövrü məhz bu kontekstdə, milli şüur
oyanışının, özgür qaynaqlara
qayıdışın və üz tutmağın yeni mərhələsinə
aparan proseslərin başlanğıcı kimi
qavranılmalıdır".
Bir ideologiya və yaşam tərzi
kimi kommunizmin tədricən iflasa uğradığı bir cəmiyyətdə
"kommunist" qalaraq, eyni zamanda öz dövrünün ən
böyük Azərbaycanlısı kimi, məhz Ümummilli
lider kimi çıxış etmək heç də asan
olmamışdır. O cümlədən dövrün "ədəbi
mübarizələri" bunu göstərir və bu
baxımdan Heydər Əliyev idealını heç nahaqdan
Sosialist Azərbaycanının ilk lideri Nəriman Nərimanovla
müqayisə etmirlər. Təsadüfi deyil ki, Heydər
Əliyevə qədər az qala
unutdurulmağa məhkum olunan Nəriman Nərimanovun
adının, xatirəsinin, tarixi irsinin xalqa
qaytarılmasında və populyarlaşdırılmasında
da Ümummilli liderin rolu misilsizdir. Və həm
də ədib, yazıçı, publisist, dramaturq olan Nəriman
Nərimanovun yenidən ədəbiyyata qayıtmasının
zirvə anları da bu dövrə düşür.
1960-1970-ci illərdə Azərbaycan
cəmiyyəti kifayət qədər "milliləşmiş",
"millətçi" cəmiyyət idi. Tarixdə
"Xruşşov mülayimləşməsi"
adını almış mərhələ işini
görmüş, digər respublikalarda olduğu kimi, Azərbaycanda
da sosializm cəmiyyəti içrə milli şüurun
güclənməsi, milli ideya və şüarlara
qayıdış, millətçilik hisslərinin oyanması
baş vermişdi. Ədəbiyyat və sənətdə
"60-cılar" hərəkatı başlamış və
bu, ciddi şəkildə sosializm cəmiyyətinin
hüdudlarını döyəcləyirdi. Modern ədəbiyyat və sənət estetikası
hər yerdə rəsmi sosializm realizmi cərəyanı ilə
açıq və gizli polemikaya səbəb olurdu. Millətçilik havası Azərbaycan
xalqının taleyində növbəti "qara səhifələr"
aça bilərdi. Azərbaycan
xalqının taleyində 1920-ci, 1930-cu, 1940-cı, 1950-ci illərin
qara repressiya yelləri bir çox xalqlardan bəlkə də
daha güclü əsmiş, birə ikiqat qurbanlar aparmışdı.
Axı amansız sovet repressiv maşını
ilə birgə, Azərbaycan-türk xalqına daim qənim kəsilmiş
qurnaz erməni-daşnak faktoruna da göz yummaq olmazdı.
Özünəqədərki rəhbərlərdən
fərqli olaraq, Heydər Əliyev cəmiyyətdə gedən
proseslərin nə şiddətlənərək, ifrat millətçilik
dalğasına keçməsinə yol verdi,
nə də qarşısını alıb millətçilik
əhval-ruhiyyəsinin inkişafını dayandırdı.
Ulu Öndər sonralar acı bir nisgillə həmin illəri
opponentlərinə xatırladacaqdı: "Bəli, xüsusən
1920-1930-cu illər ağır repressiya illəri olubdur. Bizim xalqımız çox itkilər veribdir.
Biz bu repressiya illərini ürək ağrısı ilə
xatırlayırıq... Bəli, biz Hüseyn
Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli
şəxslərin repressiya qurbanları olması haqqında
on illərdir ki, böyük ürək ağrısı ilə
danışırıq. Onlar əlimizdən
getdi. Əgər hamısı getsəydi, onda bizim ədəbiyyatımızı,
elmimizi, mədəniyyətimizi kim
yaradacaqdı? İndi kimsə hesab edir ki, o
vaxtlar gərək Səməd Vurğunu da həbs edib
öldürəydilər, Rəsul Rzanı, Süleyman
Rüstəmi də öldürəydilər. Onda deyərdilər ki, bunlar qəhrəman idi və
biz oturub onları da on illərlə ağlayacaqdıq.
Yenə də deyirəm, biz Allaha şükür etməliyik
ki, belə insanlar o ağır dövrdə o xətalardan
qurtara bildilər...".
Bütün bu tarixi dərslərdən
çıxış edərək, Ümummilli lider respublikaya
başçılıq etdiyi dövrdə millətçilik əhval-ruhiyyəsini,
millilik proseslərini bir rəhbər olaraq əlinə
almış, onu zamanın qara yellərindən
yayındırmaqla, cəmiyyətdə intişarına daha da
rəvac vermişdi. Anar "Unudulmaz görüşlər"də
yazır: "...Moskvada Azərbaycana rəhbərliyi məhz
ona tapşırmağı məqsədəuyğun
saymışdılar. Bircə şeyi nəzərdən
qaçırmışdılar. Heydər
Əliyev Mərkəzdə oturub onun təyinatı
haqqında qərar verənlərin hamısından
ağıllı idi və heç vaxt öz doğma Vətənini
- Azərbaycanı, öz xalqını onların
ayağına verməzdi. Bu çətin
missiyanı lazımi tədbirlərlə həyata keçirmək
üçün isə kifayət qədər təcrübəsi
və bacarığı vardı. 1969-cu
ilin yayında Azərbaycan KP MK-nın Birinci katibi seçiləndən
sonra Heydər Əliyev Mərkəzin ondan gözlədiyi
mübarizəni - millətçilik təzahürlərinə
qarşı mübarizəni tamamilə başqa və təhlükəsi
daha real bir bəlaya qarşı - qanun pozuntularına,
rüşvətxorluğa, əliəyriliyə, ədalətsizliyə
qarşı mübarizəyə çevirdi. Və bununla yalnız Azərbaycanın deyil, ümumən
SSRİ-nin gələcək taleyinin dəyişməsi
üçün ilk addımlardan birini atdı".
***
Ümummilli liderin sovet
dönəmində ədəbi mühitə təsir
mexanizminin rəsmən bir sıra forma və üsulları
olmuş, bəzilərini də Heydər Əliyev şəxsən
özü "kəşf" və təsis etmişdir.
Birinci yerdə, şəksiz ki,
Yazıçılar İttifaqının Nizamnaməsinə əsasən
beş ildən bir keçirilən
qurultayları gəlir. Heydər Əliyev özü də
vurğuladığı kimi, Azərbaycan
yazıçılarının 1969-1982-ci illərə təsadüf
edən bütün - 1971, 1976, 1981-ci il V,
VI, VII qurultaylarında iştirak etmişdir. Qurultay
respublika rəhbəri və Ümummilli lider üçün
yazıçılarla bilavasitə ünsiyyət imkanı demək
idi. Heydər Əliyev burada qələm əhli
ilə həm aktual cəmiyyət məsələlərini, həm
də ümummilli problemləri müzakirə etmək, ideoloji
oriyentiri təyin etmək, müəyyənləşdirmək,
yönəltmək fürsəti qazanırdı. Yalnız rəsmi mövqedən deyil, həmçinin
böyük ədəbiyyat sevgisi və ədəbiyyata
verdiyi önəm müqabilində Ümummilli lider sənət
və yaradıcılıq məsələlərinə də
uğraşır, ədəbiyyatın qarşısında
duran vəzifələri xalqın və cəmiyyətin mənafeyi
ilə uzlaşdırmağa çalışırdı.
Sovet dönəmində ədəbi-mədəni
mühiti təşəkkülləndirən digər bir forma
olaraq, respublikalarda təntənəli şəkildə
keçirilən "mədəniyyət və incəsənət
ongünlükləri"ni, "ədəbiyyat günləri"ni, ümumittifaq və beynəlxalq tədbirləri
göstərmək olar. Sovet
İttifaqının ideoloji möhkəmliyinə, xalqlar
arasında "dostluq və beynəlmiləlçilik" əlaqələrinə
xidmət etməli olan həmin vasitələr 1960-1980-ci illərin
kütləvi üsullarından sayılırdı. Heydər Əliyev bu tədbirlərə heç bir
respublikada olmadığı qədər miqyas vermiş, Azərbaycan
mədəniyyəti, incəsənəti və ədəbiyyatının,
bütövlükdə azərbaycançılığın
geniş təbliğatına çevirə bilmişdi.
1972-ci ilin oktyabrında Azərbaycanda RSFSR ədəbiyyatı
və incəsənəti günləri, 1975-ci ilin
oktyabrında Azərbaycanda Sovet ədəbiyyatı günləri,
1979-cu ilin aprelində "Fəal həyat mövqeyinin
formalaşması: mənəvi tərbiyənin təcrübəsi
və aktual problemləri" mövzusunda Ümumittifaq
elmi-praktik konfrans, 1979-cu ilin oktyabrında Azərbaycanda Ukrayna ədəbiyyatı
və incəsənəti günləri, 1980-ci ilin 27 oktyabr -
4 noyabrında keçirilən "Xalqların dostluğu - ədəbiyyatların
dostluğudur" Yazıçıların Ümumittifaq
yaradıcılıq konfransı kimi iri miqyaslı və s.
çoxsaylı ədəbi tədbirlərə ölkənin
hər yerindən onlarla yazıçılar, şairlər, mədəniyyət
xadimləri qonaq gəlir, qəlblərində unudulmaz Azərbaycan
təəssüratı ilə geri qayıdırdılar.
Bütün bu tədbirlərin təşəbbüsçüsü,
ideya rəhbəri və ilhamlı təşkilatçısı
Heydər Əliyev olmuş, açılış və
bağlanışlarda geniş nitqlər söyləmiş,
konfranslarda əsas məruzələrlə
çıxış etmişdir.
Sovet dönəmində ədəbiyyatın
ideoloji missiyalarından biri də klassik irsin təbliği,
kütləviləşdirilməsi və cəmiyyətə
yeridilməsində üzə çıxırdı. Bu sıradan
yubileylərin keçirilməsi mühüm rituala
çevrilmişdi. Azərbaycan klassiklərinin təbliği-təşviqi,
klassik irsin mənimsənilməsi istiqamətində yubileylər
sırası hələ sovet dönəmindən
başlamış, Ümummilli liderin məqsədyönlü
və israrlı fəaliyyəti sayəsində qeyri-adi miqyas
almış, Azərbaycan klassiklərinin Bakıdan başlanan
yubiley təntənələri Kremlin Sütunlu salonuna və
YUNESKO iqamətgahlarına qədər
addımlamışdır.
Qəti söyləmək
olar, Ümummilli lider Heydər Əliyevin ardıcıl surətdə
gerçəkləşdirdiyi yubileylər sırası,
ölkədə cərəyan edən sosrealizm ədəbiyyatına
müqabil, hardasa alternativ ədəbi-mədəni proses
yaradırdı. Vilayət Quliyev yazır: "Ümumiyyətlə, Heydər
Əliyevin təşəbbüsü ilə 70-ci illərdə
Nəsimi təntənələri də daxil olmaqla Azərbaycan
ədəbiyyatı və mədəniyyəti klassiklərinin
yubileylərindən çox böyük məharətlə qədim
ənənələrə malik ədəbiyyatımızın
keçmişini və inkişaf yolunu göstərmək
üçün istifadə olunurdu. Bu isə
öz növbəsində xalqımıza və mədəniyyətimizə
çoxsaylı və nüfuzlu dostlar qazandırırdı.
Nəhayət, Nəsimi də daxil olmaqla klassiklərin irsinin
sistemli nəşri və tədqiqi ədəbiyyat tariximizin
ardıcıl şəkildə, bütün şəxsiyyətləri
və hadisələri ilə öyrənilməsini təmin
edirdi" (Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbi
irsimiz // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı.
Bakı, "Elm", 1998, s. 50-51).
Əminliklə demək olar, məhz
Heydər Əliyevin klassik irs siyasətinin
əks-sədasıdır ki, bu gün də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə bütöv bir "Nəsimi ili"nin vüsətli
addımlarında davamını tapır.
Heydər Əliyevin sovet
dönəmində Azərbaycan ədəbi-mədəni
mühitini zənginləşdirən israrlı
addımlarından biri də ev-muzeylər hərəkatıdır. Rusiyada və
digər bir sıra respublikalarda yayılmış həmin
memorial kompleks təşəbbüsünü Ümummilli
lider 1974-cü ildə dahi Üzeyir Hacıbəylinin 100
illiyinə ev-muzeyinin yaradılması ilə başlayır və
böyük mədəni hərəkata çevirir. Ulu
Öndər özü bunu belə xatırlayırdı:
"Vaxtilə, 1976-cı ildə biz böyük şairimiz Səməd
Vurğunun 70 illik yubileyinə hazırlaşanda onun ev-muzeyini
bir neçə ay müddətində təşkil etdik və
bu muzey indi də fəaliyyət göstərir. Ondan əvvəl 1975-ci ildə böyük bəstəkarımız
Ü.Hacıbəyovun ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində
onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də
ev-muzeyini yaratdıq. Böyük sənətkarımız,
müğənnimiz Bülbülün də ev-muzeyini
yaratdıq...".
Heydər Əliyevin respublikadan
ayrılması ilə həmin proses dayanır və bu,
müstəqillik illərində hətta Ulu Öndərin
böyük təəccüb və qınağına səbəb
olur. Qərarları 1970-ci illərin sonu, 1980-cilərin əvvəllərində
verilmiş Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin
ev-muzeylərinin yalnız müstəqillik illərində fəaliyyətə
başlaması Heydər Əliyevin bu hərəkata necə
önəm verdiyini təsbit edir: "Demirəm ki, bunlar asan
işdir. Amma respublika miqyasında bunlar o qədər də
böyük iş deyil ki, onu etmək mümkün olmasın.
Buna sadəcə münasibət, istək lazımdır... Xatırladım ki, biz Cəlil Məmmədquluzadənin
yaşamış olduğu evdəki vətəndaşlara,
onların qohumlarına hələ 1981-1982-ci illərdə
başqa yerlərdə mənzil verdik. Yəni, Cəlil
Məmmədquluzadənin yaşadığı ev hələ o vaxt
boşaldılmışdı, ancaq bu muzey
yaranmamışdı. Həmin muzeyi biz keçən il yaratdıq. O, Azərbaycan mədəniyyəti,
tarixi üçün yeni bir səhifə oldu və yeni bir
abidədir...".
Klassiklərə abidələrin
qoyulması xalqın tarixi yaddaşının bərpasına,
oyanmasına xidmət etməklə yanaşı, əsl
müasirlik şöləninə çevrilir, abidələrin
açılış təntənələri həm də
"klassiklə görüş", dialoq səciyyəsi
alırdı.
1972-ci ildə Bakıda Nəriman Nərimanova heykəlin qoyulması
ilə başlayan memorial, 1982-ci ildə Şuşada Molla Pənah
Vaqifə məqbərənin, eyni ildə Bakıda Cəfər
Cabbarlıya abidənin, Naxçıvanda Cəlil Məmmədquluzadəyə
heykəlin ucaldılması ilə davam etmiş, 1982-ci ildə
Ulu Öndərin böyük iradəsi və hünəri sayəsində
uzaq Sibirdən cənazəsi gətirilib Naxçıvan
torpağında dəfn olunmuş Hüseyn Cavidin məzarı
üzərində 1996-cı ildə məqbərənin
yüksəkldilməsi ilə apogeyə
çatmışdır. Abidələrin hər
birinin ideya müəllifi olan Ümummilli lider proyektin həyata
keçirilməsinin bütün mərhələlərində
iştirak edir, sonda açılış mərasimində
nitq söyləməklə xalqına "təhvil
verirdi".
Ulu Öndər Heydər
Əliyev ədəbi-mədəni mühitə təsir
imkanlarından birini də müasir sənətkarlara fəxri
adların, dövlət mükafatlarının verilməsində
görürdü. "Yeri gəlmişkən, 70-ci illərdə Heydər
Əliyev Sosialist Əməyi Qəhrəmanı adının
Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir
Salahov, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm,
Mirzə İbrahimov, Mikayıl Hüseynov kimi sənətkarlara
və mədəniyyət xadimlərinə verilməsinə
nail olmuşdu. Bir dəfə kimsə qeyd etmişdi ki, Azərbaycanda
mədəniyyət sahəsində Sosialist Əməyi Qəhrəmanlarının
sayı Ukraynada - Baş katibin vətənində olanlardan çoxdur" (Elmira
Axundova, Heydər Əliyev: şəxsiyyət və zaman. 6
cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s. 200). Qeyd
olunmalıdır ki, Sosialist Əməyi Qəhrəmanı
Sovet İttifaqında sülh dövrünün ən ali mükafatı sayılırdı.
Fəxri adlar,
mükafatlandırma rejim daxilində sənətkarın
nüfuzunun qaldırılmasına xidmət edir, sərbəstlik
imkanlarını artırırdı. Bəzən hətta
bu, qələm əhlini mühitin təzyiqlərindən
qorumaq niyyətləri də daşıyırdı. Bəxtiyar
Vahabzadənin "Leninlə söhbət"
poemasının, Anarın "Şəhərin yay günləri"
tamaşasının, "İstintaq" filminin
yaradıcı heyətinin Dövlət mükafatına layiq
görülməsi yaradıcılığına yüksək
qiymət verilən müəllifləri hardasa rejimin təqiblərindən
qorumuşdu.
Heydər Əliyev
mükafatlandırma mərasiminə böyük önəm
verir, rəsmi təşkil olunan həmin ritualları sənət
və yaradıcılıq görüşünə
çevirir, fürsətdən yararlanaraq laureatlar haqqında
ürək sözlərini söyləyirdi. Təltif
olunan hər bir sənətkar haqqında Ümummilli liderin
mötəbər sözü, dürüst dəyərləndirmələri,
ədəbiyyat və mədəniyyət tarixində
mövqelərini dəqiq səciyyələndirməsi onun ədəbi
mühitə nə dərəcədə doğma
olmasının göstəricisidir.
***
Bütün rəsmi
formalardan maksimum yararlanmaqla yanaşı, Heydər Əliyevin
xarizmatik lider olaraq ədəbi-mədəni mühitə təsirinin
gizli tərəfləri də olmuşdur. Sovet rejimi
çərçivəsində qeyri-ordinar olan bu addımlar
böyük maraq və təəccübə səbəb
olurdu. Elmira Axundova tədqiqat-romanında
Ümummil liderin fəaliyyətinin bu tərəflərinə
daha çox nüfuz etməyə
çalışmışdır. Yazıçılar
qurultaylarının hazırlanması da, beynəlxalq
konfransların və yubiley tədbirlərinin təşkili də,
qeyd olunduğu kimi, əsas məsələlərdən tutmuş,
xırda detallara qədər məhz Heydər Əliyev
ssenarisi ilə davam etməli, lazımi effekti
doğurmalıydı və belə də olurdu. Bu isə hadisələrin bir sıra gözlənilməz,
kuluar məqamlarını ortaya çıxarırdı.
Elmira Axundova Nəsimi yubileyi ilə
bağlı belə bir əhvalatı yada salır: "70-ci
illərdə Azərbaycan yazıçılar təşkilatını
SSRİ Yazıçılar İttifaqında təmsil
etmiş yazıçı-tərcüməçi Azər
Mustafazadə bu mövzuyla bağlı mənə bir
maraqlı əhvalat söylədi: -Böyük şairimiz Nəsiminin
600 illik yubileyinə hazırlıq Moskvada müzakirə
edilirdi. Müşavirə Azərbaycanın
daimi nümayəndəsinin kabinetində, Heydər Əliyevin
iştirakıyla keçirildi. Yubileyin məhz
harada keçiriləcəyi məsələsi ortaya
çıxdı. Tədbirin səviyyəsi
yüksəlsin deyə, yubileyin "Bolşoy teatr"da
keçirilməsi qət edildi. Lakin SSRİ mədəniyyət
naziri yubiley günündə həmin teatrda tamaşa gedəcəyini
və bütün biletlərin satıldığını
(özü də valyutaya) bəhanə edərək Azərbaycan
tərəfinin xahişinə "yox" cavabı verdi. Heydər Əliyev telefon dəstəyini
götürüb özü Demiçevə zəng vurdu.
Nazir yenə də dirəndi: axı bütün biletlər
satılıb! Onda Əliyev təşkilat komitəsi üzvlərinə
üz tutub: "Kabineti tərk edin!" deyə xahiş etdi.
Beş dəqiqədən sonra hamını yenə
çağırıb mədəniyyət nazirimizə
tapşırdı: "Zakir (Zakir Bağırov - E.A.),
"Bolşoy"a yollan, bütün detalları yerbəyer
eləyin". Azər Mustafazadə sözünə davam edir:
"Biz anladıq ki, o, SSRİ mədəniyyət nazirinin
buyruğu və istəyinə qarşı getmiş və
daha yuxarıda kiməsə, ola bilsin Suslova, bəlkə də
baş katibin özünə (L.İ.Brejnevə - T.Ə.) zəng
vurmuşdur..." (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət
və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s.
245-246).
Heydər Əliyevin
respublikada gedən quruculuq işlərinə
yazıçıların diqqətini cəlb etmək niyyətilə
regionlara səfərlərinə onları da qatması barəsində
Vidadi Babanlının, Mövlud Süleymanlının
adını çəkdiyimiz xatirə-əsərlərində
oxuyuruq. Bu zaman yaradıcılıq məsələləri
ilə yanaşı, Ümummilli liderin ədəbiyyat
adamlarına hərtərəfli qayğısı, həyat
şəraiti və mənzil-məişət problemlərinə
qədər himayəsi ilə onları əhatə etməsi
qeyri-adi görünür. Amma bu, faktdır; Mövlud
Süleymanlı yazır: "Müşavirədən bir
müddət sonra İmran müəllim bizi qəbul etdi:
"-Mən yoldaş Heydər Əliyevin
tapşırığıyla sizi bir də
çağırtdırdım. İstəyirəm
onun sözünü sizə çatdırım. Heydər
Əliyev dedi ki, müşavirədə iştirak edən gənc
yazıçılardan muğayat ol, nə problemləri olsa həll
et. Yaxşı
uşaqlardır". Doğrudan da, elə
o ərəfədə evlə təmin olunduq, maşın
aldıq, hərəmiz bir yerdə işləyirdik. Bir yazmaq qalırdı. Və doğrudan da
böyük həvəslə, ruh yüksəkliyilə
yazılarımızı yazırdıq...".
Ulu Öndər 1997-ci il
Yazıçıların X qurultayındakı
çıxışında xatırlayırdı: "Bu
günlər yazıçıya, ədəbiyyata
qayğılar haqqında danışıldı. Siz yaxşı bilirsiniz ki, keçmiş dövlət
çərçivəsində bu qayğıları göstərmək
çox çətin bir şey deyildi. Biz bunu edirdik və
sizin hamınız da o qədər öyrənmişdiniz, elə
bilirdiniz ki, şair anadan gələndən belə
qayğı ilə əhatə olunmalıdır..." Əvəzində, həmin dövrdə Ümummilli
lider Azərbaycanın tərəqqisi naminə fəaliyyətində
yazıçılardan bilavasitə dəstək gözləyirdi.
Heydər Əliyevin hakimiyyətdə
olduğu illərdə keçirilən hər bir
Yazıçılar Qurultayı ədəbi mühitdə dəyişikliklər
dövrü, ədəbi vexa olaraq xatırlanır. Hər bir
qurultay böyük səs-sədaya səbəb olan müəyyən
bir vacib, ümummilli problemin qabarması ilə yadda
qalmışdır.
1970-1980-ci illərdə
Sovetlər ölkəsində böyük sosial ziddiyyətlər
və problemlər mövcud idi. Ölkəni silkəyən
sosial həyəcanı yalnız ədəbiyyat xəbər
vermirdi. Heydər Əliyevin 1969-cu ildə
Respublikaya rəhbərliyi məhz ölkədə kəskin
şəkil almış rüşvətxorluqla mübarizədən
başlaması təkcə SSRİ-də yox, bütün
dünyada əks-səda doğurmuşdu.
Yazıçıların 1971-ci il V
qurultayında da Ümummilli liderin yazıçılarla
bölüşmək istədiyi başlıca məsələ
budur. "Azərbaycan partiya təşkilatı
ümid edir ki, respublikanın qarşısında duran vəzifələri
həyata keçirməkdə
yazıçılarımız ona ən fəal kömək
göstərəcəklər. Biz istəyirik ki,
yazıçılarımızın
yaradıcılığı respublikanın ictimai-siyasi həyatı
ilə sıx bağlı olsun, onlar bu həyatdan ayrılmasınlar,
kəskin problemlərdən və məsələlərdən
kənara çəkilməsinlər, əksinə, həmişə
hadisələrin qaynağında olsunlar, partiya və xalq
qarşısında məsuliyyət
daşıdıqlarını heç vaxt
unutmasınlar...".
Heydər Əliyev rüşvətxorluqla
mübarizəyə başladığı kampaniyada ədəbiyyatdan
dəstək gözləyir və Yazıçıların
1976-cı il VI qurultayında nəticələrdən söz
açaraq, problemi daha da kəskinləşdirir: "Siz
bilirsiniz ki, son illərdə respublikanın partiya təşkilatı
zəhmətkeşlərin mənəvi tərbiyəsi sahəsində
böyük iş görür, tamahkarlığa, rüşvətxorluğa,
sosialist mülkiyyətinin oğurlanmasına,
böhtançılığa qarşı, cəmiyyətimizə
yad olan "əşyabazlıq azarı", proteksionizm,
yerliçilik kimi bəlalara qarşı barışmaz
mübarizə aparır... Yazıçıların
qarşısında xüsusilə geniş fəaliyyət meydanı
açılır. Axı bədii söz insanların
ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən
nüfuz edir, onlara son dərəcə böyük təsir
göstərir... Bədii söz cəmiyyətimizin
antipodlarının, yaramazların qənimi olmalıdır.
Yeni cəmiyyət qurmağımıza mane olan qüvvələrə
qarşı barışmaz mübarizə getdiyi zaman
yazıçı hissiz və ehtirassız, laqeyd
müşahidəçi kimi qala bilməz...".
Yazıçıların 1997-ci il X qurultayında Ulu Öndər sovet dönəmində
özünün başlatdığı və ədəbiyyatda
əks-səda verən proseslər barəsində deyirdi: "Amma
siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər
seçilən gündən Azərbaycanın həyatında
olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid
etmişəm və onlarla mübarizə aparmışam. Ona
görə də gəlib mənə deyəndə ki, Anar
"Şəhərin yay günləri" pyesi
yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan
edir, dedim yaxşı, gedib baxaram. Gəldim, baxdım,
çox da təriflədim, mükafat da verdim...".
Anar "Şəhərin yay günləri"
ilə Ulu Öndər tərəfindən əsası qoyulan
daha bir başlanğıcı da anır: "...Tamaşa sona
yetdi və bax onda Heydər Əliyev ilk dəfə səhnə
arxasına yaradıcı kollektivlə söhbətləşmək
üçün keçdi. Sonralar o, belə
ünsiyyət yoluna tez-tez qayıdacaqdı. O, bizim
işimizi bəyəndi. Dedi ki, Mirzə İbrahimovun və
Gülrux xanımın məqalələrini oxuyub maraqlanmış
və özü tamaşaya baxmağı qət etmişdir,
çünki "müxtəlif rəylər"
varmış. İndi mən, - söylədi, -
özüm əmin oldum ki, pyes vaxtında yazılıb, onu
müvafiq rus teatrında da tamaşaya qoymaq lazmdır, bundan
başqa film çəkilişi haqqında da
düşünmək olar. Yeri gəlmişkən,
elə həmin axşam o, üç cavan aktyoru
ruhlandırdı və onların mənzil məsələsini
həll etdi".
Yalnız
"60-cılar"ın deyil, ümumən rüşvətxorluq,
əliəyrilik, mənəvi eybəcərlik əleyhinə
mübarizəni əks etdirən bütün əsərlər
respublika rəhbərinin himayədarlığını dərhal
qazanırdı. Elçin "İlyas Əfəndiyev.
Şəxsiyyəti və sənəti
haqqında bir neçə söz" əsərində
vaxtilə yazıçının "Sarıköynəklə
Valehin nağılı" romanına qarşı qəfil
başlanan ideoloji kampaniyanı o zaman məhz MK-nın birinci
katibi Heydər Əliyevin şəxsən işə
qarışıb, dayandırdığını
xatırladır.
Azərbaycan
yazıçılarının 12 iyun 1981-ci il
tarixli VII qurultayı xüsusən tarixi əhəmiyyətli
qurultay kimi, "sözün yaxşı, sağlam mənasında
millətçilik əhval-ruhiyyəsi, "İran Azərbaycanı"
ifadəsinin "Cənubi Azərbaycan" ifadəsi ilə əvəz
olunmasının rəsmiləşdirilməsi" ilə
(Elçin) yadda qalmışdır. Təbii ki,
millilik və millət problemlərinin varlığı, hər
kəsdən əvvəl Respublika başçısına bəlli
idi. Sadəcə buna qarşı olan qlobal
əngəllərin həlli yollarını, təkcə
başçı kimi yox, həm də Ümummilli lider olaraq
axtarırdı. Heydər Əliyevin
düşünülmüş cəsarətli
addımları ilə VII qurultay bir sıra belə
ağrılı məqamları qabartdı.
Belə məsələlərdən
biri Heydər Əliyevin rəhbərliyə gəlişindən
sonra daim diqqət yetirdiyi dil məsələsi idi. O deyirdi: "Dil xalqın
böyük sərvətidir. Ədəbi dilin tərəqqisi
olmadan mənəvi mədəniyyətin tərəqqisi
mümkün deyildir...". Sovet dönəmində
Azərbaycan dilinin inkişaf edib "görünməmiş
zirvələrə qalxması"ndan, "müasir
poeziyanın və nəsrin, elm və texnikanın,
kargüzarlığın və fəal ictimai-siyasi həyatın
hərtərəfli inkişaf etmiş dilinə çevrilməsi"ndən
danışır, eyni zamanda "dilin təkmilləşdirilməsi,
zənginləşdirilməsi", saflığı
qayğısına qalırdı: "Bu da respublikanın
bütün ədəbiyyatçılarının,
Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən
biridir. Azərbaycan ədəbi dilinin
saflığına, kütlələrin nitq mədəniyyətinə
daim qayğı göstərilməlidir. Dilimizin
jarqon, dialekt ifadələri ilə zibillənməsinə yol
vermək olmaz. Yazıçı dilin, nitq mədəniyyətinin
ədəbi normasının qanunvericisi olmalıdır...".
Azərbaycan
yazıçılarının X qurultayında, müstəqil
Dövlət dilinin inkişafı qayğılarından
danışarkən, Ulu Öndər sovet dönəminə də
ekskurs edib, o illərdə atılan addımların önəmini
yada salır: "Yadımdadır, ilk dəfə
Yazıçılar İttifaqının qurultayında mən
Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə
çıxdıq. Hamı gəlib məni təbrik
edirdi. Ona görə ki, mən orada birinci
növbədə Azərbaycan dilində danışdım.
Dedim ki, əziz qardaşlar, axı, burada elə bir
şücaət yoxdur. Bu, bizim öz dilimizdir.
Mən bunu anladım. Çünki
dövlət adamları Azərbaycan dilində
danışmamışdılar. Bu dil məişət
dili olmuşdu və bir də ədəbiyyatın dili
olmuşdu. Amma dövlət dili
olmamışdır. Mənim nitqimi
yazıçılar böyük bir hadisə kimi qəbul
etdilər. Biz o illərdə
çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq.
Baxmayaraq ki, elə bir dövlətdə
yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi
inkişaf etdirdik və siz, sizin əsərləriniz, ədəbiyyat
olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə
bilməzdi...".
Azərbaycan
yazıçılarının VII qurultayında Ümummilli
liderin ilk dəfə "Cənubi Azərbaycan" ifadəsini
rəsmiləşdirməsi dövrün abhavasında
"inqilabi addım" kimi qarşılanmaqla yanaşı,
bu istiqamətdə rəsmən fəaliyyətin də
başlanğıcı kimi qiymətləndirilir. VII
qurultaydakı çıxışında Heydər Əliyev
deyirdi: "Bir məsələyə də toxunmaq istəyirəm.
Respublika Yazıçılar
İttifaqının tərkibində Cənubi Azərbaycandan
olan ədəbiyyatçılar da məhsuldar işləyirlər.
Yaradıcılıq İttifaqının rəhbərliyi
onlara daim diqqət yetirməli, onların əsərlərini
respublikada və respublikanın hüdudlarından kənarda
geniş təbliğ etməlidirlər. Ümumiyyətlə,
Cənubi Azərbaycanla ədəbi əlaqələri
möhkəmlətmək, mədəniyyətin, mənəvi
yaradıcılığın bütün sahələrində
geniş əlaqələri inkişaf etdirmək, bizdə
toplanmış zəngin bədii-estetik təcrübəni qələm
yoldaşlarına vermək barəsində düşünmək
lazımdır...".
Nəticələr
özünü çox gözlətmədi. "Ədəbiyyatda Heydər
Əliyev obrazı: tarixi gerçəklikdən ideala"
monoqrafik tədqiqatında oxuyuruq: "Bütöv Azərbaycan
yaratmaq, qurmaq missiyası bu "güc"lərin birliyindən,
xalqa qayıdışından başlayırdı. Və bir də bütöv, yekparə Azərbaycan ədəbiyyatı
anlayışının özündən. Heydər Əliyevin Cənub ədəbiyyatı
mövzusuna həssaslığının mayası bu amaldan nəşət
tapırdı. Onun təşəbbüsü
ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan
üzrə katiblik yaradılmış, Balaş Azəroğlu
da bu sahəyə rəhbərlik etmək üçün
Yazıçılar İttifaqının katibi
seçilmişdi. Eləcə də ilk dəfə
olaraq Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda şöbə
açılmış, Cənubi Azərbaycan ədəbiyyatının
araşdırma mərkəzinin təməli
qoyulmuşdur..." (Elnarə Akimova, Poeziyada Heydər
Əliyev idealı// Ədəbiyyatda Heydər Əliyev
obrazı: tarixi gerçəklikdən ideala. Bakı, "Elm
və təhsil", 2018, s. 45).
Xalq yazıçısı
Elçin "Tarixlə üz-üzə dayanmış
adam" essesində 1982-ci ilin sonlarına dair, Heydər
Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
və Siyasi Büronun üzvü kimi Moskvaya gedərkən bir
dəstə Azərbaycan yazıçısı ilə
ayrılıq görüşündən bir müşahidəsini
bölüşür: "Orasını da yaxşı
xatırlayıram ki, həmin görüşdə Heydər
Əliyev Azərbaycanın gələcək vahidliyi
haqqında danışdı və elə danışdı
ki, elə bil, söhbət müstəqil bir dövlətdən
gedir. Bunun həmin dövrün kontekstində və Heydər
Əliyevin tutduğu vəzifənin səviyyəsində nə
demək olduğunu, elə bilirəm ki, izah etməyə
ehtiyac yoxdur...".
Hələ Azərbaycan
yazıçılarının VI qurultayında daha bir cəsarətli
ideya söhbət predmeti olmuşdu; E.Axundova roman-tədqiqatında
yazır: "VI qurultayda ətraflı məruzə ilə
çıxış edən Heydər Əliyevlə söz
ustalarının səmimi ünsiyyəti, böyük
Füzulinin nəşinin uzaq Kərbəladan Azərbaycana gətirilib
tarixi vətən torpağına tapşırılması təklifi
ilə bağlı hərarətli fikir mübadiləsi bir
çox yazıçıların yaxşı
yadındadır..." (Elmira Axundova, Heydər Əliyev: şəxsiyyət
və zaman. 6 cilddə. 2-ci cild, Bakı, "Ozan", 2007, s.
235).
Məhəmməd Füzulinin 500
illiyi üzrə Dövlət Komissiyasının iclasında
Ulu Öndər bu əhvalatı bir qədər fərqli
xatırlayır: "Hələ 70-ci illərdə
Füzulinin qəbrinin Bakıya köçürülməsi
məsələsi çox geniş müzakirə edilirdi. Mən də bu məsələ ilə məşğul
olurdum. Xatirimdədir, 1981-ci ildə Yazıçılar
İttifaqının qurultayında bu məsələ
qaldırılanda mən tanınmış
yazıçılarımıza, Allah onlara rəhmət eləsin,
narazılığımı bildirərək dedim ki, siz məsələni
ortaya atır, lakin təşəbbüs
göstərmirsiniz. Məsələ qaldırmaq yaxşı
şeydir, lakin fəaliyyət göstərmirsiniz... Hətta o zaman Mirzə İbrahimova, Süleyman
Rüstəmə, Abbas Zamanova tapşırdım ki,
İraqın Bakıdakı konsulluğu ilə əlaqə
yaratsınlar. Həmin dövrdə
İraqla İran arasında müharibə gedirdi, vəziyyət
gərgin idi. O zaman belə bir məlumat aldıq ki, Kərbəlanın
baş planına əsasən yol çəkilir və həmin
yol Füzulinin qəbri olan yerdən keçdiyinə görə,
guya şairin cənazəsinin qalıqlarını hansısa
məscidə aparmışlar. Adətən belə
hallarda qəbri başqa yerə köçürürlər.
Lakin həmin məlumat məni çox narahat
etdi, çünki bu, Füzuliyə qarşı çox
böyük hörmətsizlik olardı. Şübhəsiz
ki, bu halda onun cənazəsinin qalıqlarını Bakıya
gətirib ən görkəmli yerdə dəfn edərək
şairin məqbərəsini yaratmağa mənəvi
haqqımız olardı. Lakin bilirsiniz ki, bundan bir il sonra mən Azərbaycandan getdim və işlərin
sonrakı gedişindən xəbərim olmadı. Ancaq indi
öyrəndim ki, Füzulinin qəbrini başqa yerə
köçürmüşlər..." (Heydər
Əliyev. Ədəbiyyatın yüksək
borcu və amalı (Nitqlər, məruzələr,
çıxışlar). Bakı, "Ozan", 1999, s.
208-209).
Bu çıxışında Heydər
Əliyev Nəsiminin 600 illik yubileyi zamanı da eyni məsələnin
qalxdığını, 1970-ci illərdə Suriyaya səfəri
zamanı Nəsiminin qəbrini taparaq, ziyarət etdiyini də
yada salır: "Qayıdandan sonra özüm də fikirləşdim
ki, müxtəlif adamlarla da məsləhətləşdim ki,
həmin qəbri indi Azərbaycana köçürmək
lazımdırmı? Nəsimi Hələb şəhərinə
Azərbaycandan getmiş və oradaca faciəli şəkildə
dünyasını dəyişmişdir...".
Vətən
torpağından ayrı düşmüş qərib məzarların
Azərbaycana köçürülməsi ideyasını
Heydər Əliyev, ən nəhayət 1982-ci ildə
Hüseyn Cavidin nəşinin uzaq və soyuq Sibir
torpağından gətirilib doğma Naxçıvan
torpağında dəfn olunması və müstəqillik illərində
üzərində məqbərə ucaldılması kimi
möhtəşəm addımları ilə
reallaşdırmışdı. "Bu addım nəinki
xalqımızın mədəniyyət salnaməsinə, həm
də sovet zamanında mümkün olmayan hadisələr
sırasına daxil oldu. Təsadüfi
deyil ki, geniş qaynaqlara istinad edən bir çox xarici müəlliflərin
kitablarında bu fakt çox müfəssəl şərh
edilir. Bu fakt, o cümlədən Azərbaycanın
müstəqilliyə doğru yönəlməsinin
başlanğıcı kimi yozulur" (Ramiz Mehdiyev, Vətəndaş,
şəxsiyyət, lider.- Bakinski
raboçi qəzeti, 23 may 2003).
***
Heydər Əliyevin sosrealist ədəbi
mühitdə atdığı qeyri-adi addımlar, bugün
ağlasığmaz görünür və adətən Ulu
Öndərin müstəqillik illərində söylədiyi:
"O vaxt elə ən böyük dissident mən özüm
olmuşam" aforizmi ətrafında çözülür.
Bu deyimdə, əlbəttə, müəyyən məcazilik
də var. Yazıçıların X qurultayındakı
çıxışında Heydər Əliyev həmin məqama
münasibətini: "Ancaq 1969-cu ildən başlayaraq 1987-ci
ildə istefaya getdiyim zamanadək kommunist partiyasında ən
böyük dissidentlərdən biri mən olmuşam..."
şəklində bildirir, məhz kommunist partiyası daxilində
"xalqın naminə, millətin naminə, doğma Azərbaycan
naminə" "dissidentlik" etdiyini vurğulayır.
Bugün çox
populyarlaşan həmin mövzunu bəzən səthiləşdirmək
meylləri də müşahidə olunur. Sanki
1970-1980-ci illərdə ölkədə hamar və rahat ədəbi
mühit hökm sürmüş, əsas odur ki, Respublika
başçısının qadir əliylə ədəbi həyatda
bütün problemlər, ziddiyyətlər asanlıqla həll
olunmuş, aradan qaldırılmışdır. Təbii ki, hər şey asan olmamışdır.
Əksinə. Əgər elə
olsaydı, məhz bu illərdə ədəbi mühitdə
yaşlı nəsil yazarları və gənclər,
sosrealistlər və "60-cılar" arasında gizli
münaqişə və polemika, senzura və çap problemi,
1970-ci illərin sonunda "Azərbaycan" jurnalı ətrafında
qalmaqallar, o cümlədən Mövlud Süleymanlının
"Dəyirman" əsərinin doğurduğu səs-küy,
Mərkəzi Komitəyə saysız-hesabsız şikayət
və namələr haradan doğurdu ki?!
Elmira Axundova roman-tədqiqatında
Heydər Əliyevin irəli çəkdiyi "Azərbaycan"
jurnalı baş redaktorunun çox səciyyəvi
"hesabat"ına yer verir: "Bir dəfə
mənə Mərkəzi Komitənin mədəniyyət
şöbəsindən zəng çalıb xəbər
verdilər: Heydər Əliyeviç maraqlanır ki, niyə
"Azərbaycan" jurnalından bu qədər şikayətlər
gəlir? Mən Heydər Əliyevə
yazılı cavab göndərdim. Arayış verdim: təsəvvür
edin ki, Azərbaycanda 400 nəfər ittifaqın üzvü
var, onlardan 80-ni, yəni 20 faizini az-çox müntəzəm
çap edirəm. Qalan 320 nəfər, təbii
ki, baş redaktordan narazı qala bilərlər. Mən
işimə vicdanla yanaşsam da, 80 faiz düşmən
qazanmağa məhkumam..." (Elmira Axundova, Heydər
Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild,
Bakı, "Ozan", 2007, s. 235).
Əgər bütün problemlər
asanlıqla həll olunsaydı, heç "daxili
dissidentizm"ə də hacət olmazdı ki... "Azərbaycan"
jurnalının baş redaktorunun E.Axundovaya etiraf etdiyi kimi:
"-"Sandığ"a yazılanlar da vardı, əvvəllər
çap olunmayan əsərlər də. Bunların
hamısını mən 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində
jurnalda dərc etdim. Sabir Əhmədovun
da, Mövlud Süleymanlının da belə əsərləri
var idi. Ramiz Rövşən, Afaq Məsud, Vaqif Cəbrayılzadə...
- onlar o vaxt çap oluna bilmirdilər, "ədəbiyyat
generalları" onları qabağa buraxmırdılar.
Dissidentlər nəsli elə onlardan başlaya bilərdi..."
Həmin sıraya sosrealizmin ehkamlarına cavab verməyən
onlarla digər əsərləri, xüsusən də gənc
yazarların yaradıcılığını da aid etmək
olar...
Ümummilli liderin gerçək
müdaxiləsi, Yazıçılar İttifaqı və
"Azərbaycan" jurnalında aparılan islahatlar ədəbi
mühitdə də köklü dəyişmələrə
rəvac verdi. Xalq yazıçısı
Elçin mənzərəni belə təqdim edir: "Azərbaycan
"altmışıncılar"ının ən birinci və
çox vaxt gözəgörünməz qoruyucusu, demək
olar ki, himayədarı Heydər Əliyev idi. O zaman
hamının haqqında danışdığı və
60-70-ci illərdə çox populyar olan
"üçlüyün" - Anar, Elçin və Əkrəm
Əylisli - arxasında Heydər Əliyev durmuşdu.
Əylisli indi iftixarla bəyan edir ki, mən öz nəsr əsərlərimdə
sərbəstliklərə yol verirdim, "Azərbaycan"
jurnalında əvvəllər yasaqlanmış əsərləri
çap etməyə icazə verirdim və s. Sual olunur: məgər
sən özbaşına buraxılmışdın? İmran Qasımov, onun da arxasında Heydər
Əliyev olmasaydı, sən bunlara rəvac verə bilərdinmi?
Rusiyanın məşhur ədəbi tənqidçisi Lev
Anninski mənə deyirdi: Siz respublikada nə oyunlar
çıxarırsınız? Siz
jurnallarınızda "kramolnı" (qanunazidd) əsərləri
çap etməyə yol verirsiniz!" (Elmira Axundova, Heydər Əliyev:
şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild, Bakı,
"Ozan", 2007, s. 214).
Əlbəttə, bu həqiqəti
baş redaktorun özü də Elmira Axundovaya müsahibəsində
etiraf edir: "-Mən baş redaktor olaraq buraxdığım
ilk sayda cavan şairlərdən 700 misra dərc etdim. Buna qədər onlara cüzi yer - 30-40 misralıq yer
verilirdi. Jurnalın sayı çıxandan az sonra məni İmran Qasımov
çağırıb dedi: "Heydər Əlyeviç zəng
vurmuşdu. Maraqlanır ki, nədən bu cavan
şairlər şeirlərində belə
ağlaşırlar? Bəlkə mənzilləri
yoxdur, bəlkə hansı yollasa onlara kömək etmək
lazımdır". Düzü, mən
İmran müəllimə inanmadım. Öz-özümə
düşündüm ki, Əliyevin işi-gücü
yoxdurmu, Yazıçılar İttifaqı katibinə jurnala
görə zəng vura. Amma axşam mənə
evə Həsən müəllim, Heydər Əliyevin
böyük qardaşı zəng vurdu. Dedi ki, sizin
jurnalınıza baxdım, gənc şairlərdən bəziləri
taleyindən gileylənir, bədbinliyə qapılıblar. Bəkə sizin redaksiyaya gəlib uşaqlarla
söhbətləşim. O anda bildim ki, İmran müəllim
düz deyirmiş...".
Ümummilli lider ədəbi
mühitdə islahatlara təşkilati tərəfdən, onun
yenidən-təşkilindən başlayır. 1974-cü ildə Azərbaycan
Yazıçılar İttifaqının sədrliyinə
İmran Qasımovu gətirir; Gənclər üzrə katib
Elçin təyin olunur, "Azərbaycan" və
"Ulduz" jurnallarının redaktorları dəyişir,
"Ulduz" jurnalının baş redaktoru Yusif Səmədoğlu
olur. Elmira Axundova bu zaman Elçinin ən cavan katib olduğunu
vurğulayır: "Yəqin ki, o, respublika
Yazıçılar Birliyinin tarixində ən cavan katib
olmuşdur. O vaxt 31 yaşı var idi..." Elçin
xatırlayır: "1975-ci ildə, mənim Azərbaycan
Yazıçılar İttifaqının katibi seçilməyim
ərəfəsində Heydər Əliyevlə ilk şəxsi
görüşüm oldu. O, mənimlə çox
açıq danışdı. Onun
"millilik" adlandırdığımız cəhəti
məni heyrətləndirdi. Məsələn, o deyirdi:
"1937-ci ildə Azərbaycan ziyalılarını
kökündən qırırdılar, amansızcasına məhv
edirdilər, - bunu deyərkən dönə-dönə
Hüseyn Cavidin adını təkrarlayırdı, - indiki Azərbaycan
ziyalıları - Stalin dövründə
formalaşmış ziyalılardır. Və
onlarda həmişəlik qorxu qalıb. Yaşlı
nəsil nümayəndələrinin əsərlərində
beynəlmiləlçilik hissi... həddindən artıq,
hipertrofikdir. Mən istəyirəm ki, sizin
nəsliniz milli zəminlə, Azərbaycan
nağılları, Azərbaycan folkloru ilə daha sıx
bağlı olsun". Və daha bir şey yadımda
qalmışdır ki, o, bizim yazıçılarımız
haqqında necə də hörmətlə
danışırdı, yəni xalq üçün Azərbaycan
dilini qoruyub saxlayan onlardır..." (Elmira Axundova, Heydər
Əliyev: şəxsiyyət və zaman. 6 cilddə. 2-ci cild,
Bakı, "Ozan", 2007, s. 202).
Heydər Əliyevin dəstək
verdiyi digər bir nəşr - 1969-cu ildən işıq
üzü görən "Qobustan" toplusu barəsində,
jurnalın yaradıcısı və baş redaktoru Anar
"Ömrümün "Qobustan" illəri" xatirə-əsərində
geniş bəhs açmışdır. "Qobustan"ın
dəyərini Ulu Öndər müstəqillik illərindəki
çıxışlarında dəfələrlə
vurğulamışdır. 23 iyul 1996-cı il nitqində o deyir: "O vaxtlar
"Qobustan" jurnalı həyatımızda çox
böyük rol oynayırdı. Bizim bu milli
dirçəliş, milli oyanış, milli
özünütanıma prosesində "Qobustan"ın
rolu çox böyük olubdur. Bunu o
vaxtlar bəzliləri bəlkə də dərk etmirdilər,
bəlkə indi də bəziləri o qədər də dərk
edə bilmir. Amma mən bunların hamısını
daim izləyirdim və hər bir belə tədbirin həyata
keçirilməsi üçün lazımi şərait
yaradırdım...".
Ümummilli lider ədəbi
həyatın dəyişməsində, ədəbiyyatın
zamanla ayaqlaşmasında ədəbi gəncliyin roluna
böyük önəm vermişdir. Yaşlı nəslin
xidmətlərinə sayğıyla yanaşmaqla
yanaşı, o, günün ədəbiyyatını daha
çox gənc yazıçılardan gözləyir, nəsillər
arası konfliktdə "60-cılar"ın tərəfində
dururdu. Ədəbi mühitdə yeniləşmə
zərurətini hamıdan əvvəl Heydər Əliyev
özü duyur və təşviq edirdi.
Mövlud Süleymanlı
"Qırx ilin yeddi görüşü" xatirə-əsərində
yazıçıların VI qurultayından bir epizodu
xatırlayır: "Öz çıxışı
zamanı Heydər Əliyev, Süleyman Rüstəm və Azərbaycan
ədəbiyyatının digər ağsaqqalları əyləşdiyi
rəyasət heyətinə üz tutub soruşdu: -Süleyman
müəllim, mən hələ orta məktəbdə təhsil
alarkən dərsliklərdə şeirlərinizi oxuyurdum. O
vaxtdan yarım əsr keçib, dərsliklərdə isə
yenə sizin şeirlərinizdi. Bu çox
yaxşıdır. Bəs bu yarım əsr
ərzində məgər bircə nəfər də cavan
şair çıxmayıb? Bəs cavanlar hanı?!".
Əgər qatı ideoloji sistem,
senzura mühiti azad fikirli gənclərin ədəbiyyata
yolunda böyük maneəyə çevrilmişdisə, Heydər
Əliyevin Yazıçılar İttifaqında həyata
keçirdiyi islahat "60-cılar"ın yolunda
yaşıl işıq yandırdı və məhz "dərsliklərdə
olmayan" cavanların ədəbi mühitdə
aparıcı mövqeyini təmin etdi.
Yazıçıların X qurultayı ərəfəsində
Prezident sarayında gənclərlə görüşündə
Ulu Öndər deyirdi: "Mən bunu dünən dedim, -
vaxtilə biz Anar, Elçin, Yusif və başqalrı ilə
gənc nəslin nümayəndələri kimi
görüşürdük, indi isə onlar ədəbiyyatımızın
ağsaqqalları da olmasa, hər halda yetkin nəslə, yəni
yaşlı nəslə mənsub hesab olunurlar. Kiminin 50-dən
yuxarı, kiminsə 60-a yaxın yaşı var. Bunlar gözlərimin
qabağında böyüyüblər...".
Ümummilli liderin ədəbiyyatımızın
sabahını təmin edəsi gəncliyə marağı
yazıçıların hər bir qurultayı ərəfəsində
yaşlı nəsillə ayrı və ədəbi gəncliklə
də ayrıca görüşündə də görünürdü. 1997-ci il
29 oktyabr görüşünün bilavasitə
iştirakçısı kimi, Heydər
Əliyevin həm gəncliyin yaradıcılığından
söz açan tənqidçi Vaqif Yusiflinin məruzəsini,
həm də hər bir çıxışçını
necə həssaslıqla dinlədiyinə, səslənən
problemlərə nüfuz edib, yerindəcə münasibət
bildirməsinə, konkret və yaxud da perpektiv həlli
yollarını çözməsinə şahid və heyran
olmuşam. Ulu Öndər deyirdi: "Mən gənclərə
üzümü tutub deyirəm, - sizin qarşınızda
çox gözəl imkanlar, perspektivlər var. Şübhə
etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı
inkişaf etdirəcəksizniz. Şübhə etmirəm ki,
sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını,
mədəniyyətini daha da yüksəklərə
qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar
çıxacaqdır. Mən buna heç
şübhə etmirəm. Çünki indiyədək
yaşadığımız dövr və əldə etdiyimiz
nailiyyətlər buna, belə deməyə tam əsas verir.
Şərait daha da sərbəst olanda, insan daha da müstəqil,
azad olanda: şübhəsiz ki, onun daxilində olan imkanlar daha
çox açılır və öz bəhrəsini
verir".
Tehran Əlişanoğlu
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.16-19.