Hilallı yaylıq...

 

Esse

 

Bu əhvalat 99 il bundan əvvəl Gəncəbasarda baş verib. Mənə goru şen olmuş babam danışıb. Bir dəfə Sayalı dərəsində qoyun otararkən açmışdı söhbəti. Elə-belə yox, söhbəti mən qurdalamışdım. İllərin qaysaqlı yarası idi babam üçün. Atasını itirdiyi günə qayıtmışdı. Bir az aralısında hökumət adamlarının oturduğu, ayaq hissəsində çobanların qoyun-quzu güddüyü bu dərəyə niyə Sayalı deyildiyini sual eləmişdim. Babam da illərdir içində göynəyən söz dənciyini boşaltmışdı. Daha doğrusu, babam yox, babamın atası.

Dan yeri təndir dibi kimi ağarmağa başlayanda onlar daşqa ilə kənddən çıxmışdılar. Vaxtında mənzil başına çatmaq üçün daşqanın yançaqlarına da iki daylaq qoşmuşdular. Alabaşlıdan Gəncənin dəmiryol vazğalına təxminən 3 saatlıq yol idi. Üç at gücü ilə hərəkət edən daşqa günəş göyün toqqa yerinə qalxmamış Kəvər arvadın çörək köşkünə çatmalı idi. Babamgilə demişdilər ki, qərargah  orada qurulub.

Daşqa üç saata hazırlandı. Xəbəri Alpı babama Çuğul oğlu İman çatdırmışdı. Demişdi ki, Gəncədə vəziyyət ağırdı. Qırmızıpapaqlılar - kənddə bolşeviklərə bu cür ayama qoşmuşdular - üsyanı yatırmaq üçün son hücuma hazırlaşırlar. Üsyançılara çörək, su, pambıq, bez, quru ət, ən əsası silah patron lazımdır. Babam o vaxt 19 yaşındaymış. Atası əmisi oğlu Alpı ilə kəndin canına düşürlər. Hər kəsin qapısını döyürlər. Ehtiyacları sadalayırlar. Kimin nəyə ehtiyacı varsa, onu açıb Alpı qağaya uzadır.

Sayalı bəy qızıymış. Babamla təzəcə nişanlanıbmışlar. Babam çox çək-çevirdən sonra qayınatası Söyün bəyin qapısını döyür. Bəy evdə olmur. Qapını adaxlısı açır. Babam niyə gəldiyini qıza danışır. Sayalı atasından icazəsiz nəsə verməyə cürət etmir. Babamın taxdığı üzüyü barmağından çıxarır. Bir atlas parçadan tikdiyi əl boyda bayrağı bizim kişiyə uzadır. Babam Sayalının əlini geri çevirmək istəsə qız razılaşmır. Onda heç kimin qapısını döymə - deyir. Sarılıb ağlaşırlar. Babam üzüyü küyümçü Babaşa xırdaladır. 5 rubl pula dəyişir. Ona da parça-palaz, əsgi, pambıq alır. Yola düzəlirlər.

Babamgil gedəndə artıq üsyan başa çatıbmış. Üsyançılardan sağ qalanlar gecə ikən Şıx düzünə, Kəpəz dağına Hacıkənd tərəfə geri çəkilir. Babamgil yaralıları yaxınlıqdakı evlərə daşıyır. Ölənləri isə dəmir yolunun yaxınlığındakı dərəyə basdırırlar. Sən demə, Çuğul oğlu İman üsyançıların xəbərini Alpıgilə gec çatdırıbmış. Babamın dediyinə görə, Qatır Məmmədin dəstəsinin uşaqları İmanı ələ alıblarmış. Yaralılardan biri babama deyir ki, onlara xəbər 4 gün əvvəl göndərilib. İman ən gec halda xəbər göndərilən günün axşamı babamgilə xəbəri ulaşdırmalı imiş. Amma gec deyir. Nəticədə cümhuriyyətin sonuncu qalası da təslim olur. Gəncəyə bolşevik ayağı dəyir. Hökumətin sonuncu qalası da devrilir.

Çuğul oğlunun yaramazlığı bununla da bitmir. Babamgilin üç-dörd gün gecikdiyini görən İman Sayalıya babamın adından məktub yazır. Ölümcül yaralandığını qeyd edir. Onu gözləməməyi, ərə getməyini yazır. Sayalı bu xəbərdən sarsılır. Evlərinin ayağındakı hündür təpəyə çıxır. Təpənin düz qac hissəsindəki ağacın budağından bir çatı asır. Başını çatıya salıb özünü mil təpədən aşağı atır. Kəndir Sayalının ağırlığını saxlamayıb qırılır. Sayalı yarımcan halda dərəyə yuvarlanır. Dörd-beş saat köməksiz qalır. Sonra cansız bədəni dərənin dibindən tapılır. Xəbər bütün kəndə yayılır. Babam atası ilə əmisi oğlunu Gəncədə qoyub payi-piyada Alabaşlıya yol alır. Sarsılır. Hadisənin təfərrüatını öyrənir. Kağızın izinə düşür. Kimin yazdığını tapa bilmir. Camaatı yığıb anasının şalına and içir.

...İmanın ögey bacısı bir gün babama xəbər göndərir ki, məktubu qardaşı ona yazdırıb. Babam deyirdi ki, Çuğulun gədəsi anabir bacısına məktubu zor gücünə... (həmişə bu yerinə çatanda kövrələrdi, cümləni nöqtələməzdi). İmanın bacısı Ayna da babamı sevirmiş. Babam deyirdi ki, Sayalının ölümündən sonra qızın qardaşının suçunu açması elə-belə deyildi.

Babam İmanı Sayalı dərəsinin üstündəki mil təpəyə çıxarır. Belindəki toqqasını açır. Çuğulun gədəsinin xırıldayıb ölməyi 10 dəqiqə çəkmir. Sonra da təpədən üzü dərəyə yuvarlayır. Sonra Sayalının qəbrinin üstünə gedib üçrəngli bayrağın əks olunduğu hilallı yaylığı qəbrinin üstünə sərir. Üzərini torpaqla örtür.

Hər dəfə maydan sonrakı ayın ilk həftəsi gələndə babamın hilallı yaylıq əhvalatı yadıma düşür. Sayalı dərəsində indi icra nümayəndəliyi yerləşir. İcra nümayəndəliyinin binası da köhnə evdir. Söyün kişinin mülküdür. Sayalının otağı isə köhnə sənəd-sünədlərin yığıldığı tozlu daxmadır.

 

9 iyun 2019 – Bakı

 

Tural Turan

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.21.