Snayperçi əsir - erməni qızı...
hekayə
Hisslərin ən
alisi məhəbbətdir...
1
Növbəti əsgəri də
cərrahiyyə stoluna uzatdılar. Səhra həkimi mələfəni
çəkib, güllə yarasına baxan kimi güldü.
- Xeyirdimi, doktor?! - Qapının
ağzında dayanmış komandir incik soruşdu.
Acı gülüşün soyuq təbəssümü
xətt kimi sifətində səyriyən həkim
yanpörtü çevrildi:
- Gözün aydın, cənab
polkovnik!
Aşkar kinayəni həzm eləməyə
məcbur olan komandirin qaşları çatılıb
yanaqları burnuna sarı dartıldı:
- Möcüzədi ki!
- Bu uşaq cəbhənin hansı tərəfində
vurdurub özünü?!
- Vurdurub nə deməkdi?!
- "Ehtiyatlı igidin anası
ağlamaz"?!
- Müharibədi...
- Nəyə istəyirsən and
içim, bunu vuran həkimdi!
- Nədən bilirsən?
- Bir aya beş əsgər
gətirmisiniz, beşi də eyni yerindən güllə
yarası alıb. Erməni snayper elə bil qəsdən
öldürmək istəməyib bizimkiləri. Nəsə burda bir hikmət var.
- Allah üzümüzə baxıb
ki!
- Ölsəydilər bundan
yaxşı olardı!
- Hippokratın ürəyinə dəyirsən,
ha, doktor!
2
Əfqanıstan veteranı,
polkovnik Mübariz İbrahimli odun-alovun içindən
çıxmışdı. Ən çətin şəraitdə
belə soyuqqanlı davranışıyla əsgərləri
mat qoyurdı. Üzə vurmasa da həkimin
sözləri ona yer eləmişdi. Odur ki,
gözünün yuxusu ərşə çəkilmişdi.
Gecə-gündüz fikri düşmən cəbhəsindəydi.
Bir gün də snayperi əsir
götürdülər. Əsgərlərimizi
vuran demə, qız imiş. Əsirlərə
sərbəstlik vermək şakəri olan komandir bu qız
uşağıyla da uzun illərin tanışı təki
davranmağa başladı. Üz-üzə oturan kimi rus
dilində soruşdu:
- Bu nə oyundu başımıza
açmısan, xanım?!
- Həqiqəti bilmək istəyirsiniz,
cənab polkovnik?!
- Təbii...
- Sevdiyim oğlanın
intiqamını almışam.
- Sevdiyin oğlanın?! Biz öldürmüşük?!
- Allah eləməsin!
- Bəc bu nə intiqamdı?
- Düzünü desəm, bağışlayarsınız
məni?
Polkovnik sözünə ciddilik vermək
üçün hirslə əsirə baxdı:
- Güllələməsək... hə...
Qız diksindi.
- Qorxdun, deyəsən?!
- İnanmıram ki, məni güllələyəsiniz!
- Niyə?
- Onda humanistliyiniz harda qaldı?!
Polkovnik yanındakı zabitə
sarı çevrildi:
- Şəhriyar müəllim
vardı, rəhmətlik, ya Cəbrayıldan idi, ya da Zəngilandan,
danışırdı ki, Hadrut ermənisiylə qardaş
olmuşduq.
Bir dəfə dedi, ay Şəhriyar, vallah, siz türklər
yaxşı adamsınız. Niyə, dedim, ay Hamo? Dedi, Andranikə
qoşulub, on səkkizinci ildə evlərinizi
dağıtdıq, kəndlərinizi yandırdıq,
mal-qaranızı apardıq, elə tez unutdunuz?! İndi bu qız da bizim humanistliyimizə
sığınıb. İnsafən, pis
qıza oxşamır, nədənsə, qanışirin gəlir
mənə. Subay oğlum var, alardım ona, heyif ki, ermənidi!
Qızın dodağı
qaçdı - birdən Azərbaycan türkcəsində
qayıtdı ki:
- Nerses dayım deyərdi, erməni
olanda nə olar, qanana can qurban!
Komandirin gözü bərələ
qaldı:
- Bizim dili hardan bilirsən?
Bayaq erməni qızı əlini
qoltuq cibinə salıb bükülü bir kağız
çıxardı qoydu komandirin qabağına. O da səliqəylə
açıb köhnə Sovet paspotunu gördü. Vərəqləyən
kimi başını dik qaldırıb, zəndlə qıza
baxdı:
- Saxta deyil ki?!
Qız mənalı-mənalı
başını yellədi.
- Şamaxının ha tərəfindənsən?
- Mədrəsədənəm.
- Əsgərlərimizi vuran
da sən imişsən, deməli?
Qız başını
aşağı saldı.
- Düşmən əsgərinə
qarşı bu rəğbət hardandı səndə?
3
- Tibb İnstitutunun sonuncu kursunda
oxuyanda hiss elədim ki, bir oğlan izləyir məni. Bir
gün belə, beş gün belə,
axırda yaxınlaşıb ürəyini açdı. İlk baxışdanca xoşuma gəlmişdi.
Süründürüb eləmədim. O qədər
məni çox istəyirdi ki, adımı "Şirvan
gözəli" qoymuşdu. İki ay ərzində
elə bağlandıq bir-birimizə, deyirdim, ölümdən
başqa heç nə ayırılıq sala bilməz
aramıza. Bir gün isə...
gördüm Arif uzaqda dayanıb mənə göz qoyur.
Dalağım sancdı. Özümü ələ
alıb yanına qaçdım:
- Aaariiif...
Mızıldadı:
- Hmmm...
- Bu nə deməkdi?!
- Heç...
- "Heç" nədi?!
- Heç...
- Elə bil təzə görürsən
məni?
- Məndən nə gizlin işin
varsa, aç de!
Güldüm:
- Səndən gizlin?! Başına
at təpib?!
- Sənin erməni olduğunu niyə
başqası deməlidir mənə?!
Qıpqırmızı
qızardım. Tez də özümə gəldim:
- Arif, erməni olmaqla insanlıqdan
çıxmış hesab edirsən məni?
- Əlbəttə, yox.
- Bizim Şamaxıda erməni-türk
söhbəti yoxdu,vallah!
Dinmədi.
Onu sevdiyimdən əvvəl-əvvəl
qorxurdum ki, "erməniyəm" desəm, itirərəm
onu. Fikirləşirdim
ki, iş işdən keçər,
bir-birimizə vərdiş eləyərik, sonra hər şey
qaydasına düşər.
- Mənə vaxt ver. - Dedi.
- Vaxt nədi?
- Atam-anam bilməlidi ki, mən kiminlə
evlənirəm.
- Arif, fikrin məni atmaqdısa, indidən
de. Allah nə yazıb, onu da görəcəyəm.
4
O günü ürəyimdən
daş asılmış kimi qayıtdım yataqxanaya. Qızlar ha soruşdu nə olub, demədim. Bir stəkan su güclə keçdi
boğazımdan. Yerimə girdim ki,
yatım, dərdim yadımdan çıxsın. Səhəri dirigözlü açdım. Səhər də ac-susuz hamıdan tez gəldim
instituta. Ha axtardım, Arif yoxa
çıxmışdı. Ayrıldığımızın
üçüncü günü bir də gördüm
koridorla gəlir. Qışqırıb
üstünə qaçmaq istədim, güclə
özümü saxladım. Çatıb
mənimlə üz-üzə dayandı. Baxdım
ki, həminki Arif deyil - sifəti uzanıb, gözləri
çuxura düşüb, özü də daş
daşımış kimi əzgin görünür.
- Məni öldürmək fikrin var?
- dedim.
Qolumdan yapışıb,
birinci mərtəbəyə endirdi. Ordan da
çıxıb Dənizkənarı bulvara getdik.
- Bilirsən, - dedi - babam kəndin
varlı-hallı kişilərindən idi. Sözünün
qabağına söz qoyan olmadığından, dediyindən,
elədiyindən çəkinib eləməzdi. Belə adamların da adətən, el
qınağından, qeybətdən qorxusu olmaz. Yaşlaşandan sonra tez-tez Tiflisə gedib-gəlməyə
başlamışdı. Xırda-para alver
eləyirdi. Bir gün də satlıq mal əvəzinə
bir xanımla qayıtdı. Məlum oldu ki,
gətirdiyi qadın ermənidi. Babamın
bundan da başqa daha iki arvadı vardı. Biri
o günü çıxıb getdi. Qaldı
əsl nənəm. Onu da anam
götürüb gətirdi evimizə. Yadımdadı,
anam hər həftə məni də yanına salıb, gedib
erməni qadınıyla savaşıb qayıdırdı.
Axırda babam arvadı qoltuğuna vurub
köçüb getdi Sabirabadın Qalağayın kəndinə.
- Arif, sən ki, subaysan?
- Anam bilirdi səninlə
görüşdüyümü. Amma kim
olduğunu bilmirdi. O günü tələbələrdən
biri sirr gəldi mənə. Mən də, dili
qurtlamış kimi açıb hər şeyi anama
danışdım. O da atama deyib. Atam belə
şeylərə fikir verməz. Deyib, nə
olar, qoy ailə qursunlar. Amma anam... daş
atıb, başını tutdu. İki gün
yalvardım:
- Ay ana, - dedim, - özü də sənin
yerlindi, şamaxılıdı.
Hiss elədim ki, yumşalır. Nə
fikirləşdisə, birdən soruşdu:
- Adı nədi?
- Süsən.
- Nəəə?! - Elə bil ilan
vurdu arvadı - bağırtısı evi başına
götürdü, - Sü-səəən?!
Sanki yuxudan ayıldım. Məsələnin
nə yerdə olduğunu bilib, üzünə baxa-baxa
qaldım.
- Anamın evini dədəmin Süsəni
dağıtdı, məni də sənin Süsənin
öldürər!
- Ay ana, adın nə dəxli var ey!
- Hər dəfə Süsən
adını eşidəndə başıma bir qazan qaynar su
tökülür. Aç qulağını, eşit - ölsəm
də erməni qızından döl tutmaram...
Arifin bu sözləri
bıçaq kimi sancıldı ürəyimə. Başımı
əyib, sakitcə ağladım.
- Süsən, dünya dağılsa
da mən səni atmayacam. - Arif qolunu boynuma salıb məni sinəsinə
sıxdı.
- Mən sənsiz yaşaya bilmərəm,
Arif!
- Darıxma, gec-tez bu dərdə
çarə taparıq.
- Necə?!
- Evlənib, köçüb gedərik
Türkiyəyə.
Uçmağa qanadım
olmadı.
Qadın təbiəti belədir - yalandan da osa
balaca bir ümid ver, özünə cənnət quracaq.
Kafeyə girib nahar elədik. Ta axşamacan gəzib-dolaşdıq.
5
Ariflə əvvəlkindən
də mehriban olmuşduq.
Bir gün ölkəyə xəbər
yayıldı ki, bəs Qarabağ erməniləri ayağa
qalxıb, Azərbaycandan ayrılmaq istəyirlər. Tezliklə
Şamaxıdan zəng edib məni çağırdılar.
- Arif, rayona gedirəm.
Fikirli-fikirli üzümə
baxdı.
- Nədi?
- Heç...
Sabahı günü gəlib
məni apardı avtovağzala. Ayrılanda:
- Məni unutma! - Dedi.
- Bu nə sözdü?!
- Deyirəm də.
Mədrəsəyə qədər
bu fikir ürəyimdə dolandı.
6
Həyətimizə girəndə,
gördüm evimizdə nə var, hamısı çöldədi.
- Bu nədi, ay ana?
- Köçürük!
- Necə yəni
"köçürük"?!
- Azərbaycan türklərini Ermənistandan
qovmağa başlayıblar.
- Bizi ki, qovan yoxdu.
- İndən belə nə üzlə
burda yaşaya bilərik, ay bala?!
- Hara gedirik?
- Rusiyaya.
Yadıma Arifin sözləri
düşdü. Başımı divara söykəyib,
hönkürdüm.
- Ağlama, qızım, hər şey
yaxşı olacaq! - Atam idi.
- Bundan sonra?!
- Darıxma!
O günü də yola
düşdük. Gedib çıxdıq
Stavropola.
7
Yarım il idi ki,
təzə yerimizdəydik. Zahirən rahatlıq
tapmışdıq. Onu da deyim ki, Arifin xətrinə
adımı da dəyişmişdim. İstəmirdim
ki, onun nənəsinin evini dağıdan "Süsən"
olum. "Jalə" adını
götürmüşdüm. Amma
ümidsizliyə qapılmışdım - bilirdim ki, Arifə
qovuşmayacam - ölmək istəyirdim. Bu
zaman Ermənistandan emissarlar gəldi. Qarabağda
döyüşmək üçün əsgər
yığırdılar. Məni də həkim
kimi qeydə aldılar. Etiraz elədim:
- Snayper kimi qəbul edirsinizsə,
gedirəm. Yoxsa, yox.
Düz üç ay bizə
təlim keçdilər - sərrast atəş, dəqiq
müşahidə, bir də ayıq-sayıqlıq. İstənilən
hədəfi vurmağa başlayanda bir dəstə qızla məni
də götürüb gətirdilər Ağdam cəbhəsinə.
Birinci günü döyüş meydanıyla
tanışlıq məqsədi daşıyırdı.
İkinci günü də əməli bir iş görmədik.
Üçüncü günü gözümü təzəcə
zilləmişdim əks-cəbhəyə, qəflətən
bir əsgər başını səngərdən
çıxarıb sincab kimi o yan-bu yana
boylandı. Mən çaşıb
qalmışdım - neyləyim? Özümə
gələndə gördüm artıq baş yerində deyil.
Günlər ötür, bəxt üzümə
gülmürdü. Bir günorta yenidən
gözüm okulyarda idi. Güzgü
qabağında bədənnüma dayanırmış kimi bir
əsgər qalxdı qarşı cəbhədən. Arxası mənə tərəf idi. Peysərini nişana götürdüm. Tətiyi
çəkmək istəyəndə, gördüm... Arifdi. Ağlım başımdan
çıxdı. Bədənimi əsməcə
tutdu. Birtəhər özümü sakitləşdirəndə
diksindim. Yoldaşlarım vura bilərdi
onu. Səngərin qırağını nişan
alıb, atdım. Diksinib yerə oturdu. Alnımın tərini silib, üzümü söykədim
silahın soyuq lüləsinə. Göz yaşlarım
sel kimi axıb gedirdi... Düz bir ay hansı əsgərinizi nişan alırdım ki, vurum,
görürdüm Arifdi. Əlim yanıma
düşürdü. Artıq məni tənbeh
eləməyə başlamışdılar. Bizim snayperlərin ən azından hərəsinin
bir ölüsü vardı. Çox fikirləşəndən
sonra Arifin anasının sözləri yadıma
düşdü - "Ölsəm də erməni
qızından döl tutmaram!".
Hirs məni boğdu. İmkan
düşdükcə Azərbaycan əsgərlərini sevər
yerindən vurmağa başladım.
Komandir təəccüb etdi:
- "Sevər" nədi?
- Kişilik!
- Anasının südü halal olsun
bizim həkimə!
Qız çaşqın
halda polkovnikə baxdı.
- Nə həkim?!
- Deməli, beş
nəfəri vuran sənsən?!
- İnanıram ki,
onların hamısı salamatdı.
Komandir eşitmirmiş kimi növbətçini
səslədi:
- Get, həkimə de ki, həmkarını
gətirmişik.
Bir azdan qapı açıldı, həkim
gülə-gülə içəri girdi:
- Salam, cənab polkovnik!
Arxası qapıya oturmuş qız səsi eşitcək sıçrayıb ayağa durdu. Geriyə çevrilən kimi qışqırdı:
- Aaa... riiif?!
- Süsə...əən?!
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.24.