Mədəniyyət əsgəri...
Fəxri Mədəniyyət
işçisi Polad Zeynalovun 65 illiyinə
İllər tez ötür. Polad müəllimlə tanış olanda o, hələ gənc mütəxəssis idi, mədəniyyət sahəsində
çalışırdı. Aradan artıq çox illər keçib.
O, indi də mədəniyyət sahəsində
çalışır. O zaman
necə həvəslə,
məsuliyyətlə çalışırdısa,
öhdəsinə düşən
işləri necə keyfiyyətlə, qüsursuz
yerinə yetirirdisə,
indi də elədir. Yaş isə artıq
65-ə çatıb. Bəlkə də bunu çox
böyük rəqəm
hesab etmək olmaz. Lakin bu illər Polad müəllim üçün elə-belə
ötüb keçməyib.
Bu illərin hər
birinin arxasında məsuliyyətli və təcrübəli mədəniyyət
işçisinin uğurları,
nailiyyətləri dayanır,
mədəni-təşkilati məsələlərin yüksək
səviyyədə həlli
üçün aldığı
neçə-neçə təşəkkürnamələr,
mükafatlar yada düşür.
Polad Zeynalov 15 iyul 1954-cü ildə Bakıda, ziyalı ailəsində anadan olub. Mədəniyyət və incəsənətə
uşaqlıq illərindən
həvəs göstərib.
1971-ci ildə orta təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun
"Mədəni-maarif" fakültəsinə verib.
Ali təhsil aldığı
illərdə özünü
nümunəvi tələbə,
qabiliyyətli təşkilatçı
kimi göstərib, ictimai həyatda aktiv iştirak edib. İnstitutu bitirdikdən və
qonşu Gürcüstanda
hərbi xidmətini çəkdikdən sonra bütün həyatını,
fəaliyyətini mədəniyyətə,
mədəni-kütləvi təşkilatçılığa həsr edib. Həmin dövrdən etibarən Polad müəllim necə deyərlər, həmişə
iş başında olub. 1978-1979-cu illərdə
Bakı şəhəri
Nəsimi rayonu Pionerlər evində metodist, 1979-1987-ci illərdə
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi metodik Mərkəzdə metodist-bölmə müdiri,
1987-2000-ci illərdə Respublika
Attraksionlar müdiriyyətində
direktor müavini,
2000-2014-cü illərdə Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi metodik Mərkəzdə direktor müavini vəzifələrində çalışıb.
Göstərdiyi xidmətlərə
görə P.Zeynalov dəfələrlə mükafatlandırılıb,
Azərbaycan Respublikasının
Fəxri Mədəniyyət
işçisi adına layiq görülüb.
2014-cü ildən
etibarən Polad Zeynalov təcrübəsi,
təşkilatçılıq və idarəçilik səriştəsi, şəxsi
keyfiyyətləri nəzərə
alınmaqla yeni, daha məsul işə göndərilib. O, Azərbaycan
Respublikasının Özbəkistan
Respublikasındakı Səfirliyinin
nəzdində Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktor
müavini vəzifəsində
çalışır. Azərbaycan-Özbəkistan
mədəni əlaqələrinin
inkişafında, iki qardaş xalqın dostluğunun möhkəmlənməsində
Polad müəllimin xidmətləri az
deyil. O, dəfələrlə
müxtəlif bədii
sərgilərin, konsert
proqramlarının təşkilatçısı
olub, Mərkəzin daha səmərəli fəaliyyət göstərməsinə
öz töhfəsini
verib. Təcrübəli
mədəniyyət işçisi
Daşkənddə dəfələrlə
keçirilən Beynəlxalq
Turizm, Səyahətlər
Sərgi və yarmarkalarında Azərbaycan
stendini təşkil etmiş, bir çox musiqi layihələrinin və Beynəlxalq müsabiqələrin
Münsiflər Heyətinin
üzvü olmuş, Mərkəzin fəxri fərmanları, Özbəkistan
Respublikasının müxtəlif
təşkilatlarının fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.
2019-cu il
Polad müəllimin həyatına əlamətdar
il kimi daxil
olub. Bu il
o, bir deyil, iki yubiley qeyd
edir. 65 yaşlı mədəniyyət işçisi
bu il
həm də Mədəniyyət Nazirliyi
sistemində çalışmasının
40 illiyini qeyd edir.
Polad Zeynalov əvvəllərdə
olduğu kimi, bu gün də
böyük həvəslə,
əzmlə çalışır,
təmsil etdiyi ölkəni, doğma Azərbaycanı, onun zəngin mədəniyyətini
təbliğ edir. Bu vacib, şərəfli, eyni zamanda çətin,
məsuliyyətli işdə
əziz Polad müəllimə uğurlar
arzulayır, ürəkdən
təbrik edir, ona can sağlığı
diləyirik.
Həmişəkitək yolun açıq olsun, mədəniyyət əsgəri!
Ərtegin Salamzadə
Ədəbiyyat qəzeti.-
2019.- 13 iyul.- S.25.