Zəhra...
hekayə
Arvadıyla uzun-uzadı mübahisənin
əvvəlində mülayimcəsinə
demişdi ki, bu xarabada ya
mənim dediyim olacaq, ya da
Zəhranı heç
oxumağa qoymayacam. Sonradan səsini
ucaltdıqca ucaltmış,
Nazlı gəlinin ağzını da açmağa qoymamışdı.
Amma Nazlı gəlin də az aşın
duzu deyildi, yemədi, içmədi, səhərəcən deyindi,
qoymadı Mehtini göz qırpa.
Həmin günü Mehti sevincək oyanmış, Nazlı gəlini təzə aldığı
BMV-yə qoyub həkimə aparmışdı. Ginekoloq xanım
isə "üç
aylıq hamilədir"
- deyib ailənin sevincini birəbeş artırmış, çox
güman ki, "qızdır" demişdi.
Evə gələnə
qədər Mehtiylə
Nazlı gəlin gələcəkdə doğulacaq
uşağın adını
da qoydular: Zəhra.
O gündən sonra Mehtinin evində hər gün qalmaqal düşür, hər dəfə də Nazlı gəlinin əsəbləri ərşə
çıxırdı. Hamilə qadın
mübahisədə ərindən
geri qalanda tez qarnını tutub ufuldayırdı.
Bununla da ata olmağa
hazırlaşan Mehti təslim olurdu. Səhəri
günü yenə də söz-söhbətlərin
ardı-arası kəsilmirdi.
Nazlı gəlin
günü axşama qədər evdə ərinin qarasına danışır, söyür,
ürəyi soyumurdu deyə, bütün qonşulara şikayətlənirdi
ki, istəmirəm Zəhra müəllim olsun, axı müəllimlərin maaşı
nədi, dolanışığı
nədi ki, mən balamı göz görəsi oda atım? Bu kişi ağlını
qaçırıb, elə
bil kordu, müəllimlərin necə
yaşadığını görmür. Odur ey, Zərnişanın
qızı da oxudu da müəllimliyi,
elçi gələn
də yoxdu, evdə qarıyıb.
Nazlı gəlinin
tək arzusu vardı, Zəhra həkim olsun, düşünürdü ki,
kəndin həkimi kimi hər qapıya
gedəndə cibinə
pul basacaqlar, adam kimi
dolanacaq. Bu sözləri
hər gün kiməsə deyirdi Nazlı gəlin, az qalırdı
uşağı elə
həkim kimi doğsun.
Nəhayət, Zəhra dünyaya göz açdı, ata-anasının mübahisələrinin
tən ortasında doğuldu. Atası müəllimlərə aid olan
bütün oyuncaqları
öncədən almışdı
ona; qələm, dəftər, pozan, karandaş, çanta, lövhə, tabaşir və s. Nazlı gəlin də acığa düşüb
qardaşına zəng
eləmişdi ki, həkimlərə aid olan
bütün oyuncaqları
alıb göndərsin.
Dayısı da eləməyib
tənbəllik Zəhraya
təcili maşından
tutmuş, təzyiqölçən
aparata qədər hər şey alıb göndərmişdi.
Hələ əli oyuncaq tutmayan Zəhra öz beşiyində oyuncaq əlindən tərpənə bilmirdi. Atası
qələm-dəftərləri az qalırdı
onun gözünə soxsun, anası isə termometrləri qələmlə, ressept kağızlarını dəftərlə
əvəzləyirdi. Bundan sonra
da evdə həmişəki söz-söhbətlər
başlayırdı. Mehti ilə
Nazlı gəlin əlbəyaxa döyüşə
çıxmağa qədər
dalaşırdılar.
Zəhranın yüngülcə təbəssümü
bəs edirdi ki, ata-anası mübahisələri dayandırıb
xoşbəxt olsunlar. Uşaq ağlayanda
heç bilmirdilər
nə etsinlər.
Zəhra
onların əllərinin
içində böyüyürdü.
Nə Mehtinin,
nə də Nazlı gəlinin ağlına gəlmirdi ki, bəlkə Zəhra başqa peşəni seçər,
bəlkə başqa bir sənətin qulpundan yapışar. Sanki bütün övladların
söz haqqı valideynlərindir, sanki heç bir övlad öz marağında olan peşəyə yiyələnə
bilməz.
Zəhranın ad günü idi, 2 yaşı tamam olacaqdı. Amma olmadı. Sərhədə yaxın yaşayırdılar
deyə, hardansa bir erməni gülləsi gəlib onun ipək kimi saçlarının arasında qıpqırmızı
yuva bağladı.
Körpə qız anasının
qucağında çırpındıqca
çırpınırdı. O, valideynləri üçün
nə müəllim ola bildi,
nə də həkim, amma şəhid oldu.
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.25.