Osman Sarıvəlli dünyası...
"Köhnə
kişilər" silsiləsindən
Osman Sarıvəlli... Bu
gün XX əsr Azərbaycan poeziyasının mənzərəsini
göz önünə gətirəndə bu adı
xatırlamamaq mümkün deyil. Amma nədənsə,
son illərdə Osman Sarıvəllinin keçdiyi
ömür yolu, bir şair kimi zəngin
yaradıcılığı tədqiqat əsərlərində,
elmi araşdırmalarda layiqincə əks olunmur. Halbuki,
Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza
kimi şairlərlə bir sırada onun da poeziyamızın
inkişafında, şeirimizin yenilik ruhu ilə
aşılanmasında xidmətləri az olmamışdır.
Osman Sarıvəllinin Azərbaycan
şeirinə verdiyi töhfələr çoxdur və bəlkə
də bir çoxlarına şablon təsir
bağışlayan bu cümlənin arxasında əsl həqiqət
durur. Həqiqət budur ki, Osman Sarıvəlli
şeirimizdə heç kimə bənzəmirdi, onun
özünəməxsus yolu, poetik üslubu vardı. Çox zaman onun adını ustad Səməd
Vurğunla yanaşı çəkirlər, hətta belə
bir fikir də mövcuddur ki, Osman Sarıvəlli Səməd
Vurğun poeziyasından bəhrələnib. Osman Sarıvəllinin Səməd Vurğunla qibtəediləsi
dostluğu, qardaşlığı, ünsiyyəti olub, bu iki
şəxsin münasibəti ideal bir səviyyədəydi və
olsun ki, bəlkə bu dostluğun aliliyi çoxlarında elə
bir fikir oyatmışdı.
Çox kasıb bir ailədə
dünyaya göz açmışdı, uşaqlıq və
gənclik illəri ağır ehtiyac içində
keçmişdi. Özünün şah əsəri olan "Gətir
oğlum, gətir!" poemasında Osman müəllim həyatının
o ağır günlərini təsvir edir, oğlu Babəkə
həsr etdiyi bu əsərdə yazır ki:
Mən kənddə doğuldum, sən
də şəhərdə,
Sən beşikdə
yatdın, mənsə yəhərdə.
Yatdım boz otlaqda boz dovşan kimi...
Gözümüz dünyaya
açılan kimi
Mən çomaq götürdüm,
sən kağız, qələm,
Çomaq bir aləmdir, qələm
bir aləm...
Osman Sarıvəllinin tərcümeyi-halı
XX əsrin əvvəli ilə sonu arasında (1905-1990)
yaşanılan bir həyatın çox mənalı, mənalı
olduğu qədər də keşməkeşli bir
ömür yoludur. Çobanlıqdan, yamaqlı şalvardan, ehtiyacdan
sıyrılıb təhsilə, elmə, şairliyə
doğru, Qazaxdan Bakıya, Bakıdan Moskvaya qədər uzanan
bu yol iyirminci illərin komsomol həyatından, otuzuncu illərin
ziddiyyətli, qırxıncı illərin müharibə
alovlarından, Cənubi Azərbaycanda yaşanılan
qısamüddətli naşirlik dönəmindən, əllinci
illərin quruculuq ,
altmışıncı-səksəninci illərin kamillik mərhələsindən
keçib. Bu səksən beş illik
ömrün demək olar ki, əksər sənələri,
günləri, ayları onun yaddaşından silinməyib.
Osman Sarıvəlli poeziyası bu mənada onun bədii - həm
real, həm də romantik, yaradıcılıq ehtirası ilə
coşub-daşan
salnaməsidir.
İnsan ağır, çətin,
məşəqqətli günlər yaşaya bilər, amma o
günlərin sonralar romantik duyğulara çevrilən
anları olur.
"Dumanlı səhərlər, çənli
axşamlar, keçəli çadırlar, yeraltı damlar,
yaşıl təpələr, sərin bulaqlar, yaşıl
çöllər" xatırlanır və bunlar heç də
retrospektiv elementlərə çevrilmir, bütün
ömrü boyu şairin varlığında yaşayır.
Məşhur "Bənövşə" şeirində
deyirdi ki:
Yamaqlı şalvarım, yamaqlı
çuxam,
Vüqarlı başımı
saldı aşağı,
Çıxdı gözlərimə
qəlbimin dağı.
Ələmdən, kədərdən
qaça bilmədim,
Ciyərim həsrətlə
alışdı, yandı.
Könlümü kimsəyə
aça bilmədim,
Cırıq paltarımdan
eşqim utandı.
Nə qədər təsirli,
nə qədər real bir səhnə. Bunu Osman
müəllim "Bənövşə" şeirində
izhar edir və deyək ki, həmin BƏNÖVŞƏ
şairin poetik obrazlar silsiləsində birinci sırada durur.
Ustad Qurbanidən sonra Bənövşəyə
şeir çələngi taxan Osman Sarıvəlli bu
obrazı simvol səviyyəsinə qaldırır. Bənövşə
həm təbiətin gözəllik hüsnü kimi bənzərsiz
təşbehlərə, metaforalara bürünür, həm də
hardasa insaniləşir.
Bənövşə
həm eşqin, alovlu duyğunun mücəssiməsinə
çevrilir, həm insan-təbiət vəhdətini
özündə əks etdirir, həm də İnsan mənəviyyatının,
gözəlliyə estetik baxışının dəyəri
kimi mənalanır. Şeirin ilk bəndlərində
keçmişin qara günləri xatırlanır.
"Nədir üzündəki qara, bənövşə?"
misrası "yaralı qəlbin, dərdli başın"
nisgillərindən söz açır və sonra:
"Neçə qış dolandı, neçə yaz oldu,
boranlı günlərin ömrü az oldu":
Bənövşəm! Sənin də
kəsildi ahın,
Tikanlar diz çöküb
sənə əyildi.
Yetdi fəryadına əli
sabahın;
Günəş gözlərinin
nəmini sildi.
Lətifsən, zərifsən, deməsəm
də mən,
Ey gözəl xilqəti yamacın,
yalın,
Taxsa da döşünə səni hər
yetən,
Təmiz ürəklərə
yaraşır xalın!
Osman Sarıvəlli 1977-ci ildə,
artıq yaşıdlarının hamısı xalq şairi fəxri
adına layiq görüldükdən sonra o ada layiq görüldü. Gec də olsa, haqqını aldı, ulu öndərimiz
Heydər Əliyev onu yaxşı tanıyırdı və əməyini,
ədəbiyyatımızın inkişafında xidmətlərini
layiqincə qiymətləndirdi. Çünki
Osman Sarıvəlli elə başdan-binadan, xalq şairi
olmamışdan xalqın şairi idi. Onun
"Gətir oğlum, gətir!" poeması XX əsr Azərbaycan
poeziyasının şedevr nümunələrindən biridir və
Osman Sarıvəllidən söz düşəndə bu əsərin
adı həmişə birinci çəkilir. Səməd
Vurğunun "Azərbaycan" şeirindən sonra vətən
sevgisini ali hiss, müqəddəs duyğu
səviyyəsində bu qədər ehtirasla tərənnüm
etmək böyük istedadın qələbəsiydi. Poemada
Atanın diliylə söylənilən "gətir!",
"yaşat!" kəlmələri xalq müdrikliyinin,
milli-mənəvi dəyərlərin yaşanılmasına
inamdır. Burada kəndin şəhərlə,
köhnəliyin yeniliklə
qarşılaşdırılması tendensiyası qətiyyən
hiss edilmir, "gətir" elə "yaşat" deməkdir.
Nəyi gətirmək, nəyi yaşatma?
Məsələ bundadır:
Kömürdən almaz çək,
yarpaqdan ipək,
Daşdan gövhər çıxart,
buluddan şimşək,
Gətir, ildırımın məğrur
səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül,
bağçalardan bar,
Dərələrdən vüsət,
dağlardan vüqar...
Özünlə çiçəkli,
güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də
saz gətir!
Ana yurdumuzun nəyi var gətir -
Məhəbbət, sədaqət,
etibar gətir!..
Osman Sarıvəlli
aşıq poeziyasının vurğunu idi, bu poeziyanın
qanadlarında ədəbiyyata gəlmişdi. Qazaxlı
olasan, saz-söz mühitində pərvəriş tapasan,
Aşıq Abbası, Qurbanini, Xəstə qasımı,
Aşıq Ələsgəri sevməyə bilərsənmi?
Onun Aşıq Ələsgər
yaradıcılığından söz açan "Qüdrətli
şair, ustad sənətkar" adlı kiçik bir
monoqrafiyası var və bu monoqrafiya ustad aşığa həsr
olunan ən sanballı əsərlərdən biridir. Xalq poeziyasını, aşıq şeirini sevmək
azdır, əgər şairsənsə, yazdığın
qoşma və gəraylılar da o klassik incilər
sırasında durmalıdır, həm də öz yeniliyi, bədii
naxışları ilə seçilməlidir. Osman
Sarıvəllinin qoşmaları da bu mənada öz poetik incəlikləri
ilə göz oxşayır və bu nümunələr
"köhnə havalarda" təzə notlar kimi səslənir:
Oylağımda boran qopdu bir zaman,
Dağ başını qar
almağa başladı.
Qanadından yaralandı
laçınım,
Turacımı sar
almağa başladı.
Qapımızı döydü qara
bir külək,
Bağçamızda nə gül
qoydu, nə çiçək;
Payız fəsli şaxta vurmuş xəzəltək
İrzi-rəngim saralmağa
başladı.
Zaman gəldi... üzümüzə
doğdu gün,
Çiçəklədi ilk
baharı ömrümün,
Büsat qurdu hər məhlədə
toy, düyün -
Yar könlünü yar
almağa başladı.
Qocalığı heç
qaxmayın başıma,
Yeni çatır ömrüm əlli
yaşına,
Ağ gün çəkdi sağ əlini
başıma
Ağ saçlarım
qaralmağa başladı.
Mükəmməl bir
qoşmadır bu şeir və çox təəssüf ki,
say etibarilə onun qoşma və gəraylıları o qədər
də çox deyil, amma nə yazıbsa, bunlar hamısı
"qoşmanı, gəraylını belə yazarlar!"
hökmünü təsdiq edə bilər.
Oncə qeyd etdik ki, o,
aşıq poeziyasının vurğunu idi. Şeirlərində
də ustad aşıqları, sazı, saz havalarını tərənnüm
edirdi. Şairin "O kimdir başımda
çalır, çağırır" adlı bir şeiri
var və bu şeir yaradıcılığında,
özünün dediyi kimi şairliklə aşıqlıqla
birləşdirən bir ustadın poetik qaynaqlara necə
möhkəm tellərlə bağlı olduğunu sübut
edir.
Ümmanda şirmayı, sədəf
axtaran
Hansı qəvvas
üzüb belə dərində?
Hansı zərgər belə zərif
işləyib
Almaz tozlarını zər
üzərində?
Dolandım başına Ocaq
dağının,
Dolandı mənimlə o mahnılar
da...
Qoşmalar dilimdə elə yandı
ki,
Ayağım altında əridi qar
da...
Osman Sarıvəlli sovet
dövrünün şairi idi. Gizlətməyək
ki, onun yaradıcılığının müəyyən
bir qismi o dövrün əhval-ruhiyyəsini, sovet həqiqətlərini
əks etdirirdi. Ancaq bu fikri də birmənalı
şəkildə mütləq bir fikir qəbul etməyək.
Unutmayaq ki, Osman Sarıvəlli kasıblıqdan, ehtiyacdan
yalnız Şura inqilabından sonra qurtulmuşdu, Qori Müəllimlər
seminariyasında təhsil almışdı, Moskva Dövlət
Universitetinin filologiya fakültəsində təhsilini davam
etdirmişdi, onu sovet dönəmində bir sıra vəzifələrə
irəli çəkmişdilər: Bakı Teatr Texnikumunda
müdir işləmişdi, Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda müdir müavini vəzifəsində
çalışmışdı, bir müddət "Ədəbiyyat
qəzeti"nin redaktoru olmuşdu və s. Onun
yaşadığı quruluşdan narazılığı yox
idi, şair dostları kimi, o da kommunist ideallarına
inanırdı. Əgər bir şair, yaradıcı adam ürəkdən nəyə isə
inanırsa, bu inam və etibarı qırmaq olmaz! Amma bir həqiqət var ki, Osman Sarıvəllinin
poeziyasında o partiyalı motivlər, o tərənnümlər
insana, onun xoş əməllərinə böyük inamdan irəli
gəlirdi. Onun "Böyük dostluq", "Sibir dəftəri",
"Neapol şeirləri", "Mərakeş lövhələri",
"Misirli qardaşlar"ı, həmçinin gürcü qardaşlara
həsr etdiyi "səyahət şeirləri" Azərbaycandan
dünyanın, qardaş respublikaların o zamankı mənzərəsinə
şair baxışı idi. "Mən Sibirə
gedirəm"- ona görə ki, "hərarətli qəlbilə
qarı, buzu əridən, Tayqanı, Tundranı
qızdıran sibirli qardaşımı öz bağrıma
basmaq üçün". Sibir
torpağının özünəməxsus təbiət mənzərələri
ilk dəfə Osman Sarıvəllinin poeziyasında öz əksini
tapmışdır, - desək, səhv etmərik. "Neapol şeirləri"ndə İtaliyanın
bu qədim şəhərinin gözəlliklərindən
söz açır, onun tarixinin qəmli və həm də
şanlı səhifələrini vərəqləyir,
Bakıya oxşarlığını göz önünə
gətirir, amma bu gözəl şəhərin dilənçilərini
də unutmur, pulun hökmranlığını, insanların
kasıblıqla ömrü başa vurmalarını kədərlə
xatırlayır. "Misirli qardaşlar"dakı bu
misralar isə elə bil, bu gün üçün deyilib,
Ərəb ölkələrində baş verən
çaxnaşmalar, qanlı terror hadisələri yada
düşür: "Ərəb oğlu! Ərəb
qızı! Göz dikib
torpağınıza hamı bir can kimi! Sürünür kölgənizcə əlibıçaqlı
dizin-dizin, Mətanətlə durun keşiyində ölkənizin
- Möhkəm çaxın ayağınızı yerə,
hamı bir nəfər, hamı bir can kimi!".
Osman Sarıvəlli ustad
şair idi. Hər sözün, hər kəlmənin, hər
misranın poetik mənasına varmağa can atırdı və
buna nail olurdu. Yazırdı ki: Baxın kimi sərraf
gözün, Təmtəraqlı yalan sözün Canı
yoxdur, dedin özün, Məna sözün düzündədir". Onun şeir dili saf, təmiz,
duru idi, bir çeşmə idi ki, suyu bulanıq deyildi. Xalq dilinin şəhdi-şirəsi, etnoqrafik incəlikləri,
məişətdən, adət və inanclardan gələn
sözlər, ifadələr, atalar sözləri, məsəllər,
folklordan əsən sərin meh Osman Sarıvəllinin
poeziyasında xalq ruhunun şeir dilində ifadəsiydi.
Baxın: "Bu yerlərdə gözəl dostum, sinəmdə
Bir yaralı bülbül ağlar, nə bilsin? Buruq-buruq duman
çıxır başımdan, Mən yanıram, qarlı
dağlar nə bilsin?". Bir də
baxın: "Zülfün qamətindən uzundur, uzun, Yalansa,
əmr eylə boynum vurulsun! Ayna qabağında bir ayna dursun,
Görünsün əndamın yara, görünmə!". O, sərbəst
şeirlər də yazırdı, amma insafən deyək ki, o
şeirlərin bir çoxu hecada da yazıla bilərdi,
çünki Osman Sarıvəllinin şair qüdrəti
hecada daha parlaq şəkildə ifadə olunurdu. Təbii ki,
bu mənim subyektiv fikrimdir, razılaşmaya da bilərsiniz....
Osman Sarıvəllinin məşhur
bir şeiri var: "Günah onun özündədir"
Dostum, incə barmaqların
Sədəflərin
üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin
sözündədir.
Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.
Heç əlinə alma
əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.
Bu şeiri O.Sarıvəlli əlli yaşında yazmışdı. Mən onu əlli yaşında yox, yetmiş yaşı olanda görmüşəm və o yetmiş yaşlı Osman baba qədd-qamətli, dolu bədənli, qıvraq bir kişi idi. Amma bir gün səksən yaşında, Bakı bulvarında, bir söyüd ağacının yanındakı skamyada onu görəndə gözlərimə inanmadım. Osman baba arıqlamışdı, beli əyilmişdi bir az, amma gözlərində o həyat eşqi sönməmişdi. Harasa, uzaqlara boylanırdı. 1990-cı ilin 3 iyul günündə Osman baba da gözlərini əbədi yumdu və onu öz doğma kəndində - Sarıvəllidə dəfn etdilər. O kənddə ki:
Orda öz gülüm var, öz gülşənim var,
Yolumu gözləyən Solmazım ağlar;
Uzun qollarını ala çinarlar
Boynuma salsa da, mən gedər oldum!
Yenə tut ağacı dərdimi dinlər...
Uzun qələmələr ah çəkib
inlər,
Ağlayıb dalımca salxım
söyüdlər
Saçını yolsa da, mən gedər
oldum!
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.26-27.