Şairlərimizi,
yazıçılarımızı fələk vurubdu!
Adamlarımızın bir qismi toyda, şənlikdə
içki içər,
rumka qaldırar, iş sağlıq deməyə gələndə
ya hansısa şairdən şeir deyər, ya bəlağətli-bəlağətli cümlələr qurar, ya da tamadadan
ana, ata şeiri istəyər. Yəni istənilən halda araq içdinsə,
bir az
poetiklənməlisən.
Bu adət-ənənə
təkcə sadə adamlarımızda yox, elə şairlərimizdə
də hər daim zühur eləyib. Sovet dövründən bu yana səngimək
bilmir. İndi bizim ən yeni nəslin içində də belə gənclər var. Məsələn, biri düşünür ki, sevgidən yazmaq üçün tez-tez sevib ayrılmalısan.
O biri düşünür
ki, yazmaq üçün mütləq
kafe köşələrində
açarını itirənə
kimi içməlisən.
Axı niyə?
Haqverdiyevin "Mirzə Səfər" hekayəsi yadıma düşdü. Məlum "şairlik havası". Mirzə Səfər eşitmişdi
ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət
otaq və bir şüşə şərab. Şərab içdikdən sonra
təb açılıb,
şeir öz-özünə
su kimi axacaqmış.
Qafiyə tapmaqda çətinlik
çəkdikdə iki
dəfə hirslə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə
tapılarmış.
Mirzə Səfər bir şüşə qırmızı
şərab alıb gəlir evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə,
gərək qırmızı
olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı
masanın üstünə
qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb,
başının tüklərini
pırtlaşdırıb, özünə
bir laübali sifət verib aynaya baxır və deyir:
- Afərin, Səfər, indi xalis şairsən!
Şərabdan bir stəkan töküb içəndən sonra görür ki, gözləri qızarıb,
daha şairliyinə şəkk ola
bilməz.
Baxın, faciə
elə budur! Başqa xalqlarda sözə, şeirə, şairliyə
bu cür yanaşan adamlara rast gəldinizmi?! İnanmıram...
Şairləri insanlara doğru-düzgün
tanıtmaq lazımdır. Nə vaxta
qədər bizi görən adamlar "şair, anama şeir yaza bilərsən?" deyəcək?
Nə vaxta kimi adamlar
bizə içki qonaqlığı verəcək
ki, şair təbi gəlmək üçün mütləq
içməlidir? Nə
vaxtacan adam
bizi görəndə
üstümüzə turşu
xiyarla gələcək?
Şair xalqmışıq...
Eqomuz fəvvarə
kimi göyə qalxır...
Və ordan ilahi bir don da
geyinir özünə.
Guyammış, şeir şairə
gələn ilahi vəhydir. Əlbət ki, yaradıcılıq
ilahi faktdır. Amma bu dərəcədə şişirdilmiş, seyid,
üləma havasına
qalxmamalıdır. Şeir ürəklə
beynin əl-ələ
verib işləməyidir.
Şairin bir ayağı
yerdə, bir ayağı havada olmalıdır. Daha ərşə
qalxıb oradan adamlara "mən şairəm ha, mənə
hörmət edin, qonaq verin, yaşadın
məni" ədasıyla
göz süzdürməməlidir.
Mən belə düşünürəm.
Ancaq mənim kimi düşünən adamların
sözləri bəzən
bunlara təsir edir və göydən
tappıltı ilə
yerə düşüb
olurlar ateist. Guyammış, müasir yazıçı,
şair ateist olmalıdır, hər çıxışında Allahı,
dini tənqid etməlidir. Yoxsa yaza
bilməz.
Bizim bu Mirzə səfərlərə
elə Mirzə Səfərin atası kimi ata lazımdı. O Mirzə
Səfər ki, stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürür, dörd,
beş dəfə
qələmi mürəkkəbə
batırdıqdan sonra
durub otaqda bir-iki baş gəzinir.
Ha fikir edirsə, şeiri başlamaq mümkün olmur. Bir stəkan da
içir. Beyni bir
qədər də qızışır. Əyləşib
qələmi alır,
gözəl xətlə
yazır:
Darvazamızı fələk
vurubdu!
Ha çalışsa
da, ikinci misra gəlmir. Neçə
dəfə təpiyini
yerə çırpır,
şərabın hamısını
içir, misra gəlmir ki gəlmir.
Mirzənin atasının evində saat birdə nahar edilirdi. Bu dəfə saat bir olur, ikidən
addayır, Mirzə nahara gəlmir. Atası təşvişə düşüb
otaqdan çıxır.
Oğlunun pəncərəsinin
yanından ötərkən
nə görür: oğlunun sifəti nartək qızarmış,
gözləri böyümüş,
başı, libası
pəjmürdə, tər
alnından sel kimi axır, otaqda o baş-bu başa dayanmadan yüyürür, hərdənbir
otağın ortasında
dayanıb, ayaqlarını
hirslə yerə çırpıb deyir:
"Darvazamızı
fələk vurubdu,
darvazamızı fələk
vurubdu,
darvazamızı fələk
vurubdu!".
Atası qapını
açıb otağa
daxil olur:
- Ay oğul, bu nə halətdi
səndə?
Mirzə Səfər
atasının sözlərini
əsla eşitməyib
qışqırır: "Darvazamızı fələk
vurubdu!".
Yazıq kişi yəqin edir ki, oğlunun
başına hava gəlib. Stola tərəf yavuqlaşıb,
kağızda yazı
görüb oxuyur:
"Darvazamızı
fələk vurubdu!".
Burada atası anlayır ki, oğlu şairlik
fikrinə düşüb,
divanəlik haləti yoxdu.
İrəliləyib, oğlunun
boynundan yapışıb
deyir:
Darvazamızı fələk
vurubdur!
Səntək bişüuru mənə veribdi.
- Gəl, axmaq balası, naharını zəhrimarlan.
Nə qədər məndən şair oldu, bir elə
səndən ola.
Ah, Haqverdiyev... Necə də doğmasan mənə. Səndən sonra neçə-neçə
illər keçib, bizim şairlər, yazıçılar anlamırlar
ki, ta o dövr deyil. Mirzə Səfərin bir mənfi tərəfi var, o da bu
şairlik havasıdır.
Yoxsa nə olub ona?
Mirzə
Səfər üçün
təmiz ad hər cür maldan, dövlətdən əzizdir,
yüksəkdir, yaltaqlardan
da zəhləsi gedir. Mirzə Səfərin vicdanı
pak və təmizdir. İdarə işçilərinin çoxu rüşvətlə
baş girlədikləri
halda, Mirzə Səfər insanı alçaldan bu çirkin əmələ
nifrət edir.
Bəs bunlar? Bunların hansı müsbət
tərəfi var?
Biz nə
vaxt qızıl ortanı tapacağıq? Deyirsən ki,
yaltaq olma, gedib müxalifətçi
olurlar, deyirsən ki, içmə, gedib dindar olurlar,
deyirsən ki, xalqı aşağılama,
gedib xalqa yaltaqlanırlar. Amma heç
cür qızıl ortanı tuta bilmirlər.
Şair haqqında o qədər yanlış fikir yaradılıb ki, adam ağzını açıb şeir yazıram deməyə utanır. Bir də görürsən, bir şair haqqında veriliş hazırlanır. Şairi ağaclığın içində o baş-bu baş gəzdirirlər. Şair gah ağaca söykənib fikrə dalır, gah başını qaldırıb göydə uçan quşlara baxır. Fonda isə ya onun "məşəqqətli" həyatından bəhs edilir, ya da hansısa kədərdən can vermiş şeiri səsləndirilir. Yəni bizim şair guyammış bütün dünyanın yükünü çiyinlərinə götürüb, hər an kədər içindədir. Yəni o, ömrünü beləcə, ağaca söykənməklə, quşlara baxmaqla keçiririr.
Sözümün
canı bu ki, bəlkə
bizim şairləri fələk vurubdu, xəbərimiz yoxdu?!
Eminquey
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.27.