Biz aktyorlar həmişə yeni obraza başlayanda daxilən sıfırlanırıq...

 

"Dördüncü divar" layihəsinin qonağı Gənc Tamaşaçılar Teatrının gözəl və maraqlı aktrisa Zemfira Əbdülsəmədovadır

 

- Zemfira xanım, orta və yaşlı nəsil aktyorları bir qayda olaraq Stanislavski sistemi ilə işləyirlər. Sizin iş metodunuz, təliminiz maraqlıdır.

- Tamaşadan və verilən tapşırıqdan asılıdır. Mənim ən  xoşladığım təlim Meyerxold təlimidir. Amma tamaşada elə hissələr olur ki, onları mütləq Stanislavski sistemi ilə oynamaq lazım gəlir. Sizə deyim ki, Stanislavski sistemi artıq unudulmaq üzrədir. Gənclər daha yüngül, daha ekstremal təlimlərə üstünlük verirlər. Həm də sistem özü bir az köhnəlib.

- Amma bu köhnəlmə ilə bağlı etiraflar indilərdə özünü büruzə verməyə başlayır...

- Elədir. İndiki gənclər daha maraqlı, daha oyun xarakterli tamaşalara üstünlük verirlər. İnternetin də burda rolu az deyil. Dünyada o qədər yeni oyun qaydaları, təlimlər çıxıb ki, gənclər onları izləyəndən sonra gəlib bizdə köhnə qaydaları görəndə vəziyyət bir qədər başqalaşır. Amma nə qədər köhnəlsə də, mən bu sistemi sevirəm. Ona görə ki, Stanislavski təlimi hisslərin korşalmasına imkan vermir, aktyoru diri saxlayır, ölməyə qoymur.

- Nəsir Sadıqzadənin tələbələri həmişə fərqlilikləri ilə seçiliblər. Siz də Nəsir müəllimin tələbəsi olmusunuz. Onun özəlliyi nədə idi ki, bunu tələbələrinə də ötürə bilib?

- Nəsir müəllim ilk baxışdan təkəbbürlü, heç kəsi bəyənməyən adam təsiri bağışlayırdı. Amma əslində elə deyildi. O, pedaqoq kimi çox yaxşı pedaqoq idi. Ostrovskinin "Cehizsiz qız", Molyerin "Gülünc ədəbazlar", İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərlərini olduğu kimi qururdu. Yəni fərqli janrda olan pyesləri tələbələri ilə işləməyi çox xoşlayırdı. Əziz Nesini çox sevirdi. Onunla rəfiq idilər, məktublaşırdılar. Nəsir müəllim çox savadlı, peşəkar, novator rejissor və pedaqoq idi.

- Nəsir müəllimin novatorluğu nədə idi?

- Bu sadaladıqlarım onun tamaşalara olan münasibəti idi. O, Əziz Nesinin "Bir iş gör, Met" pyesində Keer rolunu mənə vermişdi. Keer cavan bir oğlanla bir-birlərini sevirlər. Amma onlar həmişə uçmağa, kəpənək kimi azad olmağa can atırlar. Nəsir müəllim həmin tamaşada mənə dedi ki, sən elə bir paltar geyinməlisən, o paltarın düyməsi olmasın. Çünki düymə səni həyata bağlayır, nəyinsə bağlanmasına, qapanmasına işarədir. Mən onun dediyi kimi eləmişdim. Geniş ətəkli, düyməsiz kapron paltar geyinmişdim. Səhnədə rəqs etdikcə həmin paltar məni kəpənəyə bənzədirdi, azadlığı simvolizə edirdi.

Nəsir müəllim səhnələşdirdiyi əsərə qulluq edən rejissor idi. Əziz Nesinin əsərlərində özünü kənardan görmək mümkün olur. Bu baxımdan ədəbiyyatda Əziz Nesinin, kinoda isə Emir Kustritsanın filmlərini sevirəm. Onların yaradıcılığında hər nə varsa açıq-aşkar olur. Xüsusən kənd mövzularını çox qabarıq işləyiblər.

- Kustritsanın hansı filmlərini daha çox bəyənirsiniz?

-  Kənd mövzularında olan bütün filmlərinə baxmışam. "Anderqraund" filmini çox sevirəm. Bilirsiniz, elə mövzular var ki, biz onlar üçün özümüzü qapalı saxlayırıq. Özümüzə məxsus olan şeyləri göstərmirik ki, başqaları bizim haqqımızda nəsə deyər, başqa cür düşünər. Amma Kustritsanın filmlərində insan xarakterinə məxsus, cəmiyyətə aid alt qatlar üzə çıxır. Kustritsa həyatı o qədər də ciddiyə almır. Nəsir müəllim də təxminən bu cür üsuldan istifadə edirdi. Nəsir müəllimdən sonra biz Vaqif Abbasovla işlədik. Bizi Şəki Teatrına həvəsləndirən də Vaqif müəllim oldu.

- Zemfira xanım, bu mərhələni bir az konkretləşdirək. Gənc, şəhərdə böyümüş, teatr təhsili almış qızı Şəki Teatrına aparan nə səbəb oldu?

- Vaqif müəllim səhnələşdirdiyi əsəri bizə öz işi ilə göstərdi. Bilirsiniz, o, teatra sevdalı insan idi. Biz bildik ki, düz yol budur.  Bizə heç kim demədi Şəki Teatrına gedin. Biz dörd ay Vaqif müəllimlə işlədik. Tamaşanı təhvil verdik. Həmin vaxt o, xəstə idi. Biz ona qulluq edirdik, başına fırlanırdıq, həm də tamaşanı qururduq. Elə bilin ki, bir ailə kimi birlikdə idik. O, rəhmətə getdi, biz tələbələri onu dəfn etdik. Sonra mən, Ayşad və Ələkbər Şəkiyə yollandıq.

- Şəkinin o vaxtkı mənzərəsi necə idi?

- Şəki bizim digər rayonlarımızdan çox fərqlənir. Çox nostalji şəhərdi. İnsanları baməzə, təbiəti isə bir başqadır. Hərdən mənə elə gəlirdi ki, Şəkidə günəş yoxdur. Oranın qəribə, yaradıcı ab-havası vardı.

- Zemfira xanım, Şəki Teatrında Hüseynağa Atakişiyevlə işləməyə başladınız. Sizcə, Hüseynağa müəllimin özəlliyi nədə idi ki, bu günə qədər də o unudulmur, yaradıcı insanlar ondan bəhs edirlər?

- Məsələ burasındadır ki, hər bir rejissor aktyoru öz işinə inandırmalıdır. İnandırdıqdan sonra əsl aktyor ona Allah kimi baxacaq. Hüseynağa müəllim həmişə mənim üçün əlçatmaz varlıq olub. O, bütün məktəbləri özündə birləşdirən rejissor idi. Stanislavskini, Meyerxoldu, Çexovu və digərlərini anlaya bilməyən insanlar Hüseynağa müəllimi anlayırdı. Və işin ən maraqlı tərəfi o idi ki, Hüseynağa müəllim çox şey danışmırdı. O, iki-üç kəlmə ilə aktyora başa salırdı ki, sən səhnədə hal-hazırda filan qəhrəmansan.  Səhnəyə qoyacağı tamaşanı özü üçün tam hazır edəndən, ana xətti tapandan sonra onu aktyorlara təqdim edir, səhnələşdirməyə başlayırdı.  Və səhnədə çox sadə üsullarla tamaşanı aktyora izah edirdi. Çünki dediyim kimi, əsəri artıq özündə həll edib sonra təqdim edirdi. Hüseynağa müəllim mütaliəni çox sevirdi. Biz nə vaxt Gülşad xanımgilə gedirdik, Hüseynağa müəllimin əlində kitab görürdük. Bizim ədəbiyyatı, ingilis, rus ədəbiyyatını mütaliə edərdi. Bir dəfə mən səhv etdim. Ona dedim ki, Dostoyevski ancaq ağlamaqdan bəhs edir. Mənə dedi ki, sən onu yaxşı oxumamısan.  Doğrudan da, mən Dostoyevskinin əsərlərini diqqətlə oxuyandan sonra başa düşdüm ki, düz deyib.

Hüseynağa müəllim, teatr qanunlarını çox yaxşı bilirdi. Tamaşa zamanı ona nə rəssam, nə bəstəkar, nə də tərtibatçı lazım idi. Ona bir aktyor lazım idi ki, onunla səhnədə ideyalarını yerinə yetirsin. O, saxta intellektuallığı sevmirdi, amma fenomenal insan idi.

- Aranızda usta-şəyird münasibəti vardı?

- Bu, sonradan yarandı. Teatra ilk dəfə gələndə mənə qız deyirdi. Məşq zamanı "qız, keç o tərəfə, qız burda dayan" - deyirdi. O zaman mənə adımla müraciət etməsi haqqını hələ qazanmamışdım. "Romeo və Cülyetta" tamaşası bitəndən sonra artıq mənə Zema deməyə başladı. Ondan sonra bildim ki, müəllimim məni qəbul etdi.

- Xeyli müddət Şəki Teatrında işləmisiniz. Əyalət teatrının irəliləyən müvəffəqiyyətinin şahidi olmusunuz. Amma bəzi istisnaları çıxsaq, əyalət teatrları həmişə paytaxt teatrlarına uduzublar. Sizcə, bu uduzmanın, birgə addımlaya bilməmənin səbəbləri nələrdi?

- Uzaqlıq və tamaşaçı auditoriyasının azlığı. Mən həmişə tamaşaçı auditoriyasına arxalanmışam. Mənim indi deyəcəklərim Şəki Teatrına aid deyil. Çünki Şəkinin ab-havası, yaradıcı atmosferi onu uğurlu edə bilmişdi. Amma başqa əyalət teatrları Şəki qədər uğur qazana bilmədilər. Bəlkə də rejissor yoxluğu buna səbəb oldu. O vaxt Şəki Teatrının qalxmasında rol oynayan rejissorlar əsasən Moskvanın yetirmələriydilər. Ümumiyyətlə, açıq etiraf edək ki, biz o qədər də teatral xalq deyilik.

- Bir neçə teatrın aktrisası olmusunuz. Özünüzü ən çox harda rahat hiss etmisiniz?

- Gənclər Teatrında. Onu həmişə demişəm, deyəcəm də. Şəki Teatrı mənim üçün məktəb idi. Səhvlə, düzlə oranı keçdim, bitirdim. Teatr adlı xəstəliyə tutulandan sonra Hüseynağa müəllimin timsalında bildim ki, teatr nə deməkdir. Ona qədər anlamırdım. Şəki Teatrından gələndən sonra Hüseynağa müəllim məni hələlik Musiqili Komediya Teatrına yönləndirdi ki, işsiz qalmayım. İki il Vaqif İbrahimoğlu ilə işlədim.

- Aktrisa kimi Vaqif İbrahimoğlunun "Yuğ" Teatrı estetikasına da cavab verirsiniz. Sizi öz teatrına cəlb etməməsi təəccüb doğurur.

- Bəlkə də, Vaqif müəllim məni öz teatrına tərəf çəkəcəkdi. Amma Gənclər Teatrının açılması buna mane oldu. Həm də mən artıq Hüseynağa müəllimə sevdalıydım. Təməlim artıq Şəki Teatrında müəllimim tərəfindən qoyulmuşdu. Vaqif müəllimin estetikası mənə yad gəlirdi. Onun yolu da maraqlı yol idi, amma mənim yolum deyildi. Mən Gənclər teatrının açılmasını gözlədim, açılan kimi də ora getdim. Ordan sonra isə Gənc Tamaşaçılar Teatrına gəldim. Bu teatrda da Bəhram Osmanov kimi rejissorla işləmək şansı qazandım. Bəhram müəllim olduqca dərin və yaxşı rejissordu. Yəni fərqli rejissorlarla işləyərək fərqli estetikalardan keçmişəm. İllər ərzində yığdıqlarım indi mənə çox köməklik edir. Amma yenə də axır vaxtlar narahatam.

- Narahatlığınız hiss olunur. Nədən narahatsınız?

- Qorxuram ki, nələrsə bitər, istifadə etdiyim texnika təkrarlana bilər. Axır vaxtlar çox yoruluram. Seriallara çəkilmək istəmirəm. Amma məcburam. Bəzən seriallarda elə epizodlar olur ki, onu film səviyyəsində edirəm. Amma bunu davamlı edə bilmirəm. Çünki bu tək məndən yox, rejissordan, işıqdan, geyimdən, qrimdən və digər bu kimi məsələlərdən asılıdır. Bəzən bir günə iyirmi dörd epizod çəkilir. Artıq o gücü özümdə hiss etmirəm. Mən istəmərəm ki, bir epizod yaxşı olsun, o biri ondan zəif.

- Sizcə, niyə bizdə seriallara yaradıcı münasibət yoxdur?

- Bu, birinci növbədə, maddiyyata bağlı məsələdir. Nəzərdə tutulan məbləğ serialda zəhməti keçən hər bölməyə lazımi səviyyədə paylansa, məsuliyyət birəon qalxar. Hətta daha çox. Maddiyyat az olduğu üçün məsuliyyət hissi yoxdur. Hərə öz işini necə gəldi yola verir.

- Yəni yaradıcı proses olsa, serialda, kinoda, teatrda məsuliyyətli iş prosesi baş tutar?

- Yox, teatr fərqlidir. Burda səhv buraxdın (gülür). Teatr başqadır. Əsl aktyorun teatrsız yaşaması mümkünsüzdür.

- Axı teatrın sirri nədədir ki, soyuqda, istidə və sair çətinliklərdə belə, sizi ordan uzaqlaşmağa qoymur?

- Biz aktyorlar həmişə yeni obraza başlayanda daxilən sıfırlanırıq. Mən də nə dərəcədə sıfırlanmağı bacarıram bunu ancaq iş prosesində bilmək olur. Bu daha çox əsərin yükündən, rejissordan, tərəf-müqabilindən də asılıdır. Bu filmdə də belədir, teatrda da. Amma çalışıram ki, həmişə sıfırdan başlayım.  Bəlkə də bir az banal səslənəcək. Amma üç saatlıq tamaşada aktyor səhnəyə çıxanda aclığı, soyuğu, istini, bütün xəstəliklərini unudur. Həmin üç saatda aktyor bütün məhrumiyyətlərini unudub xoşbəxt ola bilir.

- Xoşbəxtliyi yaşadan hansı hisslərdir?

- Xoşbəxtlik ondadır ki, aktyor səhnədə heç kimin edə bilmədiyini edir. Səhnə onun olur. Və səhnə aktyorun azad ola biləcəyi yeganə yerdir. Aktyor bir gün səhnədə kral, o biri gün kraliça olur. Və yaxud da nə vaxtsa arzuladığı, amma ola bilmədiyi peşə sahibi olur. Yəni səhnədə ixtiyar aktyorun əlində olur.

- Üç saat bütün bunlara bəs edir?

- Bəs edir. Aktyor üç gündən sonra yenə həmin obrazları ləzzətlə ifa edəcək.

- Onda belə deyək də, aktyor olmaq həm də insanın çata bilmədiklərinə çatmaqdır...

- Səhnə aktyorun xəyallarının, arzularının təcəssümüdür (kövrəlir).

- Niyə kövrəldiniz?

- Ona görə ki, vaxt çox tez gedir. Çox az qalıb. Hələ ki enerjim var. Ona görə də daha çox şeylər etmək istəyirəm. Qismət. Bilmək olmaz, məni hələ qarşıda nələr gözləyir. Amma inanıram ki, hər şey yaxşı olacaq. Çox şeyləri eşitmək, hansısa polemikalara girmək istəmirəm. Susmağım, təmkinli olmağım mənə rahatlıq gətirir. Bəzən mənə deyirlər ki, sən üzüyolasan. Amma əksinə, mən elə insan deyiləm. Üzüyola olsaydım, bu qədər işin öhdəsindən gələ bilməzdim. Üzüyola olsaydım çoxdan kənara çıxmışdım. Mənə teatrda da, kino sahəsində də münasibət yaxşıdır. Ona görə də hansısa ambisiyalara görə münasibəti korlamaq istəməzdim.

- Aktyorun istəyi yalnız rol ola bilər də...

- Bəli. Rol da mənə verirlər. İşlədiyim teatrda hamıdan razıyam. İstər tərəf-müqabillərimdən, istərsə də rejissorlardan heç bir narazılığım yoxdur. Yaxşı aktyor olmaqla iş bitmir. İmkanlarımızı öz tamaşalarında realizə edə bilməsi üçün biz aktyor kimi rejissorlara ancaq kömək edə bilərik. Bütün yaradıcı proses tək mənimlə və ya digər aktyorlarla həll oluna bilməz.

Tanrının məni imtahana çəkdiyi günlər də olub, mükafatlandırdığı günlər də. Uşaqlarıma, ailəmə həsr etdiyim ayların, illərin mükafatını mən indi alıram. Buna görə də Allahımdan razıyam. Mən bu sənəti çox sevdiyim üçün Allah mənə bu günləri qismət edir. Uşaqlarıma lazım olan vaxt onların yanında ola bildim. İndi onlar sarıdan bir az  rahatam.

- Tamaşaçılar sizi "Pərdə" filmindən daha çox tanıdılar.

- İnşallah "Pərdə - 3" də olacaq. Emil Quliyev çox istedadlı rejissordu. Bəlkə də kino sahəsində yeganə rejissordu ki, onunla işləməyi çox istəyirəm. Hələ ki başqa rejissor yoxdur. Bu gün çəkilən filmlərimizin əsas problemi ondan ibarətdir ki, biz onları mövzu baxımından qlobal arenaya çıxara bilmirik. Qısametrajlı filmlərimiz xarici festivallara gedir, mükafatlar alırlar. Çünki orada dünyəvi fikirlər tamaşaçıya çatdırılır. "Nar bağı" filmi də çox yaxşı filmdir. Amma o filmdə də millilikdən xilas ola bilməmişik. Digər tərəfdən də bir çox məsələlər yenə də gedib maddiyyata çıxır. Bu yaxınlarda "Çernobıl" serialına baxdım. Ən xırda detallar belə  yüksək vəsait hesabına gözəl ekranlaşdırılıb.

- Siz gənc rejissor Səidə Haqverdiyevanın "Ər quyusu" filminə də çəkilmisiniz. Bu filmdə də maraqlı obraz yaratmısınız.

- "Ər quyusu" filmindəki rolum mənə təklif olunanda sözün doğrusu, bir az ehtiyat etdim. Çünki obraz rayon qadını idi və mən də rayon ləhcəsində danışmaqda xeyli çətinlik çəkən adamam. Sonra aktrisa Ülviyyə Əliyeva mənə ləhcə ilə bağlı köməklik etdi. O mənə cümlə-cümlə rayon ləhcəsində danışmağı öyrətdi. Nəticə də normal alındı. Bu film Səidə xanımın kino sahəsində ilk tammetrajlı işi idi. Film çox səmimi, çox real ssenari əsasında çəkilib. Səidə xanım o filmin çəkilişlərində həyat yoldaşı Rəşad müəllimlə (Rəşad Əhmədzadə - S.Ə.) bərabər canını qoydu. Səidə xanım işə çox səmimi, işgüzar və peşəkarcasına yanaşdı. Ən əsası isə film qadın rejissor tərəfindən çəkildiyi, adın ağrısını, əzabını hiss edə bildiyi üçün alınmışdı.

- Zemfira xanım, azərbaycanlı aktrisa sənətinin müəyyən çətinlikləri olmamış deyildir.

- Bizdə aktrisa oımaq o qədər də asan deyil. Mən bir aktrisa kimi özümə vaxt və aktrisa üçün tələb olunan maddi məbləği ayıra bilmirəm. Yaradıcı ortam üçün rahatlıq yaradan, bədən və ruhun yorğunluğunu çıxarmaqdan ötrü tələb olunan şəxsi komfort təəssüf ki, ürəyim istəyən kimi deyil. Aktrisa kimi mənim qazancım mənim problemlərimi yerinə yetirməkdə azlıq edir. Əslində isə mən aktrisa kimi rahat olmalıyam. Bəzən biz aktrisalığın rəsmini çəkirik.

- Ümumən yaradıcı qadın kimi sizi ən çox nə sakitləşdirir, nə rahatlıq gətirir?

- Bütün qayğılardan, rollardan sıyrılıb öz köşəmdə tək qalanda rahat oluram. İndi sizinlə danışıram. Üzərimdə heç bir rolum yoxdur. Bu da məni çox sevindirir. Çünki indi qəribə bir rahatlıq içərisindəyəm. Tamaşalarda da özümü çox rahat hiss etdiklərim olur. Elə tamaşalar var ki, onları su kimi içirəm, elələri də var ki, onları mənə zorla içirirlər.

- Azərbaycan teatrının gələcəyinə ümidiniz var?

- Var. Yaxşı gənclərimiz var. Ürəklə deyirəm ki, Gənc Tamaşaçılar Teatrının özündə çox yaxşı gənclər var. Sadəcə olaraq onlara bir az diqqət və qayğı ilə yanaşmaq, onları sevmək lazımdır. Bizim teatrımızın, ümumilikdə bugünkü gənc aktyorlarımızın hamısı fədakar və daxilən dolu uşaqlardı. Onlar səhnədə olanda rollarına, tamaşalara canlarını qoyurlar.

- Mütaliəli aktrisasınız. Kimləri oxuyursunuz?

- Vaqif Səmədoğulunu, Nazim Hikməti çox sevirəm. Nazim Hikmət bütün cəbhələrdən yazan şair olub. Onun dediklərini heç kim deməyib, bundan sonra da deyə bilməyəcək. Anarı indi də oxuyuram. Müasirlərdən Seymur Baycanı, Orxan Bahadırsoyu oxuyuram. Onun şeirlərini də səsləndirmişəm.

- Sizcə, insan öz xoşbəxtliyini nə zaman itirə bilər?

- Kiməsə lazım olmayanda... Mən indi kiməsə lazımamsa, çox xoşbəxtəm. Bu lazımlılığın mütləqliyi, dərəcəsi o qədər də vacib deyil. Əsas odur ki, mən bu lazımlılıq hissiyyatını yaşayım. Ailəmdə, işimdə mən kiməsə lazımamsa, deməli, varam. Xoşbəxtəm.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.28-29.