İsinə bilirsənsə,
səninüçün nə fərqi var
Günəş hardan çıxır?
Həyat hər gün gözəl
Həyat hər gün gözəldir,
Hər gecə
yaşamaq tökülür
gözlərimdən
Yuxu yerinə.
Hər səhər
sevgi şeirinə,
Meydan oxuyur Günəş.
Göylərin sinəsindən
ələnən bu atəş,
Adamı adama səsləyir,
Adamı adamdan istəyir.
Həyat hər gün gözəldir,
Hər gün yeni donda bəzənir
gəlin kimi qarşında.
Adam istəyir bu yaşında
Sevə.
Sevgiyə,
Elçiliyə,
Günəşdən şirin sözlüsü
yox.
Günəşi sevirəm,
Hər Günəş
doğanda,
Bir körpə qığıltısını eşidirəm
Danın qucağında.
Eşq
Cismi nəfsindən qoruyur,
Ruhum eşq adlı səngərdə.
Nəfsin kökündən
quruyur,
Mərhəba, şanlı şərkərdə.
Çevrədə boşalıb-dolan,
Dünya, eşqimdən dad, dolan.
Silahı məhəbbət
olan,
Qəzəb yox məntək əsgərdə.
Bir dramdır həyat oyna,
Uduz uduzduqca doyma.
Heç bir sonu eşqsiz qoyma,
Eşqlə çəkilib ilk pərdə.
İsinə bilirsənsə
İsinə bilirsənsə,
səninçün nə fərqi var
Günəş hardan çıxır?
Bəzən yerin bağrı ekvatorda çatlayır,
Bəzən şimal
qütbündə
yerin çiçəyi
çıtlayır.
Fərq eləməz
cənub, ya şimal,
Görməyi bacarsan,
Günəşin Qərbdən
çıxdığını,
Şərqdə batdığını görərsən.
Və bilərsən,
İsinmək üçün
Günəş bəhanədir,
bu bəhanələrlə
Yer milyard ildi öz başına
hərlənir,
hərləndirir.
Zaman hər gün Günəşi
top kimi vurur ömür qapımıza,
hər gün bir xal yazılır
hələ ki hesabımıza.
İsinə bilirsənsə,
bu qələbənin
sevincini yaşa.
Sevinc göz yaşlarında boğulmaq,
Anadan təzə
doğulmaq kimidir,
adam o qədər
təmiz olur ki, sevinəndə.
Qanadı olsa,
mələk deyərdim
sevinənlərə.
Sevinək
Uşaq kimi sevinirəm
biri sevinəndə.
Kiminsə üzündə,
sevgi üzəndə,
özüm də üzürəm öz sahilimə.
Bu qağayı dilimə,
gözlərimin ləpədöyənində,
qumlar əl açır,
sular elə qaçır...
Sevmək budur, bu
Sular torpağın üstündə,
torpaq suların
altında
sevgidən oturdu.
Sevirəm sevinənlərin
sevincini,
sevinirəm dünya
rahat olanda,
kimsə incimir.
Elə gözəldi
sevinmək,
Kaş başqasının
sevincinə
sevinə bilək.
Xoşbəxtliyə bəhanələr
Hər gün xobəxt olmağa
bir bəhanə axtarıram,
Məsələn,
məktəbimizdə süpürgəçiyə
süpürgəsinin
daha qəşəng
olduğunu deyirəm.
Cam silənə ömrün
bu şüşə
kimi parlaq olsun
duasını edirəm.
Onların üzündə
gülüşdə
elə ütüləyirəm
özümü,
şaxlığımdan sınır
yad fikirlərin qırışıqlığı.
Elə böyüyürəm
sığmıram özümə.
Xoşbəxtlik budur elə,
Adamı özündən
çıxarır,
ayaqların yer üzünə,
əllərin öz üzünə çatmır.
Hər gün xoşbəxt olmağa
bir bəhanə axtarıram,
o qədər bəhanə var ki...
Sonra anladım
Çox sonra anladım ki,
İrəliyə gedən
vaxt
əslində, geriyə
sayımdı.
Yolları ayaqlamaq
öz üstündən
keçməkdi.
Çox sonralar dərk elədim,
bütün dərklər
özünü tərkdən
sonra başlayır.
Və bu sonralar...
sonralar...
Hardasa bir ilkə təməl
qoyur.
Bir də anladım ki,
Oyun quranlar
uşaq ağlımızı
çalmaq,
özlərini ələ
almaq üçün
oynayırlar.
Bir də ayıldım ki,
bütün oyunlar
piyadaları vurmaq üçünmüş əslində.
Onda özümü
tapa bilmədim,
əvvəlki yerimdə.
Çox sonra anladım ki,
sonra son sözünün
kökü imiş, demə...
Sözlər - səslər
Bütün dillər
səsə dönə,
bir dil ola yer üzündə.
Necə ki, göydə bir dildə danışır,
Quş da,
yağış da.
Səslər ürəkləri
susdurur,
Dillər qan qusdurur.
Sözləri səsə
çevirək,
bütün sözlər
təkcə o səsinə
boy verməz.
Sözlər səsə
çevrilsə,
o səsinin ortasında
bilirsən nə qədər o gülər?
Sözləri səsə
çevirək,
çevrilək,
quş olaq,
daş olaq,
yağış olaq.
Heç olmasa bir quru baxış
olaq,
bir-birimizlə bir dildə danışaq.
Qəm eləmə
Qəm eləmə,
şəhla gözlüm,
Gözlədiyin gün gələr.
Bir gün də sənlə kəsişər
Məndən dönən döngələr.
Bilirsənmi yar qolunda,
Azmaq aşiq işidi.
Əl açmışam
yerdən-göyə,
Sükutum da eşidir.
Sükutumun hayqırtısı,
Səsi boğur içimdə.
Şeir-şeir sancıladım,
Nəsə doğur içimdə.
Adın eşq qoydum körpənin,
Səsi səkkizinci notdu.
Bugünkü səssizliyin,
Səsi sabah çıxacaq,
Deyəcəklər oddu, oddu.
Elnur Uğur
ABDİYEV
Ədəbiyyat qəzeti.-
2019.- 13 iyul.- S.29.