Yeni roman təfəkküründə
dünən və bu gün...
Şair, publisist,
yazıçı Elbəyi Cəlaloğlunun
yaradıcılığını yaxından izləmək
fürsətim olmamışdı. Ara-sıra şeirlərini
oxumuşdum. Bir şair kimi çağdaş poeziyamızda
özünəməxsusluğu ilə seçilir. Ən əsası milli formada yazdığı
şeirlər ənənəyə söykənməklə
yanaşı, yenilikçiliyi ilə yadda qalır. Ənənəvi formada hər şair heç də
həmişə özünü təsdiq edə bilmir. Son zamanlarda isə onun "9-cu meydan" povesti
çap olundu. Deyim ki, bu əsər özünün forması,
müəllif ideyası baxımından çağdaş nəsrimizi
zənginləşdirən əsərlərdəndir. Müəllif yaxın tariximizdə başına gələn
hadisələrə yeni prizmadan baxır. 80-ci
illərin sonlarında Sovetlərdə gedən proseslərin təzahürü
hərbi xidmət müşahidələri əsasında qələmə
alınır. Bu dövrün hələ bədii
düşüncə dövriyyəsinə az
daxil olduğunu nəzərə almış olsaq,
yazıçının yeni bir problematikaya münasibətinin
şahidi olmuş olarıq. Məlumdur ki, 80-ci
illərin sonlarından ictimai-siyasi həyatımızda yeni
bir mərhələ başlayır. Bu mərhələnin
gələcək üçün tarixləşməsi həm
də yazıçılarımızdan asılıdır.
Yazıçı təsvir etdiyi hadisələrə
yalnız tarixilik deyil, həm də mənəvi-psixoloji, fəlsəfi
mövqedən yanaşır. Bu xüsusiyyət
yazıçının üstünlüklərindən biri
kimi, həm də onun fərdi üslubunu müəyyənləşdirir.
E.Cəlaloğlunun "Təzadlar"
və "Türküstan" qəzetlərində hissə-hissə
çap olunan "Yasəmən ətri" romanı da məhz
bu kontekstdə yazılmışdır. Mövzu və
problematika baxımından "9-cu meydan" əsəri ilə
səsləşir. Lakin əgər
"9-cu meydan" povestində hadisələr daha geniş
arealda cərəyan edirsə, "Yasəmən ətri"ndə
Borçalıda baş verən mənəvi-əxlaqi proseslərə
nəzər salınır. Hər iki əsəri
birləşdirən cəhət yazıçının hadisələri
fəlsəfi, mənəvi-əxlaqi müstəvidə təsvir
etməsidir. Özü də bu təsvirlər
baş verən hadisələrin özündən, onun mahiyyətindən
doğur. Yazıçı
bunu elə edir ki, heç bir yamaq və sünilik hiss olunmur.
Çağdaş oxucu ötən yüzilliyin
70-80-ci illərində keçmiş sovetlər ittifaqı və
Gürcüstanda baş verən ictimai-siyasi proseslər
kontekstində Süleyman bəyin həyat yolunu izləmək
imkanı qazanır. Doğrusu, ədəbi prosesdəki
roman bumunda yaşadığımız hadisələrə bu
kontekstdən yanaşmalar çox az
olmuşdur. Olsun ki, bəzi əsərlərdə
Azərbaycanda gedən proseslər bu və ya digər şəkildə
təsvirə cəlb edilmişdir. Ancaq
Borçalıda gedən fərqli situasiyalar mövcud
olmuşdur ki, müəllif də məhz bunu əks etdirməyə
çalışır. Müəllifin
Borçalıda yaşaması, hadisələrə fərqli
mövqelərdən yanaşması, dünyada gedən
ictimai-siyasi, iqtisadi proseslərə yer verməsi məsələyə
kompleks baxışı özündə ehtiva edir.
Ayrı-ayrı fəsillərdən
ibarət romanda bədiiliklə publisistikaçılıq
qovuşuq şəkildə verilir. Bu üslub romanın
toxunduğu problemlərdən irəli gəlir. Yazıçı bəzən süjet xəttinin tələblərindən
irəli gələrək hadisəçiliyi, qəhrəmanın
həyat və mübarizə yolunu təsvir edir, bəzən
isə həyat, dünya haqqında ictimai-siyasi, mənəvi-əxlaqi
ricətlərə yol verir. Bu cür ricətlər
qəhrəmanın dünyagörüşü, hadisələrə,
insanlara münasibətinin nəzəri və praktik rakursunu
tamamlayır. Bəzən də
yazıçı qəhrəmanın əhval-ruhiyyəsinə
uyğun olaraq təbiət təsvirlərinə yol verir.
Bədii dillə publisistik dil qovuşuq şəkildə
baş verir. Bu cür təsvirlər
romanın emosionallığını artırır. Roman boyu Borçalının təkrarsız təbiətinin
təsviri bu yerlərin obrazını yaratmış olur.
Bu cür təsvirlər vətənin bir parçası olan
bu doğma yerin təbiət mənzərəsini yurddaşa
sevdirir, onun beynində Vətən obrazını yaradır:
"Yağlıca dağlarının saçlarını
qarışdıraraq ara-sıra buralara tələsən,
toz-dumanı bir-birinə qatan ağ yellər, bəzən də
cənubda Babakər tərəfdən qopan qara yellər, cənub-qərb
tərəfdə başı qarlı Ləlvər
dağlarından əsən küləklər
ağacların yaxasından tutub silkələyərək,
üzünü sillələyərək, "bəsdi
yatdınız, oyanın, artıq bahar fəslidir", - deyib
onları çoxdan oyatmışdılar. Div
yuxusuna getmiş ağacların başına ildırımlar
çırtma vurub, yağışlar üzünə, boynuna
su səpib ayıltmışdılar. Dünya
görmüş ağsaqqallar, ağbirçəklər bu
küləklərin, yellərin hərəsinin öz
vaxtı, öz adı olduğunu deyirdilər: xıdırnəbi,
camışqıran, qaranquş yeli, qarının borcu və
s.". Burada Yağlıca, Babakər, Ləlvər,
eləcə də xıdırnəbi, camışqıran,
qaranquş yeli, qarının borcu və s. oxucu beynində
obrazlaşır. "Bəsdi yatdınız, oyanın,
artıq bahar fəslidir", - mesajı isə bu cür təbiətə
malik yurddaşın gələcək taleyini bəlirləyən
öngörümdür. Demək lazımdır
ki, roman boyu yazıçının bu cür mətnaltı və
semantik məna yükü daşıyan ictimai-siyasi
mesajları çoxdur.
"Yasəmən ətri"
romanının baş qəhrəmanı Süleyman bəy, hər
şeydən əvvəl, sosializm dövrünün
övladıdır; bu sistemdə yaşamış, işləmiş
və bu sistemin çökməsini müşahidə
etmiş adamdır. İndi siyasi sistem dəyişmişdir.
Yaxşı haldır ki, yazıçı
Süleyman bəyi bu gündə oturub keçmişi təhlil
edən kimi göstərmir, onu keçmişə qaytararaq, elə
keçmişin özü ilə göstərir. Məlum olur ki, Süleyman bəy bu dövlətdə
yaşasa da, öz həyatını yaşamış, onun
qoyduğu bəzi qanunlara əməl etməmiş, necə
deyərlər, yeni sistemin Cahandar ağası olmuşdur.
O, savadı, biliyi, məntiqi, təfəkkürü ilə
üfunət qoxuyan siyasi sistemin eybəcərliklərinə
göz yummamış, pulpərəstliyə, rüşvətxorluğa,
satqınlığa getməmiş (halbuki, yazıçı
onlardan bəzilərinin obrazını reallıqla yarada
bilmişdir), cəmiyyətdə ədalətli adam imicini qoruyub saxlamışdır. Yazışı bunu əsərdə müəyyən
hadisələr və ayrı-ayrı insanlarla münasibətlər
müstəvisində təsvir edir. Muxtarovun içində
olduğu qaydalara uyğun olaraq onu da rüşvətə cəlb
etmək üçün "- Yaxşı, Süleyman, o
qazancın bir hissəsini sənə verərəm, bunu bir
daha söz eləmə. Qaldı ki, bu oyunun qaydalarını
biz qoymamışıq, ona görə də buna tabe olmaqdan
başqa çarəmiz yoxdur", - kimi özünə haqq
qazandırmalarıyla razılaşmayaraq "oyunun
qaydalarına" tabe olmur: "Ömrümdə
boğazımdan haram tikə keçməyib, övladlarıma
yad çörəyi yedirtməmişəm. Bir
də özgə puluyla həyat yoldaşıma alt paltarı
almağa adət eləməmişəm, bunu ancaq sənin
kimi nankorlar edə bilər. İnsan milli və
vətəndaşlıq ləyaqətinin
daşıyıcısı olanda mükəmməl
görünür, bunların heç biri səndə yoxdur.
Şərəfsiz! Ləyaqətsiz!".
Yazıçı baş qəhrəmanını
sonadək bu cür göstərir; hər şey onun nəzərində
mənəvi-əxlaqi dəyərlərlə qiymətləndirilir. O, şərəfi, namusu hər
şeydən uca tutur; ona görə də nəinki kənddə,
bütün mahalda ona hörmət edirlər, sevirlər. Hətta qeyri millətlər belə onun bu obyektivliyi
qarşısında özlərini itirir, ona tələ
qurmağa çalışır, sonda isə düzlüyə,
obyektivliyə təslim olurlar. Haqqında nə
qədər donoslar yazılır, namərd
suçlamalarına məruz qalsa da, bütün imtahanlardan
üzüağ çıxır. Ona
qarşı donos yazanlar belə, sonradan səhvlərini boynuna
alırlar. Süleyman bəy
yaşadığı müddətdə üzüağ,
alnıaçıq ömür sürür. Təbii ki,
bu cür şərəfli ömürdə onun Şota
Mağalaşvili, Merab Ququri kimi dostlarının az köməyi olmur. Necə deyərlər,
tək əldən səs çıxmaz. Süleyman
bəy haqq, ədalət uğrunda özü kimi onu hər
şeydən uca tutan insanlarla mübarizə aparırdı.
"Yasəmən ətri"
romanı həm də keçmiş Sovetlər ölkəsinin
həyat yolunu işıqlandırır. Yazıçı
bunu xronoloji şəkildə etmir, müəyyən tarixi
hadisələrə və insanların, ən çox da
Süleyman bəyin həmin hadisələrə münasibəti
kontekstində ifadə etməyə çalışır.
Bu hadisələr arasında Süleyman bəyin
qohumlarından biri Alı bəyin 70-ci illərdə Türkiyədən
Borçalıya gəlməsi, qarşılanması və
yola salınması mərasimidir. Ona
qarşı olacaq hücumlara, ediləcək suçlamalara rəğmən,
Süleyman bəy bütün qadağalara baxmayaraq qohumunu-qonağını
çəkinmədən qarşılayır və yola
salır. Yaxud Süleyman bəyin Novruz
bayramı ilə bağlı
çıxışlarının birində türk ənənəsindən
danışmasının Dövlət Təhlükəsizlik
orqanında narahatlıq yaratması və bu narahatlıq
üzərində onunla söhbət aparılması əsərin
qəhrəmanının ictimai çəkisini müəyyən
edir. Süleyman bəy orqan əməkdaşına
xalqın tarixinin türk olduğunu və ona öz tarixindən
danışmasını və bunu əsaslandırmasının
heç zaman mövcud dövlətin əleyhinə
olmadığını sübut edir.
Sovet adamlarının yeniliyə
münasibəti heç də birmənalı olmurdu. Bu sistemdən
qopa bilməyən, yaxud qopmaq istəməyən adamlar bu
günümüzdə də var. Yazıçının qəhrəmanı
Süleyman bəy isə Gürcüstan və Azərbaycanın
müstəqilliyini əldə etməsini təqdir edir.
Hətta bu respublikalarda olan işğal faktlarına
özünəməxsus münasibəti var. O
düşünür ki, bu gün həm
Gürcüstanın, həm də Azərbaycanın
torpaqlarının bir hissəsinin işğal
olunmasının kökündə rus şovinizmi və
Rusiyanın siyasi maraqları dayanır: "Rus siyasi kursu bizim
Avropa siyasi kursuna meyillənməyimizin qarşısını
kəsmək üçün bu üsula əl atıb,
başqa xalqları üstümüzə qaldırıb,
özü də arxalarında dağ kimi dayanıb. Necə deyərlər, ilanı seyid əliylə
tutur, işğalçı olaraq başqa xalq tanınsa da, əslində,
işi görən rus şovinizmidir".
"Yasəmən ətri"
romanında bədii təxəyyülün məhsulu olan bəzi
süjet xətləri əsərin bədii məntiqini
gücləndirir. Murazın itməsi hadisəsinin sonadək
açıq qalması, anası Şərqiyyənin bu məsələdə
Yaqubu suçlaması və nəhayət, Murazın
qardaşının ondan intiqam alaraq öldürməsi
romanın ən yaxşı səhifələrini təşkil
edir.
Romanda Yazıçı,
Coğrafiyaçı, Dilçi, Jurnalist və Tarixçinin
mübahisələri də əsərin süjet xəttini zənginləşdirir.
Bu mübahisə xalqın tarixini, milli kimliyini bəlirləmək
baxımından maraqlıdır. Bu cür
mübahisə təsadüfi verilmir və müəllif
ideyasının açılmasına xidmət edir. Yazıçı bədii təxəyyül,
tarixçi tarixi faktlar, dilçi qədim dilimizə,
coğrafiyaçı isə yaşam arealımızın zənginliyi
və qədimliyini sübut etməyə
çalışırlar. Bu cür
mübahisələr oxucuya öz keçmişinə
qayıtmağı, həqiqi tarixini öyrənməyi
sövq edir.
Ümumiyyətlə, indiyədək
Borçalıdan yazılan bədii əsərlər əsasən
poeziya nümunələrindən ibarət olmuş, daha
çox təbiətin tərənnümü xarakteri
daşımışdır. Yazılan bədii nəsr
nümunələri isə daha çox bədii təxəyyülü
əks etdirmişdir. Doğrudur,
yazıçı Tahir Hüseynov nəsrində
Borçalı həyatı, adət-ənənələri,
ekzotik zənginlikləri reallıqla təsvir olunmuşdur.
Lakin bütün bunlar xalqın ictimai-siyasi
proseslərdəki iştirakını və gücünü
olduğu kimi əks etdirmirdi. Bu mənada
E.Cəlaloğlu yaradıcılığı yeni bir mərhələ
təşkil edir. Onun "Yasəmən ətri"
sənədli-bədii romanı ötən yüzilliyin müəyyən
bir dövrünün ictimai-siyasi hadisələrini əks
etdirir. Yazıçı tamamilə yeni
bir yol seçmişdir; indi bədii əsərin strukturunda
bir çox mətləblər yer alır. Yeni roman təfəkküründə tarix və
bugünün qovuşması əsas şərtlərdən
biridir. E.Cəlaloğlu da belə
etmişdir. Romanın bu mövzuya həsr
olunması xalqın ictimai şüurunun formalaşmasına
yönəlmişdir. Romanı oxuyan hər
kəs burada baş verən hadisələrdən müəyyən
dərs çıxaracaq və özünü bu proseslərin
içində görəcəkdir. Bütün
hallarda "Yasəmən ətri" romanını
Borçalı haqqında yazılmış yeni roman təfəkkürünün
ən yaxşı nümunələrindən hesab etmək
olar.
24 iyun 2019-cu il
Bədirxan
Əhmədli
Filologiya elmləri
doktoru, professor
Ədəbiyyat
qəzeti.- 2019.- 13 iyul.- S.30.