Yuxu... Yuxusuzluq...
Poetik silsilə
Əziz oxucu, "Yuxu... Yuxusuzluq..."
adlı poetik silsiləni dörd aya
yazmışam. Həmin vaxtlar yuxusuz qaldığım
günlər idi. Sonra yuxu rejimim düzəldi
və sanki görmədiyim yuxuların da əvəzində
röyalar gördüm. Bu müddətdə
həm yuxusuz qaldığım günlərin mahiyyətini
anlamağa çalışdım, həm də yuxunun
ömrümdəki anlamını ağlım kəsən qədər
dərk etməyə başladım.
Bu poetik silsilə yuxu ilə
yuxusuzluğun, röya ilə oyaqlığın, sirr ilə
aşkarın, reallıqla irreallığın bir-birinə təbii
keçidinin - iç-içəliyinin bədii ifadəsidir. Dində, elmdə və həyatın
özündə milyon illik sirrə - yuxuya ola bilsin ki, bu poetik
silsilə heç bir çözüm gətirmədim, bəlkə,
əlavə etsəm, sapa bir düyün də mən vurdum,
amma o da var ki, yuxularım, onların mahiyyəti ən azı
özümə açıldı və bu poetik silsilədə
də, elə bilirəm, inanacağınız, ruhunuza
yaxın olacaq poetik mətləblər sizə də aydın
olacaq.
F.H.Hedge deyirdi ki, "Yuxuda
çatdığımız nöqtəyə həyatda
çata bilsəydik, onda hər kəs ya Dante olardı, ya da
Şekspir". Yəni yuxunu bütünlüklə
anlamaq dahilik əlamətidir, əlbəttə, mən o
iddiada deyiləm, amma bu fikrin həqiqətinin başqa bir tərəfini
bölüşürəm ki, yuxu qavranılması olduqca
çətin bir dünyadır. Dahilər
həyatı yuxu nəhəngliyi ilə görə bilən
gözə sahibdirlər. Amma hər kəsin yuxu görməsi
isə hər kəsə verilən "bir dahilik fürsəti"
kimi də başa düşmək olar... Və bu fürsəti
qaçıranların sayı milyardlarladır...
Terri Prakhetin yuxu barədə belə
bir fikrini də xatırlayıram: "Yuxu azad olduğumuz
yeganə yerdir". O azadlığı bizə
şüuraltımıza keçid verir, yuxudakı
reallıqla hesablaşmağımız isə artıq o real
dünya ilə haqq-hesab çürütməyimizin əlamətidir.
Yuxuları danışmaq - öz şəxsi
qeybindən xəbər verməkdir. Yazı yazmaq elə
qəlbin - qeybin azadlığını itirmək deməkdir...
Bir neçə kəlmə də
yuxulara yazılmış şərhlər barədə fikirlərimi
bölüşmək istəyirəm...
1. Yuxulara yazılan şərhlər
yuxuların mahiyyətinin açılmasına xidmət edir. Necə ki, yazdığımız yazılar oxunandan
sonra onlardan həm də başqalarının olur - şəxsi
hisslər, sanki "ictimai hisslərə" çevrilir.
Bu, yazının - mətnin dəyişməz
taleyidir. Oxuyacağınız poetik silsilədə də
yuxular şəxsi mahiyyətini dəyişərək ictimai
məzmun daşıyır - mətni oxuyan həm də bu
yuxuları "görmüş" olur. Bu mətn,
sözün rəmzi mənasında onu yazanla oxuyanı eyni
yuxunu görmək üçün "həmyastıq"
edir...
2. Yuxulara yazılan şərhlər
şeirin özünü, sanki yuxuya çevirir. Necə ki, hər yuxunun yozumu var, bu poetik silsilə də
özü-özlüyündə, sanki bir yuxudur və onun da
özünə aid bir şərhinin olması
qaçılmazdır.
3. Yuxu çox zaman "O biri
dünya" anlamını daşıyıb. "Kitabi-Dədə
Qorqud" dastanında yuxuya "kiçik ölüm"
deyiblər. Yaxud "Leyli və Məcnun"un sonunda Zeyd baş
yuxularda qəhrəmanları xoşbəxt görür, bu da,
əlbəttə, axirətə inamı təlqin edən məsələdir.
Hər aşiqinsə, əlbəttə, bir Zeyd yuxusuna
ümidi var... Mətnin yuxuya çevrilməsi, həm də mətnin
başqa dünyaya inam yaratması anlamına gəlir... Bəlkə
də, hər oxucu dünyası mətnin axirətidir...
4. Bu poetik silsilə isə həm də
yuxudan ötə bir şeydir. O mənada ki, biz real həyatda
nələrsə görürük, bu birinci mərhələdir,
sonra ona uyğun və ya ondan uzaq məsələni yuxuda
görürük, bu ikinci mərhələdir, yazı isə
yaşanan və görülən yuxudan sonrakı prosesdir, bu
da üçüncü mərhələdir... Bu mərhələləri
keçmək üçünsə "xəritə", əlbəttə
ki, mətndəki şərhlərdir...
Müəllifdən
Yuxusuz qaldığım gecələrdəki,
Yuxular yığışsa bəşər
uyuyar.1
Marina Svetayeva
Yuxumdan bir at qaçır,
onu yormamaq üçün
oyanıram yuxudan.2
Ayılıb görürəm ki,3
behişt üzündə günah,
nəsə xısınlaşırsan,
hiyləli gələcəklə,
əbədi döyüşdəsən
yenə də öz içində4
-
bir əməli şeytanla,
bir uyuyan mələklə...
***
Oyanıram yuxudan,
evimdəki saatlar
düz gəlmir bir-biriylə,5
mən ömrümü itirdim
bu vaxtlar arasında -
qurammadım saatı
"Allahın əlləri"ylə.
Ondadır ki, gecikir,
heç cür çata bilmirəm,
qaçan "qismət"lərimə.6
***
İlahi, çox ağırdı,
bir ayrı cür zülmdü
sevdiyin insanları
günahından tanımaq.7
Alnımıza yazılıb
bir vaxtlar sürdüyümüz
döyüş arabasının
təkəri altda qalmaq.8
***
Lap erkəndən oyanıb
keçirəm bir küçədən,
səni sevmək
görünmür,
səni sevmək bilinmir,
eşidilmir, duyulmur,
hamı yatmış, mən oyaq.
Səni sevməklə birdir -
ayılmayan xəstənin
yuxusunda yaşamaq.9
***
Atam girir yuxuma,
deyir "nə dərdin var de".
Susuram, heç dinmirəm,
ümiddən gizlətdiyim,
bu dünyaya sığmayan
sənsizlik xəbərini
o biri dünyaya da
qıymıram - göndərmirəm.10
***
Yuxuma girirsən sən, -
necə şənsən, xürrəmsən.
Elə bir nur içində
alışırsan, yanırsan,
yanında da kimsə var.
Nədənsə, çox uzundu11
həmişəkindən kölgəm.12
Birdən nəsə
düşünüb
mənə doğru qaçırsan,
əlindəki qayçıyla
ətrafıma dolanıb
kölgəmi budayırsan.13
Kaş biləsən, duyasan
necə ağırdı mənə
yanındakı adamın
üzün, simasın görmək,14
necə ki, bax, ağırdır
bir uşaqsız qadının15
gözünün önündəcə
körpə paltarlarıyla,
döşəmə, tavan silmək.16
***
Pəncərəmin önündə
baxıram bu dünyaya,
düşünürəm, görəsən,
hansı həvəs ilə biz,
tikirik gecə-gündüz
uçulacaq evləri.
Bu yuxusuz adamın
çiyninə toxunurlar,
deyirlər ki, "sən, get yat,
heç əlini bulama
belə-belə işlərə,
yorma, yazıq, özünü,
silənməzsən dünyanın
alnına həkk olunmuş
əbədi faniliyin
pozulmaz möhürünü".
***
Axır ki, mən oyandım,
məhdudluq yuxusundan.17
Xilas oldum içimdən,
min bir zülmlə aldım
özümü öz əlimdən.18
Daha heç kəs siləmməz,
xeyri ürəyimdən,
şükrü, həmdi dilimdən,
doymaram yaxşılıqdan,
əl tutmaqdan doymaram, -
daha mən bundan sonra
yaxşılıq zalımıyam.19
***
Yuxumda da oyağam,20
-
yatmır ruhum, varlığım.
Üzümü söykəyirəm
vaxtın yorğun üzünə,
beləcə calayıram
gecəmi gündüzümə.
Mən qorxuram, qorxuram,
sən olan yuxuları
danışsam gur çaylara
çay da ayrılıq dadar -
qovuşmaz dəryalara.21
***
Xəzinə Allahıtək22
xəbərsizsən dünyadan,
qəm içimi talayıb,
qüssəm yaman varlanıb.
Nə sevinc qahmar çıxır,
nə səadətdi köməyim,
Tanrının gözü kimi
yuxusuzdur ürəyim.23
***
Allah hər şeyi görür,
anımız nəzərində.
Çiynimdədir mələklər,
-
gözləri üzərimdə.24
Özündən də xəbərsiz
boylanaraq içimə
sənə mələklər baxır,
səni şeytanlar görür -
çiynimdə, ürəyimdə.25
***
Necə çətin
ömürdü,
necə çətin imtahan,
bir səmanın altında
bir-birindən xəbərsiz
yaşamaq - ömür eləmək.
Bu elə bir tale ki,
elə bil, su səpirsən,
dibi doymuş güllərə
dodağı suya təşnə
bir səhra yolçusunun
gücdən düşən əliylə.
***
Necə kordu bu aləm,
necə gözdən zəlildi,
Dünya niyə dərdlidi,
niyə qaşı
çatılıb,
qoy üzündən oxusun
aləmlər şənliyini
bircə mənə görünmək,
sonra da itmək üçün
Allah sənə bəxş edib
ilğım gözəlliyini...26
mənəsə bağışlayıb
yuxu təskinliyini.27
1 - Tərcümə
Ç.Əlioğlunundur.
2 - Klassik dini düşüncəyə
görə yuxu da taleyin davamıdır. Yuxuda da
insan iradəsinin həlledici olduğu vurğulanır. Bu məsələ ruhla əlaqələndirilir.
3 - İnsan ayılandan sonra beynində
yuxu üç dəqiqəyə qədər davam edə
bilir. Ona görə də insan, əslində,
oyanandan bir neçə dəqiqə sonra tam ayılır.
4 - Yuxuda gördüyümüz hadisələr
sonradan insanlara qarşı münasibətlərimizə,
onlara olan nəzərlərimizə təsir edə bilir. Ona görə də Ziqmund Freyd bu məsələni
"yeni dünya" kimi nəzərə
çatdırırdı. "Yeni
dünya"nınsa öz qanunları var.
5 - Yuxunu insanlar üçün daim
anlaşılmaz edən məqam "başqa zamana səyahət"
ilə bağlıdır. İnsan bu vaxt dəyişiminə
ruhən hazır olmadığından onun şüurunda yuxu
daim "ayrı dünya", "fikir zaman" təsiri
bağışlayır.
6 - Oyananda yuxuda itirdiyimiz nəsnələrə
görə heyfisilənirik. Buna yuxu yozanlar
"qaçan qismət" deyirlər. Çünki
insan şüuru yuxuda tam mənada reallıqdan - öz şəxsi
arzularından uzaq olmur. Ona görə də
yuxuda çatmadığımız arzular bizə
anlaşılmaz gəlir.
7 - Yuxuda irreal hadisələrin əsas
səbəbləri röyada gördüyümüz
insanların xarakteri ilə bağlıdır. Çünki
yuxuda yaxşı pisə, xeyir şərə, əyri düzə
asanlıqla çevrilir. Ancaq "oyaq
beyin" onları tam mənada qəbul etməsə də,
ayırd etməyi bacarır.
8 - "Yuxu paradoksu"
anlayışı var. Anlayışın mahiyyəti ondan ibarətdir
ki, yuxuları bizə təsirli, anlaşılmaz edən
onların ziddiyyətləridir. Məsələn,
qoruduğun nəsnəyə xətər yetirilir, ölü
dirilir, pis insan yaxşılıq edir və s. Bu sarıdan
yuxular dünyası qəbul olunmuş məsələlərə
yeni gözlə baxmağımıza imkan yaradır - çox
şey, sanki əzəli missiyasını dəyişir.
9 - Oyanmayan xəstələrin yuxusu
- əbədiyyətin nişanəsi, ölümün sirri
kimi qəbul edilir. Bu yuxular yuxu elminin demək
olar ki, öyrənilməmiş sahəsidir. Bu yuxudan ayılanlar ancaq ümumi şeyləri
xatırlayırlar, həmin məsələlər isə elm
üçün heç bir açar fikir yaratmır.
"Ölüm yaddaşsızlığı" deyilən
bu məsələ Moris Meterlinq "Müqəddəs
Antoninin qayıdışı" əsərində də
var. Orada "dirilən ölü" - yuxudan oyanmış xəstə
cadugər tərəfindən lal edilir. Bu isə
özü-özlüyündə "ölümün sirrini
açmaq olmaz" deməkdir.
10 - Yuxuda ən ciddi kompleksləri
real həyatda deməyə utandığımız məsələlərə
qarşı keçiririk. Utancaqlıq kompleksi
yuxularda daha aydın, hətta travmatik həddə meydana
çıxır.
11 - Yuxuda əksərən hadisələri
qeyri-real, adamları olduğundan böyük, əşyaları
hədsiz iri formada görürük. Çünki
yuxudakı vaxt kəsimi reallıqla hesablaşmağa -
beynimizdəki həmin nəsnənin real ölçülərini
dəqiq xatırlamağa bizə imkan vermir. Məsələnin digər tərəfi yuxunun
"ikinci uşaqlıq" adlandırılması ilə
bağlıdır. Uşaq ikən xəyallarımız
böyük olur, böyüdükcə isə onlar
kiçilir. Xəyalın ən kiçik
forması reallıqdır.
12 - Kölgə, adətən,
yuxularda azadlığa, rahatlığa qovuşmağın, aram tapmağın simvolu kimi qəbul edilir.
13 - Yuxuda nəyisə budamaq - həyatımızdakı
lazımsız yüklərdən, öhdəliklərdən
azad olmağa, öz missiyamızı müəyyənləşdirib
onun uğrunda yaşamağa - özünü tapmağa
işarədir.
14 - Yuxularımız naməlum
obrazlarla doludur. Yuxuda üzünü
görüb oyanarkən xatırlamadığımız kəslər
xeyrə yol göstərən, günahsız adamlar kimi
yozulur.
15 - Aparılan tədqiqatlara,
sorğulara əsasən, kişilər yuxularında 70 faiz kişi, 30 faiz qadın görürlər. Qadınlarda da bu nisbət dəyişmir.
16 - Yuxuda bizi həyəcanlandıran
əsas məsələlərdən biri çarəsizlikdir.
Yuxuda çarəsiz qalmağımızın əsas
səbəbi başqasından nəsə kömək istəyə
bilməməyimiz, yaxud buna imkan tapmamağımızdır.
17 - Məhəmməd Peyğəmbərə,
bəzən isə İmam Əliyə aid edilən məşhur
bir fikir var: "Hamınız yuxudasınız, ölüb
oyanacaqsınız". İnsan həyata
bağlananda yalnız bir dünyanın reallıqları ilə
hesablaşır. Ölümü anlayanda
isə bir ömrə iki dünyanın -
yaşadığı illərin və axirətin
reallığını sığışdırır.
Bu isə, öz növbəsində, məhdudluqdan
xilas deməkdir.
18 - Burada Mənsur Həllacın
məşhur fikrinə - "Məni Allahın əlindən
alın" fikrinə işarə edilir.
19 - Xristianlıqda "İsa Məsih
hər bir xaçda çarmıxa çəkilib"
düşüncəsi var. Bu düşüncəyə əsasən
İsa peyğəmbər milyardlarla dəfə
çarmıxa çəkilsə də, yenə də
günahsızdır və hər kəsi sevir. İnsanlar
çarmıxa çəkmək zalımlığından
doymadığı kimi, O da çarmıxa çəkilmək
"zalımlığından doymur". Bu
isə inam təlqin edən məsələdir. Yəni zülm qədər dözüm də əbədidir.
20 - Yuxu tamamilə sakit olan bir
mühitdir. Əgər yuxuda hər hansı bir
səs duyuruqsa, yaxud kənar müdaxiləni hiss ediriksə, o
saat yuxudan oyanırıq. Xoruldayarkən isə
yuxu görmürük. Yuxuda beynin oyaq
qalması real həyatla əlaqənin tam kəsilməsindəndir.
Bu vəziyyət ruhi gərginliyin pik həddi
sayılır.
21 - İslami
dünyagörüşünə görə, hər şey
özünü çoxaldır: Məsələn, şər
şəri, yalan yalanı, haram haramı, xeyir xeyri, sevgi də
sevgini. Bu inanca əsasən, qorxu da qorxulu vəziyyəti
çoxaldır. Məhz bu amilə görə
pis yuxuları başqasına danışmaq - pis fikirləri
çoxaltmaq olmaz.
22 - Qədim yunan-Roma inancına
görə, dünyada zəngin-kasıb ona görə var ki,
Xəzinə Allahının gözü kordur və buna
görə də o dünya nemətlərini insanlar
arasında qeyri-bərabər şəkildə bölüb. Tit Maksi Plavtın "Xəzinə" əsərində
də oxşar məsələ problem kimi qoyulmuşdur.
23 - "Allah hər an hər şeyi
görür" - deyirik. Məhəmməd Hüseyn Şəhriyar
da Allahın oyaq olması ilə bağlı bir şeirində
yazır: "Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
/ məndən aşağı kimsə yox, ondan da
yuxarı".
24 - Müasir dünyada insanları
narahat edən əsas beş məsələdən
biri də kameraların mövcudluğudur. Bu
insanları başqalarının nəzarəti altında
saxlayır. Din isə bu məsələni daha mənəvi
planda həll edib: çiynimizdə xeyri və şər əməlləri
yazan mələklər, şahid əzalarımız var...
25 - Bu misralar sirrin mahiyyətcə
uydurma olduğuna işarədir. Əgər
Allah hər şeyi görürsə, sirr deyilən şey
yoxdur. Sirr odur ki, onu yalnız bir adam
bilir...
26 - İlğım
görünüb-itən bir nəsnədir. Gözəllik
də belədir. Biz yalnız fərqinə
vardıqdan sonra gözəlliyi qəbul edir və sevirik.
"Anlamadan sevmək", "qeyri-ixtiyari
vurulmaq" uydurmalardır. Biz bu halda sadəcə
təhtəlşüurun gücü ilə sevirik. Şüuraltımız bizə tam aydın deyil deyə,
yaşantılarımız bu cür anlaşılmazlıq haləsinə
bürünür.
27 - Yuxunun yuxu olduğunu anlayan kimi sakitləşirik.
Eləcə də
yaşadıqlarımızı taleyimiz, yaxud dünyada
hamının başına gələ biləcək hadisələr
kimi qəbul edəndə rahat oluruq.
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.6-7.