Qızıl orta...

 

Təbiət və təbiətin qanunları,

qaranlıqda gizliydi.

Tanrı: - Nyuton olsun! - dedi

və hər şey aydınlandı...

Aleksandr Pop

 

Ötən həftə keçirilən "Fizika və lirika" konfransına dəvət olunanda öncə Yılmaz Əsədoğlunu xatırladım. 1937-ci ildə Bakıda "xalq düşməni" Əsəd Verdiyevin ailəsində dünyaya gəlmiş Yılmaz bəy 1962-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, elə Moskvada da fizika elmlər doktoru alimlik dərəcəsini müdafiə etmişdi. Sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda Kvant Sahə Nəzəriyyəsi laboratoriyasının müdiri, 1992-ci ildən 2003-cü ilə - ömrünün sonuna kimi isə Türkiyədə Trakya Universitetinin professoru olmuşdu. Kvant Sahə Nəzəriyyəsinin dünyada seçkin ismlərindən biri olan Yılmaz Verdiyev həm də dilçilərimizin bugünə qədər xəbərsiz qaldığı "Ləhcə farkımız fərqimizdədir" adlı unikal bir araşdırmanın müəllifidir. "Fizika və lirika" konfransına dəvət aldığımda ilk yadıma düşən də Yılmaz Əsədoğlunun həmin əsəri oldu. Çünki  bu kitabında Əsədoğlu öz bənzərsiz alim təfəkkürünü həm də ortaq türkcənin gerçəkliyə çevrilməsi probleminə yönəltmişdi... Dünyaca ünlü fiziklər - Fəza Gurseyin, Asim Barutun dəyər verdikləri Yılmaz bəy 2001-ci ildə "Yeni Azərbaycan" qəzetində "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olduğum dönəmdə  mənə göndərdiyi bir məktubu Eynşteynin sözləri ilə başlayırdı: "Nyutonu bir şairlə müqayisə etmək olar. Onun şeirləri o qədər zərifdir ki, onları ancaq yeni bir dillə yazmaq mümkündür. Elə bir dil ki, onu yalnız şairin özü yaratmalıdır".

İndi hamı Füzuli deyil ki, "elmsiz şeirin, əsassız divar olduğunu" anlasın. Və məncə, yüksək erudisiyası, dərin zəkası olan alimlər şairlərimizə qloballaşmaqda olan dünyanın ahəngini dərk etməkdə yardım edə bilər. Məsələn, belə bir konuda: yüksək texnologiyalar əsrinin şeir dili necə olmalıdır? Fikrimi örnəklərlə dəqiqləşdirmək istəyirəm. Bir vaxt biz Tixonovun "xeyir-duası" ilə "şair xalq"a "çevriləndə" bunun ən böyük fəsadı ədəbiyyatımıza dəydi. Və elə o zaman kristalloqraf Xudu Məmmədov "Məhdudiyyət fikrin anasıdır" deyə şairlərimizə səsləndi.  Xatırlatdı ki,  "forma məhduddursa, fikir sıxılır, yığcamlaşır, büllurlaşır. Dərinlik burdan gəlir". Yəni uzun-uzun, qafiyəli sicilləmələrə ehtiyac yoxdur. Bunu xatırlatdı və məhdud formada fikrin necə yığılmasını, yığcam formada fikri necə dəqiq ifadə edə bilməyin örnəklərini də özü yaratdı:

 

Anam ozan olubdur,

Dərdə dözən olubdur.

Dili haqdan bağlanıb

Naxış düzən olubdur.

 

Yəni anam ozandır, amma söz söyləmir, naxış düzür.  Ozanlığını naxış düzməklə izhar edir. Çünki dili haqdan bağlanmış bu anaya  Tanrı şeir yazmağın dilini deyil, xalça toxumağın dilini öyrədib. Fikir nə qədər şairanə və necə sərrastdır... Hətta Xudu Məmmədovun yazdığı bu bayatıdakı estetik harmoniya Maleviçin "Qara kvadrat"ındakı fəlsəfi dərinliyi də aşıb-keçir. Dörd misrada sıxılmış enerjinin partlayışı sənətdə yeni bir kainat yaratmaq gücündədir. Kristalloqraf alim anaların toxuduğu xalçanı Füzulinin yazdığı şeir kimi oxumağın kodunu yaradır, həm xalçaçılıq estetikamızın yeni rakursdan dəyərləndirilməsinə, həm də poeziyada fikrin sıxılmasına, yığcamlaşmasına, büllurlaşmasına necə nail olmağın yolunu göstərir, fizika ilə lirika arasında qızıl ortanı tapır...

Tanpınarın "Ne içindeyim zamanın, / Ne de büsbütün dışında / Yekpare, geniş bir anın / Parçalanmaz akışında" misraları birbaşa intellektlə intuisiyanın birgəliyindən, qovuşuğundan, hibridindən hasilə gəlib. "Ne içindeyim zamanın" Berqsona aid zaman fəlsəfəsinin gəlişdirdiyi düşüncənin şeiridir. Tanpınarın bu məqama yalnız ilham pərisinin qanadları üzərində, yaxud stixiyalı şəkildə gəlməsi mümkün deyildi. Onu bu şeirə gətirən Berqson fəlsəfəsidir: "Şeir və sənət anlayışımda Berqsonun zaman tələqqisinin mühüm bir yeri var. Freydlə Berqsonun bərabər paylaşdıqları bir dünyanın çocuğuyuq. Onlar bizə sirri insan zəkasında, insan həyatında aramağı öyrətdilər...".

 

Bir garip rüya şeklinde,

Uyuşmuş gibi her şekil.

Rüzgarda uçan tüy bile

Benim kadar hafif değil.

 

Tanpınar bu şeiri yazdığı illərdə kvant fizikasında metafizika ilə fizikanın bir-birindən ayırılıb-ayrılmayacağını təyin etməyə çalışan belə bir hipotez də vardı: kainat bir vakuumdan, məkan və zamanda heçlik durumundan  yaradılmış bir kvant dalğalanmasıdır.

Bu şeirdə bir də Eynşteyn cazibəsi var. Eynşteyn "Mən həyatım boyu işığın nə olduğunu araşdıracağam" - deyirdi. Tanpınarın şeiri isə "Mavi, masmavi bir işıq, / Ortasında yüzmekteyim" - deyə bitir. Əslində, bitmir. Ucsuz-bucaqsız zamanın içinə dalıb işığın qoynunda axmaqda davam edir. Çünki bu varlıq üçün keçmiş, indi və gələcək yoxdur. O, "Yekpare, geniş bir anın / Parçalanmaz akışında"n keçib gedir.

Yaxud Everettin çoxlu dünyalar interpretasiyası həm də ədəbiyyatda paralel dünyalar anlayışının gəlişməsinə səbəb oldu. Nobel mükafatı laureatı Əbdüs Salamın "İdeallar və gerçəklər" kitabında  "Kosmik kod" əsərinin müəllifi Paqelsə istinadən Nobel mükafatı laureatı Feynmanın belə bir təcrübəsi xatırladılır; o, hissiyyatlardan təmizlədilmiş bir təcrübə qurğusunun içərisinə girərək orada ekzosomatik (bədən dışı) bir təcrübə keçirmişdir. Öz bədəninin çölə çıxdığını və bədəninin öz yaxınlığında yatdığını müşahidə edən Feynman bu təcrübənin doğruluğunu yoxlamaq üçün qolunu hərəkət etdirmiş, bu zaman önündəki bədəninin də qolunun hərəkət etdiyini görmüşdür. Sonra bədəninin xaricində qaldığını düşünüb təkrar özünə dönmüş, bədəninə girmişdir. Feynmandan bu qəribə təcrübəsini nə ilə izah edə biləcəyini soruşanda cavab verib ki, pozulmuş heç bir fizika qanunu görmədim...

Paralel dünyaların varlığı kvant fizikasının dahisi tərəfindən elmi və praktik yolla belə isbatlanıb...

Yenə də konfransa qayıdıram. Məruzələri dinlədikcə üç kitab barədə düşünürdüm - Xudu Məmmədovun "Qoşa qanad"ı, Azad Mirzəcanzadənin "Yaradıcılıq haqqında düşüncələr"i və  Yılmaz Əsədoğlunun "Bir fizikçinin hatıraları ve düşünceleri". Hər üç kitabın epiqrafını xatırladım: "Qoşa qanad" Taqorun "Yanlışların üzünə qapı bağlananda, həqiqət bayırda qalır" aforizmi, "Yaradıcılıq haqqında düşüncələr" Rəsul Rzanın "Damla dənizdə yaxşıdır / Damlasız dəniz olmaz" misraları,  "Bir fizikçinin hatıraları ve düşünceleri" isə Əli bəy Hüseynzadənin "Ucundadır dilimin həqiqətin böyüyü / Nə qoydular deyəyim, nə kəsdilər dilimi" ağrısı ilə başlayır. Elmi təfəkkürlə bədii fəhmin, lirika ilə fizikanın mistik kodlarını daşıyan belə mətnlərin meydana çıxmasına zamanın ehtiyacı var. Təbii ki, qızıl ortanı unutmamaq şərtilə.

 

18 iyul 2019

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2019.-20 iyul.- S.5.