Çaylar
İtalyan poeziyası:
Cüzeppe Unqaretti
İstənilən milli ədəbiyyatda dönüş (bəlkə
də sınma-!) məqamları olur, o məqamda hökmən başqalarına heç bənzəməyən şairlər
gəlir dünyaya. Onlar özlərinə
qədərki ənənəvi
formalardan imtina edib sintakis və
vəznlə oynayır,
söz və söz səhrasında əl toxunmamış yer, yeni məna
axtarırlar. Axtarırlarsa, demək sözün enerjisi tükənməzdir.
Cüzeppe Unqaretti
(1888-1970) Birinci Dünya
müharibəsinin iztirabları
içində doğulub,
böyüyüb, günü-güzəranı
döyüş səngərlərində
keçib, o da bu amansız durumda yeni, heç
kəsə bənzəməyən
yollar axtarıb və tapıb, italyan poeziyasının on
bir hecalıq hendecasyllable adlı
formasından imtina edib, sözdən gerçəkliyə və
əksinə baxışın
radiusunu dəyişdirib
və nəticədə
yeni poetik tezlik yaranıb. O dövrün tənqidçisi Kambon yazırdı ki, "Gizli ahəng və intonasiyanı təcəssüm etdirmək
üçün o, poeziyasının
səs tonunu xalis pıçıltıya
qədər "uzatdı",
onun tempini potensial olaraq sonsuz davamlılığa
qədər "ləngitdi",
hər bir pauzanın sahəsini mənayla doldurdu." Sanki o, vəzni hissələrə
bölmüşdü, bölmüşdü
ki, hər bir sözə ayrıca baxa bilsin. Başqa bir tənqidçi,
Con Frederik Nims bunu belə şərh edirdi ki, bu erkən
və fövqəladə
dərəcə qısa
şeirlərin effekti
onları əhatə
edən sükut və boşluq kimi, həm də söz kimi verilir.
Unqaretti poeziyanı "Yaradılışın
birinci günüymüş
kimi özünü maksimum, yaxud mütləq səmimiyyətlə
ifadə edə bilmək imkanı sayırdı". Beləliklə,
sözə ilkin bakirəliyini
qaytarmaq yolunda Unqaretti fransız simvolistlərinin, Rembo, Malarme və Apollinerin getdiyi yolu tutdu. Unqaretti və
həmin simvolistlər
hesab edirdilər ki, şeir işarə
(təklif) etməlidir,
təsvir etmək onluq deyil.
Unqarettinin poeziyasında mərkəzi
mövzulardan birincisi itirilmiş "cənnətə"
- məsumluğa xiffətdir. Bu xiffətin içində bir işıq var - insanın ürəyindən cərəyan
kimi keçən incə lirizm yatır orda. Malarmedən fərqli olaraq, Unqarettinin lirizmi özünün magik və musiqili intensivliyi ilə seçilir. Buna görədir ki, Unqaretti iztirabın sonsuzluğunu bircə misrayla verə bilirdi. Həyatın
(elə ölümün
də) ən çirkin
cəhətlərindən də
poetik magiyanı çıxarıb göstərə
bilirdi.
Budur həmin şeirlərdən bir neçəsi...
Çaylar
Bu çuxurda bitib qalmış ağac
əlimdən tutur,
unudulub,
sirk kimi kədərlidir
tamaşadan əvvəl,
ya sonra
Ayın içiylə
süzüb keçən
buludlara baxıram...
Bu gün səhər
İçinə su dolmuş qəbirdə uzanmışdım
İsonzonun şırnaqları
əziz xatirətək
dincəlirdi orda
divarına hörülmüş
daş kimi
üstündən axıb
keçir,
unutdururdu məni
Az qala toz olmuş sümüklərimi
Qaldırıb
Akrobat kimi
Suyun üzüylə
qaçmağa başladım
müharibədən qalma
çirkli mundirlərimin
yanında
çömbəlib oturdum sonra
bir bədəvi
kimi
kürəyimi günəşə
söykədim
İsonzodu bu
birdən mənə
agah oldu ki,
dünyanın bir zərrəsiyəm, bapbalaca
Müvazinəti hiss etməyəndə
əzab çəkirəm
ancaq məni
yuyub aparan
çayın görünməyən
əliylə
elə bir xoşbəxtlik nəsib oldu ki,
yenə də həyatımın
tələsinə düşdüm
Bu da mənim çaylarım
Serkodu bu
Ola bilər ki,
Mənim kənddə
yaşayan əcdadlarım
İki min il qabaq
Ordan su götürüblər
Atam, anam da elə.
Bu isə Nildir
O çay ki, necə doğulduğumu
Necə böyüdüyümü
görüb
Və cahillikdən
Sonsuz düzənlərə
qədər
Üzmüşəm onunla
Bu isə Senadır
Bulanıqlığı
İçimdə hər şeyi qarışdırıb
Özümü anlamışam
Budur mənim çaylarım
İsonzodan görünən
Bir də mənim xiffətim
Onların dibində
yanıb-sönür
İndi gecə
düşəndə
Həyatım
Gözümə
Hamaş çiçəyinin
kölgəsi kimi
Görünür...
Can vermə
Torağay kimi ölmək
Susuzluqdan
İlğımlar içində
Ya da dənizin üstüylə
uçan
Birdən bir kolun üstünə düşən
bildirçin kimi
Yəni burdan o yana uçmağa
həvəs yoxdu
Ancaq
inləyən və zarıyan
Bülbül balası kimi yox.
Səfər
Duruş gətirə
bilmirəm
hər bir yeni iqlimdə,
çünki qəlbim keçmişdə
qalıb
yad bir adam kimi özümü
hər şeydən
ayırıram,
yaşanmış yıpranmış
illərdən doğulmuş,
geri dönmüş,
həm də
həyatın bircə
anından ləzzət
almamış...
günahsız
bulaşmamış
bir ölkə
axtarıram...
San Martino del Carso
Bu evlərdən
Bir qırıq
divar parçası
qalıb
ancaq.
Mənim kimi
Çox, lap çox
adamlardan
Bu da qalmayıb
heç...
Ancaq sinəmdəki
Xaç
yerindədi hələ
də.
Ürəyim
Xarabazara çevrilmiş
Ölkəm...
Tərcümə və təqdim etdi:
Cavanşir YUSİFLİ
Cüzeppe Unqaretti
Ədəbiyyat qəzeti.-
2019.-20 iyul.- S.7.