"Mən" olmağımın tarixçəsi...
parçalar
İbrahim əmim deyir ki, Fərman
babamız və onun qardaşları (Lələ, Əyyub)
hamısı az danışan olublar. Mən haçan kəndə gedirdim, babamı
işləyən görürdüm, başını
aşağı salıb işləyirdi. Məsələn,
dərinliyi 1 m. olan xəndək qazırdı - böyük
bir bağı çevrələyən xəndək.
İbrahim deyir ki, heç vaxt mənə buyurmazdı,
yanında olanda deməzdi ki, ala bu beli bir az
da sən qaz.
Bir də deyir, yaman əli
ağır idi. Salbanı atanda mütləq toyuq, ya heyvan
ölərdi. Dünyasını dəyişməzdən
qabaq Bakıya xəstəxanaya gəlmişdi. Bir ara bizdə qalanda poema dediyi "Quran" kimi səc
janrında yazdığı nəsə bir mətni verdi, dedi,
bunu çap et, qonorarı sənə
bağışlayıram. Az danışan
babamdan şairlik illüziyasını gözləməzdim.
Sarcalıda evimizin
böyründə gavalı bağı vardı, ətri indi də
burnumdadır.
Həyətdə iri bir daş oyulmuşdu və
babam ora itin yeməsi üçün yal tökərdi. Bu daş mənim indiyəcən huşumdan
çıxmayıb, Elçinin isə romanına
düşüb.
Sarcalıda bibiyə mama deyərdilər. Bir mamamın
adı Turan idi, bu "pantürkist" ad necə gəlib
babama, nənəmə çatmışdı, bilmirəm.
Ən balaca mamamın adı Paket idi. Görünür, "paket"in mənası yox, səslənişi
nənəmi-babamı ondan qız adı düzəltməyə
həvəsləndirmişdi.
Dedim ki, böyük mamamın adı
Mələk idi. Ərinin adı atasının
adı kimi Şirin idi. Danışırlar
ki, Qarabağ savaşı başlayanda camaat Sarcalıdan
çıxır ki, ermənilər gələcək. Mələk mamam və Şirin əmi qoca
vaxtlarında köçkün olmaq istəməyib kənddə
qalırlar. Erməni əsgərləri yük
maşınında onların həyətinin doqqazında
dayananda Mələk mama hay-küy salır ki, ayə, ermənilər
burdadır! Gəlin! Onlar bunu eşidib
qorxularından qaçırlar.
Mənim əcdadlarım
sırasında olan bütün bu "məşədilər",
"kərbəlalar" Mirzə Cəlil və Sabir
satirasından sonra məndə elə də dini duyğular
oyatmır. Ancaq onu da deməyə bilmirəm ki,
bu şəcərə söhbətini edə-edə adları
yazanda, olayları danışanda özümü baş
çıxarmadığım psixoloji dərinlikdə duyuram.
Daha doğrusu, özümü sirli meşəyə
çıxan, xəzinə gizlənmiş mağaranın
ağzında duran adamın psixolojisində duyurum. Ağalar babamın qaraşın üzündə
göy gözləri və bunun nənəm Raxşəndədə
təkrarı, onun daş evin ikinci mərtəbəsində
oturub həyətə, Seyidliyə baxması adi hallardır.
Nə etməliyəm ki, onların adiliyi
altından mənim ruhuma sızan mənaların
gücünü, dərinliyini açım? Əgər bu sızanlar adi yaşamım fonunda məni
nəsə adilikdən çıxarırsa, deməli,
sızanlar xəfif yox, güclüdür. Və ya bəlkə sızanların xəfifliyi mənim
ruhumun dəryasında (okeanında) Kəpənək effektini
verir. Eyni sözləri atamın nənəsi,
əli tapançalı Məşədi Sayadın gedib Reyhan
nənəmi qaytarıb kiçik oğluna övrət etməsi
haqqında deyə bilərəm.
Mən arxivimdə olan, dəqiqliyini
Allah bilən şəcərəmdən hələ
yarısını bura gətirdim. Gətirdiyim olaylardan
görünür ki, əcdadlarım nəyinsə
üstündə çəkişiblər, yeyiblər, sekslə
məşğul olublar. Aralarında bu qədər
məşədinin və kərbəlanın olması
göstərir ki, möminlik də ediblər. Bəs onların bu şəcərənin bir
budağında pırtlayıb çıxmış mənə
nə dəxli var?
Ağlıma cavab belə gəldi:
evlənənəcən, uşaq dünyaya gətirənəcən
sağ olmalarının mənə dəxli var ki, evlənməsəydilər,
uşaq gətirməsəydilər mən və mənə gətirən
sıra da olmazdı. Kosmosdakı canlılardan mənə
gətirən bir yol varsa, o da bu şəcərədir. Bir düşünün, həyətdəki
söyüd ağacının kökü gedib
çıxır neçə milyon illər əvvəldə
dünyada baş vermiş birinci ağac cücərtisinə.
Hələ ondan qabaqkı molekulları demirəm.
Bir dənə söyüd olasan və bu qədər qədim
əzəlin olsun! İndi mən də birdənəliyimin
kasadlığından onda qurtula bilərəm ki,
kökümü birinci insana aparıb çıxaran,
hansı balığa, hüceyrəyə, DNK-yasa uzadan sonsuz
yolu duya biləm. Keçmişə belə
gedəndə daralmırsan da, genişlənirsən. Mənim uşaqlarım var, davamım var. Hələ
ki onların uşaqları yoxdur. Sonra da
olmasa şəcərəmin məndəki qolu bitəcək.
Milyonlarla mənə gətirən budaqlanmalarda
milyonlarla tam qırılmaq riski olmuşdu, kimsə
öldüyündən tez ölsəydi, evləndiyindən
başqasına evlənsəydi, evlilikdən qabaq, balaca
yaşında addımını sağa yox, sola atsaydı və
buna görə, tutalım, at ayaqlarının altında
qalıb ölsəydi, mənə gətirən xətt
qırılardı. Bu möcüzə
deyilmi ki, hər birimiz milyonlarla zəlzələ, tufan,
düşmənçilik, təsadüflər təhlükəsindən
salamat çıxıb açılan şəcərə
budaqlarının ucunda dururuq. Milyon illər
milyon dəfə bizə gətirən vektor qırıla bilərdi,
indi biz varıqsa, deməli, qırılmayıb. Şəcərə mənə bu möhtəşəm
nəsnəni duydururmuş. Ona görə
fikirləşəndə ki, milyonlarla illərdən milyonlarla
təhlükə arasından salamat çıxıban gələn
vektor, "qaytan" mənim balalarımda qırılacaq, nəsə
böyük suç qarşısında özümü
duyuram. Sözsüz, ovunmaq üçün deyə bilərəm
ki, bəlkə mənim nəvəm və ya nəticəm
Hitler kimi, Stalin kimi yaramaz olacaqdı?! Ancaq milyon
illər qırılmayanın məndə qırılması
mənə elə qorxunc gəlir ki, Hitler, Stalin məsələsindən
də ovunmuram.
Bir başqa intellektual improvizə
də edim. Əgər Sarcalı xətti ilə əcdadım
gedib Sarıca Alıya çıxırsa, oradan da onun
qövmünün yaşadığı Əfqanıstana
çıxır. Qara İbrahim sayəsində
gedib İraqa çıxıram. Seyidlidən olan G..tü əyri Göyüş babamın sayəsində
gedib Kəbirli tayfasına çıxıram. Borxes bir hekayəsində
yazırdı ki, hər sözdən bütün dünyaya səyahətə
çıxmaq olar: ceyran sözündən onun yediyi ota, oradan
onu cücərdən yağış suyuna,
yağışdan buludlara, onlardan Göyə
çıxdığımız kimi... Ot
və yaş ilişgisi birdən mənə
"yaşamaq" sözünün soykökünü
açdı. Yaş bütün
canlıların yaranmasının qaynağıdır - ona
görə əski yunan filosofu Fales sayırdı ki, ilkin
materiya (arxemateriya) Sudur. Azərbaycan
türkcəsi Falessiz fəlsəfi düşüncə
döyüntüləri yaparaq yaşdan yaşamağı
çıxarıb. Samilər həyatı
"Həvva" anadan çıxarmışdılar. Bu, daha çox mifoloji baxışdır. Türk dili isə daha fəlsəfi yanaşaraq
yaşamı Yaşdan, Sudan çıxarmışdı.
Memuarımın başlanğıcında mən
düşüncəni gəzinti kimi açmışdım.
İndi də düşünmək
üçün gəzinti yapdım. Şəcərə
insanı tarixə, evrənə gəzintiyə
çıxardığı üçün bir adamı
azmanlığa, möhtəşəmliyə
çıxarır - məni etgiləndirən də budur.
***
Qobunun yanındakı ikimərtəbəli
evdə mənzillər bütün bina boyu qurşaq kimi uzanan
bir artırmaya açılırdı - bizim mənzilimiz
körpüyə sarı olan ucdaydı, o biri ucda Nazı həkimin
mənzili idi.
O, göz həkimi işləyirdi. Deyəsən,
ləzgi idi. Evinə pay-pürüş gəldiyini
görərdim. O çağlar həkimlər pul
almazdı. Yaxşı həkim idi, anamı
müəllimə kimi öz sosial təbəqəsindən
saydığı üçün ailələrimiz
arasında yaxşı ünsiyyət vardı.
"Nazı həkim", "Nazı həkim" - bu
adı sayğılarla çox eşitdiyim üçün
60 ildir yadımdadır, hərçənd sonralar onu heç
vaxt görmədim, ondan heç nə eşitmədim. Deyəsən, bircə balaca qızı vardı,
indi sağdımı, hardadır? - bilmirəm.
Rast gəlsəydim, şirin-şirin söhbət
edərdim.
O mərtəbədə bir qadın
da vardı - Dilruba xanım. Bax, bu qadın 5-10 il
sonra Rayon Partiya Komitəsində ya 2-ci, ya da 3-cü katib oldu. Qadın kvotasına görə karyera edə
bilmişdi. Yadımda konkret olaylara görə
qalmayıb, nəsə qonşuluğa görə qalıb.
Bir qonşumuz da vardı, qızını
öpmüşdüm. Bax, onlarda mənim
ilk və axırıncı oğurluğum olmuşdu. Evlərində idim, pəncərədə nəsə
balaca gəmini andıran xırda bir nəsnə vardı.
Ona gözüm düşdü və arxası
pəncərəyə durub əlimi dala apararaq onu
götürdüm və nəyisə bəhanə edib otaqdan
çıxdım. Bədənimin əsdiyi
və ürəyimin qulağımda döyündüyü
yadımdadır. Heç bilmirəm o
oğurladığımı neylədim, ancaq bu,
axırıncı oğurluğum oldu. Bəlkə
də o zamanlar əlimdən tutub məni biabır etsəydilər,
dəhşətli psixi yara alardım - Kəpənək
effekti baş verərdi. Ancaq belə
şey olmadı. Yadımda qalıbsa, deməli,
altdan-altdan işləyərək məni düzəldib.
Öpməyim isə belə
olmuşdu. Otaqda bir-iki qız-oğlan idik. Mənim nəsə
dingişliyim tutdu, boyda məndən hündür olduğu
üçün tullanıb ev yiyəsinin
qızını marça-murç öpməyə
başladım. Hamı bu dingişlikdən qəşş
edib gülürdü, qız isə pərt olmuşdu. Otaqdakıların gülməsi məni şitəndirirdi.
Sonralar nə qədər vaxtsa, o qız məni
görəndə qorxub gizlənirdi. Belə bir davamı
olmayan, yəni sevgi ilə bitməyən axmaq olay! Bu, deyəsən, mənim artistlik edib
başqaları qarşısında tamaşa yapmaq
üçün ikinci hoqqam idi. Dediyim kimi,
belə nəsnələr sonralar mənim dostlara məclislərdə
tamaşa vermək şakərimə keçəcəkdi.
***
50-ci illərin ikinci
yarısında mənim hər gün oynadığım yer
Qobunun o tayındakı "Qostinisa" dediyimiz
mehmanxananın bağ yosunlu həyətı idi. Ona görə
"oynadığımız" deyirəm ki, dostum Mişa
ilə bir yerdə olurduq. "Yosunlu"
sözünü "arvad yosunlu" deyimində ilk dəfə
Ağdamda eşitmişdim, sonralar bu sözün
"oxşamaq" mənasında əski türklərdən
gəldiyini bildim.
Qobu Ağdamı iki
bölürdü. Gəncədə, Tovuzda şəhəri
iki yerə bölən çay bir tayda olan uşaqları o
biri tayda olanlara rəqib edirdi. Bakıda
çaysız-ilansız "şəhər uşaqları/Yasamal
uşaqları" bölgüsü konfliktlərə bəhanə
verirdi. Ağdamda isə nəsə Qobu düşmənçilik
verən "çat" deyildi.
Mişa "Aptek
İzinin" oğlu idi, çox hörmətli, çox
mehriban kişinin oğlu. Anası Ziba xala müəllimə
işləyirdi və anamla rəfiqəlik edirdi. Mişanın
əsl adı "Mehralı" idi, bu əski dünyanın
qalığı olan adı Sovet Azərbaycanında kim qoymuşdu ona? Ona görə fakt mənə
qəribə gəlir ki, İzi dayı uşaqlarına ad
qoyma məsələsində bir az modernist
idi. Böyük oğlu Fuad, kiçik oğlu
Enlay (bəli, Mao-ze-dunun sağ əli Enlay). Qızlarının biri Ella, o biri Stella idi.
"Mehralı" yalnız qəribəliyinə görə
bu sıra ilə doğmalaşırdı, çünki
"Enlay" da, "Stella" da, "Ella" da
"Mehralı" qədər ağdamlıların
alışmadığı adlar idi. Mənim
dostum "Mişa" adını atası Stepanakertdə
işləyəndə erməni qonşularından almuşdu
- adı ilə narahatlıq yaşamışdı bircə
Ağdamı ermənilər topa tutanda.
Mehmanxananın həyətində
mən, Mişa, hərdən də Ella ilə birlikdə
oynayırdıq. Bütün günü nə
oynayırdıq ki, darıxmırdıq, heç cürə
yada sala bilmirəm. Maşına oxşar daş tapıb
qum təpəciyində onu sürməyim
yadımdadır. Nəsə ağacdan
avtomatım da vardı, onunla güman dava-dava oynayırdım.
Bir də məftildən düzəldilmiş
maşını sürməyim yadıma düşür.
Onu bəzəyirdim, əzizləyirdim.
Ancaq necə 2-3 il hər gün bircə
bunları oynamaq olardı?! - qanmıram.
Bir dəfə xanımım Dilarəyə dedim ki,
uşaqların daşla qumun üstündə maşın
sürə-sürə oynaması daha yaxşıdır, nəinki
dükandan alma maşın oyuncaqla
oynaması. Dükanlarda və evdə
maşın bol ola-ola mənim belə deməyim onu xeyli məzələndirmişdi,
hətta məclislərimizdə məndən gülməli əhvalat
danışmaq istəyəndə bunu danışardı.
Mən isə belə demişdim ona görə
ki, uşaqların fantaziyasının artmasını istəyirdim.
Daşı maşın kimi sürmək
maşın oyuncağı sürməkdən daha çox
fantaziya istəyir. Yaxşı ki Dilarəyə
deməmişdim ki, məktəbdə, bəlkə elə
universitetdə də oxuyanda tez-tez partanın altında əlimi
avtobusun böyük rulunu tutmuş kimi təsəvvür edib
maşın sürürdüm və bunun sayəsində
başım qarışdığından sinifdə oturmaq əzabından
qurtulurdum. Çox qəribədir,
maşına bu sevgim maşın sürməyi öyrənməyə,
özüm üçün maşın almağa gətirib
çıxarmalıydı, çıxarmadı. Mən indi də sürməyi bacarmıram.
Ella ilə dalaşanda
dalımca daş atması yadımdadır. İzi dayının tərbiyəli,
ziyalı ailəsində Ella ağzı
söyüşcül od parçası idi.
Gözəlliyi vardı. Deyəsən, ailəsi
hətta istisna etmirdi ki, gələcəkdə onun əri ola bilərəm. Sonra biz
Bakıya köçdük bu variant yarımçıq
qaldı.
Mənim altıaylıq
şəklimdən mənə çox şirin, dadlı,
irigözlü uşaq baxır. Özümü 5-6 yaşında
göz qabağına gətirmək istəyəndə isə
o biri uşaqlara baxanda bir az dolu bədənli,
qara, girdəsifət oğlan görürəm. Ona görə də kiminsə mənimlə
bağlı böyüyəndə evliliyi
planlaşdırması qəribə gəlir.
Özümlə
bağlı bir faktı da deyim. Gözüm həmişə nəşəli
adam kimi axırdı. Ona görə bəzi
adamlar mənə baxıb deyirdilər: buna noolub, anaşa
çəkib?! "Süzmə
gözlü" oğlan bəzi hallarda mənim epitetimə
çevrilmişdi. Bilmirəm gözlərimin
süzməsi sonralar zəif görəcəyimin, qlaukoma
olacağımın müjdəsi idi, ya nəydi?
İzi dayının ailəsində
bir qəribəlik vardı. İki qızı
rusca oxumuşdu, oğlanları isə azəricə. Ona görə qəribə idi, sonralar Bakıda
görürdüm ki, bəzi namus xəstəsi olan, ancaq
uşaqlarının gələcək karyerasını
düşünən atalar oğlanlarını rusca oxutsalar
da, qızlarını öz dilimizdə oxutdururdular ki, rus
mühitində korlanmasınlar.
Mişa mənim ilk və
ömürlük dostum oldu. Biz o qədər
bir-birimizə bağlı idik ki, bir-birimizdən sirrimiz yox
idi. Bir az lider mən idim, ancaq
başqa məsələlərdə tam bərabər idik. O,
Ağdamın gəzərgi ensiklopediyası idi, hamını
tanıyırdı, hamı haqqında nəsə bilirdi. Bu güclü yaddaşı ilə yanaşı,
uzundraz Mişa həm də maymaq-key sayılırdı.
Qardaşım Elçin demişdi ki, o,
Ağdamın Knyaz Mışkini idi.
Deməli, mən hər
gün Qobunun üstündəki körpünü keçib
mehmanxananın həyətinə dönürdüm. Mədəniyyət
evi ilə üzbəüz mehmanxananın yanında İzi
dayının aptekinin qapısından 20-25 m. aralı nənəmin
köşkə oxşar dükanı dururdu.
Yadımdadır, körpü ilə gedə-gedə
öz-özümlə oynayırdım: dükan
açıqdır, nənəm ordadır? Yoxsa
orda deyil? Adətən, orda olduğuna
inanan da olmurdu və tərsinə. Bundan mənim
oyunumun yeni variantı çıxmışdı. Nənəmin orda olmasını istəyəndə
özümü inandırırdım ki, orada deyil. Bu, mənim Tanrı ilə ilk oyunum idi. Sanki Ona
deyirdim, görürsən orda olmasına inanmıram, orda et!
Bütün ömrüm boyu
mən nəyinsə olacağına inananda olmurdu. Dörd-beş il bundan qabaq bunun teoloji açımını
tapdım. Nəyinsə olacağına əmin
olmağım səbəb-nəticə əlaqəsinə
güvənməyimdən çıxır. İnsan
determinizmə inananda Allaha onun bilincində az
yer qalır. Olacağına inandıqlarımın
olmaması ilə Allah hər dəfə məni
qandırır ki, sənə ərməğanları biz
veririk, səbəblər yox. Determinizmə
inananda möcüzəyə inanmırsan. Təsadüflərin oyunundan alınan estetik
naxışları bilmirsən. 80-ci illərdə
İslam "fatalizmi" haqqında yazdığım
yazı bu estetik naxışlar effekti ilə Marksın
qınayışla söylədiyi İslam fatalizmini
darıxqanlıqdan çıxarırdı.
Qobunun körpüsündə baş
vermiş bir olayı Elçin mənə danışanda həmin
körpü haqqında xatirəm bir az
mistikləşdi. Bir dəfə balaca
qardaşım oradan keçəndə iki nəfər ona
baxıb "bu nə ağzı fırtıqlı,
qulağı poxlu uşaqdı?!" demişdilər.
Üçüncü isə qayıtmışdı, siz ona
30 ildən sonra baxın, görün kim
olacaq! 30 ildən sonra Elçin Latviyada milyoner
oldu, BMT-dən aldığı pasportla dünyanı gəzdi.
Sonra bankrotluğu daddı. İndi
Britaniya vətəndaşıdır. Qobunun
körpüsündən Londonda ikimərtəbəli evində
yaşayan, iki gözəl romanın müəllifinə gedən
yol möcüzələrlə dolu görünür.
Mənim ilk psixoloji travmam Sarı təpədən
Seyidliyə gedəndə rastıma çıxan bir qohumumun
sözündən oldu: - "Nətəərsən. Dədənin
o biri arvadından nə xəbər var?".
Mən atamın Bakıda Elmira
xanımla ailə qurduğunu bilirdim, ancaq heç kim bunu həyasızcasına üzümə
deməmişdi. Sonralar bu travmadan atamın o biri
ailəsi ilə bağlı yumorla açıq-saçıq
danışmaq vasitəsilə çıxdım. Mənim iki dostum vardı, ikisinin də anası erməni
idi. Onlar ermənilərdən nifrətlə
danışanda mən onların dərdini başa
düşürdüm. Bu da pərtliyə
qalib gəlmək "texnikası" idi.
Mədəniyyət evinin
qabağındakı meydanda üzdən Cordano Brunoya oxşar
"patsan" ayamalı bir oğlan "iş yerinə"
gəlirdi. Yanında həmişə 3-4 nəfər
16-18 yaşında oğlanlar olurdu. Kimisi
velosipedini qurdalayırdı, kimisi sürüb meydanda
fırlanırdı, patsan isə velosipedi kirayə verirdi.
Bu nə oğlandı, bilmirəm,
ayamasını inanmıram ki, Ağdamda almış olsun.
Güman Bakıdan gətirmişdi. Heç ağdamlıya oxşamırdı da. Bəlkə də əsli buradan olduğu
üçün Bakıdan qayıtmışdı və
tay-tuşuna "patsan" dediyi üçün onlardan həmin
ləqəbi almışdı. Bu fərziyyəm
doğrudursa, deməli, ayamanı ona ağdamlılar
vermişdi.
Mən huşuma hərdən mat
qalıram. Bir dəfə bu patsanın
qardaşı həmin meydançada peyda oldu. Bakenbardlı, şıq geyimli 20-25 yaşlı bir gənc.
O, bəlkə də, Ağdamda peyda olan ilk stilyaqa idi. Deyəsən, Eldar adındaydı və
danışırdılar ki, vərəmdir, ona görə
Ağdama gəlib. Bir də deyirdilər
turba/şeypur çalır. Musiqiçi
idisə güman caz-bənddə (caz qrupunda)
çalırdı. Bunları mən
uzaqdan-uzağa eşidirdim, görürdüm, ona görə
yadımda qalmasına mat qalmışam.
Nənəmin
dükanında mənim ən çox yadımda qalan qənd
satışı idi. Ağdam növbəni bilməyən
insafsız bir şəhər idi. Yekə-yekə
kişilər arvad-uşaq bilmədən barmaqlarının
ucunda pul əllərini
dükanın pəncərəsinə soxa-soxa
"Raxşəndə, qəndi mənə ver! Az-z bunu götürr!"
bağırışırdılar. Bu
bağırtılara qadın cingiltiləri öz
xallarını vururdu.
Meydançada tez-tez kimsə
kimisə bıçaqlayırdı və davamlı olaraq
kiminsə ölməsi, kiminsə yaralanması haqqında
soraqlar gəzirdi. 60-cı illərdə, deyəsən,
avtoşlar da peyda oldu. Yumurta Bəhrəmin
oğlu qapısını çıxardığı
"Volqa"sı ilə ora-bura şütüyürdü,
adamlar da baxıb paxıllıq edirdi. İndiyəcən
qəzadan, bıçaqlanmadan ölməyibsə, bəlkə
də oğluna, nəvəsinə ağıl qoyur ki, tərbiyəli
ol, maşını bərk sürmə!
Meydançada gündə
baş verən olay Dəli Dilbərin hər gün haradansa
Zavod tərəfdən gəlib körpünü keçərək
bazara getməsi idi. O, bütün "yürüşü" boyu əl-qolunu
ölçərək bərkdən kimləsə
dartışır, kimisə söyürdü. Geyimi
əcaib idi. Ortaçağda İstanbul
saraylarında əsgərlərin, məmurların geyindiyi
balağı torba şalvarı andıran bir şey geyirdi.
Əynindəkilər
göy-qırmızı-sarı sətindən, ya ipəkdən
olurdu. Hamısı da təptəzə.
Kim onu dolandırırdı, bu paltarları
alırdı, tikdirirdi? - sirdir. 15-16 yaşı olsaydı, deyərdim, ata-anası,
bacı-qardaşı dolandırır. Bəziləri
deyirdi ki, Dilbər dəli deyil, özünü dəliliyə
qoyub. Söz gəzirdi ki, car çəkə-çəkə
gedəndə idarə müdirlərindən, raykom
işçilərindən kimsə adının çəkilməsni
istəmirdisə, ona haqq verirdi. Dəli
Dilbər bəzən şalvarı içində ayaqları
arasına xiyar qoyurdu. Bu "həyasızlıq"
onun dəliliyini lap inandırıcı edirdi. Dilbərin bu "icadını" Froyd bilsəydi,
Ağdam onun kitabına düşərdi. Psixoanalizin
ideyalarından biri o idi ki, qız uşaqlarının
psixolojisi formalaşanda "niyə mən oğlanlar kimi
işəyə bilmirəm, niyə məndə onlardakı
kimi penis yoxdur" narazılığı sarsıdıcı
iş görür. Qızlar kişi cinsinə
baxanda "onlarda olan məndə yoxdur" əskiklik
kompleksinə düşürlər. Froyda
görə, qadın psixolojisini bu çatışmazlıq
ağrısı formalaşdırır. Ağdamlı
dəli qadının şalvarı içinə qoyduğu
xiyar qadınların kişini yamsılayaraq əskiklik
kompleksindən çıxması məsələsində
psixoanalizə yaxşı arqument verərdi. Dəli Dilbərin adı "Dura-Della" kimi
Elçinin "Elohim" romanına düşüb.
Psixoanaliz üçün
bir Ağdam faktı da. Bir dəfə Sarı təpəyə
Aminə xalamgilə getmişdim. Toyuq kəsmək
istəyirdi, ancaq əri Şəmiş evdə yox idi. Çolpanı tutub ona verdik. Quşun
başını kəsmək üçün ayaqları
altına qoydu və birdən qışqırdı: ədə-ədə,
oxlovu gətirin! Gətirdilər. Oxlovu ayaqları arasında dik tutandan sonra
çolpanın başını üzdü. Bu oxlov məsələsi uşaq olan məni
çox təəccübləndirdiyi üçün
yadımda qalmışdı. Yalnız 40
yaşında mənasını tapdım. Qadına heyvan başını kəsmək
olmazdı. Oxlov xalama penisi yamsılamaq
üçün gərək idi ki, çolpanı
qadının kəsmədiyini göstərsin. Bununla o, kimi aldadırdı? Tanrınımı?
Yox. Deməli, sadəcə,
mənasını bilmədiyi törəni yerinə yetirirdi.
***
Ağdamda Dilbərdən
başqa, tanınmış dəli də vardı. Onlardan
danışmazdan qabaq bir haşiyə. Haqverdiyev
bir hekayəsində Bərdə, ya Ağcabədi haqqında
deyirdi ki, orada dəli qurtaranda gedib başqa yerdən gətirirlər.
Ağdamda Dəli Dilbərin adı Xanəhmədlə
bir çəkilirdi. Dəli Dilbər
körpüdən keçib bazara getmək marşrutu ilə
tanınırdı. Xanəhməd isə
bazarın içində baş girələyirdi. Bazar bir də Kefli Qurban və Uzun Həbişlə
(Əbişlə) məşhur idi. İkisi
də hamballıq edirdi və ikisini də Bəndi, Neji, Dəli
Dilbər kimi hamı tanıyırdı. Ağdamlıları
ağdamyanı kəndçilərdən ayırmaq istəyən
strukturalist "Kefli Qurbanı, Uzun Həbişi, Bəndini,
Nejini, Dəli Dilbəri, Xanəhmədi
tanıyanlar/tanımayanlar" binar oppozisyonunu qurub bu ikişər
qarşıtın əsasında hər iki kateqoriyanın fərqini
aça bilərdi. Rus şairlərindən
kimsə, deyəsən, Mayakovski qafiyəni misraların ucuna
vurulmuş qızıl mismarlar adlandırmışdı.
Kefli Qurban, Uzun Əbiş, Bəndi, Neji, Dəli Dilbər, Xanəhməd
Ağdam pannosuna vurulmuş mismarlar idi, qızıl olmasa da,
paslı mismarlar.
İndi Media millət
çapında ünlülər qalereyasını, elitar təbəqəni
yaratmaq üçün seçdiyi adamlarla bağlı
hamının baxışlarını bir yerə yönəldərək
oraya yığıb "mismarlayır". Ağdamda o
çağ Media yox idi. Ancaq bazar, Mədəniyyət
evinin, kinoteatrın qabağındakı meydança vardı.
Onlar idi Medianın işini görən, hamının
baxışını Dəli Dilbər, Neji, Kefli Qurban kimi
"ulduzlara" yönəldib onları bir nöqtəyə
mismarlayan. "Biz Ağdamdanıq"
duyğusu, bilinci yumurta bəhrəmlərə, karyer
qasımlara, xanəhmədlərə, nejilərə
"mıxlanaraq" formalaşırdı.
***
Belə çıxır ki,
mənim şəcərəmdə ticarət böyük rol
oynayıb. Nənəm Raxşəndə davadan qabaq dükan
işlədib və onun Teybə bacısı deyirdi ki,
müharibə vaxtı bacılarına xəlvətcə
çörək verməklə hamısını acından
ölməyə qoymayıb.
Sonralar nənəm hamama
kassir düzəldi. Dükanda mal
çatışmırdı, revizor yoxlayırdı, ona
görə təhlükəli idi. Hamamda isə nə
mal vardı, nə revizor. Nənəm qabaqca
Stepanakertə gedən yoldakı Köhnə hamamda, sonra
Malıbəyli tərəfdəki Təzə Hamamda kassir
işlədi. Hamama gələn adamlar biletin pulundan
artıq pul verirdilər və nənəm bu qazancın sayəsində
Seyidlidə ikimərtəbəli daş ev
tikdirdi. Onu irəli çəkən Muxtar
adında qohumu idi. Bu kişi MTS deyilən
idarənin rəisi idi, vaxtlı-vaxtında bizə gəlib nənəmdən
aylıq haqqını alırdı - işə düzəltmişdi,
axı. Ağdamda çox sayılan adam
idi. Söyləyirlər, yaxşı
"Segah" deməyi vardı. Əlində
çubuq toybəyi də olurdu. Hərçənd
MTS rəisinin Ağdam mühitində necə toybəyi roluna
razı olmasını qanmıram, bəlkə hörmətli
dostlarının toyunda bu işi görürdü?! Muxtar indi mənim yadıma Şuşadakı
muğam məktəbinin yaradıcısı, toylarda toybəyilik
edən Xarrat Qulunu salır.
Ağdam qəbiristanlığında
Muxtarın mərmərdən şəkilli böyük
başdaşı ən seçilən yerdə
ucalırdı. Ermənilər ondan necə istifadə
etdilər, Allah bilir. Nənəmin,
dayımın da başdaşıları mərmərdən
idi, ermənilər onları da güman aparıblar. Gülməli olar əgər daşların
üzünü qaşıyıb öz qohumları
üçün başdaşıları düzəldiblərsə.
Nənəmin sayəsində
50-ci illərdə biz Ağdamda yeməkdən korluq çəkmirdik. Nənəmdə
inam vardı ki, biz yaxşı yesək, sağlam olarıq, hərçənd
onsuz da mənim iştaham pis deyildi. Bizə balıq
yağı içirdirdi, bir ara hətta
yeməkdən qabaq balaca qədəhdə konyak da verirdi. Ağdamlıların bütünlükdə yeməklə
bağlı "xəstəliyi" vardı, iştahı
olmayanlar əzab çəkirdilər, uşaqları zorla
yedirdirdilr. Şirinçay
sağlamlığın baş şərti
sayılırdı. Nənəm
şirinçaydan məni ömürlük "iyrəndirdi".
Əslində, düz demədim,
şirinçayı sevsəm də, Bakıya gələndə
səhərlər içmədim ki, kökələrəm.
***
50-ci illərlə
bağlı uşaqlıq xatirələrimə Novruz
bayramı, bir də Məhərrəmlik dərin iz salıb. Novruzda məcməilərdə
masa üstünə qoyulan qovurğa, qoz-fındıq məni
yemək kimi çəkmirdi. Qırmızı-sarı-göy
yumurtalar, onlarla vurdu-vurdu oynadığımıza görə,
daha çox çəkirdi. Novruzda mənə
ən ləzzət verən torba atmaq idi. Uşaqlar,
gənclər qonşu evlərə, küçələrə,
hətta Sarı təpədən Seyidliyə gedirdilər ki,
torba atsınlar. Bunu özüm
görmüşdüm və bunda özüm də iştirak
etmişdim. Qovurğanın,
qoz-fındığın ləzzəti onları torbaya tökəndə,
oradan çıxaranda olurdu. Biz Bakıya
köçəndə dilxor oldum ki, Novruzda torba atmırlar.
Deyəsən, bölgələrdən gələnlərin
etgisi ilə torba atmaq törəni 70-ci, ya 80-ci illərdən
Bakıda dirçəldi. Ancaq bilmirəm,
bu törən bəlkə də həmişə Bakı kəndlərində
olmuşdu.
Bakıda Novruz ədvaları,
şirniyyatı, sözsüz, Ağdam bayram ədvalarının
soluq, tutqun görüntüsü fonunda
sarı-qırmızı-qızılı boyaların
fontanını vururdu.
Ağdamda Məhərrəmlik
meçidin (məscidin) qabağındakı böyük
yığnaqla, bir də orada şikəstlərin, dilənçilərin
çoxluğu ilə yadımda qalıb. Bir dəfə
meçidin içinə girəndə orada
gördüyüm kəsilmiş baş şəkilləri məni
yaman silkələdi. İndi yada salanda
görürəm ki, şəkilləri çox primitiv "rəssam"
çəkmişdi, ancaq belə görüntülərə
birinci dəfə rast gəldiyim üçün meyitə
toxunurmuş kimi diksinmişdim.
Mən birinci sinfə 1958-ci
ildə Ağdamın 1 saylı məktəbində getmişəm. Mişa da mənimlə
idi. Bunu onun üçün yazdım ki,
sinfin əlaçıları 5-6 nəfər idi, aralarında
mən də vardım. Məktəbli kimi
özümü huşuma gətirəndə nəsə
seçilmişlikdə görmürəm, onun
üçün də deduksiya yapmalı oluram: əlaçılar
sırasında Mişa yox idisə, deməli, ora hər
uşaq düşmürdü. Əlaçıların
şəklindən mənə baxan mən pota deyiləm, qara
uşağam, ancaq cizgilərimdə "nə yaxşı
uşaqdır!" nidasını qoparan heç nə yoxdur.
Bir oğlan vardı, Rəşid - prokuror oğlu idi, ağ və nəcib
görünüşlü, bax, o əlaçı adına
yaraşırdı. 2000-ci ildə Mişa dedi ki, Rəşid
Gəncədə yaşayır. Yazıqlar
olsun, görüşümüz alınmadı.
Məktəbin həyətində
oynayanda kiminsə dili ilə mənə "knyaz" deyirdilər,
ona görə yox ki, bəyzadə sifətində idim, ona
görə ki, adımla qafiyə əmələ gətirirdi.
Bizim sinif rəhbərimiz Zəhra
müəllimə idi, həmişə papiros çəkirdi. Çox
xanım-xatın görünüşü vardı. Sanki siyasi hərəkata qoşulmuş
qadınların 50-ci illərdə əks-sədası idi.
İndiyənəcən onun adının
yadımda qalması göstərir ki, mənə heç bir
mehribançılıq etməsə də, məni
danlayıb cəzalandırmasa da, uşaq psixolojimdə öz
xarizması ilə iz salmışdı - gözümün
qabağında duran şəkil barmaqları arasında belamor
tüstülənən ağsaçlı, nəcib sifətli
50-55 yaşlı qadındır. Aradan 32 il
keçdi, Zəhra müəllimə mənim
üçün talenin bir naxışından sonra yenidən
peyda oldu. 4-5 aylıq oğlum Orxan anası ilə
Qarayev xəstəxanasına düşdü. Orada Dilarə sonralar xalça sənəti üzrə
elmlər doktoru, professor olacaq Kübra xanımla və onun
oğlu Orxanla palatada rastlaşdı. Söhbətləşəndə
bəlli oldu ki, Kübra xanımın anası mənim sinif rəhbərim
Zəhra müəllimə imiş. Yenə
başqa-başqa yönlərə uzanan xətlərin
dönüb kəsişməsi baş verdi.
20 il sonra Zəhra müəllimənin nəvəsi
mənim tələbəm oldu, elə o çağlar da
anasının dissertasiya müdafiəsində opponenti oldum.
90-cı illərdə onun atası ilə - Fəxrəddin
Miralayevlə tanış olmuşdum.
Maraqlı adam idi və deyəsən,
İçərişəhərin baş memarı
qoyulmuşdu. Mənə bir dərgiyə baş
redaktor olmağı təklif etdi, razılaşdım, ancaq
maliyyə üzündən alınmadı.
Niyazi Mehdi
Ədəbiyyat
qəzeti.- 2019.- 20 iyul.- S.10-12.