Bir kitab iki baxış...
Məmməd İsmayılın
əsərlərini həyəcansız
oxumaq olmur
Ədəbiyyatımızı dünya arenasında ləyaqətlə təmsil
edən şairlərimizdən
biri olan Məmməd İsmayılın
indiyədək Avropanın
səkkizdən çox
ölkəsində kitabları
nəşr olunmuşdur. Sevindirici haldır
ki, bu kitablar
nəşr olunduqları
ölkələrin tərcümə
kitab bolluğunda itib-batmır, yayınlanar-yayınlanmaz
oxucuların və ədəbi tənqidin diqqətini çəkir,
haqqında məqalələr
yazılır, proqramlar
hazırlanır. Belə kitablardan
biri də şairin Boqdani nəşriyyatının Brüsseldə
2018-də alban dilində
nəfis şəkildə
nəşr etdiyi
"Rojet e harreses"
("Unutma, keşikçi")
kitabıdır. Kitab haqqında
istər Albaniya, istərsə də Kosova mətbuatında bir sıra məqalələr
çap olunmuşdur.
Onlardan ikisini oxucularımızla bölüşməyi uyğun
gördük.
Söhbət şeirdən, poeziyadan gedəndə mən, adətən, daha yüksək kateqoriyaları
düşünürəm. Əlbəttə,
belə düşünməyə
bu dəfə tamamilə haqlıyam, çünki haqqında söz açacağım
adam poeziya
aləminin dahiyanə
şəxsiyyəti, istedadlı
elm adamı və intellektualdır.
Azərbaycanlı şair Məmməd İsmayıl mükəmməl
şeirlər yazmaq və ölkəsini ən yüksək ədəbi səviyyədə
təmsil etmək üçün doğulmuşdur. Onun şeirə
yanaşması yalnızca
xəyali bir yanaşma deyil, eyni zamanda ölümsüz
sənət əsərləri
yaratmaq və əbədiyyətə mesaj
göndərməkdir. Bu isə, fikrimcə,
hər bir böyük sənət adamının mahiyyəti
və özəlliyidir.
Önəmlə vurğulamaq
gərəkdir ki, indi elə bir
çağda yaşayırıq
ki, biz sənət adamları şeir festivallarında təkcə
öz yaşıdlarımızla
deyil, eyni zamanda dünyanın önəmli ədəbi şəxsiyyətləri ilə
də tanış
oluruq. Taleyin bizə verdiyi bu fürsətlər sayəsində Məmməd
İsmayıl kimi böyük şair və dəyərli dostla tanış
ola bildik. Elə buna görə də onun şeirlərini
böyük bir sevgi ilə alban dilinə tərcümə edib ayrıca kitab halında çap etdirdim. Məmməd İsmayılın alban dilində çap olunan bu kitabı oxucular və tənqidçilər tərəfindən
böyük maraqla qarşılandı.
Məmməd İsmayıl böyük
bir lirikdir, ədəbi coğrafiyasını
getdikcə genişləndirməsi
səbəbilə onun
haqqında danışarkən
yalnız Azərbaycan
milli ədəbi ölçüləri ilə
deyil, eyni zamanda beynəlxalq arenadakı böyüklük
miqyasından da bəhs etmək lazımdır.
Onun gündəmə gətirdiyi
mövzular maraqlı və diqqətçəkidir. Bu mövzular sensasiya doğuracaq həyati təcrübədən qidalanır.
Amma şairin başqa mövzularda yazdığı
şeirlərə də
vətənpərvərlik düşüncələri hakimdir.
Hesab edirəm ki, bu şairin həyatı başlı-başına
ölkəsi və xalqının ruhu ilə sıx əlaqəli bir poeziya örnəyidir.
Şairin şeirlərini oxuyarkən
saf ruhun sınırsız ifadə
imkanlarını ortaya
çıxararaq bu nəticəyə gəlmək
olar ki, ömrünün səksəninci
onilliyini qürbətdə
yaşayan bu böyük sənətkar
həyatın hər üzü ilə qarşılaşsa da, vətən sevgisi əsərlərinin əsas
mövzularından biri
olaraq qalmaqdadır.
Məmməd İsmayılın şeirlərini
oxuyarkən və tərcümə edərkən
qarşılaşdığım başqa bir xüsus da onun
öz sənət konsepsiyasına varlığı
ilə inanması və bağlı olmasıdır. O, yalnızca möhkəm inamı ilə deyil, həm də sənət və ölkəsi ilə bağlı fikirlərində
kompromisə getməkdən
uzaq olması ilə fərqlənir. Şeirlərində istifadə etdiyi
dil, söz və düşüncə
gücünün rolu
tipoloji və estetik ierarxiya nümunəsinə hörmətlə
yanaşan bir sənət örnəyidir.
Onun yazdığı şeirlər
vətənindən çox-çox
uzaqlardan da görünür və oxunur. Bu yönüylə onun əsərləri şan-şöhrət gətirən
və ağlı başdan çıxan qızıla bənzəyir.
Bir neçə ildir yaxından tanıdığım, alban
və fransız dilində kitablarını
oxuduğum Kosovanın
ən önəmli dövlət mükafatına
layiq görülmüş
Məmməd İsmayılın
həyatı və əsərləri mənə
düşünməyə cəsarət verir deyəm ki, o, həqiqətən böyük
bir şair və ziyalıdır.Və
içimdə belə
bir arzu da baş qaldırır
ki, üzümü Azərbaycan millətinə
və onu idarə edənlərə
tutub deyəm ki, millətinin poetik və intellektual düşüncəsinin
belə bir bel sütununa malik olduqlarına görə, onunla qürur duysun, o buna layiqdir.
Biz, Məmməd
İsmayılın dostları,
onunla qürur duyur və ona
uzun ömür və böyük yaradıcılıq uğurları
diləyirik. Və nəhayət, düşünürəm
ki, tənqidçilər,
şair haqqında nə yazacaqlarını bilmədikdə dayanır
və yazacaqları məqaləni aldıqları
sitat və örnəklərlə doldururlar.
Bu yöntəmin mənimlə və M.İsmayıl böyüklüyünün
çəkilən misallarla
təsdiqilə heç
bir əlaqəsi yoxdur. Mən, sadəcə, bu
böyük sənətkarla
bağlı gəldiyim
qənaətləri yazmaq
istədim. Və bu
düşüncələr bir tənqidçinin yox, bir sənət
adamının ən səmimi, içdən gələn düşüncələridir.
Jeton Kelmendi şair,
Priştina Unversitetinin
professoru,
Avropa Elm, İncəsənət
və Ədəbiyyat
Akademiyasının üzvü
Brüssel-Priştina
Ədəbiyyat
qəzeti.- 2019.- 20 iyul.- S.13.