Hər bir fotoqraf
şəkil çəkməzdən əvvəl özünə
sual verməlidir ki, çəkdiyi şəkil ona, ondan da
tamaşaçıya hansı hissləri ötürür
"Dördüncü
divar" layihəsinin qonağı fotoreportyor Orxan Əzimdir
- Orxan, sənin
haqqında "yaxşı fotoqrafdır" deyirlər...
- Mən nəyi görürəmsə,
onları çəkirəm. Özümü
art-fotoqraf hesab etmirəm. Ola bilər art nələrsə
də olsun, amma onları üzə çıxarmıram.
Mənim işim sırf fotoreportyorluqdur. Hal-hazırda da bu sahədə işimi davam etdirirəm.
Çalışıram harda nəyi necə
varsa, birbaşa, manipulyasiya etdirmədən
tamaşaçıya çatdırım. Sənət elədir ki, həmişə öyrənirsən.
Amma indi fərqindəyəm ki, lazım olan qədər
artıq öyrənmişəm. Bundan
sonra da öyrənəcəm. Ancaq bura qədər
bildiklərim indi işimi aparmağa köməklik edir. Haqqımda kimsə xoş sözlər demək istəyəndə
ona icazə vermirəm ki, yanımda danışsın. Kənarda danışa bilər.
- Tərif
xoşuna gəlmir?
- Bura qədər tənqiddən
formalaşmışam, bundan sonra da çalışıram
ki, tənqiddən yararlanım. Xoş sözlərlə
özümü arxayınlaşdırmaq istəmirəm.
Zatən bura qədər də cəmiyyət
üçün pis iş görmədiyimin fərqindəyəm
və yaxud da fərdlərə pis heç nə ötürməmişəm.
Əgər pis heç nə etməmişəmsə,
deməli, yaxşı nələrsə etmişəm. Ona görə də kiminsə yaxşı olanı
tərifləməsinə ehtiyac da yoxdur. Yaxşı
dediyimdə, əslində, nisbi məsələdir. Ola bilər mən nəyisə yaxşı hesab edirəm,
başqası yox. Sadəcə olaraq, əlimdən
gəldikcə nəyəsə dəstək olmağa
çalışmışam. Öz
vicdanımla baş-başa qalanda bilirəm ki, təmiz adamam.
Cəmiyyət üçün yanlış
heç nə etməmişəm. Bunun
üçün də rahatam, ətrafdakı insanlarla
asanlıqla ünsiyyətə girə bilirəm,
yaxınlığımda olan insanları da lazımi qədər
çox istəyirəm.
- Fotoqrafiya dedikdə
bizə həvəskar sənət növü ağla gəlir.
Amma fotoqrafiyanın bizdə müəyyən mənada məktəbi
olub...
- Sovet dövründə olub. Amma elə həmin məktəb sovet dövrü ilə
birgə dağıldı. Sonra Qarabağ
müharibəsi başlandı. Bəzi
insanlar sırf Qarabağdakı hadisələrə görə
müharibə fotoqrafı, fotoreportyoru kimi fəaliyyət
göstərdilər. Düzdür, bu
prosesə xaricdən də fotoqraflar cəlb olunmuşdu, bəziləri
öz istəkləri ilə gəlmişdilər. Amma müharibənin təfərrüatlarını
xarici mediaya daha çox bizim fotoqraflar
çatdırırdılar. Bunlardan Xalid
Əsgərov, İlqar Cəfərov ilk yadıma düşənlərdi.
- Bu
fotoqrafların ardıcılları olmadı.
- Olmadı. Niyəsini
də indi izah etməyə çalışacam. Onların dönəmindən sonra müharibə
bitdi və heç bir məktəb olmadı ki, fotoqrafiya sənətini
bizə aşılasın. Bu yaxınlarda
Müdafiə Nazirliyi jurnalistlər üçün foto təlimləri
keçdi, amma bu təlimlər arzuolunan effekti vermir. Sırf müharibə fotoqrafiyası
üçün dünyanın bir çox ölkələrində
böyük məktəblər var. Bu cür məktəblərdə
dərs kursları həddindən artıq bahadır. O
ki qaldı ümumi fotoqrafiya məktəbinə, bunun
üçün xüsusi baza yoxdur. Fərd
olaraq kimlərsə nəsə öyrənib, amma biz bunu birləşdirib
ortaq məktəb yarada bilmirik. Bu isə
bizim özümüzdən asılı məsələdir.
Bəlkə də tələbat yoxdur deyə,
biz də heç nə etmirik. Ya da indi adamlar ən
çox fotonun pul qazanmaq, kommersiya tərəflərinə
üstünlük verir, can atırlar. Buna misal
kimi toy, reklam fotoqrafiyasının adını çəkə
bilərik. Bir ara bu sahələrə
pul məqsədi ilə ciddi tələbat olduğundan adamlar
da o istiqamətə yönəldilər. Bu
cür fəaliyyət növlərindən isə peşəkarlıq
tələb edən yoxdur. Tələbkarlıq,
sorğu-sual olmadıqda qeyri-peşəkarlıq da artacaq.
Mənə dəfələrlə məhz bu sahədə
dərs demək təklif olunsa da imtina etmişəm. Çünki istədiyim bu deyil. Ölkədə fotoreportyorların sayı barmaqla
sayılacaq qədər azdır. Həm də
fotoreportyorun işləməsi və inkişaf etməsi
üçün müəyyən mənada hadisə
olması da vacibdir. Hansısa hadisə
baş versə, toy fotoqrafı onu çəkib
işıqlandırmayacaq, amma fotoreportyor gedib o hadisənin
içərisində olacaq, çəkəcək. Bəzən bir hadisə yerinə bir neçə
fotoreportyor birdən gedirdik. Digərləri
elə düşünürdülər ki, eyni hadisə yerindən
çəkiriksə, deməli, eyni fotoları da çəkəcəyik.
Mən onlara izah edirdim ki, bu belə deyil. Hadisələr eyni olsa da, bizim onlara baxış
bucağımız fərqli olacaq. Elə
də olurdu. Hərə öz beynindəki
vizual görüntüyə və hissetməyə uyğun
şəkillər çəkirdi. Bir
ağac və ya onun budağı hamıda eyni hissləri oyada
bilməz. İnsanlar müxtəlif
olduğu kimi, onların hissetməsi, münasibəti də fərqli
olur. Mən hiss etmədiyim şeyləri heç vaxt
çəkmirəm. Gün ərzində
hamımız nə qədər hadisələrin, əhvalatların
içərisindən keçib gedirik. Əgər
mən yüz kilometrdənbir düyməni basıramsa, deməli,
həmin anı hiss etmişəm. Bəlkə də mənim
ardımca gələn beş anı hiss
edib. Bu artıq hər kəsin
dünyagörüşündən, mütaliəsindən,
vizual baxışından asılıdır.
- Nəyi çəkmək
çətindir?
- Elə şeylər olub ki, çəkə
bilməmişəm. İndi də yadıma
düşəndə heyifsilənirəm. Mənim
"Köç" layihəm vardı. Onun
üçün çobanlarla yaylaqdan qışlağa on
günlük səfər etməliydim. Xızıdan
Şahyaylağa gedən çobanlardan xahiş etdim ki, məni
də özləri ilə aparsınlar. Onlar
mənə dedilər ki, sən gedə bilməzsən, şəhər
uşağısan. Həqiqətən də
şərtlər xeyli ağır idi. Yağışın,
istinin altında, vəhşi heyvanların hücumu qorxusuyla
piyada on gün yol getməliydik. Mən isə
tərəkəmələrin həyat tərzini çəkməyi
çox arzulayırdım. Xeyli xahiş edəndən
sonra onlar məni özləri ilə aparmağa
razılaşdılar. Elə oldu ki,
yeddinci gündə möhkəm yağış
yağmağa, ildırım çaxmağa başladı.
Biz səfərimizə ara verməli olduq. Mənim babamla dayımı ildırım vurduğu
üçün ildırımdan bərk qorxurdum. Həmin ərəfədə mən fotoaparatı
çantamdan çıxarıb ildırım çaxan
anları çəkmədim. Qorxdum.
Düşündüm birdən fotoaparatın
şüası ildırımı cəlb edər və
ildırım məni vurar. Təsəvvür
edin ki, çobanlar da çəkməyim üçün
xeyli israr etdilər, amma çəkmədim. Bu günə qədər də həmin anları
çəkmədiyim üçün heyifsilənirəm.
Gərək çəkərdim. Bir də müharibələri çəkmək istəmişəm.
Düzdür, müharibəni həmişə
lənətləmişəm. Onun gətirdiyi
duyğuları yaşamamışam, amma bilirəm ki,
yaxşı hiss deyil. Ancaq müharibələr
Yer kürəsində olursa, onları bir də öz
obyektivimdən görmək, işıqlandırmaq istəmişəm.
On nəfər müharibəni
işıqlandırırsa, on birinci adamın
işıqlandırmasının heç bir zərəri
yoxdur. Onların çəkə bilmədiyini
mən, mənim çəkə bilmədiyimi onlar çəkərlər.
- Qarabağ
müharibəsi sənə nə deyir?
- Bu yaxınlarda da mənə təxminən
belə bir sual verdilər ki, Qarabağ müharibəsi
dövrünə düşsəydin foto çəkərdin?
Cavab verdim ki, bəli. Necə,
hansı şəraitdə çəkəcəyimi bilmirəm.
Amma çəkərdim. Çünki
Qarabağ müharibəsindən bizim əlimizə çox az material gəlib çatıb. Mən
razıyam ki, mənim fotoqrafiya
yaradıcılığımda müharibə
görüntüləri olmasın, amma müharibə də
olmasın.
- Fotoqrafiyada bir
baxış bucağının olması da çox vacibdir. Səncə, həddindən artıq zədəli
yaddaşı olan insan pozitiv fotolar çəkə bilər?
- Mən bu suala özümdən
başlamaq istərdim. Universitetin televiziya
rejissorluğu fakültəsini bitirəndən sonra 2007-ci ildən
2011-ci ilə qədər AzTV-də işləmişəm.
Sonra ordan öz istəyimlə
çıxdım. Təxminən bir il
işsız qalandan sonra ölkədən getməyə qərar
verdiyim günün axşamı mənə zəng gəldi. Zahir Əzəmət məni işə dəvət
etdi. Orxan Əzim kimi formalaşmağımda birbaşa
Zahir Əzəmətin rolu var. Tək mənim yox, onun
çox adamın üstündə haqqı var. Zahir mənə
dedi ki, mənə həftədə üç reportaj verəcəksən.
Mən də onun dediyi kimi gedirdim, şəhər
fontanlarını, mağaza vitrinlərindəki manekenlərin
şəkillərini çəkirdim. O reportajları
indiyədək silməmişəm, saxlayıram. Hər dəfə baxanda gülürəm. Bir
gün Zahir məni çağırıb dedi ki, abi, bura
televiziya kanalı deyil, xəbər saytıdır. Bir-iki gündən sonra mən artıq lazım olan
reportajları hazırlaya bilirdim. Sənin
sualına cavab olaraq onu deyim ki, mən indi çəkdiklərimlə
yaşadıqlarım bir növ iç-içədir. Təcrübəm artdıqca daşlar da
yavaş-yavaş yerinə oturur. Mən
indi gedib parklardan, fontanlardan fotolar çəkə bilmərəm.
O vaxt etdiyim çəkilişlər də mənə
televiziyadan gəlirdi. Sosial problemlərin
içərisində olmadığım üçün, hər
şeyi gözəl gördüyümüzdən elə
çəkilişlər edirdim. Sonralar
yataqxanalardan reportajlar edəndə, başqa ağrılı
fotolar çəkəndə görürdüm ki, həmin
mövzular mənə daha yaxındır. Uşaqlıqda,
gəncliyində yaşadıqların, həyat təcrübən
mütləq sənin xarakterinə və dolayısı ilə
peşənə təsir göstərir.
- Hansı adamlar səni
cəlb edir?
- Mən daha çox uşaqları və
qocaları çəkirəm. Orta yaşlı
adamları sırf öz istəyimlə çəkməmişəm.
Uşaqlığımı babamla nənəmin
yanında keçirmişəm, onlardan başqa heç kimi
görməmişəm. Valideynlərimi
belə, ayda bir dəfə görürdüm. Özüm balaca olduğum üçün ətrafımda
da balaca uşaqlar çox olub. Kəndin əhalisinin
doxsan faizi də yaşlı insanlar idi. Nənəm
də həmişə hara gedirdisə, məni özü ilə
aparardı. Onun əhatəsi də, təbii
ki, yaşlılar olurdu. Ola bilsin, bu
faktın təsiri də var.
- Foto çəkərkən
düşünməyə vaxt olur?
- Baxır hadisəyə. Yanğın, zəlzələ və digər fəlakətlərdə
fotoqraf nəyi necə çəkməyi düşünə
bilməz. Fotoqraf özü hadisələrin
axarına qoşularaq çəkir. Amma reportaja gedəndə
hərəkət etdikcə nəyi hiss edirsənsə, onu da
çəkirsən. Hər bir fotoqraf şəkil
çəkməzdən əvvəl özünə sual verməlidir
ki, çəkdiyi şəkil ona, ondan da
tamaşaçıya hansı hissləri ötürür.
Bunu nə üçün çəkirəm
sualı hər zaman olmalıdır. Çünki
bunu izləyici də fotoqrafdan soruşa bilər və onun bu
hüququ var. Sən onun sualına cavab verə bilməyəcəksənsə,
onda çəkmə.
- Fotoqraf olmayan
insan belə, özünün selfisini çəkəndə
yüzdəbiri yaxşı alınır. Digərləri
telefonun, kameranın yaddaşından silinir. Sənin
kameranın yaddaşından silinən şəklin miqdarı
da az olmaz...
- Mən çox nadir hallarda şəkil
silirəm. Bu vaxta qədər kimləri çəkmişəmsə
bilirlər ki, arxivimdə var, lazım olan vaxtda
çıxarıb onlara verə bilərəm. Ədəbiyyatçıların
məndə 2012-ci ildən bu yana şəkilləri
var. Onların arasında Zərdüşt Şəfinin də
şəkilləri var. Cavidin toyunda çəkmişdim.
- Mövludun şəkilləri
necə, var?
- Var. Mövludun
yanğından olan şəkilləri məndə var.
Onların binası yananda çəkdiyim şəkillərə
Mövlud da düşüb. O şəkilləri heç kimə
verməmişəm. Yayımlamamışam da.
Bircə Zərdüştün bir şəklini
bir dəfə paylaşmışdım. Mövludun
şəkillərini isə, ümumiyyətlə, üzə
çıxarmamışam. O yanğını,
Mövludun ordakı həyəcanını bu günə qədər
də unuda bilmirəm. Məni qucaqlayıb
"abi, uşaq yanan binanın içindədir" deməsi
dəhşətli idi. O səsi hələ də
eşidirəm. Yəni mən arxivlə gündəm
tutmağı sevmirəm. Lazım olan məqamda
şəkil yaymağı xoşlamıram.
Bizdə, bizim ölkədə
ciddi işə tələbat var. Mən bunu Çernobıl
layihəmdə gördüm. Sadəcə,
hansısa maraqlı işlə insanlara siqnal ötürməlisən.
Nə qədər adam məni
Çernobıl layihəmə görə tanıdı. Bir dəfə qızımla metroda gedəndə mənə
bir xanım yaxınlaşdı. Çernobılda
çəkilən şəkillərin müəllifi kimi tanış oldu. Sonra qızım mənə
dedi: - Ata, o səni tanıdı, soruşdu ki,
Çernobılı çəkən Orxan Əzim sənsən?
Yəni hiss etdim ki, qızım da buna görə sevinir. Bütün bunları məşhur olmaq, tanınmaq
üçün etmirəm. Sadəcə,
hansısa ideya, arzu içimə süzülür və mən
bunu yerinə yetirmək istəyirəm.
-
Çernobıla getmək fikri, ideyası necə yarandı. Konkret bu düşüncəyə təkan verən
nə oldu?
- Çernobıl haqqında mən
çox eşitmişdim. Və o haqda
qarşıma çıxan yazıları, araşdırmaları
oxuya-oxuya içimdə belə bir hiss, sual yarandı ki, mən
Çernobıla gedə bilərəmmi?
- Ağlına
mümkünsüzlük fikri gəldi?
- Hələ ki heç bir
mümkünsüzlük haqda düşünmürdüm. Çünki ora haqda tam məlumatım yox idi.
Sonra ora təşkil olunan turlar haqda məlumat
tapdım. Amma səsimi
çıxarmırdım. Bir-iki nəfər
yaxın adama fikrimi bildirəndə məni qorxutdular. Deyilənlərə əhəmiyyət vermədən
daha çox araşdırmağa, filmlərə baxmağa
başladım və Çernobıl məni daha çox
özünə cəlb etdi. İlk
gediş cəhdim alınmadı. Amma
növbəti cəhd alındı. Və
mən turla yox, fərdi səfərə çıxdım.
Hər şeyi yerli-yerində
ölçüb-biçmişdim. Bundan əvvəl
Türkiyədə, İranda, Gürcüstanda və başqa
ölkələrdə olmuşdum. Amma
yeganə səfərim idi ki, hər şeyi ən xırda
detalına qədər hesablamışdım.
- Radiasiya ilə
bağlı psixoloji qorxu vardı?
- Kiyevə çatanda mənə bələdçilik
edən adam dedi ki, əgər zərrə
qədər də olsa xərçənglə və ya digər
xəstəliklərlə bağlı qorxun, tərəddüdün
varsa, mütləqdir ki, sən bu xəstəliklərə
tutulacaqsan. Psixoloji qorxu səni için-için
yeyəcək. Həmin adam həftənin
altı günü Pripyatda olurdu. Səkkiz il
idi ki, bələdçiliklə məşğul idi. O
özünü mənə nümunə kimi misal da çəkdi.
Mən onunla razılaşdım.
Çünki içimdə adını tapa bilmədiyim bir
hiss məni ora doğru çəkirdi. Mənə
elə gəlirdi ki, mən ora getməsəm, bir də
heç vaxt şəkil çəkə bilməyəcəm.
- İllərdir
insanların tərk edib getdiyi, insan nəfəsindən,
sivilizasiyasından məhrum olan kainatın bir hissəsini
görmək arzusu ola bilərdi?
- Ola bilərdi. Amma ora
qədər də mən xarabalıq mövzuları işləmişdim,
elə indi də işləyirəm. Ümumiyyətlə,
fanilik mövzuları məni həmişə cəlb edib.
Misal üçün, qırxıncı ilin
süd fabriki indi heç kimə maraqlı deyil, amma mən
ordan çəkmişdim. Yəni mən
Çernobıla getməsəydim, mənən daha çox zədələnə
bilərdim. Bu isə çox ciddi zədə
olacaqdı.
Çernobılda olanda orda
foto çəkdirmək belə yadımdan
çıxmışdı. Sonuncu gün bələbçi mənə
dedi ki, gəl, bir yerdə dayan şəklini
çəkim, həyatdır, sonra heç kim deməsin ki, sən
orda olmamısan.
- Orda təbiətin
səsini eşidə bilirdin?
- Orda heç bir səs yox idi. Tam səssizlik idi. Ağac,
quş səsi belə yox idi. Bəlkə
də mənim bəxtimdən idi ki, orda olanda
yağış, qar yağdı, ardınca da günəş
çıxdı. Yəni hər
üç hava şəraitində çəkilişlər
etdim. Təbiət hadisəsi də bizdəki
kimi idi. Ancaq hava orda Kiyevə nisbətən
tez qaralırdı. Bu ya havanın ekoloji cəhətdən
təmiz olmadığından irəli gəlirdi, ya da şəhərdə
heç bir işıqlandırma sistemi olmadığından
idi. Çünki bizdə belədir ki,
hava qaralan kimi ordan-burdan işıqlar yanır və şəhər
də işıqlanmağa başlayır. Pripyatda isə işıqları yandıracaq insanlar
yox idi.
-
Yaşantının işığı yox idi...
- Elədir. O işıq yox idi. Axşam düşəndə səssiz və
qaranlıq şəhər adamı qorxudur, vahiməyə
salırdı. Mən fərdi turist
olduğum üçün istədiyim yerə girə bilərdim.
Amma təhlükəli yerlərə bələdçi
mənimlə girmirdi. Yəni qaydalar da bunu
tələb edirdi. Bir məktəb vardı.
Mən əvvəldən siyahımda da oranı
qeyd etmişdim ki, ora mütləq baş çəkim.
Bələdçi mənə dedi ora girmə, təhlükəlidir.
Girsən də ikinci mərtəbəyə
qalxma, oralar dağınıqdır, uça bilər. Mən isə təkid etdim ki, məktəbə
gedim. Onda bələdçi mənimlə
getmədi, ancaq məktəbə gedən
çığırı mənə göstərdi. Məktəbə yaxınlaşanda hava
yavaş-yavaş toranlaşırdı. Məktəbin
dəhlizinə girəndə, dəhlizin tavanından
asılan lampa sallanıb qəribə səs
çıxarırdı, bayırda da möhkəm
yağış yağır, gölməçələrə
damcılayan suyun səsi eşidilirdi. Eyni
ilə Tarkovskinin filmlərindəki kadrlara bənzəyirdi,
amma dəhşətli dərəcədə vahiməli mənzərəydi.
- Səni nə
qorxudurdu?
- Mən gedəndə çox
araşdırmalar aparmışdım. Yəqin
ki, mutantların olması ehtimalı məni qorxuya
salmışdı. Ümumiyyətlə, məndə
görə bilmədiyim şeylər üçün qorxu
var. Orda da adam boyunda ot basmış yerlər
vardı. Mənə elə gəlirdi ki, otların arasında
nəsə ola bilər, mənə zərər
verər və s. Ən çox da çəkdiyim şəkillərə
görə narahat olurdum ki, mənə nəsə olsa it-bata
düşər. Çəkiliş etməyə
başlayanda nəsə səs eşitdim, bəlkə də mənə
elə gəlmişdi. Qorxub
qaçdım. Bələdçinin
yanına çatanda məndən çəkib çəkmədiyimi
soruşdu. Yalandan dedim ki, çəkmişəm. Dedi
göstər baxım. Onda heç nə çəkə
bilmədiyimi etiraf etdim. Ondan sonra mənimlə
getdi, ikinci mərtəbəyə də qalxıb xeyli şəkillər
çəkdim.
Bələdçi əvvəl
istəyirdi məni yola versin, amma görəndə ki, həvəslə
işləyirəm, hər şeylə maraqlanıram, o da var
gücü ilə mənə kömək etdi. Misal
üçün, piano mağazasına məni apardı.
Halbuki, ora mənə qədər heç kimi
aparmamışdı.
- Ən çox hansı mənzərə səni təsirləndirmişdi?
- Doğum evini görəndə
çox pis oldum. Ordakı beşiklər, hətta
beşikdəki iki uşaq döşəyi də
tozlanmış vəziyyətdə qalmışdı.
Orda, hardasa, on beş dəqiqə
dayanıb fikrə getmişdim, hətta kövrəlmişdim
də. Çünki Çernobıla gedəndə
oğlum təzə doğulmuşdu, bir ayı təzəcə
tamam olmuşdu.
- Sovet
dövrünə aid əşyalar, yəqin ki, nostalji hisslər
oyatmışdı...
- Mən, ümumiyyətlə,
nostalji hissi ilə yaşayan insanam. Sovet
dövrünə yenidən qayıtmaq, o dövrün ab-havasını
yenidən hiss etmək istəyən insan orda bunları
yaşaya bilər. Xəstəxanada sistem və
dərman şüşələrinin üzərinə
onların istehsal və bitmə tarixi yazılmışdı.
Bitmə tarixi 1986-cı ili göstərirdi.
Mən isə ora XXI əsrdən gedib
çıxmışdım. Düşünürəm
ki, ora yenidən gedə bilərəm. Amma
bu dəfə şəkil çəkməyə yox, izləməyə
gedərdim. Fotoaparatla getmisənsə, gedə-gedə
hər tərəfi tarix olan məkanı hiss edə bildiyin qədər
çəkməlisən. Bu, peşə
marağı və məsuliyyətidir.
- Burda bir az da qurbanvermə aktı hiss olunur...
- Mən içimdən gələn çəkilişləri etmək istəyirəm. Bu işin sonunda təhlükə olsa belə, özümü bu kimi məsələlərə psixoloji hazırlamışam.
- Fotoqraf Kevin Karterin çəkdiyi acından ölən
uşaq və ondan sonrakı intiharını, yəqin ki,
xatırlayırsan. Elə şəkil olubmu, çəkəndən
sonra səni müəyyən mənada sarsıtsın?
- Olub. Binəqədi rayonundakı binada yanğın olan zaman çəkdiyim şəkillərə bircə dəfə baxmışam. Ondan sonra onlara baxa bilməmişəm. O hadisə mənə çox ciddi təsir etdi. Həmin günün axşamı çox pis idim. Təltifetmə zamanı da nazirliyə girəndə ilk olaraq binada qalan uşağın xilas olub-olmamasını xəbər almışdım. Uşaq mövzusu mənim ən həssas tərəfimdi. Bir də əqli cəhətdən məhdudiyyəti olan uşaq evində olanda onların şəklini çəkə bilməmişdim, ağlamışdım. Sonra mən ora ayrı-ayrı illərdə getdim. Psixoloji cəhətdən özümü tam hazır etdiyim üçün onda rahat çəkmişdim.
- Ümumiyyətlə, psixoloji hazırlıq çox
vacibdir?
- Mütləqdir. Səfər zamanı iş prosesinin sürətli, yaxşı alınmasının səksən faizi psixoloji hazırlıqdan asılıdır. Təhlükəli səfərlərə özümü həmişə hazırlayıram. Amma insan faktoru olan məqamlarda həssaslaşıram, daha çox hissi davranıram.
Söhbətləşdi: Samirə ƏŞRƏF
Ədəbiyyat
qəzeti.- 2019.- 20 iyul.- S.14-15.