Məktəbli forması...
hekayə
Müğənni Əlikram
Bayramova
Qızım dükandan iki cüt uşaq ayaqqabısı almışdı. Soruşdum:
- Bunları kimə almısan?
- Bir cütünü oğluma,
o birini də qonşumuz Fatmanın oğluna, - dedi. - Təsadüfən anası
ilə söhbətini
eşitdim. Altı yırtılmış ayaqqabısını ona göstərib şikayətlənirdi.
- Sən bunu uşağa necə vermək fikrindəsən?
- Bir azdan oğlumla oynamağa gələcək.
Onda çağırıb geyindirəcəyəm
ayağına. Yetimi sevindirmək
savabdı.
- Dayan, qızım,
belə olmaz! - dedim. - Uşağın qəlbini yaralayarsan. Qaş düzəltdiyin yerdə,
vurub gözünü
də tökərsən.
- Bəs necə eləyim?
- Sən uşağın anası ilə danış, başa sal. Ayaqqabını gizlincə ona
ver. Qoy onu oğluna özü aldığını söyləsin.
Qızım razılaşdı. Ayaqqabı məsələsi uşaq vaxtı başıma gələn bir hadisəni yadıma saldı.
***
İkinci sinifdə oxuyurdum. Dərsin ortasında
məktəb direktoru əlində bir bağlama içəri girdi. Müəllimimizə:
- Bağışlayın,
- dedi, - beş
dəqiqə vaxtınızı
almalı olacağam.
- Buyurun, buyurun, - müəllimimiz dedi.
Direktor cibindən bir kağız çıxartdı. Ordan mənim
adımı, familiyamı
oxudu. Kağızı yenidən qatlayıb
cibinə qoydu.
- Əli,
eşitmədin? - müəllimimiz
səsini qaldırdı.
- Direktor səninlədi,
qabağa çıx.
Qalxıb könülsüz addımlarla
ona yaxınlaşdım. Direktor əlindəki
bağlamadan bir məktəbli forması çıxartdı. Onu nümayişkəranə
şəkildə bütün
sinfə göstərdi.
- Əli, Sovet hökuməti yetim-yesirin hökumətidi,
- dedi. - Bu paltarı sənə göndərib.
Onu büküb mənə verdi.
- Keç otur, Əli, - müəllim bunu deyəndə direktor artıq çıxıb
getmişdi, mən isə hələ də lövhənin qabağındaydım.
Bükülünü göstərib:
- Bəs bunu neyniyim? - sadəlövhcəsinə
soruşdum.
- O sənindi, oğlum, - müəllim dedi. - Gedəndə evinizə apararsan.
Özümü pis hiss edirdim. Həmişə beləydi. Yad
adam mənə
bir şey verəndə özümü
pis hiss edirdim.
Atam iki yaşım olanda ölmüşdü. Ancaq hər
dəfə soruşanda,
anam onun uzağa getdiyini, tezliklə qayıdıb gələcəyini, həm
də nəyim çatmırdısa, hamısını
alıb gətirəcəyini
söyləyirdi.
***
Arxamca qaçan sinif yoldaşım məktəb
qapısında mənə
çatdı. Əlindəki bağlamanı irəli uzadıb təngnəfəs
dedi:
- Bunu unutmusan.
Mən onu qəsdən partanın altında qoymuşdum. Fərqinə varmadan:
- Qoy sənin olsun, - dedim.
- Olmaz, - dedi, - o sənindi.
- Atam mənə başqasını
alıb gətirəcək,
- anamsayağı dedim.
- Sənin atan yoxdu, ölüb,
- sinif yoldaşım dedi.
- Anam deyir, o, uzaqdadı, - tez etiraz etdim.
- Anan səni aldadır. Ölənlər geri qayıtmır.
Bu forma da ataları
olmayanlar üçündü.
Paltarı qoltuğuma verib uzaqlaşdı. Arxasınca bağırmaq istədim,
səsim qırıldı.
Bircə
anda onun doğru dediyini, anamın məni aldatdığını anladım.
Görünür, bunu mənə
başqa biri deməliydi.
***
Anamla həyətdə qarşılaşdım. Təndiri qalamışdı.
Çörək bişirəcəkdi.
- Qoltuğundakı
nədi, oğlum? - Bükülünü açıb
baxdı. - Hardandı?
- soruşdu.
- Direktorumuz
verdi.
- Nə yaxşı, - üzü güldü. - Allah köməyi
olsun. Sağ ol dedinmi?
- Mən onu geyinməyəcəyəm,
- mızıldandım.
- Niyə, bala? Pisdi?
- İstəmirəm
məni yetim çağırsınlar.
- Eh, ay bala, bəyəm istəməklədi?
Təəccübdən ağzım açıla
qaldı. Bu nə
danışır? Anama nə
olmuşdu? Demək, o da
daha məni aldatmağın mənasız
olduğunu başa düşmüşdü.
Mən birdən paltarı anamın əlindən qapıb çırtaçırtla
yanan təndirə atdım.
- Ə, sən
neynədin? - Anam dəli kimi qışqırdı.
Özünü
ora-bura vurdu. Məktəbli
formasını göyə yüksələn alovun
əlindən almağa
çalışdı. Lakin daha gec idi.
Eyvaz Zeynalov
Ədəbiyyat
qəzeti.- 2019.-20 iyul.- S.15.