Xatirən
olaydım
İsti-bürkü dolu bir yay
axşamı,
sərin yağış olub
yağa biləydim.
Qonub damla-damla yanaqlarına
ağrını-acını qova
biləydim.
Sərin mehə dönüb hər
səhər-axşam
öpəydim saçından,
yanaqlarından.
Ah, necə istərdim itib-batmayan
təbəssüm olaydım
dodaqlarında...
Gilavar olaydım qalxıb dənizdən,
qağayı səsini, dəniz ətrinə
qatıb qucaq-qucaq pəncərənizdən
daşıya biləydim səhərlərinə.
Xatirən olaydım, kövrək,
kimsəsiz
bitən nəğmə kimi,
ötən gün kimi...
Yuxuna gələrəm bir gün xəbərsiz
yurduna qayıdan didərgin kimi...
Uzaq diyarlarda
yağışlar yağır...
Uzaq diyarlarda şimşəklər
çaxır...
Gecənin bürküdən
gözləri qançır.
Tanrının gözündən
uzaq bu yerdə
nə ildırım çaxır,
nə yağış yağır.
Uzaq diyarlarda çaxan
ildırım -
zülməti titrədən
çılğın köhlənim!
Uzaqlar səsini uddu, batırdı,
yollar yordu səni, bitdin, tükəndin...
Yerləri göylərdən seyr
edən bulud,
yanan ürəklərə su səpərmisən?
Bəxtinə dərd
düşüb bu torpaqların,
dərd əkdik, sən ümid
bitirərmisən?
Odunda qovrulub kül olan gecə,
göz-gözə
qalmışıq - bir sən, bir də mən.
Sən bir udum sərin meh
sorağında,
mən qopa bilmirəm xatirələrdən...
Bilməzdim qabaqda yoxuşlu yol var,
yoxuşda yorulub yolda qalma var...
Niyyətim haraydı, mənzilim
hara,
bilməzdim ümid də puç
olar, solar...
Yuxusu mənimtək didərgin gecə,
baş-başa qalmışıq qədərimizlə.
Ürək açmağa bir həmdəmimiz
yox,
sarılıb sığınaq dərdlərimizə...
Məktub
gözləyirsən...
Nəmli gözlərində qəm
gilə-gilə
məktub gözləyirsən...
monitor sönür.
Beləcə üzünə hey
gülə-gülə
səbr də tükənir,
ümid də ölür...
Məktub gözləyirsən... nə
yazım sənə?
Sənin soyuqluğun şaxtadan betər...
Don vuran ümidlər göyərməz
yenə,
dünyanı gözümdə
qaraltdın, yetər.
Nəyi dəyişəcək məktublar,
nəyi -
qəlbində odmu var, hərarətmi
var?
Tufana tuş gələn bahar
çiçəyi
indi ləçək-ləçək
sozalar, solar...
Sevda yollarını çoxdan ot
basıb,
məktublar azacaq yolsuz çəməndə.
Qəlbinin kilidi indi pas atıb,
açar nə səndədir, nə
də ki, məndə...
Zakir Məmmədəli
Ədəbiyyat
qəzeti.- 2019.- 20 iyul.- S.20.