Sonuncu düşmən...
hekayə
Darvazanı açıb, ətrafa səpələnmiş gilənar yarpaqlarına, böyrü üstə düşmüş qırıq plastmas kürsüyə, bir tərəfə topa ilə atılmış çürümüş kəndir qırıqlarına, tənhalıqdan pərişan hala düşmüş həyətə baxıb, düşündü ki, "deyəsən, həyatın dibi elə bu evdi".
İçəri keçəndə külək qapını necə çırpdısa, sanki o darvaza bir daha açılmayacaqdı.
Evin qapısını açanda üzünə çırpılan rütubət iyi onu dayanmağa məcbur etdi. Əlindəki yol çantasını, dəhlizdə yerə atıb, çiyninə keçirdiyi əl çantasını da onun üstünə qoyub, dəhlizdə var-gəl etdi. Döşəmə çox tozlu olduğundan ayaqqabısının izi yerdə aydın görünürdü. Görüb müşahidə etdikləri gözünə yad olsa da, özünü bu gördüklərinə alışdırmağa çalışdığı an evin baş tərəfindəki otaqda bir canlanma, köməyə çağıran hənirti hiss etdi. Diksinsə də, bu evdə onun üçün əvvəlinci və sonuncu olan otağa doğru gedib qapını astaca açdı.
Qırıq pəncərədən azıb içəri girən çöl göyərçini özünə heç cür yol tapıb, çıxa bilmədiyi üçün özünü divara çırpır, hər dəfə cəhdi boşa çıxdıqca heysizləşir, yerə düşən anda yenə özündə güc tapıb yerdən pərvazlanır, dar otaqda çırpınırdı. Leyla tez pəncərəyə doğru atılıb, onu açmağa çalışdı. Qədim pəncərənin rəzəsi pas tutduğundan onu açmaq asan olmasa da, qadın var gücü ilə dartıb onu açdı, pəncərələri taybatay açıb kənara çəkilsə də, göyərçin bəlkə də minnətdarlıq etmək üçün ona toxunub pəncərədən havaya, genişliyə doğru uçdu, havada dövrə vurub, sanki hara uçacağını müəyyən edib qanadlandı. Leylanın üzünə təbəssüm qondu, əlləri havada göyərçinin ardıycan əl etdi. Gözlərindən axan bir damla yaş üzü aşağı cığır açsa da, o, göz yaşının istisini bəlkə də heç hiss etmədi. Pəncərədən içəri əl edən əncir ağacının iri yarpaqları arasından saralan meyvələr qadının gözlərinə Günəş işığı kimi sevinc gətirdi. Çox da hündür olmayan daş hasarda ora-bura boylanıb, insan hənirtisindən diksinən kərtənkələ gizlənməyə yer axtaranda Leyla köks ötürdü, çevrilib illər öncə qovulduğu bu otağa göz gəzdirdi. İri taxtın üstünə atılmış, bir zamanlar, yəqin ki, qar ağlığında olan mələfələr elə qatlanmış vəziyyətdə saralmışdı. İri boş paltar dolabının qapıları açıq idi. Paltar asılandan sovet dövrünün hərbi nimdaş mundiri sahibini gözləməkdən heydən düşmüşdü. Leylanın əli mundirə sarı uzandı. O, sanki tanımadığı tanışının qollarını sığalladı. Birdən yay günündə bədənindən üşütmə keçdi. O səs bəlkə də mininci, milyonuncu dəfə qulaqlarında səsləndi:- Bu uşağı götürün, o mənim nəvəm deyil, ola da bilməz!..
Balaca, körpə qız əlləri ona uzanan xalanın əlini rədd edib, burdan asılan o vaxt hələ çox təzə olan mundirin qolundan yapışmışdı: - Baba!..
Üz yadında qalmasa da, qol onu rədd etmişdi. Yəqin, üzdə də qolun ifadəsi yazılıbmış.
Leyla balaca qızın o an üzünün, gözlərinin bu qədim komodun güzgüsündə o zamankı ifadəsini görməmək üçün gözlərini bərkdən qapadı. Yolboyu axıtdığı göz yaşlarının acısı elə o vaxtdan ürəyinə axmağa başladı. O böyüdükcə uşaq evində heç kim bu qızın göz yaşlarını görmədi. O ürəyində ağlamağa, ürəyində tərk edilməyə, ürəyində gizlin sevməyə özünü "məhkum" etdi. İndi sonuncu otağın pəncərəsinə söykənib sağa, sola "səpələnmiş" otaqların qapısını açmağa cəsarət etmədiyi vaxt son dəfə burdan çıxdığı günün acısını elə bu evdə yaşadığı an qədim ev yad səsdən "diksindi".
- Leyla xanım?!.
Leyla qapıya doğru getdi, orda dayanan qara kostyumlu, qara portfelli gənc kişini görüb ona maraqla baxdı. O, sevincək Leylaya yaxınlaşıb, - mən babanız...
Sözsüz ad və soyad deyiləcəkdi ki, onu Leyla eşitmək istəmirdi: - Bəli, mətləbə keçin.
Gənc kişi deyəcəyi sözü "udub", - Vərəsəlik məsələsi ilə bağlı işlə iki vəkil məşğul oluruq, sizi hava limanında qarşılayan mənim köməkçim Rauf Balayev olub. Belə görürəm, açarları sizə çatdırıb. Ümid edirəm rahatlana bilmisiniz doğma ocaqda.
Leylanın sərt baxışı onu susmağa məcbur etdi. Məsələni bildiyindən vəziyyəti yumşaltmağa çalışsa da, hiss etdi ki, buna hələ nail ola bilməyib.
- Sənədləri imzalamağa gətirmişəm.
Sənədləri elə qapıdaca Leylaya uzatdı. Leyla sənədlərə ötəri nəzər saldı, gözləri isə bir sözdə ilişib qaldı. "Bütün əmlakımı nəvəm Leyla Ruslan qızı Sadıqzadəyə vəsiyyət edirəm". Sonra uzun bir siyahı gəlirdi, lakin bu cümlədən o uzun siyahıdan bir söz, "nəvəm" sözü səs olub qulaqlarına dolur, hay-küylə evdə əks-səda verirdi: Nəvəm... Nəvəm... Nəvəm...
Leyla sənədləri imzaladığı an vəkil: - O, quru, sərt adam olsa da, sizi çox sevirdi.
Leyla vəkilə baxdı: - Baxır sevgini kim necə dərk edir.
Vəkil ona uzanan sənədləri alıb: - Siz də haqlısınız, bir an dayanıb Leylaya, baxımsızlıqdan pərişan görkəm alan həyətə baxıb, - hər nə olursa-olsun, sizə bu evdə xoşbəxt olmağı arzu edirəm. Sizi tapıb bura gətirmək üçün az əziyyət çəkmədim. Nəhayətdə mənim hansısa sözümə inanıb gəldiniz bir ilin tamamında.
Leyla bu insanın əzminə məəttəl qalmışdı: - Niyə, bu qədər əziyyətin səbəbi nədir?
- Bu, vəkil kimi mənim ilk işim
olub.
- Hımm... Nə
qazandınız?
Vəkil bir an fikrə
getdi: - Leyla xanım, insan kökündən ayrı yaşaya
bilməz. Bu ev sizi o köklərə
bağlayacaq.
Leyla dodaqlarını büzdü: -
O köklər çoxdan məhv edilib...
Vəkil Leylaya diqqətlə
baxıb, həyətdən çıxarkən: - Bilmək
olmaz, siz evlə yaxından tanış
olun.
Vəkilin getməyi ilə evə, həyətə
çökən səssizlik uğultuya çevrilib,
Leylanın yaddaşını geri qaytardığı an telefon zəngi onu keçmişdən bu
günə qaytardı. Onun telefona baxan gözləri
güldü: - Oğlum...
- Ordasan?
- Hə, oğlum.
- Səsin niyə belədi?
- Hər şey qaydasındadı. Bacın neynir?
- Bildiyin kimi atan iş səfərində,
bacın dərsdə. Bir xəstən sağ ol
deməyə evə gəlmişdi.
- Kim?
- Hans.
- Sağ olsun.
Leyla birdən fikir verdi
ki, bayaqdan oğlu ilə öz ana dillərində
danışırlar, baxmayaraq iyirmi ildən çox Almaniyada
yaşayırdılar. Uşaqlar da orda
doğulmuşdu. Leyla
düşündü, yəqin elə kök budu.
Oğlunun səsi gəldi: - Nə
vaxt qayıdacaqsan evə?
Bu vaxt Leyla telefonla
danışa-danışa otaqlardan birinin qapısını
açdı.
Heyrətdən yerindəcə dondu, oğlu da
susdu, sanki o da anası ilə birgə bu otağın
qapısından içəri keçib gördükləri
qarşısında susmuşdu.
Evin yuxarı başında
Leylanın ata-anası ilə birgə uşaqlıq şəkli
böyüdülüb divardan asılmışdı. O şəklin yanına
sıra-sıra uşaq evindəki Leylanın ilbəil
böyüyən şəkilləri asılmışdı.
Tankın üstündən baxıb gülümsəyən tanış çöhrə, yəqin,
babasının cavanlıq şəkli idi. Leyla
ata və anası ilə olan şəklə yaxınlaşdı,
onların üzünü tamamilə unutmuşdu, axı onda
çox balacaydı. Yaddaşında isə bu evə gəldiyi
gün eşitdiyi söz qalmışdı: "Hər ikisi
naməlum şəxslər tərəfindən güllələnib,
uşaq tam təsadüfən sağ qalıb".
Babası bu sözdən sonra -
oğlum... Deyib, oturmuşdu. Leyla babası oturan qəhvəyi rəngli meşin
qoltuğa baxdı. O vaxt divar saatı üç dəfə
zəng çalmışdı. Gözü o
saata baxanda əqrəblərin üçün üstündə
dayandığını gördü. Gözündən
axan yaşı silmək istəyəndə masa üstə
düzülən boşqabları görüb, Leyla babası
oturan qoltuğa çökdü. Hər
şey gözlərinin önündə canlandı. Keçmişə bu günün gözü ilə
baxanda mənzərə tam başqa cür
görünürdü.
Babasıgilə qonaq gedirdilər. Yolboyu atasına babası ilə
bağlı suallar verirdi: - Babam müharibədə olub?
- Almanlarla döyüşüb,
qızım.
- Baba tank sürə bilir?
- Hə, qızım.
- Mən babama oxşayıram?
- Çoooxxx...
- Bəs anama?
Anasının gözəl
gözləri qızına sarı çevriləndə
maşınlarının qarşısına keçən iri
yük maşınını görən ata
maşının əyləcini basır. Hələ nə
baş verdiyini bilməmiş yük maşınından
düşüb, onlara sarı gələn üzü
bağlı adamları görəndə ata əli ilə arxa
oturacaqda oturan qızını aşağıya
sürüşdürdü anası isə uşaq
yorğançası ilə əl çantasını
Leylanın üstünə atmağa macal tapdılar. Bunun oyun olduğunu düşünən qız sakit
oturub, nə olacağını gözlədiyi vaxt iki güllə
səsi gəldi. Xeyli sonra kimsə
maşına baxmağa gələndə Leyla ata
anasını oyatmağa çalışırdı.
Babasının evində, - o mənim
nəvəm deyil! Sözü ilə hər
şey unudulub getmişdi, yaddaş silinmişdi. Leyla bu
gün düz qırx il geriyə
dönüb, beş yaşın yaddaşını təzələməyə
çalışdığı vaxt dərk etdi ki, bu ev
bütün sualları cavablamaq üçün onun yolunu
qırx ildi gözləyir...
Leyla birdən hiss etdi ki, oğlu hələ
də onun danışmağını gözləyir, - Burada
hər şey başqa cür görünür.
- Səni başa düşməyə
çalışıram.
- Zəng edəcəm, oğlum.
Leyla telefonu
söndürüb, otaqları gəzməyə
başlamışdı.
Evlər başdan-başa
onun şəkilləri ilə bəzədilmişdi. Bu şəkillər
Leylanın uşaq evində kənardan, özü də bilmədən
çəkilən şəkilləriydi. Bir
də daima uşaq evinə gələn, hər gəlişi
bir dünya sevinc olan generalla olan şəkli görəndə
Leyla donub qaldı. Əslində, babası
həmişə onun yanında olmuşdu. Leylanı
həkim olmağa həvəsləndirən də o
olmuşdu. Toyunda xeyir-duasını da o
vermişdi. Leyla kimi ata-anasız böyüyən həyat
yoldaşının xaricə, Almaniyaya işləməyə
getmək söhbəti düşəndə qoca general etiraz
etmişdi, - onlar düşməndi desə də, gənclər
gülmüşdülər, - o sovet dövründə
qaldı, desələr də, general etiraz etmişdi:
"Düşmən elə düşməndi, hansı
dövr olsa da fərqi yoxdur".
Yollar ayrılmış,
general rəhmətə getmişdi. Leylanı vətənə
bağlayan yeganə dost insandan sonra onu bura bağlayan
bütün iplər qırılmışdı. Birdən məlum olur ki, onu axtarırlar. Üzünü belə unutduğu babasının
bütün əmlakını "sonuncu düşmən"
öləndən sonra nəvəsinə keçməyi barədə
imzaladığı vəsiyyətnaməsi işə
düşür.
Leyla evdən uşaq evinə
aparıldığı gün babasının əynindəki
polkovnik mundirini dolabdan götürüb üzünə
yaxınlaşdırdı. Keçmişin ətri
gəlirdi o mundirdən. O, otaqları gəzir, hər
küncdə bir iz, bir xatirə axtarırdı. Nəhayət, mundiri yemək otağında
masanın baş tərəfindəki kürsüyə
keçirib, paltarını dəyişdi, evi təmizləməyə
ilk pəncərələri açmaqla başladı.
Oğluna zəng edib, - oğlum, əslində, o məndən
məni qorumaq üçün imtina edibmiş, dediyi vaxt
açılan qapı səsinə diksinsə də, içəri
dolan Bakı küləyini gözlərini yumub ürəklə
sinəsinə çəkərkən açılan güllə
səsinə gözlərini açanda, qarşısında
öz həyat yoldaşını görüb, nəsə demək
istəyəndə ikinci güllə onun sözlərini
yarımçıq kəsdi.
Oğlu: - Ana! - deyə
çığırsa da ona cavab verən olmadı.
Sənədlə Fransada iş səfərində
olan Leylanın həyat yoldaşı, generalın sonuncu ölən
düşmənin çox məxfi, yad gözlərdən
uzaq böyüdülən oğlu iyirmi iki il
bu günü gözləmişdi. Əslində,
o da öldürəcəyi adamın öz qadını,
sevdiyi həyat yoldaşı olduğunu bilmədən
içindəki qisas hissi ilə yanıb
yaxılmışdı.
O yerə yıxılarkən
babasının kitelini qucaqlayıb sinəsinə sıxan
Leylanın başının üstündə dayanıb, bir
xeyli çaşqın-çaşqın baxandan sonra əyilib
Leylanın saçlarını üzündən kənara
çəkib, - baban babamın yolunda durmasaydı, onu ifşa
etməsəydi, hər şey başqa cür ola
bilərdi. Mənim babam vətən xaini, sənin baban general
olsa da, onlar döyüşə bir kənddən eyni gündə
yola düşmüşdülər...
Leylanın telefonuna zəng gələndə
o, tez evdən çıxıb gözdən itməyə
çalışdı.
Leyla xəstəxanada
ayılanda yanında oğlu ilə qızını
görüb gülümsədi. Vəkil də burda
idi. Həkim palatadan çıxanda: - Kolleqamı
çox yormayın, - deyib getdi.
Oğlu əlindən tutub: - Kim idi,
gördün, qorxdun?
Qızı isə anasının
sağ qalmasına sevinib, sevincdən ağlaya-ağlaya: - Biz
sənsiz necə olardıq? - deyib, palatadan
çıxdı.
Vəkil xəbərdarlıq
etdi ki, polislər gəlib sorğu-sual üçün.
Polis palatanı boşaltdırıb,
ilk sualını verdi: - Sizə güllə
atan adamı gördünüz?
Leyla palatanın pəncərəsinə
tərəf baxdı, günəş gözünü
qamaşdırdı, amma üzünü polisə sarı
çevirmədən:- Sevdiyim adam.
Polis: - Adını deyə bilərsiniz?
Leyla qolunu gözlərinin
üstə qaldırdı və az qala
pıçıltıyla: - O, sonuncu düşmən idi...
Yeganə Kərimzadə
Ədəbiyyat
qəzeti.- 2019.-20 iyul.- S.21.